14 Mart 2025

Cümə, 22:35

1918-ci İLİN QANLI TERRORU

Onun əsasında bolşeviklərlə Ermənilərin Bakını müsəlmanlardan təmizləmək və onun Azərbaycan dövlətinin paytaxtına çevrilməsinə imkan verməmək kimi cəhdi dayanırdı

Müəllif:

01.04.2008

Martın 31-də Azərbaycan öz tarixinin ən qanlı günlərindən birinin ildönümünü yaşayır. Söhbət bolşeviklər və onların yaxın silahdaşları olan daşnakların 1918-ci ildə törətdikləri Mart qırğınından gedir. Müxtəlif məlumatlara görə, həmin hadisələr zamanı 20-30 min nəfər qətlə yetirilib.

Bu gün artıq öz tariximizi "ideoloji" senzura və düzəlişlər olmadan öyrənmək şansı əldə etdiyimiz vaxtda "açıq mənbələr"də 1918-ci ilin Mart hadisələrinin xronologiyası - Şamaxı və Qubada daşnakların törətdikləri azğınlıqlar, Bakının Bazar və Nikolayevski küçələrinin kəsişməsində insanların pulemyotlarla güllələnməsi, İçərişəhərə basqın və s. haqqında oxumaq mümkündür. Mart qırğınının əsasında Bakıda hakimiyyəti ələ keçirməkdən daha çox, Abşeronun neft yataqlarına yiyələnmək arzusunun dayanması faktı heç bir şübhə doğurmasa da, onun geosiyasi mexanizmini anlamaq çətindir.

Mart qırğını daşnakların Azərbaycanda törətdikləri terrorların yeganə epizodu deyil. Və təəssüf ki, qan yalnız Bakıda axıdılmırdı. Tarix elmləri namizədi S.Babayevin apardığı araşdırmaların nəticələrinə görə, Azərbaycanda erməni terroru hələ 1917-ci ilin dekabrında başlayıb. 1918-ci il iyulun 15-də Azərbaycan Respublikasının xarici işlər naziri M.Hacınski yazırdı: "Artıq dörd aydır ki, Azərbaycanın müxtəlif əraziləri bolşeviklər, erməni ordu hissələri və digər adlar altındakı quldurlar tərəfindən tarmar edilir, onlar müsəlman əhalinin başına görünməmiş müsibətlər gətirir, əmlaklarını məhv edirlər". 

ADR tərəfindən yaradılmış Fövqəladə Tədqiqat Komissiyasının bir müddət sonra hazırladığı məruzədən götürülmüş kiçik hissələr belə, faciənin miqyası haqda təsəvvür yaratmağa imkan verir: "1918-ci il aprelin sonunda Şamaxı qəzasının Zarqaryan, Kevmoç, İnqar və digər kəndlərinin erməni əhalisi tüfəng və xəncərlərlə silahlanaraq... gözlənilmədən müsəlmanların Kiçatan kəndini hər tərəfdən mühasirəyə alıb. Kənd sakinləri ermənilərin qarşısına ağ bayraqla (ələmlə) çıxaraq, onlara təslim olmaq qərarına gəliblər. Quldurlar tələb ediblər ki, kəndin bütün sakinləri - kişilər, qadınlar və uşaqlar Kiçatanın kənarındakı "Qurban-Bağ" adlanan əraziyə toplaşsın və onların bu tələbinə əməl edilib. Ermənilər isə qadınları uşaqlardan ayırıb və onların hamısını tüfəng və xəncərlə qətlə yetirib. Kişilər isə ərazidən bir qədər kənara aparılıb və onlara yerə uzanmaq əmr olunub. Kənd sakinləri bu əmrə əməl etdikdən sonra isə onların hamısı güllələnib və xəncərlə deşik-deşik edilib... Beləliklə, 50 kişi, 60 qadın və 21 uşaq qətlə yetirilib...".

Məlumatda daha sonra deyilir: "1918-ci il aprelin ilk günlərində Nəvainin iki kilometrliyində yerləşən Nəvai stansiyasına Bakıdan zirehli qatarla silahlı bolşeviklər gətirilib. Elə həmin gün sözügedən silahlı dəstənin 15 üzvü erməni zabitin rəhbərliyi altında Nəvai kəndinə gəlib. Onlar yerli sakinlərə özlərini bolşeviklər kimi təqdim edərək, kəndlilər qarşısında bolşevik hakimiyyətini qəbul etmək tələbini irəli sürüblər. Əhali tələbi qəbul etdikdən sonra silahlılar kəndi tərk ediblər. Bir-iki gün sonra isə onlardan bəziləri - yalnız ermənilər - kəndə gələrək, əhalinin qoyunlarını əllərindən alıblar. Bu oğurluğa etiraz edən kəndlilər isə öldürülərək quyuya atılıb. Ermənilərin belə münasibətilə üzləşən nəvaililər onlarla münasibətləri kəsərək, öz qoyun və mal-qaralarını kənddə gizlədiblər. Bunu görən ermənilər böyük qruplarla hər tərəfdən kəndə hücuma keçiblər. Qadın və uşaqları xilas etmək məqsədi ilə nəvaililərin müqaviməti nəticəsində tərəflər arasında atışma başlayıb...

