Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Abbasovlar ailəsində artıq 1 uşaq var idi - 4 yaşlı qız uşağı. Valideynlər ikinci körpəni istəyirdilər. İş elə gətirdi ki, ikinci övlad əvəzinə dünyaya birdən-birə dörd əkiz gəldi - 3 qız, 1 oğlan. Körpələr Novruz bayramı günlərində doğulublar. Bunun görünməmiş xoşbəxtlik olduğuna heç kəs şübhə etmir. Amma gəliri kifayət qədər az olan ailə üçün bu, həm də ciddi məsrəflər deməkdir və bu faktı danmağa ehtiyac yoxdur.
Nə etməli?
Bir anlığa təsəvvür edin, bir körpənin dünyaya gəldiyi zaman ona ən azı bir dəst dəyişək almaq lazım gəlirsə, bu halda 4 dəst və üstəlik, eyni anda (!) alınmalıdır. Bundan başqa, uşaq qidası, uşaq bezi və s. o qədər də ucuz başa gəlmir. Onu da nəzərə almaq lazımdır ki, körpə ay ərzində bir bağlama uşaq bezi, bir qutu yeməklə kifayətlənmir - bunları ən azı daha 2 dəfə almaq lazım gəlir. Bəs, uşaq gigiyena vasitələri - şampunlar, uşaq kremləri, butulkalar, əmziklər, müxtəlif yaş həddinə uyğun qab-qacaq, stul, sürətlə böyüməkdə olan uşaq üçün geyim, tibbi müayinə? Bu şəraitdə oyuncaqlar, yəqin ki, artıq görünür, halbuki belə olmamalıdır. Bütün bunlar hələ çətinliklərin hamısı deyil. Nə vaxtsa bu uşaqlar birlikdə bağçaya, məktəbə gedəcəklər... Əgər ailədə yalnız kişi işləyirsə, daimi olmayan iş yerində ayda 400 manat məvacib alırsa, bunun nə demək olduğunu anlamaq çətin deyil. Üstəlik, bu məbləğin 300 manatı ev kirayəsinə ödənilməlidirsə...
Rəşad Abbasov Bakıya qazanc dalınca Salyandan gəlib. O zaman Rəşadın ailəsi 4 nəfərdən ibarət idi. İndisə birotaqlı mənzildə 3 böyük və 5 azyaşlı qalır. Məsələ ondadır ki, Rəşadın anası da gəlininə kömək olmaq üçün Salyandan Bakıya gəlib.
Amma dünyada xeyirxah insanlar hər zaman tapılır. Onlara hər kəs bacardığı qədər yardım edir - qonşular, jurnalistlər. Kimsə ailəyə yemək gətirir, kimsə pul verir, bir başqası uşaqlara geyim alır və s. Ailə başçısı bu insanların hər birinə minnətdar olsa da, öz-özlüyündə narahatlıq içərisindədir. İndi onun yalnız bir istəyi var - yüksək əməkhaqqı ilə daimi iş yeri tapmaq. İndi Abbasovları qınayanlar da var. Onlar hesab edirlər ki, "bu cür məhdud qazancı olan ailə son hamiləliyi pozmalı idi, çünki yoxsulluğı artırmağın mənası yoxdur". Lakin, nəzərə alsaq ki, uşaqlar arzulanan idi, hər ailə buna getmək iqtidarında deyil. Bəlkə də, Abbasovlar çoxuşaqlılıqla bağlı hökumətdən müəyyən imtiyazlar alacaqlarına ümid ediblər. Bəs, belə imtiyazlar varmı və onlar nə dərəcədə effektivdir?
Əhali artımının stimullaşdırılması
Sovetlər dönəmində əhalinin təbii artımının stimullaşdırılması məqsədilə çoxuşaqlı ailələrə güzəştlər nəzərdə tutulurdu. Onlara növbədənkənar avtomobil, mənzil və ya torpaq sahəsi verilirdi. Qəhrəman analar döş nişanları ilə təltif olunur, mükafatlar alır, pensiyaya vaxtından əvvəl çıxmaq imkanı qazanırdılar. Müasir Azərbaycanda isə çoxuşaqlı ailələrə dair konsepsiya qəbul edilmədiyindən, bütün bunlar yoxdur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin rəhbəri Elgün Səfərov "R+"a açıqlamasında bildirib ki, təmsil etdiyi qurum parlament qarşısında ölkədə qəhrəman ana statusunun bərpası məsələsi qaldırıb. Təklifdə çoxuşaqlı ailələr üçün güzəştlərin nəzərdə tutulması da istənilir. "Ümid edirik ki, bu status 5 övladı olan qadınlara veriləcək", - deyə E.Səfərov bildirib. Onun sözlərinə görə, üçəmin doğulduğu ailələrə də çoxuşaqlı ailə statusunun verilməsi məsələsi gündəmdədir: "Bu təkliflərin hazırlanması bizə daxil olan çoxsaylı müraciətlərlə bağlıdır. Komitəmiz yaranandan bəri 4 və ya 5 övladı olan ailələrdən bu cür müraciətlər alırıq. Onların əksəriyyəti müəyyən problemlərinin həllində bizdən yardım istəyirlər. Söhbət, əsasən, yaşayış yerilə təminat, müalicə işlərində yardımdan gedir".
Sovet illərinə nəzər salsaq görərik ki, SSRİ dövründə çoxuşaqlı ailələrin sayına görə Azərbaycan sonuncu yerdə olmayıb: 1970-ci illərdə regionlarda bir çox ailələrdə 7,8, cənub rayonlarında isə 10, 12, hətta 15 uşaq doğulurdu! Ötən əsrin 90-cı illərində "qəhrəman ana" adı ləğv edildi. Artıq qadınlar da dünyaya daha az uşaq gətirməyə başladılar. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 20 ildə Azərbaycanda qəhrəman ana qeydə alınmayıb. Amma bu, heç də gələcəkdə ölkədə çoxuşaqlı ailələrin olmayacağı anlamına gəlmir. Çoxuşaqlılıq konsepsiyası hər bir şəraitdə işləməlidir. Hər halda, o, doğuş əmsalı aşağı olan Avropa ölkələrində də var.
Yeri gəlmişkən, indi "qəhrəman ana" anlayışının özü də dəyişikliyə məruz qalıb. 20 il əvvəl bu ad dünyaya 8-10 uşaq gətirmiş qadına verilirdisə, indi 4-5 övlad anası qeyri-rəsmi olaraq bu adı daşıyır. Statistika göstərir ki, son illərdə ölkədə doğuş sayı azalıb: hazırda reproduktiv yaşda olan bir qadına, orta hesabla, 2 uşaq düşür. Ümumilikdə isə E.Səfərovun dediyi kimi, Milli Məclisə təqdim olunmuş təkliflərin arasında "qəhrəman ana" statusunun bərpası ilə yanaşı, əsas üstünlük ailənin maddi durumunun yaxşılaşdırılmasına verilir. Bu, ilk növbədə, çoxuşaqlı ailələrin təhsillə təminini, onların yaşayış şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutur. Bundan başqa, hər bir uşağa görə birdəfəlik və illik ödənişlə yanaşı, onların müalicəsinə də pulun ayrılması təklif olunur.
Bu, niyə vacibdir?
Ekspertlər düşünürlər ki, əhalinin artımını stimullaşdırmaq üçün lazımi tədbirlər vaxtında görülməzsə, Azərbaycanı depopulyasiya gözləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırkı doğuş sayının qorunub saxlanılacağı təqdirdə, 2020-ci ilə Azərbaycan əhalisinin sayı 10 450 milyon nəfərə çatacaq. Doğuş əmsalının azalacağı təqdirdə isə bu, 10 293 milyon nəfər təşkil edəcək ("Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında, təxminən, bu rəqəm yer alır).
Dövlət Statistika Komitəsinin hesabatlarına nəzər saldıqda görünür ki, əgər 1991-ci ildə ölkədə 1000 nəfərə düşən yeni doğulmuş körpə sayı 26,6 idisə, 2013-cü ildə bu, 18,6 olub. 1999-2009-cu illərdə həyata keçirilmiş əhalinin siyahıyaalınması ailələrdə say nisbətinin dəyişdiyini də üzə çıxarıb: biruşaqlı ailələrin sayı 22,5%-dən 30,1%-ə yüksəlib. Bununla yanaşı, 3 uşaqlı ailələrin sayı 25,5%-dən 19,9%-ə düşüb. 4 və daha artıq övladı olan ailələrin sayı əvvəl 16,7% idisə, indi 9,7% təşkil edir.
Bütün bunlar Azərbaycanda hələ də doğuşun stimullaşdırılması üzrə konsepsiyanın hazırlanmaması ilə bağlıdır. Övladın dünyaya gəlməsinə görə ödənilən birdəfəlik yardımın məbləği elə də yüksək deyil - 85 manat. Bu, əlbəttə ki, çoxuşaqlılığı təşviq edə bilməz.
Odur ki, KİV-in də haqqında dəfələrlə bəhs etdiyi "Çoxuşaqlı ailələrə dövlət dəstəyinin təmini haqqında" qanun layihəsinin Milli Məclisdə hansı səbəblərdən müzakirəyə çıxarılmadığını anlamaq çətindir. Deputatlar deyir ki, əgər Azərbaycanda az qala çoxuşaqlı ailə yoxdursa, müvafiq olaraq onlara dövlət yardımının göstərilməsi məsələsi də müzakirə mövzusu deyil.
"Məgər, bizə nəsə düşür?"
Zaman Həmzəyevin 6 övladı var. Onun ilk övladı 2000-ci ildə dünyaya gəlmiş qız uşağıdır. 6-cı uşaq 2014-cü ildə doğulub. Nəzərə alsaq ki, bu gün istər maddi, istərsə də psixoloji baxımdan uşaq böyütmək çox çətindir, Zamanı və xanımını, sözün əsl mənasında, cəsarətli insanlar saymaq, onlara qeyri-rəsmi də olsa, çoxuşaqlı ailə statusu vermək olar. "R+"un əməkdaşı Zamanın uşaqlarının sayını eşitdikdə ailəni dolandıran yeganə şəxsə tamamilə əsaslı sual verdi: "Dövlətdən hər hansı maddi yardım alırsınızmı?" Zaman sualı təəccüblə qarşıladı: "Məgər, bizə nəsə düşür?" Biz məsələni araşdıracağımıza söz verdik. Sən demə, düşürmüş. Lakin, ilk olaraq, onu qeyd edək ki, Zamanın daimi iş yeri yoxdur. O, ailəsini müxtəlif yollarla dolandırır: gah tikintidə işləyir, gah kiminsə evində təmir işləri görür. Görünür, ailəsinin hansı yardımları ala biləcəyini aydınlaşdırmaq üçün Zamanın fərasəti çatmayıb. Halbuki vətəndaşlar hüquqlarını, onları qorumağın yollarını bilməlidirlər. Ola bilər ki, ölkədə qeydiyyata düşməmiş xeyli çoxuşaqlı ailə var. Onların qeydiyyata düşməməsi statistikaya təsirini göstərir və deputatları çaşdırır. Üstəlik, bu, onların yardım almalarını da əngəlləyir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "R+"a bildiriblər ki, prezidentin 2014-cü il 1 yanvar tarixli fərmanına əsasən, 5 və daha artıq uşağı olan ailələrə aylıq kompensasiya ölənilir. Bu, hər uşağa görə 30 manatdır. Ailələr uşağın 18 yaşına çatmasınadək bu kompensasiyanı almaq hüququna malikdirlər.
Bundan başqa, hökumət tərəfindən çoxuşaqlı analara da yardım nəzərdə tutulub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komissiyasından bildirirlər ki, burada söhbət, əlbəttə ki, ciddi məbləğdən getmir. Bu üzdən də, çoxuşaqlı ailələrlə bağlı məsələyə yalnız doğuşun stimullaşdırılması məqsədilə yenidən baxılmamalıdır. Hər halda, Abbasovların ailəsi kimi, eyni anda dünyaya 4, 5 və daha çox uşağın gələcəyindən heç kəs sığortalanmayıb.
Qeyd üçün
Son illərdə ölkədə təchizat baxımından öndə gedən doğum evləri, xəstəxanalar, perinatal mərkəzlər yaradılıb. Lakin, təəssüf ki, ölkədə ailələrə Avropa səviyyəsində yardımlar hələ də göstərilmir.
Bununla yanaşı, maddi rifah heç də hər yerdə avtomatik olaraq doğuş əmsalının artması ilə nəticələnmir. Əksər Avropa İttifaqı ölkəsində minimum əməkhaqqının səviyyəsi yüksək olsa da, əhalinin artımında irəliləmə müşahidə olunmur. Ekspertlər hesab edirlər ki, doğuşun stimullaşdırılması tədbirləri yalnız uşaqlara təlabat potensialının qaldığı yerlərdə işə yarayır. Azərbaycanda isə bu, var. Xaricdə çoxuşaqlı ailələrə sosial dəstək institutu sistemləri fərqlidir. Bu baxımdan Azərbaycanda çoxuşaqlılıq institutunun dəstəklənməsi üçün elə yol tapılmalıdır ki, o, hazırkı reallıqlara cavab versin. Məsələn, maddi yardıma alternativ kimi, natural yardım seçilə bilər. Bu, uşaqlara lazımi xidmətlərin göstərilməsini özündə əks etdirən "sosial uşaq paketi" ola bilər: yaşdan asılı olaraq lazımi geyim dəsti və ayaqqabı, ərzaq məhsulları üçün talonlar, məktəb ləvazimatları, dərsliklər, yay tətili və bütünlükdə ailənin sağlamlığı üçün putyovkalar, məktəbəqədər təhsil ocaqlarına, məktəblərə, əlavə təhsil ocaqlarına pulsuz gediş-gəlişin təmini və s. Bütün bunlar müvafiq müəssisələr tərəfindən həyata keçirilə bilər. Söhbət hökumətdən yardım və vergi güzəştləri alan məhsul və xidmət istehsalçılarından gedir.
