"SARIŞIN" HAKİMİYYƏT
Stereotip düşüncələrdən imtina etmək bəzən nəyə görə lazımdır?
Müəllif: İrina XALTURİNA Bakı
Ətrafımız stereotiplərlə doludur. Hesab edirik ki, kişinin, qadının, qanunları pozmayan vətəndaşın (cinsindən asılı olmayaraq), ideal siyasətçinin hansı keyfiyyətləri daşımalı olduğunu bilirik. Beynimizdə əminliklə diktator, liberal, homofob, mizantrop və s. obrazlar daşıyırıq. Əsl demokratiyanın, millətçiliyin, vətənpərvərliyin nə demək olduğunu dəqiq bilirik. Bəzi hallarda bu və ya digər hadisəyə, həmin hadisələrin iştirakçısı olan şəxslərə qiyməti əvvəlcədən beynimizdə hazır saxlayırıq. Yəni hələ hər hansı hadisə baş verməmiş, beynimizdə onun hazır ssenarisi mövcud olur. Stereotiplərin peyda olmasına görə məsuliyyəti təhsil və şəxsi təcrübə daşıyır. Bir çox hallarda bu stereotiplər KİV-in köməyilə yaranır. Son dövrlərdə isə bu işdə insanların güclü köməkçisi peyda olub - sosial şəbəkələr. Siyasi təbliğat da fəal şəkildə stereotiplərə əsaslanır.
Odur ki, azad düşünə bilən insanın stereotip obrazı stereotiplərdən azad insandır. Çünki onlar sağlam düşünmək imkanlarını məhdudlaşdırır. Yəni dünyanın dərk olunması prosesini analitik bacarıqlar deyil, əvvəlcədən hasil olmuş müəyyən fikirlər idarə edir. Assimilyasiya əlamətlərinə görə obyekt və ya situasiya öncə mövcud insana görə dərk olunur, sonra stereotiplərlə təhlil edilir. Bu sxemi ən çox millətçi ideyalarla bağlı müşahidə etmək olar: "müəyyən zahiri görkəm - onun əsasında müvafiq rəy - konkret hiss və davranış".
Bir sözlə, stereotiplərdən qaçmaq mümkün deyil. Onlar dərketmə prosesini məhdudlaşdırır. Bunlar olmasaydı, hər yeni vəziyyətlə bağlı düşüncələr insanı dəli edərdi. Bundan başqa, stereotiplərin hər zaman mənfi xarakter daşıdığını düşünmək də doğru deyil.
Amma bu, əlbəttə ki, siyasətə aid deyil. Siyasət hər zaman stereotip olaraq çirkin iş sayılıb. Onunla da xokkey kimi, yalnız genlərində hələ də mamont ovunun ağır şərtlərini daşıyan kişilər məşğul olur. Bu, ən möhkəm, məğlubedilməz klişelərdən biridir. Halbuki alimlər mamont ovunun da sadəcə stereotip olduğunu, nəhəng mamontun çuxura qovulmasının, demək olar ki, mümkünsüzlüyünü deyir, bu fikirlərini mamontların hər dəfə eyni tələyə düşəcək qədər ağılsız olmadığı ilə əsaslandırırlar. Siyasətdə isə kişilər qadınları uzun illər, həqiqətən də, qovaraq çalaya sala biliblər. Arqument zərifliklə hakimiyyətin bir araya sığmayan anlayışlar olmasıdır. Deyirlər ki, kişilərin həyatda vaxtı daha çox olur, siyasətə isə ailəyə olduğu kimi, özünü tam həsr etməlisən (sosial rollar). Güclü cinsin məntiqi və liderlik qabiliyyəti daha yaxşı inkişaf edib və ümumiyyətlə, qadın sırf fizioloji baxımdan daha qeyri-sabit, zəifdir.
Məşhur bir deyimdə bildirildiyi kimi, "pazı pazla" çıxararlar. Ən emosional bəzədilmiş stereotiplərdən biri sarışın qızlarla bağlıdır. Çox gözəl olan bu qızlar, guya, çox qanmaz olurlar. Üstəlik, onlar müdafiəsiz, sadəlövh və zəifdirlər. Bu baxımdan, siyasətdə gender stereotiplərini dağıtmaq üçün sarışın qadından yaxşı heç nə tapmaq olmaz.
Standart fikrin əksinə olaraq, iddialı sarışınlar siyasi meydanda kifayət qədər çoxdurlar. "Dəmir ledi" Marqaret Tetçerin unudulmaz obrazı hələ də mükəmməl nümunə olaraq qalır. O, Böyük Britaniyanın baş naziri postunu kifayət qədər uzun müddət əlində saxlaya bilib. Ümumiyyətlə, Tetçer yalnız sarışın qadınlar üçün yox, həm də kişilər üçün nümunəvi siyasətçi idi. Nümayişə qalxmış şaxtaçılarla sərt "çəkişmə" Tetçerin aktivindədir. Argentinanın hərbi yola əl atacağından qorxmadan Folklend adalarını argentinalılardan məhz Tetçer qopardı. Az qala Britaniyanın baş nazirilə müqayisə olunacaq Almaniya tarixindəki ilk qadın kansler Angela Merkel də sarışındır. O da artıq uzun müddətdir ki, Aİ-nin ən nüfuzlu dövlətinə rəhbərlik edir. Merkel nüfuzlu "Forbes" jurnalının versiyasına görə, dəfələrlə dünyanın ən nüfuzlu qadınlarının siyahısına başçılıq edib. Onun diplom işi sırf nəzəri kimyaya və fizikaya aiddir, bu da çox çətin elmlərdir. İsrailin də öz sarışını və "dəmir ledi"si var - Sipni Livni hökumət başçısı, xarici işlər naziri postlarını tutub və hazırda Knessetin üzvüdür.
Rusiyaya nəzər salaq: Sankt-Peterburqun sabiq qubernatoru, Federasiya Şurasının sədri Valentina Matviyenkonu rusların ən nüfuzlu sarışın xanımı saymaq olar.
ABŞ-ın əsas siyasi sarışını isə şübhəsiz ki, Hillari Klintondur. İndiyədək o, qubernator, dövlət katibi postlarını tutub, hazırda isə senatordur. Üstəlik, ən yaxın zamanlarda Klinton Ağ Evə rəhbərlik uğrunda yarışa da qoşulmağa hazırlaşır. Beləliklə, sarışın qadınlar dünyanın ən qüdrətli dövlətinin sükanı arxasına keçə bilər.
Bu nüfuzlu sarışın qadınların sırasında BVF-nin direktoru, Fransanın sabiq iqtisadiyyat və maliyyə naziri Kristin Laqardın, ABŞ-ın tarixində ilk qadın dövlət katibi olmuş (1997-2001) Madlen Olbraytın, Aİ diplomatiyasının başçısı Federika Moqerininin, İslandiyanın sabiq prezidenti Meri Makalisin, Finlandiyaya iki dəfə rəhbərlik etmiş Tarya Halonenin, Çili prezidenti Mişel Baçeletin, Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçin də adlarını çəkmək olar. Siyahını uzatmaq da mümkündür.
Doğrudur, ABŞ Dövlət Departamentinin sabiq rəsmi spikeri Cennifer Psaki kimi uğursuz nümunələr də var. Onun "Rostov dağları" və "Belarus sahillərində donanma" haqda dedikləri çoxlarının yaddaşındadır. Amma bəzi versiyalara görə, əslində, bu ifadələri onun adına KİV çıxarıb.
Daha bir sarışın hökmran qadını yada salmaq lazımdır. Söhbət "hörüklü xanım"dan, sarışın hörüklü qadından, Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkodan gedir (əslində, o, qarayanızdır). Timoşenko əvvəllər özünü biznesdə son dərəcə uğurla göstərib. 90-cı illərin sonlarında isə siyasətə girişib və onun siyasətçi kimi fəaliyyətindən kitablar yazmaq mümkündür.
Beləliklə, yaxın keçmişdən etibarən Ümumdünya sarışın qadınlar günü sayılan 31 mayı bir çox qadın, xüsusilə siyasətdə olanlar haqlı olaraq, başlarını uca tutaraq qeyd ediblər. Üstəlik, fürsətdən istifadə etmək lazımdır. Alimlərin proqnozlarına görə, təxminən, 200 il sonra sarışın qadınlar yer üzündən itəcək. Çünki "sarışın gen" asanlıqla "tünd saçlılar"a təslim olmaqdadır. Amma, əlbəttə ki, sarışın saçlılar illər sonra da mövcud olacaqlar. Çünki saç boyası kimi dahi ixtira mövcuddur. Əslində, bu, heç də saçın rəngindən asılı deyil - saçı istənilən rəngdə olan istənilən qadın, hətta keçəl qadın belə, istədiyi anda "sarışın"a çevrilə bilər. Əgər stereotip "işləyirsə" o zaman sarışın kimi siyasətdə iddianı irəli sürə bilərsən. Bəs, hər bir insanın, xüsusilə siyasətçinin arzusu bu deyilmi? Doğrudur, Timoşenkonun taleyi göstərdi ki, stereotiplər heç də hər zaman işləmir.
Əlbəttə, saçın rəngi insanın intellekti və digər keyfiyyətləri haqda heç nə demir. O, sadəcə dünyadakı müxtəlifliyin göstəricisidir. Əslində, sarışın qadın obrazı, sadəcə, uğurlu kommersiya brendidir. Siyasətdə sarışın qadın isə... sadəcə, açıq rəngli saça malik siyasətçidən başqa bir şey deyil.
MƏSLƏHƏT GÖR:






743

