24 Noyabr 2024

Bazar, 23:35

SİÇOVUL İLİ DONUZLARA DÜŞMƏDİ

Azərbaycanda aşkarlanan Afrika taunu virusu Qəbələnin fermer təsərrüfatlarına ciddi ziyan vurdu

Müəllif:

15.02.2008

Baytarlar öz işinin öhdəsindən gələn yerdə, adamlar heyvan və insanlar üçün ümumi olan xəstəliklərə yoluxmur. Dövlət Baytarlıq Xidməti (DBX) də bunun üçündür və onun fəaliyyəti bizlərin nəzərinə o qədər də çarpmamalıdır. Yalnız bu halda fermerlər arxayın ola bilərlər ki, epizootiya onlara məxsus mal-qaranın kütləvi şəkildə qırılmasına gətirib çıxarmayacaq.

Fermerlər üçün isə bundan dəhşətli heç nə ola bilməz - fermer təsərrüfatının mal-qaranın kütləvi şəkildə qırılması ilə əlaqədar üzləşdiyi zərər çox vaxt onların tam tənəzzülünə və ümumiyyətlə yox olmasına gətirib çıxarır. Üstəlik, belə hallar üçün yerli fermerlərə kompensasiya ödənişi nəzərdə tutulmayıb.

 

Quşlardan donuzlara

Donuz ilinin Siçovul ili ilə əvəz olunması, deyəsən, məhz donuzlara düşmədi - 2008-ci il yanvarın 28-də Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti rəsmi açıqlama yayaraq, yerli fermer təsərrüfatlarının birində Afrika taununun aşkarlandığını, virusun donuzlarda tapıldığını bildirdi. Virus Qəbələ rayonunun Nic kəndində tapılıb və xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə dərhal yaşayış məntəqəsində karantin elan edildi.

Birmənalı şəkildə demək olar ki, bu cür hadisə "kənd təsərrüfatı dünyası" üçün əsl hadisədir. Dünyada "quş qripi"nin yayılması ilə necə eyforiyanın yaşandığını əksəriyyət yaxşı xatırlayır. Özü də işə bax ki, "quş qripi" məhz Xoruz ilində qeydə alınmışdı. Maraqlıdır, deyilmi? Həmin vaxt dövlətlər bir-birinin ardınca sərhədlərini quş ətinin üzünə bağlayırdı.

İndi isə Azərbaycanın sərhədləri donuz əti üçün də bağlıdır. Beynəlxalq Epizootik Bürosunun (BEB) qaydalarına əsasən, bu və ya digər dövlətin inzibati ərazisində canlılar üçün hər hansı xəstəlik mənbəyi aşkarlanarsa, bu haqda BEB rəhbərliyinin məlumatlandırılması vacibdir. Azərbaycan da məhz belə etdi. Tez bir zamanda ölkə ərazisində Afrika taununun aşkarlanmasına dair məlumatlar beynəlxalq saytların xəbər xəttində yerləşdirildi. Rusiya, Ukrayna və digər dövlətlər isə Azərbaycandan donuz ətinin idxalına qadağa qoydu.

Lakin Afrika taunu, məsələn, "quş qripi" qədər təhlükəli deyil. Bu məsələdə fermerlərin də müəyyən səhlənkarlıq etdikləri istisna olunmur. Nəzərə almaq lazımdır ki, ötən ilin oktyabr-noyabr aylarında sözügedən virusun Gürcüstan və Ermənistanda aşkarlandığı məlum idi. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş baytarı Yozef Domenek həmin vaxt bildirmişdi ki, "Afrika taununun Qafqazda yayılması ən dramatik nəticələrə gətirib çıxara bilər. Virusun yayılmasına nəzarətin olmaması və onunla mübarizə strategiyasının yoxluğu xəstəliyin digər ölkələrə də yayılması ilə nəticələnə bilər".

Deyirlər, məlumatlanmaq - silahlanmaq deməkdir. Yerli fermerlər də bu məlumatların yayılmasından sonra tövsiyələri nəzərə almalı və heyvanları vaxtında peyvənd etməli idilər. Xoşbəxtlikdən Afrika taunu insanlar üçün təhlükə yaratmır və ona yalnız donuzlar yoluxur. Bu xəstəliyin simptomları isə hərarətin yüksəlməsi, qan dövranı sisteminin sıradan çıxmasıdır. Bu virusa tutulan heyvan 2-5 gündən sonra ölür. Özü də onun müalicəsi qadağandır...

Bu arada isə məlum olub ki, Afrika taunu ilə əlaqədar Nic kəndində elan edilmiş karantin, xəstəliyin aradan qaldırılmasından 1 ay sonra ləğv ediləcək. Hazırda kəndə giriş-çıxış qadağandır. Virusun yayılması təhlükəsi ilə əlaqədar, yaxın rayonlar üçün də kənd təsərrüfatı məhsullarının satışını təmin edən böyük bazar bağlanıb. Onu da qeyd edək ki, bu bazar Nic kəndinin əhalisinin 80%-nin gəlir mənbəyidir.

Kənddə təxminən 115 baş donuzun məhv edilməsindən sonra, hələ ki yeni yoluxma halı qeydə alınmayıb. 

Bununla yanaşı, ölkənin digər rayonlarında sözügedən virus tapılmayıb. Onu da qeyd edək ki, yanvarın 28-dən bu günədək Nicdə 180-dən artıq donuz ölüb. Bu səbəbdən də göstərişə əsasən, karantin zonasında bütün heyvanlar məhv edilməlidir. Kənd sakinləri məhv edilmiş heyvanlara görə, kompensasiya tələb etsə də, DBX bildirir ki, fermerlərin vaxtında öz təsərrüfatlarında qabaqlayıcı tədbirlər görməli idilər.

 

Vəhşi donuzlar və saxlanma şəraiti

DBX-nin rəhbəri İsmayıl Həsənov hesab edir ki, Azərbaycana Afrika taunu Gürcüstandan keçə bilər. Bununla yanaşı, Qəbələnin Nic kəndində ev donuzlarının vəhşi donuzlardan yoluxduğu da istisna edilmir. Çünki onlar heç də ideal şəraitdə saxlanılmır. "Azərbaycanda Afrika taunu mənbəyinin tapılması ilə əlaqədar narahatlığa əsas yoxdur. Onun yayılmasının qarşısının alınması üçün tərəfimizdən bütün tədbirlər görülüb. Bu xəstəlik insan üçün də heç bir təhlükə yaratmır və ona yalnız donuzlar yoluxur. Hətta xəstə heyvanın ətini yeyən insan belə, bu virusa yoluxmur. Bu xəstəlik yalnız ondan donuzların qırılması ilə təhlükə yaradır ki, bu da fermer təsərrüfatına böyük həcmdə zərər deməkdir. Onu da deyim ki, bu gün donuzların Afrika taunundan qorunmasıi üçün proflaktik vaksin və ya üsul yoxdur", - deyə İ.Həsənov bildirib.

DBX ölkədə donuzçuluqla məş-ğul olan bütün fermerlərə birmənalı olaraq, qapalı iş rejiminə keçilməsini tövsiyə edib. Hər halda, sonradan yaranmış vəziyyətin aradan qaldırılmasındansa, indidən xəbərdarlıq etmək daha yaxşıdır. Bu səbəbdən də qurum Afrika taunu ilə əlaqədar donuzçuluqla məşğul olan bütün fermer təsərrüfatlarında monitorinq keçirmək fikrindədir. 

DBX-nin yaydığı məlumata görə, hazırda Azərbaycanın heyvandarlıq təsərrüfatında 20 min başadək donuz saxlanılır.

Qeyd edək ki, sözügedən virus Azərbaycanla yanaşı, Gürcüstan, Ermənistan və Rusiyanın cənubunda da qeydə alınıb.

Rusiya 2007-ci ilin yayında Gürcüstandan virusun ölkə ərazisinə keçməsinin qarşısını almaq məqsədilə on milyonlarla rubl məbləğində vəsait xərcləyib. Beynəlxalq təcrübəyə əsasən də, məsələn, "quş qripi" yayılarsa, hökumət epidemiya ilə mübarizəyə külli miqdarda vəsait xərcləyir.

Hələ ötən lin yayında BEB-in baş direktoru Bernar Valle bildirmişdi ki, Gürcüstan "onun rəhbərlik etdiyi qurumun baytarlıq xidmətinin işinin gömrük orqanlarına həvalə edilməsinin yolverilməzliyi haqda xəbərdarlığına ciddi yanaşmayıb". Nəticədə ölkədə Afrika taunu virusu yayılıb və fermerlərin təsərrüfatlarındakı donuzların yarısı bu virusa yoluxub. Elə həmin vaxt Gürcüstan BEB-ə ölkəyə ekspertlərin göndərilməsi xahişilə müraciət edib və qurum Tbilisinin istəyini yerinə yetirib. Lakin Gürcüstanda epidemiyanın yayılmasının qarşısını almaq üçün külli miqdarda vəsait xərclənib.

Çünki beynəlxalq təcrübədə heyvanların kütləvi şəkildə qırılması nəticəsində fermerlərə dəyən zərər müqabilində, onlara kompensasiya ödənilir. Lakin kompensasiya ilə yanaşı, məhv edilmiş heyvanların sahibinə nəqliyyat və təsərrüfat işçilərinin təlim xərcləri də ödənilir.


MƏSLƏHƏT GÖR:

517