
MAKROİQTİSADİ SIÇRAYIŞ
2007-ci il azərbaycan üçün ən uğurlu illərdən biri sayılıb
Müəllif: Nurlanə QULİYEVA Bakı
Azərbaycan hökuməti qanunvericiliyə uyğun şəkildə 2007-ci ilin sosial-iqtisadi nəticələri haqqında bütün məlumatları bir hesabata yığaraq Milli Məclisə təqdim edib. Keçənilki iradları nəzərə alan Nazirlər Kabinetinin budəfəki hesabatı daha geniş və ətraflı idi. Hesabatı təqdim edən baş nazir Artur Rəsizadə isə yalnız 2007-ci ilə deyil, demək olar ki, hökumətin fəaliyyətinin son 4 ilinə yekun vurdu.
ÜDM və sərmayələr
Beləliklə, baş nazirin sözlərinə görə, son dörd ildə ümumi daxili məhsul (ÜDM) real olaraq 2,3 dəfə artıb. Onun qeyri-neft sektorunun payına düşən hissəsi isə 1,5 dəfə yüksəlib. Adambaşına düşən ÜDM nominal ifadədə 3,4 dəfə, əhalinin gəlirləri 2,5 dəfə, orta aylıq maaş 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri isə 4,9 dəfə artıb.
2007-ci ildə ÜDM-in həcmi 25,2 milyard manat olub və qabaqkı illə müqayisədə artım 15 faiz təşkil edib. Adambaşına düşən ÜDM göstəricisi isə 23,6 faiz artaraq təxminən 3500 ABŞ dollarına bərabər olub. Neftdən kənar bölmədə 11,3 faiz artım olması ölkə iqtisadiyyatının neft bölməsindən asılılığının azalmasının önəmli göstəricisidir. Dövlət Neft Fondunun vəsaitləri də daxil olmaqla ölkənin strateji valyuta ehtiyatları 7,2 milyard dolları ötüb.
Ötən dörd il ərzində dövlət büdcəsi gəlirlərinin önəmli artımı onun sosial və sərmayə yönümlü büdcəyə çevrilməsinə imkan verib. Bü müddət ərzində dövlət büdcəsinin gəlirləri 1,2 milyard manatdan 6 milyard manata qədər qaldırılıb. "Bu göstərici yalnız iqtisadi artım nəticəsində deyil, həm də səmərəli fiskal siyasət nəticəsində əldə edilib",- deyə Artur Rəsizadə vurğulayıb. Həmçinin dövlət büdcəsinin xərclərinin tərkibində sosial yönümlü xərclər 3 dəfə, o cümlədən əmək haqqı 3,4 dəfə artıb. Sərmayə qoyuluşlarında isə 22 dəfə artım olub. 2007-ci ildə dövlət büdcəsinin gəlirləri qabaqkı ilə baxanda 55,3 faiz, xərcləri isə 59,9 faiz çox olub.
Ötən il iqtisadiyyatın və sosial sahənin inkişafı üçün bütün maliyyə qaynaqları hesabına 6,8 milyard manat sərmayə yönəldilib. Bu, 2006-cı ilin göstəricisindən 17,8 faiz çoxdur. Əsaslı kapital qoyuluşlarının 3,5 milyard manatı (51 faiz) neft bölməsinin, 3,3 milyard manatı (49 faiz) isə neftdənkənar bölmənin inkişafına işlədilib. Neftdənkənar bölmənin inkişafı üçün ayrılmış sərmayələrin həcmi qabaqkı ilə baxanda 28,8 faiz artıb. Sərmayələrin 60 faizi yerli, 40 faizi isə xarici olub. İlboyunca yerli sərmayələr 50,7 faiz artıb, xarici sərmayələrdə isə 10,9 faiz azalma müşahidə edilib.