Ermənilər kəndə soxularaq, rəhmsiz şəkildə əhaliyə divan tutub, onlara qarşı əsl vəhşilik ediblər: qaçanlar güllələnib, əllərinə keçənlər süngü və xəncərlə qətlə yetirilib, uşaqlar süngüyə keçirilib, qadınlar zorlanıb və döşləri kəslib. Nəticədə 555 kişi, 260 qadın və 140 uşaq qətlə yetirilib, 60 kişi yaralanıb. İnsanları qırandan sonra ermənilər onların mülkiyyətini dağıtmağa başlayıblar: bütün ev avadanlıqları, mağazaların malları oğurlanıb, 2200 iribuynuzlu, 6500 kiçikbuynuzlu heyvan ələ keçirilib, kənddəki çörək ehtiyatı məhv edilib. Sonda isə daşınmaz əmlakın məhvinə qərar verilib və ermənilər məscidi, kənd məktəbini, idarəni, çoxlu sayda mağazaları və dükanı dağıdıb, 1500 ev və digər tikili tamamilə yandırılıb...".

Lakin faciənin kulminasiyası məhz Bakıda baş verib. Çünki burada söhbət artıq yalnız talandan yox, həm də erməni daşnaqların Ermənistana birləşdirməyə çalışdıqları Abşeron yarımadasının zəngin neft yataqlarına nəzarətin ələ alınmasından gedirdi.

Halbuki XX əsrin ikinci onilliyinədək Bakıda erməni əhalinin sayı çox olmayıb. Həmin vaxt hətta "beynəlmiləl şəhər" haqda da söhbət getmirdi. Həmin dövr üçün Bakı əhalisinin 90%-ni müsəlmanlar təşkil edirdi. Tarixçilərin bildirdiklərinə görə, şəhərdə həqiqətən də Mərkəzi Rusiyadan çox sayda işçi olub, amma onları, sözün əsl mənasında, "bakılı" adlandırmaq düzgün olmazdı. Bu gün onları daha çox "əmək mühacirləri" adlandırardılar, çünki onların məqsədi Bakıda pul qazanmaq və sonra öz vətənlərinə dönmək idi. Bu səbəbdən də onların əksəriyyəti öz ailə üzvlərini cənuba gətirməmişdi.

Buna baxmayaraq, "daşnaksütun"un yerli qanadı ciddi təsir imkanlarına malik idi və burada çar Rusiyasının ermənilər üçün yaratdığı "münbit rejim"in də rolu böyük idi. Hətta məsələ o həddə çatmışdı ki, daşnaklar Nakaşidze şəhərinin qubernatorunu qətlə yetirməkdən belə çəkinməmişdilər. Üstəlik, "daşnaksütun"un Bakı strukturları vasitəsilə ermənilərin Şərqi Anadoludakı hissələrinin silahlandırılması üçün vəsait ayrılırdı. 

Hər halda, 1918-ci ilin əvvəllərində Bakıda "daşnaksütun"a tabe olan erməni milli qvardiyasının hissələrində təxminən 7000 piyada və atlı əsgər var idi. Onların ən yaxın silahdaşları olan qırmızı qvardiyanın ixtiyarında isə təxminən 6 minədək əsgər var idi. Ermənilər yerli neft biznesində də ciddi mövqelərə malik idilər və bu, onların özlərinin kommersant istedadları ilə yox, Rusiyanın yaratdığı "münbit şərtlərlə" bağlı idi.

Erix Fayqlın bildirdiyinə görə, 1918-ci ilin Novruz Bayramı zamanı - martın 18-21-i aralığında daşnaqlar Bakıda 10 min nəfərdən artıq azərbaycanlını qətlə yetirib. Faciənin piki isə martın 30-31-də baş verib. Əvvəlcə Bakıda bilərəkdən general Talışinskinin həbsi haqda məlumat yayılıb, daha sonra isə yaranan narahatlıqdan istifadə edələrək, daşnak hissələri bolşeviklərin də dəstəyi ilə müsəlman əhalinin qətliamına başlayıb.

"1918-ci il martın 30-dan 31-nə keçən gecə Bakıda atışma başladı", - deyə Tadeuş Svietoxovski yazır: "Müsəlman partiyalarının nümayəndələri martın 31-i saat 16 radələrində Bakı Soveti İcraiyyə Komitəsinə onlara silah verilməsi xahişi ilə müraciət etsələr də, A.Caparidzedən rədd cavabı alıblar. Martın 31-i günün sonuna yaxın sovet (6000 nəfər) və erməni (7000 nəfər) ordusu Balaxanski küçəsindən, "Parapet"dən keçməklə, bulvaradək ərazini tam nəzarətə götürdülər. Əliyalın Azərbaycan məhəllələrinə hücum isə martın 31-i saat 22-də başlandı. Birləşmiş erməni-bolşevik dəstələri xüsusi qəddarlıq nümayiş etdirərək, hətta uşaqlara, qadın və qocalara belə rəhm etmədilər. Aprelin 1-i səhər saat 10-da Bakrevkomun mənzil-qərargahından (Dəniz küçəsindəki "Astoriya" mehmanxanası) bolşevik-daşnak dəstələrinə yerli əhaliyə qarşı ağır artilleriyadan istifadə etmək əmri verildi".

Həqiqətən də çoxsaylı şahidlərin bildirdiyinə görə, şəhər məhəllələri iriçaplı silahlardan atəşə tutuldu. Əsas "iş"i isə şəhərin yolayrıcılarında quraşdırılmış pulemyot postları gördü - onlar canını qaçmaqla qurtarmağa çalışan insanları hədəfə çevirdilər.

Yeri gəlmişkən, sonralar, bir əsrə yaxın vaxt keçdikdən sonra eyni taktika Xocalıda da tətbiq olunacaqdı. 

Mart hadisələri zamanı isə belə "post"lar Mariinsk, Bazar və Nikolayevski küçələrində, həmçinin İçərişəhərdən qaçmaq istəyəcək insanları güllələmək üçün, "Metropol" mehmanxanası və "Kaspi" qəzetinin redaksiyasında quraşdırılmışdı. Bakı qalasına hücum martın 31-i gecə həyata keçirildi. Ən ciddi hesablamalara görə, Bakıda bu "etnik təmizləmə"nin qurbanlarının sayı ən azı 20 min nəfər olub.

Baş verənlərin əsas səbəbinə gəlincə, əksər tarixçilərin, həmçinin Daeniel Erqinin məlumatına görə, həmin illərdə Lenin Brest sülhü haqda razılığın əldə edilməsi ərəfəsində Almaniya rəhbərliyi ilə apardığı gizli danışıqlarda Berlinin neftlə təmin olunacağına söz vermişdi. Bunun əvəzində isə Almaniya hökuməti müttəfiqləri olan türklərin Qafqaza hücumunun qarşısını almalı idi. Şəhər və onun zəngin neft yataqları üzərində nəzarəti itirməklə bolşeviklər danışıqlardakı əsas "kozır"ı əldən verərdilər.

Daşnaklar da öz oyunlarını oynayırdılar. Ermənilər arasında əsas ümid Osmanlı İmperiyasının parçalanmasına idi. Lakin 1915-ci ildə Türkiyədə bir sıra qətliamlar törədən erməni millətçiləri Antantanın vəd etdiyi hərbi dəstəyi gözləmədən belə qərara gəldilər ki, onların Avropanın fövqəldövlətləri ilə "alver" üçün öz "mavi fişka"larına ehtiyac var. Bakı nefti isə çoxlarına lazım idi və onların hər biri bu nefti qan bahasına belə əldə etməyə hazır idi. Xüsusilə də yadların və müsəlmanların qanı hesabına.

Belə siyasətin uğuru isə Moskvaya nəinki Bakı neftinə tam nəzarət imkanı yaradırdı, həm də bir tərəfdən Türkiyəni Qafqazdan, digər yandan isə Mərkəzi Asiyanın türkdilli xalqlarından tamamilə uzaqlaşdırmağa imkan yaradırdı.

Artıq martın 14-də Lenin Şaumyana belə bir mövzuda teleqram ünvanlamışdı: "Biz sizin sərt və qərarlı siyasətinizdən heyrətə gəlirik. Buna indiki mürəkkəb vəziyyətdən irəli gələn bir qədər ehtiyyatlı diplomatiya da əlavə etməyə çalışın". Qələbə üçün isə Bakının etnik xəritəsi dəyişdirilməli idi və S.Şaumyan da şəhərin Bazar və Nikolayevsk küçələrinin kəsişmələrində quraşdırdığı pulemyotlarla məhz buna çalışırdı...



MƏSLƏHƏT GÖR:

480