Çoxuşaqlı ailələrin övladlarının hüquqlarının müdafiəsi baxımından daha bir mütərəqqi addım vergi güzəştlərilə bağlı islahatların aparılması ola bilər. Məsələn, İsveçdə dövlət çoxuşaqlı ailələrə subsidiyalar ayırır. Məqsəd onların mənzil ödəmələrinin bir hissəsinin kompensasiya olunmasıdır. Orada şəhərin mərkəzi rayonlarında dəbdəbəli evlərdə yaşayan vətəndaşlar belə, bu işə gəlirlərinin 40%-dən çoxunu xərcləmirlər. Dünyaya yeni körpənin gəlməsi zamanı, yaxud ailə mənzilini daha geniş mənzilə dəyişmək istəyərkən hökumət aztəminatlı ailələrə əlavə müavinətlar ayırır. Bu, artan mənzil xərclərinin ödənilməsi üçün edilir. Orada ailədə uşaqların sayı nə qədər çoxdursa, dövlət subsidiyasının həcmi də o qədər artıqdır. Uşağı olan ailələrə mənzil yardımlar: 1 uşaqlı ailəyə ayda 600 kron (70 dollar), 2 uşaqlı ailəyə 900 kron (110 dollar), 3 uşaqlı ailəyə ayda 1200 kron (140 dollar). İsveçdə ailələrin təxminən 30%-i bu növ yardımdan yararlanır.
Avropana doğuş əmsalının ən yüksək olduğu ölkədə - Fransada çoxuşaqlı ailələrə subsidiyaların ayrılması ilə yanaşı, hər yeni doğulan körpə ailənin vergi yükünü azaldır. 4 övladı olan ailə, demək olar ki, vergi ödəmir. Bu, maddi durumundan asılı olmayaraq, bütün vətəndaşlara şamil olunur.
Ukraynada aparılan eksperiment də diqqətə layiqdir. Doğulmuş körpəyə görə birdəfəlik ödənişin həcmini ciddi şəkildə artıraraq 1,5 min dollara çatdırmış Ukraynada indi hər kəs çoxdan gözlənilən demoqrafik partlayışı gözləyir.
Bu sahədə Belarusdan da götürüləcək örnək var. Bu ölkədə ailədə ikinci uşağın dünyaya gəlməsi mənzilin dəyərinin 50%-nin dövlət tərəfindən ödənilməsinə imkan verir. 3-cü övlad dünyaya gəlirsə, bu, 70% təşkil edir. Ailədə 4-cü uşaq dünyaya göz açarsa, dövlət mənzilin dəyərini tam şəkildə ödəyir.
Bəs, biz əhalimizin getdikcə necə "büzüşdüyünü" görmək istəmirik? Uşaqlarımızı müdafiəsi təmin olunmuş görmək istəyirikmi? 1 İyun - Uşaqların Müdafiəsi Gününün postulatlarının sadəcə kağız üzərində qalmaması üçün ləngimədən fəaliyyətə keçmək lazımdır.
Azərbaycanın Vergi Məcəlləsində çoxuşaqlı ailələr üçün güzəştlər nəzərdə tutulmayıb. Doğrudur, oradakı bir maddəyə əsasən, himayəsində 3 uşağı olan (23 yaşınadək tələbələr daxil olmaqla) valideynlərdən birinin aylıq gəlirinin 50 manat həcmində vergi tutulmur.
* * *
Azərbaycanda ehtiyacı olan ailələrə ünvanlı sosial yardımın verilməsi nəzərdə tutulur. Bu, 2013-cü ildən həyata keçirilir və yardımın məbləği 93 manatdır. Əgər ailənin bir üzvünün payına düşən gəlir 93 manatdan aşağıdırsa, dövlət qaydalara əsasən, yerdə qalan məbləği onlara ödəyir.
Bundan başqa, fiziki imkanları məhdud uşaqlar, 1 yaşadək uşağı olan aztəminatlı ailələr üçün sosial müavinət də var. Amma bu, bütün problemləri həll etmir və sadəcə, dövlətin əhaliyə göstərdiyi dəstəkdir.
MƏSLƏHƏT GÖR: