Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Azərbaycan yığması gələn ay Serbiya millisiylə yoldaşlıq görüşündə yeni futbolçunun xidmətindən istifadə edəcək. Söhbət soydaşımız Pavel Paşayevdən gedir. Bir neçə ay əvvəl Ukraynanın "Metallurq" (Zaporojye) klubunun müdafiəçisi, əslən azərbaycanlı olan Pavel Paşayev AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini bildirmişdi. Bununla əlaqədar, AFFA-nın sorğusuna cavab olaraq Ukrayna Futbol Federasiyasından bildirilib ki, futbolçu bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, əsas komandada oynamayıb.
AFFA onun müvafiq qaydalara uyğun olaraq Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FIFA-ya müraciət ünvanlayıb. FIFA isə sənədləri yoxladıqdan sonra müraciəti müsbət cavablandırıb. FIFA-nın Oyunçuların Statusu Komitəsinin AFFA-ya ünvanladığı məktubda bildirilir ki, assosiasiyanı dəyişməklə bağlı AFFA və Pavel Paşayevin FIFA-ya müraciəti təmin olunsun.
İyunda Azərbaycan millisi iki görüş keçirəcək. Əvvəlcə Serbiya ilə yoldaşlıq görüşü, ardınca isə "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində səfərdə Norveçlə rəsmi oyun baş tutacaq. Bu oyunlarda yeni futbolçunun iştirakı məşqçilərdən asılıdır. Amma baş məşqçi Robert Prosineçki Pavel Paşayevin adını təlim-məşq toplanışına dəvət edilən futbolçuların siyahısına daxil edib.
Azərbaycan yığmasında oynamaq istəyən soydaşımız Pavel Paşayev ölkəmiz və millimiz haqda "R+"a danışıb.
- Ukrayna mətbuatı yazır ki, siz bu ölkənin yığmasında iki qeyri-rəsmi oyunda da olsa, iştirak etdiyinizə görə, Azərbaycan millisində oynaya bilməzsiniz...
- Mən U-21-in heyətində rəsmi oyunlarda iştirak etmişəm. Əsas komandada olmamışam. Artıq sizə də məlumdur ki, Azərbaycan yığmasında iştirakıma razılıq vermişəm. FİFA da müsbət cavab verib. Ali futbol qurumu Ukraynanın əsas komandasında oynamadığımı təsdiqləyib.
- Ukraynanın əsas yığmasına dəvət alsanız da, sonradan bu komandada görünmədiniz. Niyə oynamaq imkanı verilmədi?
- Mənə dəvət göndərsələr də, hər dəfə debütümə hansısa problem əngəl olurdu. Sonradan, ümumiyyətlə, dəvət göndərmədilər.
- Ona görə Azərbaycan yığmasında oynamaq istəyirsiniz?
- Azərbaycan yığmasında oynamağı çox istəyirəm. Əgər şans verilsə ümidləri doğrultmağa çalışacam. Bir neçə oyunu izləmişəm. Çox yaxşı komandanız var. Hər xətdə güclü futbolçu çıxış edir. Atam azərbaycanlıdır. O da istəyir ki, mən bu ölkənin yığmasında çıxış edim. Hərdən zarafat da edir ki, kimdir səni ora aparan, Azərbaycanda daha yaxşı futbolçular var.
- Millimizlə bağlı hədəfiniz nədir?
- Əsas heyətdə oynamaq, komandanın uğurlu nəticələr qazanmasına kömək etmək. İstərdim ki, özümü oyunda göstərim. Sözlə çox danışmaq olar. Futbolda layiqli çıxış etsəm, böyük etimad əldə edəcəm.
- Zəif komandada oynamaq sizin üçün çətinlik yaratmayacaq?
- Azərbaycan yığmasının zəif olduğunu düşünmürəm. İndi bu komandaya çox yaxşı mütəxəssis rəhbərlik edir. Həm də komandanın güclü futbolçuları var. Sadəcə, bir az vaxta ehtiyac var ki, yaxşı komanda formalaşdırılsın.
- "Metallurq"da bununla bağlı sizə nə deyirlər? Çünki millimizdə oynamağa başlasanız, Ukraynada legioner sayılacaqsınız...
- Düzü, klubda bununla bağlı heç bir söhbət olmayıb. Amma Azərbaycan yığmasında oynamaqla legioner futbolçuya çevrilməklə "Metallurq"da problem yaşayacağımı demək olmaz.
- "Metallurq"dakı işləriniz necə gedir?
- Yüksək yerlər uğrunda mübarizə aparırdıq. Mövsümü mümkün qədər yaxşı pillədə bitirmək istəyirdik. Çox yaxşı komandamız var. Bu üzdən, indi qərarlaşdığımızdan daha yaxşı yerə layiq olduğumuzu düşünürəm. Bəzi oyunlarda istədiyimiz nəticəni qazanmadıq.
- Bu mövsüm iştirak etdiyiniz oyunlardan hansı sizin üçün daha çətin keçib?
- Hər bir oyun özünə görə ağırdır. Amma daha çətin və maraqlı görüşlərimiz liderlər qrupunda qərarlaşan "Dnepr", "Şaxtyor" və "Dinamo" ilə olub.
- Azərbaycan klublarından təklif almamısınız?
- Xeyr. Amma hər şey ola bilər. İndi bütün fikrim millidə debüt etməklə bağlıdır. AFFA mənə etimad göstərdi. Bu etimadı doğrultmaq lazımdır.
- İyunda Azərbaycan millisini iki çətin oyun gözləyir. Əvvəlcə Serbiya ilə yoldaşlıq matçı, ardınca seçmə mərhələdə Norveçlə görüş olacaq. Bu oyunlar haqda nə düşünürsünüz?
- Sözsüz, çətin oyunlar olacaq. İndiki məqamda Azərbaycan yığması yeni mərhələyə başlayır. Dəvət olunan baş məşqçi yeni komanda formalaşdırmaq istəyir. Müəyyən çətinliklər olacaq. Sadəcə, səbirli olmaq vacibdir. Serbiya ilə görüşdə nəticə deyil oyun vacib götürüləcək. Norveçlə oyun haqda isə baş məşqçiylə görüşdən sonra danışa bilərəm. Hazırda təlim-məşq başlamayıb. Komandaya qoşulmamışam.
- Bakıda olmusunuz?
- Çoxdan. Amma bu yay yenidən gəlməyi planlaşdırıram. Atam oradan yenicə qayıdıb. Bakı çox xoşuma gəlir. Paytaxt indi daha da gözəlləşib. Artıq millinin hazırlığına dəvət olunmuşam. Ona görə Azərbaycana gələcəyim dəqiqdir.
- Azərbaycan haqda hansı məlumatların var...
- Evdə atam tez-tez Azərbaycan haqda danışır. Bilirəm ki, Bakı ilk Avropa Oyunlarını keçirməyə hazırlaşır. İdmana çox böyük diqqət göstərilir. Çox sayda yeni idman qurğuları inşa edilib. Atam deyir ki, Bakı indi daha gözəldir. Oyunlardan sonra imkan tapıb Bakıda bir müddət qalmağı planlaşdırıram. Azərbaycan millisində yaxşı oynasam, ən çox sevinənlərdən biri atam olacaq. O, futbolu çox sevir.
- Əgər ümidləri doğrultmasan milliyə növbəti oyunlarda dəvət almayacaqsan. Bu barədə düşünmüsən?
- Gəlin, hadisələri qabaqlamayaq. Yaşayarıq görərik. Rəqabətin güclü olduğunu bilirəm. Səbirli olmalıyam və məşqlərdə dayanmadan çalışmalıyam. Onda nəticə də olacaq.
MƏSLƏHƏT GÖR: