14 Mart 2025

Cümə, 22:35

SEOLİT VAR, PLAN YOXDUR

Azərbaycanın unikal aydağ təbii seolit yatağı bu gün yetərincə istifadə olunmur

Müəllif:

15.03.2008

Azərbaycanın zəngin ölkə olduğunu hamımız bilirik. Coğrafi baxımdan o qədər də böyük olmayan ərazidə Yer kürəsinin 11 iqlim qurşağından 9-nun - subtropiklərdən Alp çəmənliklərinə qədər - təmsil olunması qürur yerimizdir. Hətta ən böyük ölkələrin çox az qismi təbii-iqtisadi zonaların belə zənginliyi ilə öyünə bilər. Əsas vəzifə onların müxtəlif sərvətlərini ölkə üçün maksimum faydalı istifadə etməkdir. Amma çox təəssüf ki, biz ayağımızın altındakı xəzinəyə həmişə tədbirli yanaşmırıq. Söhbət Tovuz rayonu ərazisində yerləşən Aydağ yatağındakı 100 mln ton və onlarca mln kubmetr klinoptilolit seolitdən (minerallar ailəsi - tərkibində su olan kalium, natrium, kalsium və maqnium kationlu  alümosilikatlar) gedir.

Faydalı qazıntı kimi seolitlər sənayedə və kənd təsərrüfatında geniş istifadə olunur. Onlar neft-kimyada, inşaatda, qazın qurudulmasında, içməli və texniki suyun təmizlənməsində, radionuklidlərin ayrılmasında, torpağın gübrələnməsində, heyvan yeminə əlavə və katalizator və s. kimi istifadə olunur. Azərbaycan alimlərinin əksəriyyəti  bütün elmi fəaliyyətini seolitlərin öyrənilməsi və tətbiqinə  həsr edib. Azərbaycanda seolit sənayesinin əsasını qoyan bu alimlər indi ölkəmizdə seolitdən hazırlanan çox az çeşiddə məhsullara ürək ağrısı ilə baxırlar. Onların fikrincə, seolitlərin tətbiq sahələrini genişləndirmək mümkündür və vacibdir, lakin bu sahədə daim iş aparmaq lazımdır.

Azərbaycanın əməkdar geoloqu, Ekologiya Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Mineral Xammal İnstitutunun direktor müavini Vasif Xəlilzadənin fikrincə, ölkəmizdə Aydağ yatağının nəhəng ehtiyatları demək olar ki, "çay qaşığı" ilə istismar olunur. Bu gün Azərbaycanda seolit məhsulunun istehsalı ilə Beynəlxalq "İNTER-GEOTETİS" elmi-texniki kompleksinin törəmə müəssisəsi - sonralar bazasında "YENİ TEX" şirkətinin yaradıldığı "Azərseolit" sahələrarası elm-istehsalat kompleksi məşğul olur. Lakin alimin  dediyinə görə,  bu müəssisə fəaliyyətini yalnız ayaqqabı, dolablar, mənzillər, mətbəxlər, xalça və yumşaq mebel, avtomobillər üçün dezodorlar istehsalı ilə məhdudlaşdırıb. Quşlar, gəmiricilər, ev dovşanları üçün döşəmə materialları, itlər üçün quru şampunlar, yuyucu tozlar da hazırlanır. Bundan əlavə, şirkət otaq bitkiləri üçün dekorativ qrunt kimi istitfadə olunan rənglənmiş seolit, akvarium sularının təmizləyiciləri, ev bitkilərinin torpağı üçün mineral əlavələr, heyvanların yeminə dietik əlavə komplektləri də istehsal edir.

V.Xəlilzadə isə iddia edir ki, bu  məhsul çeşidi seolitdən hazırlana biləcək malların sayı ilə müqayisədə çox cüzidir, onun tətbiq oluna biləcəyi sənaye sahələrindən isə heç danışmağa dəyməz.       

 

Seolit bumu

Hər şey XX əsrin 60-cı illərində ABŞ-da  ilk dəfə  sənaye əhəmiyyətli təbii seolit yataqlarının kəşfi ilə başlandı. Bundan sonra, 1968-ci ildən başlayaraq, keçmiş SSRİ-də Geologiya Nazirliyinin xüsusi proqramına əsasən təbii seolitlər üzrə genişmiqyaslı işlər başladı. Nəticədə 50-59 % əsas maddə tərkibli klinoptilolit, mordenit yataqları  kəşf olundu. 1974-cü ilin əvvəli üçün  SSRİ-də müəyyən olunmuş yataqlar sırasında xammalın miqdarına və keyfiyyətinə, həmçinin yerləşməsinin fiziki-coğrafi şərtləri və geoloji tədqiqi baxımından  Tovuz rayonundakı  Aydağ klinoptilolit seolit yatağı böyük əhəmiyyət kəsb edirdi, hazırda da o, keçmiş sovet respublikaları ərazisində ən  iri  yataq sayılır.

Alim xatırlayır: "SSRİ Geologiya Nazirliyinin "Seolit süxurları ehtiyatlarının öyrənilməsi, onların sənayedə istifadəsi sahələrinin və geoloji kəşfiyyat işlərinin gələcək istiqamətlərinin müəyyənləşdirilməsi" mövzusunda birinci səyyar sessiyası əbəs yerə  1974-cü ildə Bakıda keçirilmədi. Aydağ yatağında təcrübə-istehsalat kompleksi yaradıb onun ehtiyatlarından praktik tətbiq üçün yararlanmaq haqqında qərar qəbul edildi. İlk gündən biz qarşımıza bu məqsədi qoymuşduq. Sessiyanın qərarı ilə təbii seolition süxurlar təbii qazların, bir sıra karbohidrogenlərin dərin qurudulmasında, oksigen və havanın yerləşdirilməsində, neft emalında və s. məqsədlər üçün tövsiyə olunmuşdu". 

70-ci illərin ortalarında ilk dəfə olaraq Azərbaycandakı təbii qazın Aydağ yatağından götü-rülən seolitinin elementləri ilə təmizlənməsi həyata keçirildi. Bu əməliyyat Lökbatandakı Qaradağ qaz emalı zavodunda baş tutdu, əvvəllər burada kənardan gətirilən bahalı sintetik seolitdən istifadə olunurdu. Qazı xüsusi qurğuda təmizləyirdilər - seoliti xüsusi sütunlara yükləyir, sonra qazı seolit qatlarından keçirirdilər. Sonuncu qazın tərkibindəki  nəmişliyi - benzin fraksiyalarını, kükürdü və digər komponentləri özünə çəkirdi.

V.Xəlilzadə qeyd edir ki, - "Azərbaycanda biz tam təmizlənməmiş qazdan istifadə edə bilərik, amma onun dünya bazarlarında satılması üçün təmizlənməyə ehtiyac var. Qazı kondisiyaya çatdırmaq, tam qurutmaq, təmizləmək və yalnız bundan sonra boru kəmərlərinə buraxmaq olar. Bunu etməsək, qış mövsümündə o, tezliklə donur və boru kəmərlərinin məhsuldarlığı azalır". 

Texnologiyanın qüsursuzluğu müəyyən olundu. SSRİ qaz sənayesi naziri xüsusi qərarı ilə yeni tikilən bütün qaz emalı zavodlarını yalnız təbii seolitlər bazasında layihələşdirmək, köhnə müəssisələri isə modernizə edib təbii seolitdən istifadəyə istiqamətləndirmək əmri verdi. "Bu, böyük nailiyyət idi. Nəticədə bir qrup alim, o cümlədən elmlər doktoru Rüstəm Bağırov SSRİ Nazirlər Soveti mükafatının laureatı oldu".

Azərbaycanlı mütəxəssislərin digər qrupu Geologiya İdarəsi və Su Problemləri İnstitutunun iştirakı ilə Sabirabaddakı güclü sutəmizləyici qurğuda Kür su kəmərinin içməli suyunun təmizlənməsi texnologiyasını işləyib-hazırladı. "Əvvəllər təmizləmənin sonuncu mərhələsi sayılan zərif təmizləməli içməli su üçün filtr kimi  SSRİ-də yeganə sayılan Volqoqrad vilayətindəki yataqdan çıxarılmış xüsusi fraksiyalı kvars qumu və antrasit kömürü istifadə olunurdusa, sonralar bu komponentlər təbii seolitlə əvəz edildi və o özünü ən yaxşı tərəfdən göstərdi. Bu qurğu  təbii seolitlə sutkada 50 min kubmetr su təmizləyib Azərbaycanın 85 yaşayış məntəqəsini təmin edirdi. Alimlərin bu qrupu da SSRİ Nazirlər Soveti mükafatının laureatı oldu. Bu, bizim çox böyük nailiyyətimiz idi". 

O dövrdə seolitlə bağlı bütün işləri koordinasiya edən Azərbaycan dövlətplanı təbii seolitlər üzrə 1-ci sessiyanın qərarları əsasında seolitlərin  mümkün istifadəsi üçün yeni sahələrin axtarılması və ilk növbədə, iri istehlakçıların tapılması üzrə işləri dəstəkləməyə başladı. Tullantısız istehsalın yaradılmasına xüsusi diqqət yetirilirdi, bu, ətraf mühitin mühafizəsi baxımından çox mühüm məsələ sayılırdı. Azərbaycan Elmlər Akademiyasının alimləri və kənd təsərrüfatı istehsalçıları  nisbətən aşağı keyfiyyətli  torpaq fraksiyalı seolitlərin nəinki torpaqşünaslıqda, eləcə də iribuynuzlu mal-qaranın, donuzların, quşların və i.a. yeminə fəal əlavə kimi işlənməsinin  mümkünlüyünü və yüksək səmərəliliyini sübut etdilər. Həmçinin aydınlaşdırıldı ki, seolitlərin təsiri nəticəsində torpaqların fiziki xüsusiyyətləri, su və istilik rejimi yaxşılaşır, nəmişlik 12-15% artır, torpaqdan suyun  fiziki buxarlanması təxminən 50 % azalır. Seolit nəmi saxlamaq və günəş enerjisini toplamaq imkanlarına malikdir. Seoliti torpağa qatdıqda bitkilərin mineral qida elementlərinin yuyulması zəifləyir və onlar uzun müddət  mübadilə oluna bilir.

"O zaman biz hər il 10 min tona yaxın  seolit məhsulu təhvil verirdik. Dövrün ölçülərinə görə, bu, kifayət qədər böyük rəqəm idi. Və Azərbaycanda seolit xammalı çıxaran və nəql edən iri sənaye kompleksinin yaradılması  məqsədilə Azərbaycan Dövlətplanının təşəbbüsü ilə  1993-cü ildə ölkənin Nazirlər Kabineti  dövlət təşkilatı kimi  Geologiya və Mineral Ehtiyatlar Dövlət Komitəsi və "İntergeo-TETİS" SETK -in birgə müəssisəsi kimi "Azərseolit" Sahələrarası Elmi-istehsalat Birliyinin yaradılması  haqqında qərar qəbul etdi. İşlərin təşkilini sürətləndirmək üçün biz hər şeyi etdik - respublika Yerli Sənaye Nazirliyinin və Elmi Tədqiqat Qaz İnstitutunun balansından  avadanlıq, maşınlar, mexanizmlər, yataqda təcrübə-istehsalat sahəsinin nəqliyyat və torpaqqazan maşınları, həmçinin seolitin modifikasiya edilmiş formalarının buraxılması üzrə sənaye qurğusu "Azərseolit" Birliyinin balansına verildi. Bundan əlavə, Dövlət Plan Komitəsinin  təklifi ilə Yerli Sənaye Nazirliyi bilavasitə karxananın və dəmir yolunun yaxınlığında yerləşən istehsalat meydançalarını Birliyin balansına verdi. O zaman heç kim  bilmirdi ki, bu nəhəng müəssisə nəticədə yalnız dezodorlu və dekorativ seolitli vasitələr buraxılışında ixtisaslaşacaq, amma seolitdən tibbdə də istifadə etmək imkanı var".            

 

İstifadə olunmamış potensial

Bu gün Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin Azərbaycanın seolit yataqlarının  ölkənin xalq təsərrüfatına tətbiqi və geniş istifadəsi məsələsi ilə niyə maraqlanmadığı V.Xəlilzadəyə aydın deyil. Hazırkı AMEA Geologiya İnstitutu da bu məsələnin sonrakı həllindən kənarlaşıb. Axı "Azərseolit" Sahələrarası Elm-İstehsalat Birliyinin yaradılması Geologiya və Mineral Ehtiyatlar üzrə Dövlət Komitəsinin, yəni  bu prosesə nəzarəti həyata keçirməli olan dövlət orqanının bazasında gercəkləşdirilmişdi. "Axı kim düşünə bilərdi ki, Geologiya üzrə Dövlət Komitəsi kimi güclü kompleks sakitcə işlərdən kənarlaşacaq?  Amma Dövlət Komitəsinin özü üçün də seolit istehsalı büdcədənkənar gəlirin əhəmiyyətli mənbəyi ola bilərdi". Alim bu unikal mineralın praktik tətbiqinin qaneedici səviyyədə olmaması məsələsini  dövlət strukturlarında dəfələrlə qaldırıb. Hələlik bir nəticə yoxdur.

"ARDNŞ-da da söhbətlərimiz olub. Qazın seolitlə təmizlənməsi üsulunun aprobasiyasını təklif  etdim. Sübut etməyə çalışdım ki, Azərbaycanda sovet dövründə tətbiq olunan bu təcrübə daha rentabellidir. Bu gün absorbsiyaedici elementlər əsasında həyata keçirilən qazın dərin təmizlənməsi - böyük məsrəflər deməkdir. Adsorbsiyalı təmizləmə seolit kimi bərk minerallar əsasında, absorbsiyalı təmizləmə isə maye ionəvəzləyiciləri, qlikol birləşmələr kimi  sintetik materiallar  əsasında həyata keçirilir. Bu gün bizdə qazın təmizlənməsi  məhz bu əsasda aparılır. Bu, təkcə ölkənin ekoloji balansına ağır zərbə vurmur, həm də iqtisadi baxımdan sərfəsizdir, çünki absorbentləri xaricdən gətirməli oluruq. Seoliti gətirməyə ehtiyac yoxdur. Bu, ekoloji təmiz, ucuz yerli məhsuldur. Seolitin istifadəsi xüsusi müəssisənin yaradılmasını tələb edir -  bu isə əlavə iş yerləri, rentabelli məhsul, büdcəyə əlavə gəlir deməkdir. 

Alim təəssüflə bildirir ki, bu gün Azərbaycandakı nəhəng seolit yataqları istifadə olunmur. "Yadımdadır, suyun təmizlənməsi üçün Azərbaycandan Qırğızıstana 5 min ton seolit göndərmişdik. İndi isə öyrənirik ki, seolit məhsulları istehsalının həcmi, ən yaxşı halda, ildə yüz tona çatır. "Azərseolit"də hesab edirlər ki, onun zərif istehsalda, dərmanların, kremlərin və i.a. hazırlanmasında istifadəsi daha məqsədəuyğundur. Əlbəttə, heç kim bu məhsulların istehsalına etiraz etmir. Buyursunlar. Amma axı bu xammalın ehtiyatları milyon kubmetrlərlə ölçülür. Və "Azərseolit" kimi təcrübəli obyekti "çay qaşığı ilə" işlətmək, fikrimcə, günahdır və biabırçılıqdır. Belə olmamalıdır".

Bundan başqa, yemlərə edilən seolit əlavələrinin əsassız baha qiymətləri səbəbindən yerli fermerlərin əksəriyyətinin onları ala bilməməsi Vasif Xəlilzadəni təəccübləndirir. "Qiymət çox bahadır, onun bir neçə kiloqramı yüzlərlə dollara bərabədir. Gürcüstanda isə, mən aydınlaşdırmışam, seolitin qiyməti simvolikdir. Əgər ölkəmizdə seoliti fermer ala bilmirsə, kəndlidən heç danışmağa dəyməz. Özü də bu, seolitin nəhəng yataqlarının olduğu ölkədə baş verir. Əslində, səbir və arzu ilə silahlanıb bu yataqlara özbaşına da getmək olar. Nə qədər lazımdır, yığ. Məsləhət görürəm", - deyə Azərbaycanın əməkdar geoloqu söhbəti bitirir. 


MƏSLƏHƏT GÖR:

486