Müəllif: Rəsmiyyə QƏMBƏROVA Bakı
Ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında prezident İ.Əliyevin fərmanlarında əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması məsələsi mühüm yer tutur. Bununla əlaqədar, həmin sahənin inkişafına yönəlmiş bir sıra tədbir həyata keçirilib, idarəetmə və maddi-texniki təminat strukturunun yenidən qurulması davam edir. Həm də əhalinin imkansız təbəqəsinə Heydər Əliyev Fondu böyük kömək göstərir.
2008-ci il fevralın 1-dən səhiyyə nazirinin əmri ilə dövlət tibb müəssisələrində pullu həkim xidmətləri ləğv edilib.
Bu məsələnin aktuallığı respublikanın əməkdar həkimi, tibb elmləri doktoru, Neftçilərin Birləşmiş Xəstəxanasının (NBX) baş həkimi Fəxrəddin Cavadovun müsahibəsində əks olunub.
- Bəli, pulsuz tibbi xidmət, ilk növbədə, dövlətin iqtisadi uğurlarının, maddi rifahının, insanlara diqqət və qayğı ilə yanaşmaq imkanlarının göstəricisidir. Azərbaycanın hər bir vətəndaşı sosial müdafiə ilə əhatə olunmalıdır, bu müdafiəni isə dövlət təmin etməlidir. Amma qeyd etmək lazımdır ki, yalnız bir neçə sahə öz fəhlə və qulluqçuları üçün səhiyyə sisteminin tam maliyyələşdirilməsinə təminat verə bilir. Hazırda Azərbaycan Respublikası iqtisadiyyatının belə qabaqcıl sahələrindən biri 70 mindən artıq neftçini pulsuz tibbi xidmətlə təmin edən Dövlət Neft Şirkətidir. Unutmaq olmaz ki, keçid iqtisadiyyatlı ölkə olan Azərbaycan yeni səhiyyə sisteminin formalaşması prosesini yaşayır və onun çoxmərhələli olması qaçılmazdır. Məhz buna görə hələ 2000-ci ildə mən baş həkim vəzifəsinin icrasına yenicə başlayanda, xəstəxanada pullu tibbi xidmətin ləğv olunmasına dair əmr verildi və neftçilərə tibbi yardım göstərilməsi haqqında qərar qəbul olundu. Bu, bir sıra amillərlə şərtlənirdi. Birincisi, xəstəxanamız həmişə həm müasir tibbi müalicəvi-diaqnostik avadanlıqla nisbətən yaxşı təchizatı, həm də kadr potensialı ilə fərqlənib. Buna görə də insanların peşəkar yardım almaq istəyi izaholunandır. Ümummilli lider Heydər Əliyevin əhalinin sağlamlığının qorunmasına dair fərmanını və AR Konstitusiyasının müəyyən maddələrini əsas tutaraq, həmçinin vətəndaşların sosial-iqtisadi vəziyyətini nəzərə alaraq, Neftçilər Xəstəxanasının Tibbi Şurası hələ 2000-ci ildə neftçilərə tibbi xidmət göstərilməsi sisteminin tətbiqi haqqında qərar qəbul edib. Özü də yalnız kommunal xidmətlər və laborator-diaqnostik əməliyyatlar üçün pul alınıb. Bu sistem özünü doğruldub və bu gün də aktuallığını itirməyib. Belə ki, pulsuz tibbi xidmətlə yanaşı, pullu tibbi xidmətərin göstərilməsi modeli də tətbiq olunub. Bu qərarın qəbulunda daha bir mühüm amil maddi-texniki təchizatın yaxşılaşdırılması və xəstəxananın digər istiqamətlərinin inkişafı üçün lazımi bazanın yaradılması məqsədi olub.
Pullu tibb xidmətləri göstərilməsinin bütün dünyada qəbul olunmuş başqa bir modeli də var - bu, tibbi sığortadır. Xəstəxananın güclü bazasını və kadr potensialını nəzərə almaqla, sığorta olunanlara peşəkar tibbi yardım göstərilməsi haqqında razılaşma əsasında, sığorta şirkətləri göstərilmiş xidmətlərin müqabilində pul ödəyir. Təsadüfi deyil ki, 2007-ci ilin dekabrında ölkə Prezidenti Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılmasına dair sərəncam imzalayıb. Bu sərəncam səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsinə, əhaliyə tibbi xidmət göstərilməsinin müasir mexanizmlərinin işlənib-hazırlanmasına yönəldilib.
Dünya təcrübəsi maliyyə münasibətlərinin özünümaliyyələşdirmə forması ilə də yaxşı tanışdır. Neftçilər Xəstəxanasında biz bu formanı 2005-ci ildən, demək olar ki, özünümaliyyələşdirmə əsasında fəaliyyət göstərən kardiocərrahiyyə şöbəsinin işə başlaması ilə bir vaxtda qəbul etmişik. Bu, müxtəlif vəzifələrin həllinə daha çevik yanaşmaq imkanı verir. Məsələn, neftçilərə bu şöbədə bütün tədqiqat üsulları üçün 50 %-lik endirim təqdim olunur. Bundan əlavə, kardiocərrahiyyə şöbəsində neftçilərin pulsuz müalicəsinə dair ARDNŞ-ə müraciətimiz də lazımi anlayışla qarşılanıb. Kardioloji əməliyyatların yüksək qiymətinə baxmayaraq, hazırda onların neftçilər üçün pulsuz həyata keçirilməsi məsələsinə baxılır. Bu fakt bir daha təsdiq edir ki, BNX lazımi maddi bazaya malikdir, bu isə xəstəxanada kifayət qədər rentabelli özünümaliyyələşdirmə vahidlərinin yaradılması ilə əlaqədardır.
-Bəs artıq tikilmiş və fəaliyyət göstərən diaqnostika mərkəzlərinin yerləşdiyi regionlarda vəziyyət necədir?
-Ölkə prezidenti İ.Əliyevin həyata keçirdiyi sosial siyasət əhalinin bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində də müdafiəsinə yönəldilib. Belə ki, "Regionların sosial-iqtisadı inkişafı üzrə Dövlət proqramı"na əsasən, ölkə başçısı ARDNŞ-ə ölkənin 10 regionunda müalicə-diaqnostika mərkəzlərinin tikilməsi haqqında sərəncam verib. Maraqlıdır ki, sonralar V.Putin də analoji fərman imzalayıb. Qeyd etmək lazımdır ki, hələ iki il öncə regional-diaqnostik mərkəzlərin tikintisi planlaşdırılarkən dövlət başçımız bu mərkəzlərdə əhaliyə pulsuz tibbi yardım göstərilməsi haqqında qərar qəbul edib. Mərkəzlərin yaradılması tibbi xidmətin əsas problemlərini Avropa standartları səviyyəsində həll etməyə imkan yaradır.
Hazırda Gəncə, Qəbələ, Quba, Zaqatala və Qazaxda tikinti işləri gedir, Lənkəranda və Naxçıvanda mərkəzlər uğurla fəaliyyət göstərir, bu yaxınlarda Əli Bayramlıda Müalicəvi-Diaqnostik Mərkəzin açılışı oldu. Mərkəzlər açılana qədər kadrların hazırlanması üzrə məqsədyönlü iş aparılıb. Bundan əlavə, xəstəxanamızın həkimləri səfər aksiyaları da həyata keçirirlər. Naxçıvan MR blokadada olduğundan, burada kardiocərrahiyyə şöbəsi fəaliyyət göstərir. Angioqrafik qurğudan istifadə etməklə, səfər aksiyalarında həkimlərimiz 153 anqioqrafiya, 20 damar stentləməsi, 26 ürəkdə açıq cərrahiyyə əməliyyatı həyata keçiriblər. Həm də respublikada ilk dəfə xəstə üzərində koronar damarların şuntlanması əməliyyatı spinal anesteziya altında (ağ ciyərlərin xəstəliyi və ümumi narkoz tətbiqinin mümkünsüzlüyü səbəbindən) aparılıb. Növbəti səfər aksiyasını Əli Bayramlıya planlaşdırmışıq.
Yeni obyektlərin istismara verilməsi ölkənin müxtəlif rayonlarında yaşayan xəstələrə xidmət göstərilməsi problemini həll edir. Onlar millətin sağlamlığını qorumaq işində müsbət rol oynayır. Ölkə prezidentinin sosial siyasətinin prioritet istiqamətlərindən biri də məhz budur.
MƏSLƏHƏT GÖR: