15 Mart 2025

Şənbə, 00:45

QARA FİQURLARIN RİSKİ

Moreliya-linares superturnirində Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun sadəcə bəxti gətirmədi

Müəllif:

01.04.2008

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Moreliya-Linares superturnirindəki çıxışını başa vurdu. O, öz imkanlarından xeyli aşağı səviyyədə çıxış edərək, toplaya biləcəyi xalların yalnız 50 faizini qazana bildi. Bu isə o deməkdir ki, Teymur hazırkı reytinqinə ciddi əlavə edə bilməyəcək.

Rəcəbovun yekunda tutduğu beşinci yer, əlbəttə ki, onun potensialı və iddialarına uyğun gəlmir və odur ki, Teymur çətin ki bu turniri öz aktivinə yaza bilsin. İki qələbə, eyni sayda məğlubiyyət və on heç-heçə Teymurun daha yaxşı çıxış edə biləcəyi turnirdə əldə etdiyi nəticədir. Qrossmeysterin özü də bildirir ki, o, hər qarşılaşmada tam gücü ilə mübarizə aparıb və intensiv oyun göstərib. Amma sadəcə onun bəxti gətirməyib. "Lap əvvəldən bəxtim gətirmədi. Aleksey Şirova yalnız ona görə uduzdum ki, debütü səhv saldım. Peter Leko ilə oyunda böyük üstünlüyə malik olmağıma baxmayaraq, ona heç-heçə təklif etdim. Elə Levon Aronyanla qarşılaşmada da vəziyyətim pis deyildi, yaxşı imkanlarım var idi. Bilirsiniz, adamın gərək bəxti də gətirsin. Məsələn, Maqnus Karlsen  Vasili İvançuku elə vəziyyətdə uddu ki... Burada yalnız bəxt rol oynadı. Mənim bəxtimsə gətirmədi. Amma nədən şikayətlənim ki?! Məsələ yalnız bəxtdə deyil", - deyə Teymur bildirir. Maraqlıdır ki, Rəcəbov azsaylı qələbələrindən birini, gənc yaşlarında olmasına baxmayaraq, turnirin favoritlərindən hesab edilən Maqnus Karlsen üzərində qazanıb. Norveçli isə haqqında deyilənləri tam doğrultsa da, bəlkə də, məhz Rəcəbovdan aldığı məğlubiyyət onun turnirin əsas mükafatını qazanmaq imkanlarının üzərindən xətt çəkdi. Qeyd edək ki, bu iki şahmatçı indiyədək bir çox yarışlarda qarşı-qarşıya gəliblər və onların hər ikisinin gənc olduğunu nəzərə alsaq, bu rəqabət hələ uzun illər davam edəcək. Son qarşılaşmadan sonra Teymur da Maqnusun ünvanına kompliment səsləndirərək bildirib ki, o, artıq tam formalaşmış şahmatçıdır və və parlaq nəticələr göstərir.

Superturnirdə növbəti dəfə Vişvanatan Anand hamıdan üstün olaraq, asan və sərbəst qələbələr əldə edib. Bu zəfər ona Vladimir Kramniklə dünya çempionu adı uğrunda keçirəcəyi oyunöncəsi əlavə güc və özünəinam verib.

T.Rəcəbov Anand haqda da fikirlərini bölüşüb: "Onun oyunu mənim çox xoşuma gəlir. Anand sanki gərginlik hiss etməyərək asan oynayır və hamını udur. Bir sözlə, arzuların şahmatçısıdır. Böyük mükafatların ortada olduğu turnirlərdə isə Anand daha mükəmməl oyun göstərir".

Teymurun Moreliya-Linaresdəki oyununa qayıdaraq qeyd edək ki, bir çox mütəxəssislərin fikrincə, onun partiyalarda üstünlük verdiyi qara fiqurlar çox risklidir. Bu haqda danışan beynəlxalq dərəcəli usta Vladimir Barski hesab edir ki, bütün bunlara Rəcəbov xeyli vaxt və güc sərf edir. Bununla yanaşı, mütəxəssis bildirir ki, Rəcəbov öz yolu ilə gedir. 

chesspro.ru portalının icmalçısı Mixail Xomiç də eyni fikirdədir. O, hesab edir ki, Teymurun potensialı ilə bağlı hər şey qaydasındadır və son superturniri sadəcə tez bir zamanda unutmaq lazımdır: "Tima bir-birinə zidd olan debüt variantları - Antimoskva qambiti və Yaniş qambitindən istifadə etməkdən çəkinmir. Özü də o, bunu çox uğurla edir. Bundan başqa, bu gənc oğlan artıq indidən çətin qədim Hind müdafiəsində ekspert sayılır".

Teymur isə öz üzərində daim və çox işlədiyini deyir. "Mən nəticədən asılı olaraq, hazırlığı korrektə etməyə çalışıram. Sərt oyuna getmədiyimi də söyləmək olmaz. Mən həmişə sərt mövqelər axtarıram", - deyə qrossmeyster billdirir.  O, strategiyasının doğru olduğunu Daqomısda Rusiyanın komanda çempionatında, Bakıda keçiriləcək FİDE Qran-Prisinin birinci mərhələsində və Sofiyada düzənlənəcək "M-Tel Masters" turnirində sübut edə bilər.

Bu arada FİDE Qran-Prinin Bakı yarışı da daxil olmaqla, bütün mərhələlərində iştirak edəcək şahmatçıların heyətini müəyyənləşdirib. Orada dünya çempionu adı uğrunda yarışa hazırlaşan Vişvanatan Anand və Vladimir Kramnik, həmçinin Qata Kamskiyə qarşı iddiaçı qarşılaşmasına hazırlıqla məşğul olan Vaselin Topalov da daxil olmaqla, bir sıra məşhur şahmatçıların adlarına rast gəlinməsə də, yarışın səviyyəsinin yüksək olacağını söyləmək mümkündür. Hər şeydən əvvəl ona görə ki, turnirdə şahmatın gələcəyi olan gənc şahmatçılar iştirak edəcəklər.

Ev sahiblərinin çıxışı ilə yanaşı, şahmatın Olimpinə doğru sürətlə irəliləyən Maqnus Karlsenin Bakıya gəlişi də böyük marağa səbəb olacaq. Xatırladaq ki, ötən il Xantı-Mansiyskdə Dünya kubokunun yarımfinalına yüksələn norveçli bu il də çıxışını davam etdirərək, Veyk-An-Zee superturnirinin qalibi olub, həmçinin Moreliya-Linaresdə heç də zəif nəticə göstərməyib. Odur ki, artıq hər yarışın favoriti sayılan Karlsenin oyununu izləmək maraqlı olacaq.

Dünya kubokunun 1/16 final mərhələsində Şəhriyar Məmmədyarova qalib gəlmiş bolqarıstanlı İvan Çeparinov da diqqət cəlb edən daha bir şahmatçıdır. Bu şahmatçının böyük gələcəyi olduğu hamı tərəfindən qəbul edilir. Xüsusilə, nəzərə almaq lazımdır ki, onun məşqçisi və meneceri Vaselin Topalovu yetişdirmiş Silvio Danailovdur. Nəzərə alsaq ki, özündən daha məşhur və adlı-sanlı həmvətəninin sekundantı olan İvan həm də öz komandasının düşünən beynidir, şübhə yoxdur ki, o, özünü Bakıda da göstərməyə çalışacaq. 


MƏSLƏHƏT GÖR:

347