Bununla yanaşı, Dağlıq Qarabağ probleminin həll edilməməsi ordu ilə bağlı məsələlərin əsas fəaliyyət istiqamətlərindən birinə çevrilməsinə səbəb olub. "Son dörd ildə müdafiə xərclərinin 6 dəfə artırılması buna sübutdur", - deyə Rəsizadə vurğulayıb. 2007-ci ildə bu məqsədlə dövlət büdcəsindən 2006-cı ilə nisbətən 26,7 faiz çox vəsait ayrılıb. Bu yaxınlarda yaradılmış Müdafiə Sənayesi Nazirliyinin uyğun strukturlarının formalaşması üçün ciddi təşkilati və texniki tədbirlər gerçəkləşdirilib. Baş nazirin sözlərinə görə, müəssisələrdə xüsusi təyinatlı məhsulların bir neçə növünün istehsalının öyrənilməsi üzrə iş başlayıb, bir sıra xarici ölkələrlə işbirliyi haqqında sazişlər bağlanıb, ikitərəfli işgüzar münasibətlər qurulub.
İnflyasiya olmasaydı...
Ancaq ötən il istehlak qiymətləri indeksinin 16,7 faizə çatması bir az ümumi iqtisadi görüntünü korlayır. Baş nazir etiraf edib ki, dünya bazarında gedən proseslərlə yanaşı inflyasiyanın artmasına ölkənin dinamik inkişafına yönələn çoxsaylı sosial və infrastruktur layihələrinin yerinə yetirilməsi ilə bağlı büdcə xərclərinin çoxalması, əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi, həmçinin pul kütləsinin sürətlə böyüməsi də səbəb olub.
"Yaranmış durumda bir sıra başqa tədbirlərlə yanaşı əsas məsələ əhalinin gəlirlərinin artım templərinin inflyasiya səviyyəsindən yüksək olmasını təmin etmək olub. Bunun nəticəsində 2007-ci ildə gəlirlərin artım tempi istehlak qiymətləri indeksindən 2,4 dəfə çox olub və bu meyil 2008-ci ildə də davam etdiriləcək", - deyə A.Rəsizadə bəyan edib. Belə ki, ötən il ölkə üzrə orta aylıq maaş 42 faiz, əmək pensiyalarının ölçüsü isə 76 faiz artıb. Bununla yanaşı, minimum aylıq maaş göstəricisi, büdcədən maliyyələşdirilən təşkilatlarda işləyən şəxslərin əmək haqqı, əmək pensiyalarının baza hissəsi, məcburi köçkünlərə verilən aylıq müavinətlər 50 faizə qədər artırılıb. Aztəminatlı ailələr üçün ehtiyac meyarının məbləği 30 manatdan 40 manata qədər arıtırılıb. "78 mindən çox ailə ünvanlı sosial yardımla əhatə edilib, hər bir ailəyə aylıq yardım 80 manat təşkil edib", - deyə hökumət başçısı vurğulayıb.
Yoxsulluğun azaldılması sahəsində nəzərdə tutulmuş sosial yönümlü tədbirlər nəticəsində yoxsulluq səviyyəsi 2003-cü ildəki 45 faiz səviyyəsindən 2007-ci ildə 16 faizə enib. Məhz 2007-ci ildə prezident İlham Əliyevin tapşırığı ilə 2015-ci ilə kimi Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və dayanıqlı inkişaf üzrə dövlət proqramının layihəsi hazırlanıb. Rəsizadənin sözlərinə görə, proqramda əsas məqsəd kimi 2015-ci ilə qədər yoxsulluğun inkişaf etmiş ölkələrin səviyyəsinədək endirilməsi müəyyən edilib.
Başlanmış işin davamı
Bəllidir ki, 2008-ci ildən Azərbaycanın infrastrukturunun inkişafında yeni mərhələ başlayır və bu sahədə yetərincə iri layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulur. Ancaq prinsipcə, bu sahədə artıq xeyli iş görülüb və onların nəticələri ölkə vətəndaşlarının gündəlik həyatında real əks olunur.
Məsələn, elektroenergetika sahəsində qısa müddətdə ümumi gücü 452 meqavatt olan 5 modul tipli elektrik stansiyasının və başqa bu cür obyektlərin istifadəyə verilməsi nəticəsində energetika sisteminin ümumi gücü 5500 meqavatı keçib. "Bu, daxili ehtiyacları ödəməklə yanaşı, elektrik enerjisi ixracına da imkan verdi və ölkənin energetik təhlükəsizliyinin təmin edilməsi üçün tam şərait yaratdı",- deyə baş nazir qeyd edib.
Son illərin daha bir inkişaf sahəsi nəqliyyat bölməsidir. Son dörd ildə avtomobil yolları şəbəkəsinin, körpü və yolötürücü qurğuların tikintisi və təmiri, bütün nəqliyyat növlərinin modernləşdirilməsi üzrə xərclənən vəsaitlərin həcmi 5 dəfə artaraq 1,4 milyard manatı ötüb. Sahənin maddi-texniki bazası önəmli dərəcədə möhkəmlənib, 14 lokomotiv, 12 təyyarə və helikopter, 6 tanker, 253 avtobus və 25 metro vaqonu alınıb. Naxçıvan və Gəncə beynəlxalq hava limanlarının yenidən qurulması üzrə işlər başa çatdırılıb, Zaqatala və Lənkəran hava limanlarının tikintisinə başlanılıb. Böyük İpək yolu və Şimal-Cənub kimi nəqliyyat dəhlizlərinin bərpası üzrə işlər fəal davam etdirilib. Ölkə üçün böyük iqtisadi və siyasi önəmi olan Bakı - Tbilisi - Qars dəmir yolunun bünövrəsi qoyulub.
Çağdaş iş dünyasının ən prioritet istiqamətlərindən biri olan rabitə və telekommunikasiya sahəsinin inkişafında 32 faiz artım əldə edilib. Rabitə və informasiya texnologiyalarının inkişafının təmin edilməsi məqsədi ilə "Elektron Azərbaycan" proqramında nəzərdə tutulmuş tədbirlərin gerçəkləşdirilməsi davam edib, əksər dövlət qurumlarının elektron ünvanları yaradılıb, milli informasiya təhlükəsizliyi sisteminin qurulmasına, normativ-hüquqi bazanın təkmilləşdirilməsinə yönəlmiş önəmli işlər görülüb.
Hazırda su təchizatı və kanalizasiya sahələri başlıca infrastruktur problemlərindən biri olaraq qalmaqdadır. Bu sahə ilə bağlı bir sıra layihələr olmasına baxmayaraq, uzun illər bahalıq üzündən onların gerçəkləşdirilməsinə başlamaq mümkün olmayıb. Ancaq dövlətin gəlirlərinin artması ilə vəziyyət dəyişməyə başlayıb. Buna misal olaraq Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi layihəsini göstərmək olar. Başqa sözlə, ötən il aparılmış uğurlu danışıqlar nəticəsində beynəlxalq maliyyə qurumları ilə bütün ölkə səviyyəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması ilə bağlı əlverişli şərtləri olan kerdit sazişləri imzalanıb. Layihələri 3 il ərzində gerçəkləşdirmək planlaşdırılır.
Beləliklə, əsas makroiqtisadi və sosial göstəricilərə görə 2007-ci ilin gerçəkdən Azərbaycan üçün ən uğurlu illərdən biri olduğunu söyləmək mümkündür. Buna görə də hökumətin hesabatı, demək olar ki, heç bir irad olmadan bəyənildi. Bu isə indiki inkişaf təmayüllərinin saxlanmasının vacibliyindən xəbər verir. Başlıca məsələ isə qloballaşan dünyanın iqtisadi çarpışmalarının fonunda inkişaf meyillərinin sabitliyini qorumaqdır.
MƏSLƏHƏT GÖR: