15 Mart 2025

Şənbə, 00:43

FORZA, SİLVİO!

İtaliyada, axır ki, işlək hökumət formalaşdırmaq perspektivi yaranıb

Müəllif:

01.05.2008

Aprelin ortalarında İtaliyada keçirilən növbədənkənar parlament seçkisi Silvio Berluskoninin rəhbərlik etdiyi sağ-mərkəzçi qüvvələrin inamlı qələbəsi ilə başa çatdı - o, seçicilərin təxminən 47%-nin səsini qazandı.

Ümumilikdə İtaliyanın yeni parlamentində altı partiya təmsil olunacaq ki, bu da əvvəlki çağırışla müqayisədə çox aşağı rəqəmdir. Yerlərin necə bölüşdürülməsinə gəlincə, aşağı palatada Silvio Berluskoninin seçki ərəfəsində yaratdığı "Azadlıq xalqı" koalisiyası 340 nəfərlə təmsil olunacaq (aşağı palataya seçkilərdə səslərin çoxunu qazanmış partiya avtomatik olaraq, oradakı 630 yerdən 340-nı əldə edir). Qeyd edək ki, koalisiyaya "İrəli, İtaliya!" partiyası, Muxtariyyət Uğrunda Hərəkat və Şimal Liqası daxildir. 

Veltroninin rəhbərlik etdiyi Demokrat Partiyası isə 241 deputat kürsüsü ilə kifayətlənməli olub.

Senatda Berluskoninin koalisiyası 171, solmeyilli Demokrat Partiyası isə "Dəyərlər İtaliyası" partiyası ilə birlikdə 130 mandatla təmsil olunacaq. Bu isə o deməkdir ki, bütün səlahiyyət müddətini hakimiyyətdə qala biləcək hökumətin formalaşdırılması şansı yaranıb. Daha bir məqam ondan ibarətdir ki, hökumət koalisiyasında əvvəllər Berluskoninin müttəfiqi olan, bu dəfə isə seçkiyə ayrıca siyahı ilə qatılmış Mərkəzçi Birliyin lideri Pyer Ferdinando Kazinin əksər məsələlərlə bağlı mövqeyi Berluskoninin baxışları ilə üst-üstə düşür və o, Senatda Berluskonini dəstəkləyə bilər.

Hələ seçkidən əvvəl yaşananlara qayıdaraq, qeyd edək ki, budəfəki seçkiqabağı mübarizə özünün kəskinliyilə seçilirdi. Elə seçici fəallığının 81,7%-ə çatması da bunun göstəricisidir. Nəticələrə gəldikdə, sağçıların qələbəsi və sol-mərkəzçilərin məğlubiyyəti fonunda bu seçkilərdə ortodoksal kommunistlərin tamamilə iflasa uğradığını qeyd etmək lazımdır. Bu seçki ilə kommunistlər, demək olar ki, siyasi arenadan silindi. Parlamentin aşağı palatasının sabiq spikeri, ən böyük ortodoksal partiya olan Kommunist Quruluşu Partiyasının lideri Enriko Bosellinin istefası da özünü çox gözlətmədi.

Yerli və əcnəbi müşahidəçiləri təəccübləndirən məqam isə təxminən, 9% səs toplayaraq, əvvəlki nəticəsini, demək olar ki, iki dəfə yaxşılaşdıran Şimal Liqasının uğurudur. Onların fikrincə, Berluskonini gözləyən əsas təhlükə də məhz Şimal Liqası ilə bağlıdır. Senatda "qızıl səhm"i əldə edən partiya hökumətin istənilən qərarına veto qoymaq hüququ qazanacaq.

Bütün bunlarla yanaşı, hazırda dünyanın diqqəti sağçıların qələbəsindən daha çox, onların lideri - çox parlaq şəxsiyyət olan, amma eyni zamanda, kifayət qədər tənqidlərə məruz qalan və birmənalı yanaşılmayan  Silvio Berluskoniyə yönəlib. İtaliyanın ən zəngin insanı olan bu şəxsin varidatı 12,8 milyard dollardır. Hesablamalara görə, İtaliyanın sabiq baş naziri "Böyük səkkizlik" ölkələri liderlərinin birgə varidatından daha artıq var-dövlətə malikdir.

Lakin Berluskonini məşhur edən yalnız onun zənginliyi deyil. İtaliyanın ən böyük mediaimperiyası məhz ona məxsusdur. Berluskoni həmçinin super-futbol klubu olan "Milan"ın sahibi və fanatıdır. Əsl italiyalı kimi, o, tünd rəngli kostyumlara, ağ xallı qalstuka və sürətli italiyan avtomobillərinə üstünlük verir. Berluskoni özündə temperamentli, əməksevər, heç zaman ruhdan düşməyən, birmənalı olaraq, fərasətli italiyalı obrazını təcəssüm etdirir.

Amma Berluskoni heç də həmişə bu cür zəngin və bəxtəvər olmayıb. O, 1936-cı il sentyabrın 29-da Milanda evdar qadın və adi bank xidmətçisi ailəsində dünyaya gəlib. Universitetdə təhsil haqqını ödəmək üçün tələbəlik illərində o, tozsoran alveri ilə məşğul olub, tətil dövründə isə kruiz gəmilərində mahnı oxuyaraq sərnişinləri əyləndirib. 1961-ci ildə Milan Universitetinin hüquq fakültəsini əla qiymətlərlə bitirən S.Berluskoni atasının bank klerki işləmək  təklifini qəbul etməyərək, ev tikintisi ilə məşğul olmağa qərar verib. Adətən, əvvəl-əvvəl xırda işlərdən başlayırlar, amma gələcəyin milyarderi işə  özünə xas şəkildə yanaşıb. 1963-cü ildə Milanın şimal dairəsində geniş torpaq sahəsi əldə edən Berluskoni 4000 sakinlik Milan-2 mikrorayonunun tikintisinə qərar verib. On il ərzində onun rəhbərlik etdiyi şirkət, praktik olaraq, Milanın yarısını tikib, ideyanın müəllifi isə bundan külli miqdarda kapital əldə etdikdən sonra, özü üçün tamamilə yeni sahəyə istiqamət götürüb.

1980-ci ildə Berluskoni İtaliyada ilk milli kommersiya televiziya şəbəkəsi olan Canale-5-in əsasını qoyub və o, dərhal tamaşaçılar arasında böyük populyarlıq qazanıb. Bir qədər sonra gələcək baş nazir daha iki telekanal təsis edib: Italia-1 və Retequatro. Bununla da Berluskoninin mediaimperiyasının əsası qoyulub (onun rəhbərlik etdiyi Fininvest şirkətinin ümumi işçilərinin sayı 40 min nəfərə çatır) və hazırda bu qurum yalnız İtaliyanı yox, Avropanın aparıcı dövlətlərini də əhatə edir. S.Berluskonidən uğurunun səbəblərini soruşan zaman o bunu belə cavablandırıb: "Çox işləmək lazımdır. İkinci dərəcəli bütün məsələləri kənarda qoymağı bacarmaq, qarşıya dəqiq hədəf qoymaq və ona tərəf irəliləmək lazımdır. Hətta bunun üçün nələrisə qurban vermək lazım gəldikdə belə...".

1994-cü ildə Silvio Berluskoni siyasətə qoşulmaq fikrinə düşdü və "Forza, Italia!" (İtaliyanın futbol azarkeşlərinin şüarı olan "İrəli, İtaliya!") partiyasını yaratdı. Cəmi iki ay ərzində o, partiyanı elə məşhurlaşdırdı ki, parlament seçkisində 21% səs toplayaraq qalib gəldi və ölkənin baş naziri postuna sahib çıxdı. Seçkiqabağı kampaniya dövründə Berluskoni seçicilərə deyirdi: "Mənə baş nazir postunu tutmaq hakimiyyət əldə etmək üçün lazım deyil. Mənim dünyanın əksər ölkələrində evlərim, böyük gəmilərim, gözəl xanımım, əla ailəm var. Əslində, bu özünü qurban vermək aktıdır".

Silvio Berluskoni indiyədək gəlirlərini gizlətmə, vergi müfəttişlərinə rüşvət vermə, seçkiqabağı kampaniyanın qeyri-qanuni maliyyələşdirilməsi, mafiya ilə əlaqə kimi ittihamlarla 11 dəfə məhkəmə qarşısında dayanıb. Lakin cəmi bir dəfə cərimələnib - kiçik kino şirkətlərindən birini qeyri-korrekt şəkildə ələ keçirdiyinə görə. Digər ittihamlar isə onun üzərindən götürülüb.

Hakimiyyətdə olduğu ilk 5 ildə Berluskoni 80-90-cı illərdə İtaliyadan ABŞ, İsveçrə və digər xarici ölkə banklarına və offşor zonalara axıb-getmiş milyardlarla dollarların vətənə qaytarılmasına çalışıb. Bu məqsədlə o, vergi yükünü azaldıb, pensiyaları artırıb, cinayətkarlığın sayını nəzərəçarpacaq dərəcədə aşağı salıb. Yeri gəlmişkən, korrupsiyanın həcmi də azaldılıb, özü də o buna səs-küylü kampaniya qurmadan nail olub...

Qayıdaq yenidən yaranmış vəziyyətə. Berluskoni 4 qadının da təmsil olunacağı hökumətinin əsas hədəflərini uzun-uzadı müzakirələr aparmadan müəyyənləşdirib. O bəyan edib ki, hökumətin ilk iclası zibil içində itib-batan Neapolda keçiriləcək və ora sahmana salınacaq, həmçinin, "çirkab mafiyası" ilə haqq-hesab çəkiləcək. İtaliyalılar onun Prodinin rəhbərlik etdiyi sol-mərkəzçi hökumətin "dağılmasına"" səbəb olan bu məsələni necə çözəcəyini bilməsə də, əmindirlər ki, Silvio dedisə, deməli, buna nail olacaq. Çünki sıfırdan milyarderə çevrilmiş Berluskoninin menecerlik bacarığına heç kəs şübhə etmir.

Hökumətin gündəliyində olacaq ikinci məsələ isə nəhəng borclar üzündən müflis durumuna düşmüş "Alitaliya" şirkətinin böhrandan çıxarılmasıdır. Qeyd edək ki, söhbət yükdaşımaları ilə məşğul olan böyük bir aviaşirkətdən gedir. Xatırladaq ki, bundan əvvəlki hökumətin "Alitaliya"nın dövlət səhmlərini "Er Fransa - KLM" beynəlxalq konsorsiumuna satmaq cəhdi Həmkarlar İttifaqı və Berluskoninin özü tərəfindən son dərəcə kəskin reaksiyaya səbəb olmuşdu. Onlar şirkətin ölkə daxilində satışa çıxarılmasını tələb edirdilər. İtaliyada isə bu şirkəti Berluskonidən başqa ala biləcək başqa şəxs yoxdur.

Perspektivdə Berluskoni və onun hökumətinin əsas hədəfi İtaliya iqtisadiyyatının liberallaşdırılması olacaq. O bildirib ki, rəhbərlik edəcəyi hökumət heç zaman vergiləri artırmayacaq və azadlıqlara məhdudiyyət qoymayacaq. İndi hamı ölkənin daxili borclarının azaldılması məqsədilə dövlət sektorunun bundan sonra da özəlləşdirilməsini gözləyir. Berluskoninin koalisiyadakı əsas müttəfiqi olan Şimal Liqası isə vergi sisteminin federal idarə üsuluna keçəcəyi anı gözləməkdədir. Məsələ bundadır ki, inkişaf etmiş Şimal, qazandıqları pulların büdcə vasitəsilə  Cənuba yardımlara getməsindən çoxdan narazıdır. Beləliklə, çox güman ki, sosial proqramlar daha yaxşı zamanda həyata keçirilməsi üçün təxirə salınacaq.

Analitiklərin fikrincə, bundan sonra İtaliyanın xarici siyasətində "transatlantik həmrəylik" vektoru güclənəcək. Fransada Nikolə Sarkozinin qələbə qazanması və İtaliyada Berluskoninin hökumət başına qayıtmasından sonra vahid Avropada amerikapərəst siyasətçilərin sayı artır. Bu isə o deməkdir ki, Şimali Atlantika Alyansının əleyhdarlarının arzularının əksinə olaraq, alyansda çətin ki parçalanma yaşansın. 

Bununla yanaşı, yeni baş nazir beynəlxalq münasibətlərdə qeyri-adi qərarlardan da çəkinmir və öz qonşularına kifayət qədər sürprizlər edə bilər. Məsələn, Avrointeqrasiyanın dərinləşməsi və genişlənməsi Berluskonini o qədər də maraqlandırmır. Rusiyaya və şəxsən Vladimir Putinə isə "dost Berluskoni" heç vaxt etinasız olmayıb. Odur ki Moskvanın Berluskoninin simasında avropalıların sırasında fəal dəstək qazanmaq şansı var. Üstəlik, yaxın vaxtlarda Putin və Berluskoni həmkar - baş nazirlər olacaqlar.

Bundan başqa, əgər İtaliyanın solçuları Türkiyənin Avropa İttifaqına üzvlüyünə soyuq yanaşırdılarsa, Silvio Berluskoni Ankaranın Avropaya inteqrasiyasının möhkəm tərəfdarlarındandır (yeri gəlmişkən, o, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlunun toyunda fəxri qonaqlardan idi). 

Hər halda, Berluskoninin qayıdışı yalnız İtaliyada deyil, ondan kənarda da qüvvələr nisbətinin dəyişməsinə səbəb ola bilər.

Avropa İttifaqı ilə əlaqələri (xüsusilə də enerji sahəsində) fəal surətdə gücləndirən Azərbaycan üçün İtaliyada yaşanan siyasi proseslər heç də əhəmiyyətsiz deyil. İtaliya Azərbaycanın vacib iqtisadi tərəfdaşlarındandır və iki ölkə arasında ticarət dövriyyəsi yüz milyonlarla avroya bərabərdir. İtaliya ATƏT-in Minsk Qrupunun da üzvüdür və onun nümayəndəsi bu qrupun ilk sədri olub. S.Berluskonini seçkidə qazandığı qələbə münasibətilə təbrik edən Azərbaycan prezidenti İlham Əliyev iki ölkə arasında münasibətlərin yeni hökumətin fəaliyyəti dövründə də dinamik inkişaf edəcəyinə ümid etdiyini bildirib. Bunun üçün qarşılıqlı istək və xüsusilə də, enerji kommunikasiyaları - neft və qaz kəmərlərinin Türkiyə və Yunanıstan vasitəsilə Appeninədək uzadılması kimi obyektiv imkanlar var.


MƏSLƏHƏT GÖR:

360