
TAPMALI VƏ QORUMALI
Smithsonian institution Azərbaycanın Bakı-Tbilisi-Ceyhan neft kəmərinin marşrutu boyunca tapılmış qədim tarixi abidələrlə maraqlanıb
Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Bakı-Tbilsi-Ceyhan neft (BTC) və Bakı-Tbilsi-Ərzurum (BTƏ) qaz kəmərlərinin Azərbaycan üçün faydası yalnız böyük iqtsadi perspektivlər vəd etməklə bitmir. Boru kəmərlərinin tikintisinin gedişi zamanı marşrut boyunca çox sayda unikal abidələr tapılıb. Bu abidələr bizim qədim tariximizə tamamilə yeni nəzər nöqtəsindən baxmağa, yeniliklər ortaya çıxarmağa imkan verir. Xoşbəxtlikdən BTC neft kəmərinin tikintisinin və istismarının operatoru olan BP şirkəti tapılmış arxeoloji materiallara görə məsuliyyəti dərk edərək, Azərbaycan tarixinin bu günə kimi gəlib çıxmış bu abidələrin özündə saxladığı tarixi məlumatları alimlərə çatdırmaq üçün əlindən gələn hər şeyi edib.
Öncə neft vardı
Elm sərhəd tanımır. BTC-nin yerləşdiyi marşrut zonasında aşkar edilmiş tarixi abidələr yalnız yerli alimlərin marağını cəlb etməyib. Bu tapıntılarla bir çox xarici tədqiqatçılar da maraqlanıb və gələcəkdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əməkdaşlıq niyyətində olduqlarını bildiriblər. Məsələn, Berlin Memarlıq İnstitutunun və Fransa Akademiyasının professorları birgə qazıntılar aparmaq məqsədi ilə AMEA rəhbərliyinə müraciət ediblər. Fransa Akademiyasının professoru Bertil Monet bu əməkdaşlığa gənc Azərbaycan və fransız mütəxəssislərinin tədris prosesini də daxil etməyi təklif edib. Bundan başqa, Çikaqo Universiteti ilə birgə Azərbaycanın qədim tarixi abidələrinin öyrənilməsi üzrə layihə hazırlanıb.
Ancaq BTC marşrutu üzrə arxeoloji qazıntıların nəticələrinin açıqlanmasında əsas addım mart ayında dünya üzrə ən iri muzey komplekslərindən və araşdırma təşkilatlarından biri - ABŞ-da yerləşən Smitson İnstitutu (Smithsonian Institution) ilə qrant sazişi imzalanması olub. Bunu BTC və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələri üzrə tərəfdaşları adından "BP-Azərbaycan" şirkəti gerçəkləşdirib. İmza mərasimində "BP-Azərbaycan"ın prezidenti Bill Şreyder bildirib ki, proqramın toplam məbləği 1 milyon ABŞ dolları təşkil edəcək. Layihənin benefisiarları kimi Qobustan dövlət tarix-mədəniyyət muzeyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Gürcüstan Milli Muzeyi seçilib. Proqram çərçivəsində BTC və CQBK-nin marşrutunun keçdiyi üç ölkə ərazisində tikinti zamanı əldə edilmiş arxeoloji tapıntıların kataloqunun nəşri, mədəni irs haqqında veb-saytın yaradılması, bu mövzuda beynəlxalq konfransın keçirilməsi, arxeoloji tapıntıların tədqiqatının başa çatdırılması planlaşdırılır.
Bundan başqa, benefisiar təşkilatların işçiləri üçün muzeylərin idarəedilməsi, tapıntıların qaydaya salınması, mədəni irs nümunələrinə qulluq, qayaüstü təsvirlərə dəyən ziyanın qiymətləndirilməsi və s. üzrə treninqlər keçirilməsi də nəzərdə tutulub. Həmçinin Qobustan qoruğunun ərazisində flora və faunanın tədqiqatı da aparılacaq.
Qeyd etmək lazımdır ki, SSRİ-nin dağılmasından sonra Azərbaycan və Gürcüstan ərazilərində ilk iri arxeoloji qazıntıların sponsoru məhz BTC və CQBK layihələri olublar.
Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası ilə birgə BTC neft kəməri və BTƏ qaz kəməri keçən dəhliz boyunca 54 qazıntı aparılıb. Yalnız BTC-nin keçdiyi yerlərdən 30-dan çox arxeoloji abidə tapılıb. Onların araşdırılması üçün institutun 40-dan çox əməkdaşı - daş dövrü, eneolit, qədim tarix və orta əsrlər üzrə mütəxəssislər cəlb edilib. Bu layihələr üzrə işlərin çoxu Səngəçal ərazisində, həmçinin Gürcüstan sərhədinə qədər neft kəmərinin keçdiyi zonada aparılıb. Alimlər tərəfindən son eneolit dövrünə aid edilən nisbətən önəmli tapıntılar Gəncə-Qazax zonasına aid ərazilərdə əldə edilib. Ağstafa rayonunun Böyük Kəsik kəndindəki arxeoloji sahə alimlərin böyük marağını çəkib. Buraya Böyük Kəsik və Poylu kəndlərinə aid sahələr, həmçinin Soyuqbulaq dəfn abidələri aiddir. Bura qədim insanın eneolit dövrünə aid edilən məskənidir və Azərbaycanla Mesopotomiya arasında sıx mədəni əlaqələrin olmasından xəbər verir.
Bütövlükdə görülən işlərin çərçivəsində 80 potensial sahə müəyyən edilib. Onların içində Qazıməhəmməd, Yevlax, Şəmkir, Goranboy və Ağstafa rayonları ərazisində yerləşən 9-u daha çox maraq çəkib. Goranboy rayonunun Borsunlu kəndində kurqan və 3 məzar aşkarlanıb. Oradan əldə edilən tapıntılar bürünc dövrünə, daha doğrusu bizim eradan əvvəl XIII yüzilliyə aid edilir. Qazıntı işlərində Azərbaycanın Fərhad Quliyev, Nəcəf Museyibli, Viktor Kvaçidze, Fuad Hüseynov, İdris Əliyev kimi tanınmış arxeoloq alimləri iştirak ediblər. Onların müxtəlif vaxtlarda apardıqları tədqiqatlar xaricdə geniş məşhurdur.
Bütövükdə, BTC boru kəməri konsorsiumu Azərbaycan ərazisində neft kəməri boyunca arxeoloji qazıntıların aparılmasına 100 min ABŞ dollarından çox vəsait ayırıb. Bununla yanaşı, konsorsium Arxeologiya və Etnoqrafiya İnstitutunun muzeyinin təmirinə pul verib. Tədqiqat zamanı tapılmış bütün əşyalar həmin muzeydə nümayiş etdirilir.
Tarixin davamı
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan bildirirlər ki, qazıntılar ötən yüzilliyin 80-ci illərində əsası qoyulmuş işlərin davamıdır. Həmin işlərin başlıca məqsədi Azərbaycan xalqının mis-daş dövründən sonra başlamış etnogenezinin aşkarlanması və öyrənilməsi olub. Məhz buna görə həmin dövr alimlər üçün xüsusilə maraqlıdır. 1985-ci ildə Ağstafa rayonu ərazisində professor İdeal Nərimanov tərəfindən eneolit dövrünə aid və həmin müddətə qədər tapılmışlardan köklü surətdə fərqlənən Şomutəpə və Gültəpə abidələri aşkar edilib, daha sonra onlar ümumi Laylatəpə adı altında birləşdiriliblər. Alimin bildirdiyi ilkin fikrə görə, bu qalıqlar Azərbaycan ərazisində beş min ildən qabaq baş vermiş miqrasiya prosesləri ilə bağlıdır. Beş il qabaq bu zonada qazıntılar yenidən başlayandan sonra alimlər bizim eradan qabaq IV yüzilliyə aid abidələr aşkar ediblər. Bu abidələr İdeal Nərimanovun Laylatəpədəki məzarlığın Mesopotomiyadan Azərbaycana köçmüş miqrantlara məxsus olması barədə dediklərini təsdiq edib. Beləliklə, bəlli olub ki, Azərbaycan etnosunun formalaşmasında Mesopotomiyadan gəlmiş qəbilələr də iştirak ediblər. Daha sonra aşkar edilən bir sıra başqa abidələr də İdeal Nərimanovun hipotezini təsdiq ediblər. Ağstafada və Tovuz rayonunda (Ağıldərədə) aparılmış qazıntılar həm də Mesopotomiyadan gəlmiş miqrantların Şimali Qafqaza da məhz Cənubi Qafqazdan keçməklə getdiklərini təsdiq edib. Qazıntılar alimlərin indiyə kimi yalnız ehtimal etdikləri çox sayda tarixi faktları da ortaya çıxardı. Məsələn, qədimlərdə Azərbaycan sakinlərinə məxsus olmuş dəfn adətləri bəlli olub. Aydın olub ki, o vaxtlar yeniyetmələri küplərdə basdırırmışlar, yaşlılar üçün isə kurqanlar tikirmişlər.
