
QALXIN, MƏHKƏMƏ GƏLİR!
Müəllif: Redaksiya
Türkiyənin daxili siyasəti yeni gərginlik içindədir. Lakin bu dəfə gərginliyin qaynağı müxalifət deyil, ölkənin baş prokuroru Əbdürrəhman Yalçınkayadır. O, ölkə rəhbərliyini dövlət qurumlarını tədricən islamlaşdırmaqda günahlandırır. Baş prokuror Konstitusiya Məhkəməsinə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fəaliyyətinin dayandırılması və AKP-nin 71 üzvünün siyasi fəaliyyətinə 5 illik qadağa qoyulması ilə bağlı etdiyi müraciətini də məhz bununla əsaslandırıb.
Baş prokurorun "qara siyahısı"na yalnız hakim partiyanın fəalları deyil, həm də hazırkı prezident Abdullah Gül, baş nazir Rəcəb Tayyip Ərdoğan və keçmiş spiker Bülənd Arınc da düşüblər. Baş prokurorun fikrincə, adı çəkilənlər 85 illik Türkiyə Cümhuriyyətinin "dünyəvi quruluşu"na zərbə vuran addımlar atıblar. 160 səhifəlik iddia ərizəsinə görə, konstitusiyaya ali məktəblərə baş örtüyü ilə gəlməyə icazə verən düzəliş Türkiyə dövlətinin dünyəvi quruluşuna edilən təhdidin son zərbəsi olub.
Burası maraqlıdır ki, Türkiyə tarixində ilk dəfə olaraq məhkəməyə hüquqi baxımdan toxunulmaz olan prezidentin siyasi fəaliyyətinə qadağa qoymaq barədə müraciət göndərilib. Doğrudur, məhkəmə baş prokurorun müraciətini təmin etsə belə, onun prezidentlə bağlı qərarı yalnız 6 ildən sonra qüvvəyə minə biləcək.
Olayın yaratdığı ilkin gərginlik tezliklə aradan qalxsa da, AKP tərəfindən cavab addımı özünü çox gözlətmədi. Parlamentdə səs çoxluğuna malik bu partiya, Konstitusiyanın üç maddəsinə - 68-ci, 69-cu və 149-cu maddələrinə düzəliş edilməsi barədə təsəbbüş qaldırdı. Məqsəd siyasi partiyaların fəaliyyətinə qadağan qoyulması prosedurunu maksimum mürəkkəbləşdirmək, baş nazir və deputatların toxunulmazlığını gücləndirmək və baş prokuroru bu cür səlahiyyətlərdən məhrum etməkdir.
İstənilən halda, qanunun geriyə qüvvəsi yoxdur və baş prokurorun müraciətinə Konstitusiya Məhkəməsi baxacaq. Qərarın qəbul edilməsi nə qədər vaxt aparacaq, bəlli deyil. Bunun üçün bir neçə mərhələ keçilməlidir, amma araşdırma artıq başlayıb.
Türkiyədəki siyasi qüvvələrin indiki vəziyyəti nəzərə alındıqda, baş prokurorun təşəbbüsunun gerçəkləşməsi xeyli imkansız görünür. Həm də ki AKP-nin ünvanına söylənən günahlandırmalar hüquqi yox, siyasi müstəviyə aid edilir.
Bu isə Ərdoğanın tərəfdarlarının öz xeyirlərinə güclü arqumentlər əldə edəcəyi deməkdir. Əgər Konstitusiya Məhkəməsi baş prokurorun müraciətini təmin etməzsə, Türkiyədə artıq çoxları AKP-ni "islam dövləti" yaratmaqda günahlandıra bilməyəcək. Bunun nəticəsində isə müxalifətin əlindən çox önəmli bir təsir vasitəsi alınacaq.
Konstitusiya Məhkəməsi tərəfindən indiyə kimi qəbul edilmiş qərarların təcrübəsi göstərir ki, araşdırma uzun çəkəcək və hakim partiya 2009-cu ilin bələdiyyə seçkilərinə "siyasi cəhətdən incidilmiş paritya" kimi girəcək. Başqa sözlə, baş prokuror özü də bilmədən Ərdoğanın və tərədarlarının işinə çox yarayan bir addım atıb.
Baş prokurorun müraciətini hətta aparıcı müxalifət partiyaları da qınayıb. Türkiyə parlamentində sayca üçüncü fraksiyanı təşkil edən Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalının fikrincə, AKP-nin fəaliyyəti qadağan edilərsə, bu, "tükürpədici presedent" olar bilər və ölkənin istənilən vətəndaşı 2002-ci ildən bu yana AKP tərəfindən formalaşdırılan hökumətin istənilən qərarı barədə şikayət edə bilər. Avtomatik olaraq parlamentin son illərdə qəbul etdiyi qərarlar da şübhə altına düşər. MHP liderinin fikrincə, baş prokuror Əbdürrəhman Yalçınkaya Konstitusiya Məhkəməsinə müraciət hazırlayan zaman məhz bu nüansı düşünməli idi. "Konstitusiya Məhkəməsi yaranandan Türkiyədə 24 partiya qadağan edilib, ancaq onların çoxu öz işlərinə başqa ad altında davam ediblər. Bu cür addımlar yalnız demokratiyanın inkişafına zərbə vurur", - deyə Bağçalı vurğulayıb. Onun fikrincə, bu və ya digər partiyanın fəaliyyətinin dayandırılması barədə qərarı yalnız seçki qutularının başında xalq verə bilər, təbii ki, terrorizmə dəstək verən siyasi qurumlar burada istisnadır.
PKK yönümlü, qadağan edilmiş Demokratik Toplum Partiyası da Ərdoğanın partiyasına qadağa qoyulmasına qarşı çıxıb. Çünki onlar anlayırlar ki, əgər adlarını dəyişib yenidən fəaliyyətə başlamaq istəsələr, bu məsələdə indi AKP-nin başına gələnlər onları da gözləyir. Yalnız Cümhuriyyət Xalq Partiyası və onun müttəfiqi Demokratik Sol Partiya açıq-aydın baş prokuroru dəstəkləyiblər.
İslamyönümlü partiyaların qadağan olunmasında az rol oynamamış Türkiyə Baş Qərargahı isə hələ ki işə qarışmır. Ancaq beynəlxalq ictimaiyyətin baş prokurorun qaldırdığı məsələyə kəskin mənfi rəy bildirməsini də unutmaq olmaz.
Göründüyü kimi, Türkiyənin baş prokuroru ölkənin siyasi dairələrini əməlli başlı müşkülə salıb. Çoxları onun dövlətin islamlaşdırılması barədə fikirlərini bölüşsələr də, bir sıra səbəblər üzündən hakim partiyaya qarşı iddianı dəstəkləyə bilmirlər. Beləliklə, məsələnin gələcək inkişafı barədə nəsə demək çətinləşir. Yalnız bir şey aydındır ki, baş prokuror tərəfindən edilmiş müraciət Türkiyənin daxili siyasətində fikir ayrılıqlarını bir az da dərinləşdirəcək.
MƏSLƏHƏT GÖR: