
YÜNGÜLLÜK VƏ ÇEVİKLİK ARSENALI
Ciu-citsu üzrə vii azərbaycan çempionatı keçirildi, lakin əsas məsələ hələ qarşıdadır
Müəllif: Zərifə BABAYEVA Bakı
Ölkəmizin idman dünyası üçün fevral ayı döyüş növlərindən biri - ciu-citsu üzrə VII Azərbaycan çempionatı ilə yadda qaldı. Lakin bu tədbirdə bizi nəticə yox, faktın özü maraqlandırır. Yox, söhbət bu və ya digər ölkə idmançılarının hər hansı beynəlxalq turnirdə, məsələn, Olimpiadada iştirakına hüquq verəcək lisenziya turnirindən getmir. Lakin bu, qeyri-olimpiya, lakin yüksək emosional idman növü olan ciu-citsunun ölkəmizdə təbliğatı ilə məşğul olanlar üçün əsl hadisə idi. Məsələnin çətinliyi də məhz bundadır - qeyri-olimpiya idman növlərinin inkişafı məhz həvəs, hobbi və şəxsi marağa əsaslanır. Bəlkə bu ekzotikadır? Çox güman ki hə.
Azərbaycan idmançıları bu ekzotik idmanda da layiqli yerlərini tutmaq istəyirlər. Güvənməyə isə əsas var.
Bizim "dan"ımız
Hər şey isə əfsanəvi Brüs Lidən, karatedən başlayıb. Azərbaycanın Ciu-Citsu Federasiyasının vitse-prezidenti, karate üzrə qara kəmər və dördüncü dan (Şərq döyüşündə ustalıq dərəcəsi - müəllif), ciu-citsu üzrə isə qara kəmər və beşinci dan sahibi Əli Cəfərov deyir ki, Şərq döyüş növlərində Azərbaycan gəncləri daim uğurla çıxış ediblər. "Doğrudur, bu gün uşaqlar karateyə ekzotik idman növü kimi baxmır. Hazırkı gənclər üçün bu idman növü avantürizm və romantikliyini itirib. O biz idik ki, Brüs Linin filmlərini izləmək üçün zirzəmilərə toplaşırdıq. Biz idik ki, klublara sahib olmadan bu filmlərdən karatenin Brüs Li fəndlərini öyrənirdik. O, başqa dövr idi. Mən karate ilə məşğul olmağa 1979-cu ildə başlamışam. Məktəbdə məni hamı barmaqla göstərirdi və düşünürdülər ki, mən mütləq taxta lövhələri, kərpicləri sındırmalıyam. Bununla yanaşı, biz o zaman yalnız fəndlərə yox, həm də ruhun tərbiyəsinə, özünü təkmilləşdirməyə diqqət yetirirdik. Nə qədər ədəbiyyat oxuyurduq. Şərq döyüş növlərində ustalıq dərəcəsinin göstəricisi olan "dan"lar yalnız döyüşmək məharətini yox, həm də insanda mənəvi təkmilliyin dərəcəsini göstərir. Və hər şeydən əvvəl biz yetirmələrimizi ciu-citsunun fəndləri vasitəsilə daxilən özünü təkmilləşdirməyə öyrətmək istəyirik", - deyə Ə.Cəfərov qeyd edir.
Bu il Azərbaycan Ciu-Citsu Federasiyası 10 illik yubileyini qeyd edir. Federasiya 1998-ci ildə yaradılıb və bu gün qurumun uğurlarından biri Gənclər və İdman Nazirliyinin ölkədə bu idman növünün inkişafına daha çox diqqət ayırmağa başlamasıdır. Federasiya 2001-ci ildən 1982-ci ildə yaradılmış Beynəlxalq Ciu-Citsu Federasiyasının (BCF) üzvüdür və hər il üzvlük haqqı olaraq, oraya 1600 avro ödəyir. Bu, bizim ölkəmiz üçün də kifayət qədər ciddi məbləğdir. Ola bilsin ki, Gürcüstan və Ermənistanın BCF-nin üzvü olmamasının səbəbi də məhz budur.
Federasiya rəhbəri fikirlərini belə davam etdirir: "Böyük sıçrayış var. Əgər cəmi 2 il əvvəl federasiyamız ciu-ciutsunun təbliğində yalnız özünə bel bağlayırdısa, bu gün hökumət istənilən məsələdə bizə köməklik göstərir. Məsələn, bu idman növü üzrə VII ölkə çempionatının təşkilində maliyyə işinin 95%-ni Gənclər və İdman Nazirliyi öz üzərinə götürdü. Bununla yanaşı, hazırda federasiyamızın 10 illiyi ilə əlaqədar, bir sıra təntənəli mərasimlərin keçirilməsi ilə bağlı nazirliklə danışıqlar aparırıq. 2008-ci ildə Bakıda yaxın ölkələr - Gürcüstan, Rusiya, Ukrayna və İran idmançılarının iştirakı ilə beynəlxalq turnirin keçirilməsinə nail olmaq istəyirik. Bu gün bizim ən böyük arzumuz məhz budur".
Nailiyyətlərə ehtiyac var
Hökumətin idman sahəsində əsasən, olimpiya idman növlərinin inkişafına üstünlük verməsi təbiidir. Olimpiadaların qaliblərinin sonda əsl milli qəhrəmana çevrildikləri heç kəsə sirr deyil. "İdmançı üçün ən böyük nailiyyət Olimpiadada qələbə qazanmaqdır və bunun kifayət qədər əsası var. Lakin mən bir detalı qeyd etmək istərdim. Karate və ciu-citsu üzrə beynəlxalq turnirlərdə biz Azərbaycanın bayrağını ucalda bilərik. Düşünürəm ki, Azərbaycan və ölkəmizin bayrağı bütün idman növlərində, o cümlədən də ciu-citsuda yüksək yerlərdə təmsil olunmağa layiqdir", - deyə Əli Cəfərov qeyd edir.
Cəfərov hesab edir ki, Azərbaycanın dzyu-dzyusuda (yapon dilində - müəllif) ustaları artıq bu idman növündə də beynəlxalq turnirlərdə öz sözlərini deməlidirlər: "Ölkəmiz ənənəvi karate üzrə beynəlxalq turnirlərdə yaxşı nəticələr əldə edib. Azərbaycanın ciu-citsu üzrə beynəlxalq ierarxiyadakı yerindən danışanda isə təəssüf hissi ilə onun o qədər də yüksəkdə olmadığını söyləməliyik. Bu səviyyə bizim beynəlxalq turnirlərdəki çıxışlarımıza əsasən müəyyənləşir axı".
Ə.Cəfərov ölkə idmançılarının indiyədək belə yarışlarda o qədər də mütəmadi çıxış etmədiklərini söyləyir: bizdə bu turnirlərin sadəcə mükafatçıları var: "Bizim beynəlxalq yarışlarda iştirak etmək üçün heç də həmişə maliyyə imkanlarımız olmur. Elə olur ki, yarışın birində iştirak etsək də, digərinə qatıla bilmirik. Bu isə əhəmiyyətli nailiyyətlərin əldə edilməsinə mane olur. Axı uşaqlarımız sınaqdan keçməlidirlər. Nəticədə isə belə olur ki, onlar hər dəfə eyni çəki dərəcəsində, eyni idmançılarla qarşılaşırlar. Onlar hamısı bir-birini tanıyırlar, kimin nəyə qadir olduğunu bilirlər. Ciu-citsu üzrə rəsmi dünya birinciliyində bizim, demək olar ki, nəticəmizin olmaması bununla bağlıdır".
Hazırkı mərhələdə isə federasiyanın əsas məqsədi bu idman növünü klublar yaratmaqla ölkənin regionlarında inkişaf etdirməkdir: "Təəssüf ki, bu gün biz çox sayda regional klublarımızın olması ilə öyünə bilmərik. Hazırda yalnız Gəncə, Qazax, Yevlax və Ucarda belə klublarımız var. Oradakı uşaqların ümumi hazırlıq səviyyələri pis deyil. Lakin gənclər arasında hələ ki ciu-citsu daha çox Bakıda populyardır. Biz daha da inkişaf etmək istəyirik. Bu, çox yaxşı işdir. Bu işdə ciu-citsunun valehedici və baxımlı olması bizə kömək edə bilər. Məsələn, Qazaxda nümunəvi turnir təşkil edilərsə, Tovuzda onun ilkin anonsu verilərsə, tovuzlu gənclər gözəl təşkil olunmuş tədbirdə maraqlı fəndləri görərək, məmnuniyyətlə ciu-citsunun məqsəd, texnika və fəlsəfəsini öyrənmək üçün kluba üz tutacaqlar.
Məsələ ondadır ki, idmanın bu növü Yaponiya sərhədlərini aşaraq, Almaniya, ABŞ, Fransa, Avstriya və digər ölkələrin xüsusi xidmət orqanları mütəxəssislərinin diqqətini cəlb edib. Rusiyada baş qərargahın zabitləri, kəşfiyyat, əks-kəşfiyyat orqanları, həmçinin siyasi iğtişaşların qarşısını silah işlətmədən almaq məqsədi ilə yaradılmış milis departamenti bu idman növündən istifadə edir", - deyə Ə.Cəfərov bildirir.
Federasiyanın vitse-prezidenti hazırda Azərbaycanda ciu-citsu ilə məşğul olanların sayını söyləməkdə çətinlik çəkir: "Bunu demək çətindir. Aykidoda olduğu kimi, ciu-citsu ilə də yetkinlik yaşına çatmış şəxslər məş-ğul olur".
Bu gün karate və ciu-citsu tərəfdarları bu idman növlərinin nə vaxt olimpiya idman növlərinə daxil ediləcəyini gözləyir. Bu həm karatenin, həm də ciu-citsunun inkişafında yeni mərhələ olacaq: "Ola bilsin ki, bu, tez bir zamanda baş verəcək. Lakin əvvəlcə hər iki idman növü insanın huşunu itirməsinə səbəb ola biləcək fəndlərdən təmizlənməlidir. Bu, Olimpiadanın əsas şərtlərindən biridir".
Hələliksə azərbaycanlı ciu-citsu ustaları 2008-ci ilin mayında keçiriləcək Avropa Kuboku və noyabrda İsveçdə düzənlənəcək dünya birinciliyində iştirak üçün ərizə ilə müraciət etmək fikrindədirlər. Ciu-citsu üzrə yarışların təqviminə əsasən, daha bir ənənəfi turnir - Sankt-Peterburqda açıq çempionatda keçiriləcək. Ə.Cəfərovun bu haqda fikirləri belədir: "Biz bu turnirlərdə iştirak edə biləcəyimizə böyük ümidlər bəsləyirik və buna maksimum güc səfr edəcəyik".
Biz də bu işdə Azərbaycan ciu-citsu ustalarına uğurlar diləyirik.
MƏSLƏHƏT GÖR: