
GÜLƏŞÇİ REKORDU
Güləş üzrə Avropa çempionatında Azərbaycan millisi yeddi medal qazandı
Müəllif: Zəki FEYZULLAYEV Bakı
Tamperedə (Finlandiya) keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan millisi kifayət qədər uğurlu çıxış edərək, özünün rekordunu müəyyənləşdirdi. İndiyədək millimiz heç zaman üç proqram üzrə birdən-birə yeddi medal qazanmamışdı - iki qızıl, bir gümüş və dörd bürünc.
Lakin o da nəzərə alınmalıdır ki, "sərbəstçilər" və "klassiklər"in mükafatlarına qadın güləşçilərimiz da öz töhfəsini verdilər.
"Maksimum vəzifə" yerinə yetirildi
Komandanın uğurunu qiymətləndirməmək çətindir. Yarışda Mariya Stadnikin (48 kq) qələbəsi bir daha sübut edir ki, legioner məsələsinə də diqqətlə yanaşılmalıdır: onların heç də hamısı ümidləri doğrultmur. Kifayət qədər qısa müddətdə Stadnik Bakıda keçirilən mundialda Olimpiadaya vəsiqə qazanmış idmançıdan Avropa çempionuna çevrildi. Bəzi mütəxəssislər Mariyanın Pekinə vəsiqə qazanmasını təəccüblə qarşılasa da, o, Avro-2008-in qalibi olmaqla böyük idmançı olduğunu sübut etdi. Stadnik Olimpiadaya vəsiqə ilə yanaşı, həm də Avropa çempionu adını qazanan ilk milliləşdirilmiş legioner oldu. O, Pekində də medallar uğrunda yarışmağa hazır olduğunu sübut etdi. İstənilən halda, idmançının necə sürətlə inkişaf etməsini müşahidə edən zaman hiss olunur ki, o, qarşısına maksimum hədəfi qoya və onu uğurla həll edə bilər.
Maraqlıdır ki, qadınlardan ibarət komanda hələ dünya çempionatında üç lisenziya əldə etmişdi və bu göstəricidə sərbəst və yunan-Roma güləşçilərini geridə qoymuşdu. Həmin vaxt bu göstərici cəfəngiyat təsiri bağışlasa da, artıq, yəqin ki, qadınlardan ibarət yığmanın qarşıdakı ikilisenziyalı turnirdə Olimpiadaya vəsiqələrin sayını artırmasından heç kim təəccüblənməz.
Lisenziyalar haqda danışan zaman qeyd etmək lazımdır ki, Tamperdə sərbəst və klassik güləşçilərimiz hərəyə bir vakansiya əldə edib. Bununla yanaşı, Emin Əzizovun uğurlu çıxışı da diqqəti cəlb edir. Qeyd edək ki, Avro-2008 onun üçün ilk böyük turnir idi. Lakin atlet özünü itirmədi, medal qazandı və indi rahat şəkildə Olimpiadaya hazırlaşa bilər.
Lakin burada bir "əmma" var - Olimpiadaya vəsiqə idmançıya yox, kateqoriyaya verilir və Emin hələ olimpiya millisinin tərkibinə düşməli olduğunu sübut etməlidir. Necə ki bunu qitə birinciliyində ikinci "bürünc"ünü qazanan və kifayət qədər yüksək səviyyədə güləş nümayiş etdirən Çamsulvar Çamsulvarayev (74 kq) etdi.
Millinin baş məşqçisi Məhəmmədxan Arasilov Finlandiyaya yollanmazdan əvvəl yetirmələrinin bu turnirdə bir medal qazanmaq yox, ən yüksək yerlər uğrunda mübarizə aparmaq əzmində olduqlarını söyləyərkən, heç də əsassız danışmırmış. Belə də oldu və hətta Əzizovla yanaşı, Novruz Təmrəzov (84 kq), Çamsulvarayev və Əli İsayev (120 kq) finala adlamağa çox yaxın olsalar da, onun bir addımlığında dayandılar.
Bununla yanaşı, pəhləvanlar "bürünc" əldə etmək imkanından maksimum yararlanaraq, təsəlliverici döyüşdə mükafatçılar sırasına düşdülər. Təsəlliverici finalda Təmrəzov Ermənistan təmsilçisi Vadim Laliyev, Əzizov isə bu ölkənin daha bir güləşçisi Zikayr Hovanesyan üzərində parlaq qələbə qazandılar.
Yalnız Olimpiya medalı
Ç.Çamsulvarayevə qayıdaraq, qeyd edək ki, o, digər idmançılardan nadir sabitliyi ilə fərqlənir. Bu güləşçi həm Avro-2007-də, həm Bakıda keçirilmiş lisenziyalı dünya birinciliyində məhz "bürünc" əldə edib. Güləşçi bu dəfə də ənənəsini pozmayaraq, təsəlliverici qarşılaşmada ukraynalı döyüşçünü üstələdi. Maraqlıdır ki, bütün turnirlərdə onun finala gedən yolunu kəsən Maxaç Murtazaliyev bu dəfə də Çamsulvarayevdən güclü çıxıb. Bununla yanaşı, güləşçimiz Pekinə vəsiqə qazanmaq yükündən azad idi - bu məsələni hələ ötənilki mundialda həll etmişdi və son çıxışı ilə məşqçilər heyətinə sadəcə öz çəki dərəcəsində ən yaxşı olduğunu yenidən sübut etdi.
Olimpiadaya lisenziya qazanmaq şansına malik daha bir idmançımız Hetaq Qazyumov (96 kq) dörddəbir finalda gərgin döyüş sonunda məşhur Hacımurad Qasalova məğlub oldu. O isə öz növbəsində yarımfinalda Gürcüstandan olan rəqibinə boyun əydi və nəticədə idmançımız təsəlliverici döyüşə çıxmaq şansını itirdi.
Komandada ən pis nəticəni isə ilk döyüşdəcə o qədər də güclü sayılmayan britaniyalı Viorel Etkoya boyun əyən Allahverdi Vəliyev (60 kq) göstərdi. Lakin debütantın uğursuzluğu əvvəlcədən müəyyən dərəcədə proqnozlaşdırılan idi. Millinin baş məşqçisi Arasilov hələ turnirə yollanmazdan əvvəl bildirmişdi ki, millidə 60 kq-a qədər olan çəki dərəcəsində problemlər var və burada eksperimentlərsiz ötüşmək mümkün deyil.
"Klassik" Rövşən Bayramov (55 kq) haqda isə xüsusi danışmaq lazımdır. O, ikinci dəfə Avropa birincisi adını əldə etməklə böyük idmançı olduğunu sübut etdi. Əsas odur ki, o, birincilyi "oyun göstərərək" qazandı: əvvəlcə Rusiya idmançısı Nəzir Mankiyev, finalda isə erməni Roman Amoyan güləşçimiz qarşısında aciz oldular.
Qeyd etmək lazımdır ki, ötənilki dünya birinciliyindən sonra Rövşən eniş dövrünü yaşayaraq, ölkə birinciliyində cəmi üçüncü yeri tutmuşdu. Lakin Bayramov sübut etdi ki, lazım olan anda özünü toplaya və ondan gözlənilən nəticəni göstərməyə qadirdir. Yeri gəlmişkən, bir çox mütəxəssis azərbaycanlı idmançılardan Tamperdəki uğuru Olimpiadada da gözləyir.
Avropa çempionatı ikiillik cəza müddətinin bitməsindən sonra Hüsaməddin Rəcəbovun (66 kq) böyük idmana dönməsi ilə də yadda qaldı. Xatırladaq ki, o, orqanizmində qadağan edilmiş preparatlar tapıldığı üçün idmandan uzaqlaşdırılmışdı. Böyük uğurlar üçün "acmış" güləşçi turnirə Avstriyadan olan Mark Bokov və serb Aleksandr Maksimoviç üzərində qazanılan iki qələbə ilə başladı. Lakin dörddəbir finalda Rəcəbov Ukrayna millisinin təmsilçisi Armen Vardanyanı üstələyə bilmədi. Daha sonra isə "bürünc" əldə etmək şansını təsəlliverici döyüşdə gürcü Muxran Maçutadzeyə buraxdı.
Digər xəbərlər
Çempionat zamanı MDB və Baltikayanı ölkələrin Güləş Federasiyaları Assosiasiyasının yaradılmasına dair prinsipial qərar da qəbul edildi. "Keçmiş Sovet İttifaqı ölkələrinin maraqlarını müdafiə və ona lobbiçilik edəcək bu qurumun yaradılması təklifi Rusiya tərəfindən hələ 1998-ci ildə irəli sürülmüşdü", - deyə Rusiya Güləş Federasiyasının idman direktoru Georgi Bryusov xatırladır: "Hətta reqlament müəyyənləşdirilmiş və faktik olaraq, bütün iştirakçıların razılığı alınmışdı. Lakin həmin vaxt müxtəlif səbəblərdən bu ideyanın reallaşdırılması mümkün olmadı. Amma ildən-ilə anlaşılırdı ki, bizim ölkələrimiz üçün vahid siyasət, maraqların qarşılıqlı müdafiəsi, federasiyalarımızın təmsilçilərinin Avropa və dünya güləş idmanı institutlarında qabağa çəkilməsi vacibdir. İdeya Tamperedə də müzakirə olundu və praktik olaraq, bütün MDB və Baltikyanı ölkələrin güləş federasiyalarının rəhbərləri tərəfindən qəbul olundu. Yaxın vaxtlarda müvafiq sənəd hazırlanaraq təqdim olunacaq. Biz Pekin Olimpiadasının başlanmasınadək - avqustda konfrans keçirməyi və assosiasiyanın yaradıldığını rəsmən bəyan etməyi planlaşdırırıq".
Georgi Bryusov assosiasiyanın hansı işlərlə məşğul olacağına da aydınlıq gətirib: "Təkrar edirəm ki, əsas ideya müəyyənləşdirilərək, əvvəlcədən elan ediləcək vahid mövqe və siyasətin ortaya qoyulması ilə bağlıdır. Rusiyanın güləşin tarixi mərkəzi olduğunu söyləsək, bu, heç də şişirtmə olmaz. Bizim bir çox idmançılarımız digər ölkələri təmsil etməyə gedirlər. Bu gün rusiyalı güləşçilər 20-dən artıq ölkənin bayrağı altında çıxış edir. Bu prosesi sahmana salmaq və yerdəyişmələrin sivil, qarşılıqlı, səmərəli şəkildə baş tutmasına nail olmaq vacibdir. Digər misal: Vilnüsün Avropa-2009-a ev sahibliyi etməsi ideyasına ciddi lobbiçilik etmək və mövqeyimizi fəal şəkildə qorumaq tələb olunur. Güləş üzrə MDB ölkələrinin çempionatının keçirilməsi məsələsi də müzakirə edilir. İdeyalar çox, iş isə daha çoxdur".
Bir sözlə, Avropa çempionatı Azərbaycan millisi üçün uğurlu olub və artıq milli gələcək üçün özünə yeni istiqamətlər və hədəflər müəyyənləşdirə bilər. Xüsusilə, Pekin Olimpiadasında medallar qazanılması haqda düşünmək lazımdır. Bu isə o qədər də asan olmayacaq.
MƏSLƏHƏT GÖR: