5 Dekabr 2025

Cümə, 16:14

FİTRİ İSTEDAD

Bənzərsiz Ağahüseyn Cavadovun hər sözü, duzlu-məzəli deyimləri bu gün də dillər əzbəridir

Müəllif:

02.06.2015

"Onu tanıyırdılar, sevirdilər, - nəvəsi Rasim Cavadov danışır. - Heç tanımadığı insanlar da babamı görəndə ayaq saxlayır, böyük hörmətlə salam verirdilər. Adı çəkiləndə belə üzlərə təbəssüm qonurdu. Çünki tamaşalarda və filmlərdə yaddaqalan komik rollar yaratmışdı. Babam həyatda çox ciddi adam idi. O, mənim xatirələrimdə ciddi, dürüstlüyü sevən, alicənab insan kimi qalıb. Öz sənətini çox sevirdi. Biz eyni evdə yaşayırdıq. Mən rejissorların tamaşalarda, filmlərdə ona tapşırdıqları rolların üzərində necə məsuliyyətlə çalışdığını görürdüm. Öz otağına çəkilir, rollarının əski əlifbayla yazılmış sözlərini əzbərləyirdi. Babam məşq edəndə biz rahatlıqla onun otağına gedə bilirdik. Heç vaxt bunu bizə qadağan etmirdi". 

 

Xəyallar gerçəkləşir

Məşhur aktyor olduğu günlərə asanlıqla gəlməmişdi Ağahüseyn Cavadov. Həyatın sınaqlarından keçmişdi. 1894-cü ilin 22 aprelində Bakının Xırdalan kəndində (indiki Xırdalan şəhəri - müəl.) dünyaya gələn Ağahüseyn Cavadovun savadlı bir insan kimi yetişməsi anası Hürmət xanımın ən böyük arzusu idi. O, oğlunu əvvəlcə mollaxanaya apardı. Daha sonra Ağahüseyn Cavadov Bakıda, "Səadət" məktəbində oxudu. 1919-cu ildə həmin məktəbi bitirdi. Ancaq maddi vəziyyətləri ona təhsilini davam etdirməyə imkan vermədi. Ağahüseyn Cavadov tacir yanında işləməyə, ailəsini dolandırmağa başladı. 

İnsanı gələcəyə ümidləndirən arzularıdır. Maddi çətinliklər Ağahüseyn Cavadovu da arzularından, xəyalların məhrum edə bilmirdi. Teatr səhnəsi ona sirli bir aləm kimi görünürdü. İmkan tapan kimi tamaşalara baxmağa gedirdi. Sevdiyi aktyorlarının - Sidqi Ruhullanın, Mirzəağa Əliyevin, Cahangir Zeynalovun, Hacıağa Abbasovun ifalarına heyranlıqla tamaşa edirdi. Bu görkəmli sənətkarlarla bərabər səhnəyə çıxmaq isə o vaxtlar onun üçün yalnız xəyal ola bilərdi.

Ancaq bir gün xəyalları həqiqətə çevrildi. Ağahüseyn Cavadov 1920-ci ildə Azərbaycan Hərbi Komissarlığının Siyasi İdarəsinin yaratdığı teatrın Azərbaycan bölməsində aktyor kimi fəaliyyətə başladı. Bölməyə Sidqi Ruhulla rəhbərlik edirdi. Ağahüseyn Cavadov həmin teatrda səhnəyə qoyulan Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan", "Ac həriflər", Soltanməcid Qənizadənin "Xor-xor", "Dursunəli və ballıbadı", Mirmahmud Kazımovskinin "Molla Cəbi", "Daşım-daşım" pyes və vodevillərinin tamaşalarında iştirak etdi. Oynadığı ilk komik rollarıyla tamaşaçıların diqqətini cəlb etməyi bacardı. 

1921-ci ildə yeni yaradılmış Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət aldı. Həmin teatrdakı fəaliyyəti yaradıcılığının ən maraqlı dövrü oldu. Tənqid-Təbliğ Teatrında hazırlanan tamaşalarda oynadığı rollar ona daha böyük uğurlar gətirdi, şöhrətləndirdi. 

Sonralar bu teatrın adı bir neçə dəfə dəyişdirildi. Ağahüseyn Cavadov bu teatrın truppasında yeni, maraqlı rolları ilə fəaliyyətini davam etdirdi. 1932-ci ilin dekabr ayının son günlərində Bakı Türk İşçi Teatrı Gəncə şəhərinə köçürüldü. 1933-cü ilin martında Gəncə Dövlət İşçi Dram Teatrı kimi fəaliyyətə başlayan kollektivdə Ağahüseyn Cavadov da var idi. Aktyor "Bəxtsiz cavan"da Hacı Səməd ağa, "Pepo"da Giko, "Namus"da Barxudar, "Morqanın qohumu"nda Mintoyev və başqa rollarla həmin teatrın səhnəsinə çıxdı.

"Babam bir neçə il Gəncədə yaşayıb. - Rasim Cavadov danışır. - Orda maraqlı tamaşalarda iştirak edib. 1930-cu illərin sonlarında sovet hakimiyyətinin repressiya siyasəti çoxlarının həyatını məhv edib. 1937-ci ildə həbslər başlayıb. O vaxtlar babamın da başının üstünü təhlükə alıb. O, həbs olunacağını hiss edib, bir müddət uzaqlaşmaq, yaddan çıxmaq üçün Gəncəni tərk edib, Bakıya gəlib. Babamın bəxti gətirib...". 

 

Çoxtərəfli aktyor

1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına yeni təşkil edildi. Teatra dəvət olunanlardan biri də Ağahüseyn Cavadov idi. O, həmin teatrda Lütfəli Abdullayev, Aliyə Terequlova, İbrahim Hüseynov, Xalidə Hüseynova və başqa istedadlı aktyorlara səhnəyə çıxdı. Musiqili Komediya Teatrında fəaliyyətə "O olmasın, bu olsun" tamaşasında Məşədi İbad rolu ilə başladı. Sonralar bu teatrın tamaşaçıları aktyoru "Beş manatlıq gəlin"də Kəblə Hüseynəli, "Toy kimindir?" də Uzun, "Lənkəran xanın vəziri"ndə Xan, "Arşın mal alan"da Soltan bəy, "Evliykən subay"da Kəblə Qubad, "Qızıl gül"də Nadir və digər bir-birindən fərqli, maraqlı həm epizodik, həm də əsas rollarda gördülər.

1942-ci ildən Ağahüseyn Cavadov Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına qoşuldu. Ömrünün sonunadək də bu teatrda çalışdı. Milli Dram Teatrının səhnəsində "Məhəbbət"də Məmişov, "Toy"da Dəmirçi Musa, "Xoşbəxtlər"də Bərbərzadə, "Nişanlı qız"da Mirzə Salman, "Almaz"da Ocaqqulu, "Dönüş"də Xasməmməd, "Solğun çiçəklər"də Həmzə, "1905-ci ildə"də İmamverdi, "Həyat"da Cəlal, "Yaxşı adam"da Soraq kişi, "Cavanşir"də Qənimət, "Qaçaq Nəbi"də Mürsəl, "İldırım"da Usta Murad, "Yadigar"da Bəbir Bəbiroviç, "Əcəb işə düşdük"də İmran, "Dağlar qızı"nda Savalan, "Tanya"da Vasin, "Müfəttiş"də Luka Lukiç, "Canlı meyit"də Petruşin, "Şeytanın şagirdi"ndə Houkinis, "Şeyx Sənan"da Platon, "Şöhrət və ya unudulan adam"da Qoca, "Hind gözəli"ndə Maytreya, "Mənim günahım"da Almurad və başqa rollarda çıxış etdi.

Ədəbi əsərlərimizin bir çoxunun efirdə və mavi ekranda səslənməsində də Ağahüseyn Cavadovun xidməti böyük oldu. 

Onun yaradıcılığının bir mərhələsi də Azərbaycan kinosu ilə bağlıdır. 1955-ci ildə ilk dəfə "Bəxtiyar" filmində Rza roluna çəkildi. Elə həmin il ekranlaşdırılan daha bir filmdə - "Görüş"də isə tamaşaçılar Ağahüseyn Cavadovu Əbülfəz rolunda gördülər. Beləcə, Azərbaycanın bir sıra baxımlı filmlərində rol aldı. "O olmasın, bu olsun"da Bəy, Qızmar günəş altında"da Pirioğlu, "Əhməd haradadır?"da Əhməd, "Kölgələr sürünür"də elmi işçi, "Bir qalanın sirri"ndə Rəmmal (1959), "Sehrli xalat"da Vəzir (1964), "Şərikli çörək"də xırdavatçı, "İstintaq davam edir"də Həsən dayı, "Mən ki gözəl deyildim"də Zeynalov, "Bizim Cəbiş müəllim"də neft satan, "Bakıda küləklər əsir"də sərnişin, "Qərib cinlər diyarında"da Qaraşad və digər rollara çəkildi. Ağahüseyn Cavadov kino aktyoru kimi də tamaşaçıların sevgisini qazandı. Aktyor cəmi on filmdə çəkildi. Onların əksəriyyəti epizodik rollar olsa da, unudulmazdır. Həmin rollar arasında nağıl qəhrəmanları, inqilabdan əvvəl, müharibə və sonrakı dövrlərin müxtəlif peşə sahiblərinin obrazları var. Ağahüseyn Cavadov onların hər birini özünəməxsus, fərqli tərzdə göstərməyə müvəffəq oldu.

Ağahüseyn Cavadov aktyor kimi uğur qazanmağın sirrini istedadla zəhmətin vəhdətində görürdü. Ona görə də aktyor deyirdi: "İstedad anadangəlmə olur. Elə ilk dəfə səhnəyə çıxanda başa düşdüm ki, teatra həvəs göstərmək, istedad azdır. Sənətdə qalmaq üçün özünə qarşı yüksək tələbkarlıq və işdə inad göstərmək də vacibdir. Səhnədə mənim müəllimlərim Sidqi Ruhulla, Mirzağa Əliyev və Hacıağa Abbasov oldular. Onlar mənə rol üzərində işləməyi, bu sənətin ifadə vasitələrindən peşəkarcasına istifadə etməyi öyrətdilər".

 

Qayğıkeş ata və baba

Rasim Cavadov xatırlayır: "Babamın iştirak etdiyi tamaşalara baxmağa gedirdik. Mən onun hər səhnəyə gəlişinin salonu necə canlandırdığının şahidiyəm. Ağahüseyn Cavadovu tamaşaçıların qarşısına çıxdığı anda tamaşa salonunu alqış səsləri bürüyürdü. Birlikdə şəhərə çıxanda, ya harasa başqa bir yerə gedəndə də görürdüm ki, babamı böyük ehtiramla qarşılayırlar. Babam ünsiyyətcil, canıyanan insan idi. Amma bu qədər nüfuz qazanmasında, şübhəsiz ki, sənətinin, istedadının rolu böyük idi. Babam da öz tamaşaçılarını çox sevir, onlara ehtiramla yanaşırdı".

Zəhməti zamanında dəyərləndirildi. Sənətinə, bacarığına görə yüksək fəxri adlar aldı. Ağahüseyn Cavadov 1931-ci ildə respublikanın "Əməkdar artisti", 1938-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görüldü. 

Ağahüseyn Cavadov qayğıkeş ailə başçısı olub. Rasim Cavadov deyir: "Babam özü varlı olmasa da, dövlətli bir ailənin qızıyla evlənmişdi. Onun həyat yoldaşı Surat xanımın atasının Bakının Sabunçu kəndində və indiki Mirzəağa Əliyev küçəsində çoxlu mülkləri var imiş. Onların hamısı müsadirə edilməmişdi. Nənəmlə babamın yeddi övladı - üç qızı və dörd oğlu olub. Qızlarından biri gənc yaşında vəfat edib. Mən həmin bibimi görmədim. Amma ailəmizdə bu nakam gənc qızın itkisini nənəmin və babamın bitməyən dərdində, kədərində hiss edirdim. Altı uşağı isə nənəmlə babam evləndirmiş, hamısını ev-eşik sahibi etmişdilər. Surat nənəm əlli yeddi yaşında dünyadan köçdü. Babam ondan sonra uzun illər yaşadı. Evlənmədi. Biz böyük ailə idik. Babamın ətrafında övladları, nəvələri dolanırdı. Ancaq, əlbəttə ki, həyat yoldaşını kimsə əvəz edə bilməzdi. Onlar çox mehriban olmuşdular. Ümumiyyətlə, babam yumşaq, sakit təbiətli, səmimiydi. Kimsəni incitməz, əziyyət vermək istəməzdi".

Rasim Cavadov Ağahüseyn Cavadovun sənət aləmində kimlərlə dostluq etdiyini xatırlamır: "Bizim evimizə babamın iş yoldaşları, aktyor, rejissor dostları gəlməzdi. Onlar illərin aktyorları əsl sənət fədailəri idilər. Vaxtlarının çoxunu teatrda məşqlərdə, tamaşalarda, kino çəkiliş meydançalarında, televiziyanın dublyaj redaksiyasında keçirirdilər. Tez-tez rayonlara, kəndlərə gedir, zəhmətkeşlərin qarşısında çıxış edir, səhnəciklər göstərirdilər".

Ağahüseyn Cavadov sağlam adam idi. Son illər şəkər xəstəliyinə mübtəla oldu. O, uzun bir ömür yaşadı. Səksən yeddi illik ömrünün altmış ildən çoxunu səhnəyə həsr etdi. Bu illər ərzində 200-dən çox obraza səhnə ömrü verdi. Ağahüseyn Cavadov 1981-ci ilin 20 iyulunda Bakıda dünyasını dəyişdi. 

Vəfatından uzun illər keçsə də, bu günlərin tamaşaçıları bir çox filmlərimizin bənzərsiz komik qəhrəmanları kimi tanıyırlar onu. Aktyor Ağahüseyn Cavadov bir sənət adamının ala biləcəyi ən böyük mükafatı - tamaşaçı sevgisini, rəğbətini əbədi olaraq qazanıb. Bu bənzərsiz aktyorun, komik rolların mahir ifaçısının az qala hər sözü, mimikası yaddaqalandır, duzlu-məzəli deyimləri bu gün də dillər əzbəridir. 



MƏSLƏHƏT GÖR:

719