Bütövlükdə, neft kəməri boyunca görülmüş işləri şərti olaraq üç mərhələyə bölürlər. 2000-2001-ci illərdə zooloqlar, botaniklər və ekoloqlardan ibarət qrup neft kəmərinin Xəzər sahilindəki Səngəçal terminalından Gürcüstan sərhədindəki Böyük Kəsik stansiyasına qədər bütün uzunluğunu gəzib. Eni 44 metr olan qoruq zonasında olan bütün arxeoloji abidələri və bu abidələrin ehtimal edildiyi yerləri qeydə alıblar. Başlıca məqsəd boru kəmərinin marşrutunu az-çox önəmi olan arxeoloji obyektlərdən mümkün qədər uzaqlaşdırmaq, onları qorumaq və dağılmağa qoymamaq olub. İkinci mərhələ kimi 2002-ci ildə boru kəməri zonasında qalmalı olan abidələrin aşkarlanması üçün nəzarət-kəşfiyyat işləri aparılıb. Şurflar vurulub, abidələrin əraziləri müəyyən edilib və arxeoloji obyektlərin tədqiq olunması üçün lazım olan xərclərin təxmini məbləği müəyyən edilib.
2003-cü ildə iki arxeoloji qrup və bir səyyar monitorinq qrupu tərəfindən gerçəkləşdirilən stasionar kompleks işlər başalyıb. Onlar torpağın üz qatının götürülməsini daimi müşahidə ediblər. Hər hansı bir sahədə maddi mədəniyyət izləri görünən kimi ora nəzarətə götürülüb və araşdırılıb.
Araşdırma işləri bu gün də davam edir. Artıq 27 aprxeoloji obyekt tədqiq edilib. Onların biri ilə bağlı üç dildə - Azərbaycan, rus və ingilis dillərində əldə edilən nəticələrin təhlili ilə bağlı kitab buraxılıb. Zəyəmçay sərdabəsi ilə bağlı ikinci kitab da çapa hazırlanır. Bəzi tapıntılar sonradan qaytarılmaq şərti ilə mürəkkəb analizlərin aparılması üçün xaricə göndərilir. Tapılmış arxeoloji materiallar orada radiokarbon və radioarqon üsullarla tədqiq edilir. Bu üsullar tətbiq edilmədikdə tapıntılar çağdaş dünya elmi tərəfindən ciddi qəbul edilmir. Təəssüf ki, Azərbaycanın özünün hələ ki bu cür tədqiqat imkanları yoxdur. Alimlər düşünür ki, bu tapıntılar əsasında Azərbaycan tarixinin müəyyən dövrlərinə düzəlişlər ediləcək.
Gürcüstana gəldikdə isə BTC-nin tikintisi zamanı Gürcüstanın cənubunda yerləşən Axalsixe rayonunun Klde kəndində tarixi abidələr tapılıb. Arxeoloqların ilkin məlumatına görə, aşkarlanan qalıqlar bizim eranın üçüncü yüzilliyinə aiddir. Bununla yanaşı, BTC neft kəmərinin inşaatçıları Samsxe-Cavaxetiya regionunun ərazisində büdpərəstlik və ilkin xristianlıq dövrlərinə aid abidələr aşkarlayıblar. BP mütəxəssisləri Gürcüstan arxeoloji tədqiqatlar mərkəzi ilə birgə mədəni irsin qorunması üzrə plan hazırlayıblar və boru kəmərinin Gürcüstan hissəsi boyunca ərazinin tədqiqatını aparıblar. Bu məqsəd üçün şirkət 2 milyon ABŞ dolları ayırıb. Görülən işlər nəticəsində ailmlər müəyyən ediblər ki, neft kəmərinin Gürcüstan ərazisindən keçən 44 metrlik dəhlizinin sərhədləri daxilində 56 arxeoloji sahə var. Boru kəməri Tetriskari rayonunda iki qədim yaşayış məskənindən və Salka rayonunda bürünc dövrə aid məzarlıqdan keçir.
MƏSLƏHƏT GÖR: