
DURĞUNLUĞUN QAPISINA ZƏRBƏ
AFFA-nın yeni başçısı dünyaya "Azərbaycan futbolu" anlayışını təqdim etmək niyyətindədir
Müəllif: Nicat ZƏKİYEV Bakı
"Gec olar, güc olar". Bu ifadə sanki Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) yeni rəhbəri, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin boyuna biçilib. O, AFFA-nın baş qərargahında keçirilmiş növbədənkənar konfransda assosiasiyanın prezidenti seçilib. AFFA-nın yeni rəhbəri, futbol dililə desək, öz başlıca rəqibinə - Həvəskar Futbol Federasiyasının başçısı Kamil Rəhimova böyük üstünlüklə qalib gəlib. O, səsvermə zamanı mümkün otuz səsdən iyirmi doqquzunu toplayıb.
Futbolun inkişaf proqramı
Yeni seçilmiş prezident bu ən populyar idman növünün Azərbaycanda inkişaf etdirilməsi ilə bağlı bir sıra maraqlı ideyalar söyləyib. Məsələn, futbolun vergilərdən azad olunmasını təklif edən R. Abdullayev bu ideyanı həyata keçirmək niyyətindədir. O, həmçinin bildirib ki, öz işinin prioritetlərindən biri də futbolun inkişafı üzrə dövlət proqramının yerinə yetirilməsi olacaq və proqram yaxın gələcəkdə öz bəhrəsini verəcək. "Qarşımızda böyük zəhmət tələb edən iş durur, çünki bizim bu idman növünü yeni səviyyəyə çıxarmamız gərəkdir. Bunun üçün uşaq meydançalarından başlayaraq futbolun kolmpleks şəkildə inkişafını təmin etmək lazımdır", - deyə Abdullayev vurğulayıb.
Bütün bunları izləyən FİFA müşahidəçisi Yeva Paskue bildirib ki, Azərbaycan futbolunun gələcəyi etibarlı əllərdədir. "Mən keçirdiyiniz konfransla bağlı sizi təbirk edirəm və düşünürəm ki, siz doğru seçim etdiniz", - deyə o söyləyib. Paskue assosiasiyanın yeni prezidentinə FİFA-nın medalını təqdim edib və bu çətin işində ona uğur diləyib.
Jurnalistlərin suallarına cavab verən R. Abdullayev bildirib ki, "Neftçi" futbol klubunun prezidenti vəzifəsindən istefa verəcək, çünki reqlament bu iki vəzifəni bir yerdə tutmağa icazə vermir. "Hələ ki yerimi kimin tutacağını bilmirəm, ancaq indidən ona uğur diləyirəm", - deyə Abdullayev vurğulayıb. Bununla yanaşı, R.Abdullayev öz yeni komandasının tərkibi haqqında suallara cavab verməyə çətinlik çəkib, lakin bu barədə müəyyən fikirlərinin olduğunu gizləmtəyib. "Hesab edirəm ki, futbol sahəsində öz işinə fanatcasına vurğun olanlar çalışmalıdırlar, istənilən idman növünün inkişafının hərəkətverici qüvvəsi məhz bu cür insanlardır. Düşünürəm ki, yaxın zamanda mənim komandam tam tərkibdə formalaşacaq", - deyə assosiasiyanın yeni başçısı qeyd edib.
Yeni prezident yığmanın yeni məşqçisi barədə fikirlərini daha aydın bəyan edib, bildirib ki, Qyoko Hacıyevskinin xidmətindən imtina edəcək. "Bizə komandamızı keyfiyyətcə yeni səviyyəyə çıxarmağı bacaracaq adlı-sanlı və təcrübəli məşqçi lazımdır. Ancaq bu iş yalnız müəllimdən deyil, öz səylərini düzgün istiqamətləndirməyi bacaran menecerlərin də işindən asılıdır", - deyə Rövnəq Abdullayev öz fikirlərini bölüşüb.
Həmçinin o qeyd edib ki, ölkə çempionatının növbəti turundan başlayaraq oyunlara öz statusuna uyğun olaraq baş çəkəcək, bu və ya başqa kluba üstünlük verməyəcək. Sanki "Neftçi"yə mümkün rəğbəti barədə sualları qabaqlayan R.Abdullayev bildirib: "Mən istənilən Azərbaycan klubunun hər bir uğuruna sevinirəm. Məsələn, "Xəzər - Lənkəran" Dostluq Kubokunun finalına çıxanda biz komandaya azarkeşlik etməyə yollandıq, qələbədən sonra mən onları ürəkdən təbrik etdim. Ona görə də mənim "Neftçi"yə xüsusi rəğbət göstərəcəyimi iddia etmək yersizdir".
AFFA-nın keçmiş başçısı Ramiz Mirzəyevin ölümündən sonra assosiasiya prezidentinin vəzifələrini Elşad Nəsirov icra edirdi və işin əsas ağırlığı onun çiynində idi. AFFA-nın işində fəal iştirak etməsinə baxmayaraq, o, dəfələrlə qeyd etmişdi ki, bu vəzifəyə namizədliyini vermək niyyəti yoxdur. Seçkiqabağı mübarizə başlayandan sonra Rövnəq Abdullayev və Kamil Rəhimov öz namizədliklərini irəli sürdülər və AFFA üzvləri seçimi məhz onların arasında etməli oldular. Lakin seçkilərin necə nəticələnəcəyi müəyyən mənada əvvəlcədən bəlli idi, çünki assosiasiya prezidentliyinə məhz ARDNŞ rəhbərinin namizədliyi daha inandırıcı görünürdü. Xüsusən də ona görə ki, R. Abdullayev Azərbaycan futbolunun problemləri ilə yaxından tanış olmaqla yanaşı, həm də ARNDŞ-in rəhbəridir və bu, AFFA üçün uşaq-yeniyetmə futbolunun və bütövlükdə infrastrukturun inkişafına yönəldiləcək ciddi maliyyə axınlarına zəmanət verir. Futbolun inkişafı üzrə dövlət proqramının qəbul edilməsi də buna imkan açır.
Məhz bu amillər, həmçinin futbolun Azərbaycanın bölgələrində populyarlaşdırılmasının vacibliyi və böl-gələrdə maddi-texniki bazanın yaxşılaşdırılması məsələləri Rövnəq Abdullayevin seçkiöncəsi platformasının əsaslarını təşkil edirdi. Platformada həmçinin uşaq meydançaları şəbəkəsinin tikilməsi yolu ilə məhəllə futbolunun dirçəldilməsinin vacibliyindən, futbol akademiyasının və idman internatlarının yaradılmasından danışılırdı. Rövnəq Abdullayev klubların strukturuna da xüsusi diqqət ayırmışdı, onların bazasında yeni nəsil futbolçuların ustalığa yiyələnməsinə imkan verən uşaq komandalarının yaradılmasının vacibliyini nəzərə almışdı.
Futbol məktəblərindən başlayacağıq
Bu məsələyə AFFA baş katibi Elxan Məmmədov da toxunmuşdu. O etiraf etmişdi ki, indi Azərbaycan klublarının əksəriyyətinin əsas məqsədi sadəcə yerli meydanlarda uğurla çıxış etməkdir. "Təəssüf edirəm ki, bu futbol üçün qəbuledilməzdir, bizim komandalar daha yüksək nəticələr uğrunda mübarizə aparmalıdırlar. Əgər biz futbolun inkişafından danışırıqsa, unutmaq lazım deyil ki, bu, klublardan başlayır. Burada evrika açmağa gərək yoxdur, hər şey çoxdan bəllidir və sistem ondan ibarətdir ki, "Ayaks", "Liverpul", "Bavariya" kimi bizim klubların da yanında futbol məktəbləri açılmalıdır. Yəni komandalar yeni nəsil idmançıları özləri yetişdirir, onların transferlərini özləri gerçəkləşdirir və bütün bunlar biznesə çevrilir",- deyə AFFA baş katibi vurğulamışdı.
Bununla yanaşı, AFFA prezidentinin və onun komandasının həll etməli olduğu ilk işlərdən biri yığma komandanın baş məşqçisi məsələsidir. Assosiasiyanın rəhbərliyi daha öncə açıq-aşkar bildirmişdi ki, bu vəzifəyə bir neçə potensial namizədlə danışıqlar aparılır, lakin onlar hazırda qüvvədə olan müqavilələr üzrə məşğuldurlar. Göründüyü kimi, gələn gündən bizim futbolçularla ümumi dil tapmış və azarkeşlərin sevimlisinə çevrilmiş Qyoko Hacıyevskinin xidmətindən imtina ediləcək. Müvəqqəti olaraq komandaya keçmiş hücumçu, məşhur Nazim Süleymanov başçılıq edəcək.
Maraqlıdır ki, yığmaya "Olimpik"in müdafiədə oynayan üç futbolçusu çağırılıb. Və burada qəribə heç nə yoxdur, çünki komandanın ölkə çempionatındakı liderliyi heç də yalnız əsas hücumçusu - Junivan Suaresin ustalığı hesabına əldə edilməyib, həm də müdafiədəki sahmanlı oyunla bağlıdır.
Bununla belə, "Neftçi"nin də payına yığmada yüksək təmsilçilik göstəricisi düşüb və Rəşad Sadıqov, Zaur Tağızadə və Branimir Subaşiç milli komandanın sıralarında yer alıb. Qeyd edək ki, Subaşiç hazırkı ölkə çempionatının ən məhsuldar hücumçusu sayılır.
Məşqçi xaricdə çıxış edən oyunçuları da unutmayıb. "Qroslin"də oynayan və Polşa futbolunda ad-san qazanmağa başlayan müdafiəçi Saşa Yunusoğlu və "Sivasspor"da aparıcı oyunçulardan sayılan yarımmüdafiəçi İlqar Qurbanov da yığmaya çağırılıb.
Amma unutmaq lazım deyil ki, 2010-cu ildə keçiriləcək dünya çempionatı üçün millinin peşəkarlıtını artırmaq lazımdır. Bunun üçün isə AFFA məşqçini tezliklə müəyyən etməlidir, axı seçmə turnirinin başlamasına elə də çox vaxt qalmayıb.
MƏSLƏHƏT GÖR: