
BÜTÜN ÜMİDLƏR AFİNAYADIR
Boks üzrə Azərbaycan Millisi İtaliyada keçirilən turnirdə pekin Olimpiadasına cəmi bir lisenziya qazandı
Müəllif: Zəki FEYZULLAYEV Bakı
Azərbaycanın boks üzrə milli komandasının Peskarda keçirilən lisenziyalı turnirdə uğursuz çıxış etməsinin əsas səbəblərindən biri zəif fiziki hazırlıq oldu. Millimizin İtaliyadakı turnirdə Pekin Olimpiadasına Şahin İmranovun sayəsində cəmi bir lisenziya qazanmasını şərh edən Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev bu fikirdədir.
Kəsr+
A.Əbiyev bildirir ki, uşaqlar yaxşı formada olsalar da, məşq hazırlığı və yarış hazırlığı fərqli məsələlərdir. "Biz üç lisenziya əldə etməyi planlaşdırsaq da, bu işin öhdəsindən yalnız Şahin İmranov gəldi. Romal Amanov və Elçin Əlizadəyə də böyük ümidlər bəsləyirdik. Lakin Pekinə aparacaq vəsiqə uğrunda həlledici qarşılaşmada onların hər ikisi məğlub oldu. Hesab edirəm bu, uşaqların zəif fiziki hazırlığı ilə bağlıdır və bu məsələ üzərində işləmək lazımdır", - deyə federasiya prezidenti qeyd edib.
Bununla yanaşı, A.Əbiyev hesab edir ki, millinin məşqçilər korpusu turnirin ilk turundaca məğlub olmuş Aslan Bayramovu (69 kq) yarışa aparmaqla səhvə yol verib: "Yarış göstərdi ki, bu gün o, ölkə çempionu adını qazansa da, beynəlxalq arenada mübarizə aparmaq gücündə deyil. Mən formasını xeyli gücləndirməli olan Elçin Əlizadədən də çox narazıyam". Zəif fiziki hazırlıq haqqında fikirlərini davam etdirən Ağacan Əbiyev onu da bildirib ki, Azərbaycan boksçuları hər döyüşün dördüncü raundunda zəif təsir bağışlayırlar: "İlk üç raundda uşaqlar yüksək səviyyədə çıxış edirdilər. Dördüncüdə isə əldən düşürdülər".
Avropa çempionu Əli Əliyevin (54 kq) sənədlərlə bağlı problem üzündən bu turnirə buraxılmamasına toxunan A.Əbiyev düşünür ki, Ümumdünya Həvəskar Boks Assosiasiyası bu məsələdə son dərəcə sərt mövqe tutub. Qeyd edək ki, 1/4 finalda ingilis Devid Praysı məğlub edərək, yarımfinala yüksəlmiş və lisenziyanın bir addımlığında olan David Arjba (+91 kq) eyni səbəblər üzündən yarışı davam etdirə bilməyib. "Əvvəlcə ingilislər qarşılaşmanın nəticəsindən şikayət versələr də, o qəbul edilmədi. Bundan sonra isə ingilislər çirkin üsullarla məqsədlərinə nail olmağa çalışdılar və təəssüf ki, bunu bacardılar", - deyə A.Əbiyev qeyd edib: "Bununla yanaşı, düşünürəm ki, həm Əli Əliyev, həm də David Arjba sonuncu seçmə mərhələdə - Afinada çıxış edə biləcəklər. Assosiasiyanın onların turnirdə yarışmasına icazə vermə ehtimalı 80%-dir".
A.Əbiyev Azərbaycan boksçularının beynəlxalq arenadakı son fiaskosuna da münasibət bildirib: "Nədənsə Avropa və dünya çempionatlarında, həmçinin Olimpiadada əldə edilmiş uğurlardan sonra məşqçilər qərargahı və idmançılar arxayınlaşıblar. Çikaqoda keçirilən mundial da sübut etdi ki, komandada heç də hər şey qaydasında deyil. Millidə idmançılar və məşqçilər arasında pərdə aradan götürül-müşdü və bu, belə davam edə bilməzdi. Bu səbəbdən də hesab edirəm ki, komandaya rəhbərlik edən Nəriman Abdullayev bu postda Məmməd Eyvazovu vaxtında əvəzləyib".
Millinin baş məşqçisi Nəriman Abdullayev isə öz növbəsində bildirib ki, Afinada keçiriləcək yekun lisenziyalı turnirə az müddət qaldığından, komandanın heyətində ciddi dəyişikliklərin edilməsi üçün vaxt yoxdur: "İşləyəcəyik. Pekinə neçə lisenziya qazanacağımız barədə danışmaq çətindir. Lakin düşünürəm ki, vakansiyanın üçdə-ikisini əldə etmək gücündəyik".
A.Əbiyev isə N.Abdullayevin bu fikrini bir qədər dəqiqləşdirib: "Düşünürəm ki, Afinadan üç-dörd lisenziya gətirə biləcəyik".
Kədərli statistika
Ümumiyyətlə, boks üzrə Azərbaycan millisinin düşdüyü durumu faciəvi adlandırmaq olar. Belə ki, Afinada keçiriləcək əsas lisenzyalı turnir ərəfəsində millimizin cəmi iki vakansiyası var. Hər şey müqayisədə bəlli olur və komandamızla olimpiya yarışının liderləri arasındakı uçurumu görmək üçün rəqəmlərə müraciət etmək kifayətdir. Bəri başdan deyək ki, açıqlayacağımız statistika heç də bizim xeyrimizə deyil.
Avropadan danışsaq, burada ilk olaraq, ruslardan söz açmaq lazımdır: onlar 11 mümkün vakansiyadan doqquzunu artıq aktivlərinə yazıblar. İkinci yerdə Pekinə səkkiz lisenziya əldə etmiş ukraynalı "əlcək ustaları" gəlir. Üçüncü olan ingilislər isə hələ ki yeddi "bilet"lə kifayətlənib. İtaliya, Ermənistan, Fransa və Almaniya milliləri hərəyə 4, Türkiyə və Macarıstan boksçuları isə 3 lisenziyaya sahib çıxıblar. Olimpiadaya aparacaq lisenziyaların sayı yox, orada göstəriləcək nəticə daha vacib olsa da, etiraf edilməlidir ki, orada bir ölkədən nə qədər çox sayda idmançı çıxış edərsə, zəfər şansı da bir o qədər yüksək olur. Misal göstərmək üçün o qədər də uzağa getməyə ehtiyac yoxdur: 2004-cü ilin Afina Olimpiya Oyunlarında iştirak edən Fuad Aslanov (51 kq) o vaxtlar idman aləmində o qədər də tanınmış olmasa da, Olmpiadadan bürünc medalla qayıtmışdı.
Son Olimpiadada millimiz 9 idmançı ilə təmsil olunmuşdu ki, bunu da hazırkı vəziyyətlə müqayisə etmək mümkün deyil. Həmin vaxtdan indiyədək çox şey dəyişib: Fuad Aslanov və Rövşən Hüseynov (60 kq) karyeralarını bitiriblər, Əli İsmayılov (81 kq) peşəkar boksla məşğul olmağa başlayıb, Ağası Məmmədov isə hələ də özünün ən yaxşı formasından çox uzaqdır. Bir çox çəki dərəcələrində kifayət qədər problemlər mövcuddur və bu, ilk növbədə 48, 54-dək və 75-dək olan çəki dərəcələrinə aiddir. Odur ki Azərbaycan millisinin Olimpiada perspektivləri kifayət qədər dumanlı görünür və ona Yunanıstanda keçiriləcək son lisenziya turnirindən sonra müəyyən aydınlıq gələ bilər.
Artıq Pekin Olimpiadasına lisenziya əldə etmiş Ş.İmranov bildirir ki, İtaliyada keçirilən turnirdə xüsusi atmosfer hökm sürüb və demək olar ki, bütün zal qarşılaşmaları ayaqüstə izləyib: "Appenində boksu sevirlər və belə bir atmosferdə döyüşmək xüsusi zövq verirdi. Döyüşlərin hər biri maraqlı keçdi və bu, xüsusilə, yarımfinal mərhələsində alman idmançıya qarşı keçirdiyim qarşılaşmaya aiddir. O, kifayət qədər güclü boksçu olsa da, mən qələbə qazana və Pekin Olimpiadasına lisenziya əldə edə bildim".
Qeyd edək ki, finalda Ş.İmranov döyüşü sonadək aparmamaq qərarına gəlib ki, bunun da öz səbəbləri var: "Hesab 8:7 mənim xeyrimə olarkən döyüşü dayandırmaq qərarına gəldim. Əlimdə ağrı hiss etdiyim üçün zədə almaqdan qorxdum. Digər tərəfdən, döyüşün davam etdirilməsinin də xüsusi əhəmiyyəti yox idi. Çünki lisenziyanı artıq qazanmışdım. Odur ki mənə rəqiblər haqda informasiya toplamaq lazım idi, axı Pekin Olimpiadasına çox az vaxt qalır".
Bütün günahlar hakimlərdədir?
"Millimiz daha yaxşı nəticə göstərərək, Pekinə 3-4 vəsiqə əldə edə bilərdi. Romal Amanov (60 kq), Elçin Əlizadə (91 kq) və Emil Məhərrəmov (64 kq) əslində döyüşlərini qələbə ilə başa vurmalı olsalar da, hakimlər nədənsə onların zərbələrini qeydə almadı. Emilin məğlubiyyəti isə, ümumiyyətlə, anlaşılmaz oldu: rəqibin ona vurduğu zərbədən sonra hakim nədənsə döyüşü saxlayaraq, qarşı tərəfi qalib elan etdi. O, Emilin nokdauna düşdüyünü hesab etsə də, bu qətiyyən belə deyildi", - deyə Şahin bildirir.
Boksçu lisenziyanın bir addımlığında olan David Arjbanın yarışdan kənarlaşdırılmasının səbəbini də hələ anlaya bilmir: "Təşkilatçılar Arjbanın Rusiyanın gənclərdən ibarət yığmasında çıxış etdiyini bildirərək, onu turnirdən kənarlaşdırdılar. Biz hamımız bundan dəhşətə gəlmişdik. Hətta boks aləmində yüksək nüfuz sahibi olan Ağacan Əbiyev də vəziyyəti düzəldə bilmədi. Bununla yanaşı, bizə söz veriblər ki, Arjbanın Afinada yarışına imkan yaradılacaq. Bunu necə başa düşək?".
Öz planlarına gəlincə, Ş.İmranov bildirir ki, o, İtaliyadakı turnirdən sonra bir qədər istirahət etmək və yenidən intensiv məşqlərə başlamaq fikrindədir: "Afinada keçiriləcək yekun lisenziyalı turnirdə uşaqlara azarkeşlik edəcəyəm. Pekinə gedəcək komandamızın üzvlərinin sayının artmasını istəyirəm. Bu halda mükafat əldə etmək şansları da artacaq. Mən əminəm ki, millimiz güclüdür və buna qadirdir. Özüm isə arzumu reallaşdırmaq və Olimpiada medalı qazanmaq istəyirəm. Ötən Olimpiadada rusiyalı Aleksey İmşşenko ilə qarşılaşmada qaşım çatlamasaydı, mən minimum mükafatçı üçlüyün sırasında yer alacaqdım. Onda alınmadı, məqsədimə bu dəfə nail olmağa çalışacağam. Mən maksimalistəm və qarşıma ən yüksək hədəfləri qoymağa vərdiş etmişəm".
Ş.İmranov Pekin Olimpiadasından sonra karyerasına son qoya-cağını istisna etməsə də, hər şeyin həmin turnirin nəticəsindən asılı olacağını qeyd edib: "Ümumiyyətlə, peşəkar boksda 34 yaşa qədər çıxış etmək olar. Hərdən hətta 38 yaşında da rinqə çıxan idmançılar var və bu üzdən hər şey orqanizmin xüsusiyyətlərindən asılıdır. Amma hər halda, yəqin ki, mən karyeramı qarşıdan gələn Olimpiadadan sonra bitirəcəyəm. Amma medal əldə etsəm, fikrimdən daşına da bilərəm".
MƏSLƏHƏT GÖR: