EKSTREMAL RƏSSAMLARIN TANDEMİ
Avtandil Qurqenidze və Georgi Aptsiaurinin dünyası bizə nəinki gözəllik, həmçinin bir-birini anlama imkanı bəxş edir
Müəllif: Valentina REZNİKOVA Bakı
Dünya rənglərlə doludur. Hər birimizin də onu rəngləmək istədiyimiz rəngi seçmək imkanımız var. Avtandil Qurqenidze və Georgi Aptsiaurinin dünyası "Dialoq" adlı sərgidə, birgə sənətdə formalaşıb. Başlıq əyanidir. Onun arxasında bədii duetin, kifayət qədər maraqlı tərzdə yazan iki şəxsiyyətin, iki dünya baxışların peşəkar "söhbəti" dayanır. Bu tandemin artıq 9 yaşı var. Bu illər ərzində rəssamlar öz işləri ilə bir çox şəhərlərdə və ölkələrdə olublar.
Birgə yaradıcılıq
Birgə yaradıcılıqla məşğul olmaq ideyası ümumi sərgilərdən birində yaranıb. Və adətən, olduğu kimi, incəsənət adamları başa düşdülər ki, onların dünya baxışları bir çox hallarda bir-birinə uyğundur. Onların ikisi də uzun müzakirələrin, birgə düşüncələrin, verbal dialoqların həvəskarlarıdır. Niyə də bunu kətan üzərinə köçürməyəsən ki? Beləcə də başladı. Əvvəlcə yaranan ideyanı müzakirə edirdilər, sonra isə onu kətan üzərinə köçürürdülər. Effekti nəinki onlar üçün, həmçinin onların həmkarları - rəssamlar, sonradan isə onların sənətinin inkişaf prosesini maraqla izləyən tamaşaçılara maraqlı gəldi. Hər bir rəssam Gürcüstanda məşhurdur. Hər birinin öz peşəkar nüfuzu və populyarlığı var. Ona görə də bu dünyagörüşlü münasibətlərin inkişafını izləyən bir çoxları hər bir işdə nə qədər Avtandilin, nə qədər isə Georginin payını müəyyən etməyə çalışır. Onların ilk birgə işi hələ 1996-cı ildə yaranıb. O zaman onlar öz yollarını, öz xətlərini, birgə rəssamlıq sənətində öz fərdiliklərini axtarırdılar: mübahisə aparırdılar, eksperiment edirdilər. Birgə anlaşmanın asan olmayan, lakin çox maraqlı prosesi gedirdi: növbəti ideyanın, süjetin kompozisiyasının, onun rəngli təcəssümünün bədii tərəfdən yenidən dərk edilməsi və ən əsası dəfələrlə razılaşdırılmış ideyanın şəxsən kətanın üzərinə köçürülməsi! Əgər bir-birinin sənətinə birgə daxil olmaq prosesinə nəzər salsaq, onların texniki nöqteyi-nəzərdən hansı "çətinliklərlə" üzləşdiklərini görmək olar. Lakin bu problem olmadı. Daha doğrusu, bu, əksinə, onların sənətindəki tərəqqinin aparıcı qüvvəsi oldu. Əgər ilk işlərində müəllif xəttinin fərqi müşahidə olunursa, bugünkü işlərində bu sədd, ümumiyyətlə, görünmür. Bircə rənglərə üstünlükdə hiss oluna bilər. Lakin bu anı da hər yeni işdə sezmək daha da çətinləşir. Bakılılara müxtəlif dövrlərin işləri təqdim olunmuşdu. Hər biri də bədii fikrə qarşılıqlı təsiri ilə fərqlənirdi. Fikir - reallığı əks etdirən güzgü kimi.
"Cırtdan"
Uşaq fantaziyasında olduğu kimi cırtdanın yeni üzü peyda olur. Bu, uşaqlıqdan hər bir kəs üçün toplu obraza çevrilib. Ananın kitabla lap yaxında, gecə lampası başının üstündə olduğu zaman, çöldə isə kiminsə ayaqları altında qar xışıltısı gəldiyi, ya da cırcıramaların fit çaldığı həmin xoşbəxt, qayğısız uşaqlıq çağlarında olduğu kimi...
"Qırmızı heyvan"
Bu işdə çoxlu metafor simvollar mövcuddur. Burada işıq və nur var. Bu dünyaların sərhədində isə qırmızı heyvan dayanır. Biz onun hansı növə aid olduğunu bilmirik. Bu da heç vacib də deyil. Bu, kiminlə: qaranlıqla və ya nurla olmağı seçməyə məcbur edilən sadəcə bir heyvandır.
"Ay"
O, milyon ad günü keçirən, lakin hələ də nənə olmayan qızcığaza bənzəyir. Onu hələ də Yer adlı qəribə planetdəki həyat maraqlandırır! Və həmişə onun hüdudlarını keçəndə o, öz mehrabında mülkünü diqqətlə nəzərdən keçirir - orada hər şey qaydasındadırmı? Və növbəti ad günündən sonra bunun hamısı necə olacaq?
"Maralın hoppanması"
İlahi məhəbbətin enerjili axını ilə tutulan təbiətin kiçik zərif məxluqu və hava ilə günaha batmış, min bir əziyyətə qatlaşmış Yer kürəsinin hüdudlarında hava sürətlə axır. Bu axın ilə düz yırtıcı quşun üstünə qaçır. Onu orda nə gözləyir? Yaxşı olardı ki, bu, başqa bir mentallıq olsun... Onun hələ qarşısını almaq olar...
"Şəhər peyzajı"
Kürə parlaqlığı kimi ağ işığın axınları, qayğısız sevinc və harmoniya vəd edərək bizə sarı hərəkət edir. Haradasa üfüqdə qara buludlar toplaşıb, lakin onlar qorxu yaratmırlar. Burada da, düz kənarda ilk planda küknarın kirpikləri ilə sancılmış meşə gölləri donub. Onlar rahatca qadın gücünü əks etdirən səkkizlik konfiqurasiyasında yerləşdirilib.
"Mühafizəçi"
Qırmızı paltarda qadın fiquru. Geyimi ilə ötən əsrlərin qadınlarını xatırladır. O, qırmızı çətirin altında gizlənib. Qadın heç bir konkret dövrə aid olmayan şəhərin yolu ilə gedir. Bu qadın haradandır? Əgər yadımıza salsaq ki, çətir hələ XI əsrdə, bəzilərinin dediyinə görə, hətta bizim eramızdan əvvəl günəşdən qoruyan qübbə kimi çinlilər tərəfindən icad olunub, bu mühüm simvollarla dövrlərin ayrılmaz əlaqəsi barədə fikir bildirmək olar! Sağda səmada günəş parıldayır. Gün işığı bütün məkanı doldurur. Bu axın ilə adi adam arasında hava Mələk, Həyatın Mühafizəçisi, Tarixin mühafizəçisi, Zamanın mühafizəçisi uçur.
"Dialoq"
Zülmət göydələnlər üzərində səmanın lacivərdli məkanında günəş parıldayır. Onun parıldayan sevinci göydələnlərin qayğılarının qaranlığında sanki dərk edilməzdir. Günəş ilə tikililərin damları arasında qanadlarını açan göyərçin uçur. Qədim zamanlarda Şərq dövlətlərində göyərçin müqəddəs quş, tanrıların xoş elçisi sayılırdı. Xristianlarda bu quş Müqəddəs Ruh simvolu sayılırdı və hesab olunurdu ki, o, xoşbəxtlik gətirir. Daha bir əfsanə var ki, məhəbbət tanrısı Veneranın quşları olan göyərçinlər, müharibə tanrısının dəbilqəsində yuva qurublar. Və Mars, bu idilliyanı pozmamaq üçün müharibəni dayandırıb. Ona görə də, bu rəsmə baxanda mən dialoqun bizim üçün, Yer kürəsinin sakinləri üçün hələ mümkün olduğunu düşünürdüm. Və biz hələ də Yer kürəsinin sakinlərinin ən dəyərli olan həyata - sui-qəsd edən qlobalistlərin oyunları altında boğulan həyatımızda hər şeyi qaydasına sala bilərik.
Adsız rəsmlər
"Bu işlərin müəllif adları yoxdur. Rəssamlar bu hüququn tamaşaçılarda qalmasına üstünlük verirlər. Biz, sərginin təşkilatçıları, onların rəsmlərinə işin rahatlığı üçün şərti adlar vermişik. Biz ilk dəfə Bakıdayıq, ilk dəfə Azərbaycandayıq və bu, bizim xoşumuza gəlir. Rəssamlar, ümumiyyətlə, təəssüratlar üçün çox gözüdoymaz insanlardır. Mən Ukraynada yaşayıram, rəssamlar isə Gürcüstanda. Və biz burada, Bakıdayıq. Mən hesab edirəm ki, bu möhtəşəmdir - sənətin sərhədlərini aşmaq, dost əlaqələrini fəth etmək. Və bədii fikrin məkanı buna imkan açır", - deyə art-menecer Nina Burneviç bildirib. Alabəzək ornamentli paltarda olan hündür, zərif qadının gözləri parıldayırdı və dost təbəssümlə işıq saçırdı. O, özü də rəssamdır. O, Petrik naxışının incəliklərini öyrənərək, tətbiqi incəsənətlə məşğuldur. Petrikovka - Ukraynada Dnepropetrovsk yaxınlığında olan kənddir. 4 min əhalisi olan kənd 230 rəssamı ilə məşhurdur. Nina xoşməramlı elçi və pozitiv düşüncəli insan kimi peşəkar və dost əlaqələrin inkişafına hədəflənib. Təsviri incəsənət də təkcə gözəllik deyil, eyni zamanda bir-birini anlamağı təklif edən sülh göyərçinidir. Dialoqun öz davamı olacaq...
Avtandil Qurqenidze
Tiflisdə anadan olub, musiqini və rəssamlığı öyrənib. Rəssam, fotoqraf, ekskursiya rəhbəri. Gürcüstanda və digər ölkələrdə bir çox sərgilərin iştirakçısıdır. Dünyada Mural Art çoxsaylı obyektlərin müəllifi, çoxsaylı foto və bədii müsabiqələrin qalibidir. Dağların yüksəklikdə meteo və xizək stansiyaların fasadlarını rəngləyərək ekstremal idman növləri ilə maraqlanır. Onun işlərinin xüsusiyyəti - parlaq rənglər, işıqlar, müsbət əhval-ruhiyyə.
Georgi Aptsiauri
Tiflisdə anadan olub və rəssamlığı öyrənib. Kollektiv və fərdi sərgilərin iştirakçısı. Rəssam və bərpaçı bir simada. Onun işləri Tiflisdə bütün art-salonlarını bəzəyir. Avtandil Qurqenidze ilə Kazbek dağlarının yüksəkliklərində meteostansiyaların fasadlarını rəngləməklə, ekstremal idman növləri ilə maraqlanmağa başlayıb. Layihə onların "Meteo" adlı birgə yaradıcılığının tarixinə qovuşub.
MƏSLƏHƏT GÖR:








616

