
ƏNƏNƏ VƏ RƏMZLƏRİN VƏHDƏTİ
Şərq xalqları özlərinin əsas bayramını - novruzu qeyd etməyə hazırlaşırlar
Müəllif: Zərifə BABAYEVA Bakı
Həqiqətən, Şərq çox incə məsələdir və Şərq fəlsəfələri bir-birilə son dərəcə əsrarəngiz şəkildə uzlaşır. Bu, Azərbaycan, İran, Əfqanıstan, Türkiyə, demək olar ki, bütün Orta Asiya, həmçinin Hindistan və Çinin təkrarsız tarixi və mədəni ənənəsinin bayram edilməsi fonunda xüsusilə nəzərə çarpır.
İki fars sözü - "nou" və "ruz" yeni ilin ilk gününü bildirir və bu, unikal astroloji ölçü ilə də üst-üstə düşür. Müsəlman təqvimilə götürsək, yanvarın 10-da başlanan 1429-cu il qriqorian təqvimilə 2008-ci ilə müvafiqdir. Lakin bahar və gecə-cündüz bərabərliyi bayramı - 21 Mart heç də dini bayram deyil. Qədim mədəni irs kimi, Novruzu UNESCO da qeyd edir. Qədim xalqların təsəvvürlərinə görə, dünya Günəş Oğlaqın kəlləsindən doğarkən - işıq zülmətdən, gündüz gecədən, xeyir şərdən ayrılarkən yaradılıb.
Xeyirxahlıq və mərhəmət
Novruz tarixin başlanğıcı və günəş təqviminə görə ilin ilk günüdür. Novruzun xeyirxahlığa, bağışlamağa, xeyriyyəçiliyə təhrik edən sülh və mərhəmət carçısı olması kimi əxlaqi xüsusiyyəti xüsusilə önəmlidir. Ulularımızın fikrincə, təbiət və cəmiyyətdə bir çox hadisənin gedişi və nizamı planetlərin hərəkətilə müəyyənləşir. Novruzda səhər ulduzu qovuşanda Yupiterin saatları başlanırdı ki, həmin vaxta qədər ev işlərini başa çatdırmaq məsləhət görülürdü. Bayram yeməkləri hazır olmalı, evlər ağacların yaşıl budaqları ilə bəzədilməli, zibil isə Əqrəb bürcü istiqamətində atılmalı idi. Alimlər hesab edirlər ki, dünyanı su basması və Nuh Peyğəmbərin xilas olması, Süleymanın hakimiyyətinin başlanğıcı və ümumdünya tarixinin digər məşhur məqamları Novruzla bağlıdır.
Bu bayramın məişət ayinləri unikal mədəni hadisəyə çevrilib. Ona həsr olunan çeşidli ayinlərin mənşəyini axtarmaq mənasızdır: onlar müxtəlif ola bilər. Lakin əsas olanı odur ki, Novruzun humanist ideallarını öz mədəniyyətlərinin arsenalına daxil edən Azərbaycan, türk, İran, əfqan, Orta Asiya xalqları onu ən önəmli bayram sayırlar və bu, dini və milli ənənələrlə üzvi şəkildə uzlaşır. Sosioloqlar qeyd edirlər ki, hər bir xalq onu özəl xüsusiyyətlərlə zənginləşdirdiyindən, Novruz daha da çoxşaxəli olub.
Xeyirxah olun və bağışlamağı bacarın
Belə bir inanc var ki, Novruzun gəlişilə Yer üzünə xeyirxah mələklər enir. Onlar insanlara bolluq və firavanlıq, sevinc və ümid bəxş edirlər. Lakin rəvayətə görə, mələklər düşmənçiliyin bərqərar olduğu və Yeni il ərəfəsində yır-yığış edilməyən evlərdən yan keçirlər. Novruzun iki çox önəmli ayini də elə məhz buradan irəli gəlir: birincisi, bayram ərəfəsində hər yeri yaxşıca təmizləmək, ikincisi, nifrət və küskünlüyü unutmaq zərurəti. Axı düşmənçiliyə qapılan sevinə bilməz. Odur ki ağsaqqallar, tayfa və qəbilə başçıları, din xadimləri insanları həvəslə barışdırırdılar. Onların səyləri sayəsində nifrət barış, sülh və razılıqla əvəzlənirdi. Beləliklə, Novruzun qədim, islamaqədərki ənənələri müsəlman ənənələrilə qarışdı və bir çox xalqın məişətinə daxil oldu. Bu gün Novruz Yaxın və Orta Şərqdə onlarla ölkədə milli ənənələrin tərkib hissəsinə çevrilib və bu ənənələrin bir çox ortaq cəhətləri var. Məsələn, bayramdan bir neçə gün əvvəl küçələrə al-qırmızı geyimli carçılar və ya təlxəklər çıxırlar: Azərbaycanda Novruzun carçıları və əsas qəhrəmanları Keçəl və Kosa sayılır. Onlar şeir söyləyir, mahnı oxuyur, milli musiqi alətlərində ifaları ilə sevincli bir gözləmə atmosferi yaradırlar. Novruz ərəfəsində yenilik əlaməti olaraq, yaxşıca yır-yığış etmək, divarları ağartmaq, xalça və palazları yumaq, imkan varsa, yeni geyimlər və ev əşyaları almaq lazımdır. Bir sözlə, Yeni ilə saflaşmış, təmizlənmiş halda daxil olmaq lazımdır. Maraqlıdır ki, İranda bayram ərəfəsində maaşlar təzə, şax pullarla verilir. İslami mərhəmət ənənələri - zəkat və sədəqə mənşəyini Novruzdan götürüb. Bu bayramın alicənablığı özünü, hər bir şəxsin bu günlərdə azacıq xoşbəxt olması üçün imkanlı şəxslərə qonşulara və tanışlara, kasıblara və imkansızlara yardım göstərmək barədə çağırışda da özünü göstərir. Yetimxanalar, internatlar, qocalar evləri, aztəminatlı ailələr üçün pul və hədiyyə toplanması ənənə halını alıb.
Bayram süfrəsi
Novruz süfrəsi ayrıca bir ayindir. Çoxsaylı təamlar və şirniyyatla yanaşı, onun üstündə yanan şam, güzgü də var. İslam isə bura Qurandan əlavələr də edib. Bayram süfrəsinin mütləq atributları zərif naxışlarla bəzədilən, oval və romb şəklində düzəldilən, yanan alovun rəmzi sayılan şəkərbura və paxlavadır. Boyanmış yumurtalar isə süfrəyə xüsusi rövnəq verir. Adətən, masanın üstündə spirtli içki olmur. Bayramın ən önəmli atributu isə səmənidir. Bu, buğda, paxla və ya noxudun körpə cücərtiləridir. Onu boşqabda böyüdür, qırmızı rəngin üstünlük təşkil etdiyi rəngbərəng lentlərlə bəzəyirlər.
Bayramın parlaq elementi olan "axır çərşənbə" başa çatan ilin son həftəsinə, daha dəqiq desək, çərşənbə axşamından çərşənbəyə keçən gecəyə düşür. Həmin gecə hər yerdə tonqallar qalanır, insanlar odun üzərindən tullanırlar. Hesab edilir ki, alov insanı günahlardan xilas edir, həm də təkcə onlardan yox. Alovun üstündən tullanarkən deyilən deyimlərdən biri belə səslənir: "Sənin al rəngin mənim, mənim ağ rəngim sənin!". Burada qırmızı rəngin sağlamlıq, ağ rəngin isə solğunluq, xəstəlik rəmzi olduğu təxmin edilir.
Novruz bayramı bizə minilliklərdən keçərək gəlib çatıb. Hər dəfə o, daha bir Günəş ilinə rəvac verir, düşmənçiliyi qovur, insanlara sülh və məhəbbət bəxş edir.
Novruz, Fen-şuy və numerologiya
Şərq xalqları Novruzu fərqli şəkildə qeyd etsələr də, hamısında o, təbiətin dirçəlməsi, həyatın təntənəsi, bol məhsula ümid bayramıdır. Novruz, sadəcə, bayramdan daha möhtəşəmdir. Novruz nə qədər şən və sevinclə keçirilərsə, təbiət insanlara qarşı bir o qədər səxavətli olar. İnancın yaşı elə bu bayramın yaşı qədərdir. Bu gözəl bayramın bir çox elementlərini çinlilərin artıq 2 000 il işlətdikləri fen-şuy fəlsəfəsində aşkar edirik. Fen-şuya məhz Novruz ərəfəsində xüsusi diqqət yetirilməlidir. Çinlilər əmindirlər ki, öz fen-şuyunu yüksəltməklə, hər bir kəs maddi durumunu yaxşılaşdıra bilər, dostlar qazanar, karyera imkanlarını genişləndirər, səhhətini yaxşılaşdırar, tərəfdaşlarla qarşılıqlı münasibətləri möhkəmləndirər, ümumiyyətlə, həyatı daha dolğun dərk etməyə imkan verər. Fen-şuy ustadlarının öyrətdiklərinin bir çoxu bizim ənənələrimizdə də var. Məsələn, evimizə canlı orqanizm kimi yanaşmaq. Fen-şuya görə, Ev bizimlə Kainat arasında vasitəçi rolunu oynayır. Evin energetikasını dəyişməklə ailə vəziyyətini, uşaqlarla, ətrafdakı insanlarla münasibətləri məqsədyönlü şəkildə dəyişə və əsl var-dövlət yarada bilərik. Ev həmişə təmiz olmalıdır, burada qarma-qarışıqlıq yolverilməzdir. Lazımsız şeylərlə dolu, durğun enerjili evdə yaxşı fen-şuy, sadə desək, rahatlıq və müsbət aura yaratmaq mümkünsüzdür. Odur ki Şərq xalqlarının Novruz bayramı ərəfəsində evdə böyük təmizlik və yır-yığış işləri aparmaq ənənəsi tamamilə aydındır. Lakin fen-şuy ustadları bunu mətbəxdən başalayıb, hamam otağında qurtarmaqla, hər həftə etməyi məsləhət görürlər. Həm də evdə təmizlik işlərini yaxşı əhval-ruhiyyə və gözəl niyyətlərlə aparmaq lazımdır. Şübhəsiz, fen-şuy fəlsəfəsi təkcə evdə təmizlik və qayda-qanuna riayət edilməsilə məhdudlaşmır. Bu, həqiqətən, ciddi və kifayət qədər mürəkkəb elmdir. Lakin onu öyrəndikcə anlayırsan ki, fen-şuy ustadlarının öyrətdiklərinin bir çoxu Azərbaycan ənənələrində də yer alıb. Bu isə o deməkdir ki, Şərq və onu məskunlaşdıran xalqlar vahid mənəvi və yüksək intellektli orqanizmdir.
Yaz bərabərliyi günün-dən - 21-22 martdan danışarkən numerologiyaya - rəqəm və hərflərin mənəvi xassələri haqqında elmə mü-raciət etməmək olmaz. Həyatın sirlərini artıq 2 500 ildən artıqdır ki, açıqlayan qədim metafizik numerologiyanın kökləri Yunanıstan, Çin, Roma və Misirin qədim mədəniyyətlərinə gedib çıxır, həmçinin yəhudilərin Kabbalası ilə bağlıdır. Hər bir rəqəm öz tarixçəsini danışır - doğum tarixi, dünyaya gələrkən verilən ad, soyad. Əlbəttə, yaz bərabərliyi gününə aid rəqəmlər - 20-21 də maraqlı informasiya verə bilər. Bunun üçün ikiyə bir əlavə etmək kifayətdir. Bu zaman yaranacaq 3 rəqəmi kamillik rəmzidir, çünki başlanğıcı, ortanı və sonu ehtiva edir. 20 rəqəminə gəldikdə, numerologiyaya görə, bu rəqəm 2 rəqəminə bərabər tutulur ki, bu da tarazlıq, mülayimlik, harmoniya, vəhdət, səbir, əməkdaşlıq, məhəbbət deməkdir. 2 bir hadisənin digərilə əlaqəsini yaradır. İndi artıq aydındır ki, bu dünyada hər şeyin, bir qədər ekzotik də olsa, öz məntiqi izahı var.
MƏSLƏHƏT GÖR: