
BAZAR NAMİNƏ ƏMƏKDAŞLIQ
Və ya Azərbaycanın emal sənayesinin inkişafı üçün nə lazımdır?
Müəllif: Zeydulla CABBAROV Bakı
2004-cü ildƏ regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı yenicə həyata keçirilməyə başlayanda, əsas problemlərdən biri kənd təssərrüfatı məhsulları üçün emal sənayesinin yaradılması idi. Axı bəzən yerli bazar istehsal olunmuş məhsulun hamısını "həzm etmək" iqtidarında olmurdu, onu ölkədən kənara ixrac etməyə isə əksər fermerlərin maliyyə imkanları çatmırdı. Buna görə də kəndlərdə kiçik və orta biznes tədricən məhv olurdu, nəticə kimi iş yerləri azalırdı ki, bu da əmək qabiliyyətli əhalinin regionlardan axınına gətirib çıxarırdı. Vəziyyətin dəyişməsi üçün təcili tədbirlər görməyə ehtiyac var idi.
Dövlətin təcili köməyi
Mövcud şəraitdə yeni emal müəssisələri bir neçə mühüm funksiyanı yerinə yetirməli - birincisi, fermerləri təsərrüfatlarının inkişafına stimullaşdırmalı, ikincisi, yeni iş yerləri yaratmalı, üçüncüsu, bazarı keyfiyyətli yerli məhsulla təmin etməli və dördüncüsü, onun ixracını qaydaya salmalı idi. Bu sahədə vəziyyəti hələlik ideal adlandırmaq mümkün olmasa da, ötən illər ərzində qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün xeyli iş görülüb və bu artıq öz bəhrəsini verməkdədir.
Rəsmi statistikaya əsasən, Dövlət Proqramının fəaliyyətdə olduğu dövr ərzində 18 240 yeni müəssisə işə salınıb ki, bunun da 40%-i regionların payına düşür. Onların sırasına meyvə-tərəvəz konservləşdirmə sənayesinin Xaçmazdakı "Qafqaz", Qəbələdəki "Gilan" zavodlarını, İmişlidəki ən müasir şəkər zavodunu, eləcə də Lənkəranda, Astarada, Masallıda, Naxçıvanda və digər regionlarda fəaliyyət göstərən başqa müəssisələri aid etmək olar. Bu gün fermerlərin məhsullarını qəbul və emal edə bilən kiçik müəssisələrin tikintisi də geniş vüsət alıb.
Ölkədə ət-süd məhsullarının emalı ilə məşğul olan 66 müəssisə və meyvə-tərəvəz konservləri istehsal edən 63 zavod fəaliyyət göstərir. Həm də ət-süd sahəsindəki müəssisələr və qənnadı məmulatları istehsalçıları bütövlükdə daxili tələbatın ödənilməsinə istiqamətləniblər. Meyvə və tərəvəzlərin konservləşdirilməsi, şirələrin istehsalı zavodları, çay fabrikləri, həmçinin, dəniz məhsullarının emalı ilə məşğul olan bəzi şirkətlər isə öncədən məhsullarının bir hissəsinin ixrac olunması məqsədi ilə yaradılmışdı.
Qeyd etmək lazımdır ki, son illər ərzində Sahibkarlığa Yardım Milli Fondunun maliyyə yatırımlarının 90%-i sənayenin istehsal və emal sahələrinə, regionlarda turizmin inkişafına yönəldilib. Təkcə 2006-cı ildə fondun yatırımlarının artımı 2002-ci illə müqayisədə 96,7 % təşkil edib. Özü də kreditlərin çox böyük hissəsi regionlardan göndərilən layihələrin maliyyələşdirilməsi üçün ayrılıb. Üç il ərzində Sahibkarlığa Yardım Milli Fondu 5385 layihənin maliyyələşdirilməsi məqsədilə 5312 subyektə 145 milyon manat vəsait ayırıb.
İxrac təyinatlı məhsul
Kəndli sahibkarlara dövlət dəstəyi vitaminli məhsulların istehsal həcmlərinin artmasına yardım etməklə yanaşı, onların keyfiyyətli sənaye emalına, mövcud standartlara uyğun qablaşdırılmasına da kömək olub. Bütün bunlar artıq indi Avropada Azərbaycan məhsullarına diqqəti yüksəldir, bu yaxınlarda Almaniyada keçirilmiş "Yaşıl həftə" sərgisində ekspozisiyamızın uğuru dediklərimizə bariz misal ola bilər.
İndi Azərbaycanın emal sənayesinin potensialı çox yüksəkdir və bu, məhsullarımızın həm yaxın, həm də uzaq xaricə ixrac göstəricilərinə təsir edir. Respublikanın Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, meyvə-tərəvəz konservləşdirmə sənayesi müəssisələri 2007-ci ilin yayında və payızında fermerlərdən alınmış tərəvəz və meyvələri tam şəkildə emal edib. Belə ki, 2007-ci ilin 10 ayı ərzində ixrac üçün 19 mln dollardan artıq qiymətdə 46 762 ton tərəvəz konservi, 158,4 ton təzə və quru üzüm, 2 min tondan yuxarı tütün, 3 min tondan çox buğda unu, 621,7 ton düyü, 122,2 min qall hazır şərab, 109,4 min qall konyak və araq, 694,4 mln ədəd siqaret yüklənib. Həm də xaricə aparılmış hazır məhsulun siyahısını davam etdirmək olar, ötən ilin 11 ayı üçün bu malların ümumi məbləği isə 172 mln dollardan çoxdur.
Pambıq lifi kimi qiymətli mal da ixrac olunur. Məlum olduğu kimi, 2007-ci ildə Azərbaycan pambıqçıları 100 min tondan bir qədər artıq məhsul əldə ediblər və bu gün, demək olar ki, həmin məhsulun 70%-i artıq zavodlarda emal olunub. Təkcə iki iri şirkətin - MKT və "Aqro" MMC-nin payına 92 min tondan bir qədər artıq pambıq düşüb. Qalan 8 min tonu JEKOT, "Kürdəmir-pambıq" ASC, eləcə də Saatlı və Samux rayonlarında fəaliyyət göstərən kiçik müəssisələr emal edib.
Hazırda Türkiyənin, Rusiya Federasiyasının və Avropa ölkələrinin toxuculuq sənayesi müəssisələrinin ünvanına 23 mln 346 min dollar dəyərində 26,1 min ton birinci növ pambıq lifi göndərilib. Yüzlərlə ton qu tükü də ixrac olunub.
Rəqabət, yoxsa əməkdaşlıq?
Yeyinti və pambıqtəmizləmə sənayesi müəssisələrinin əksəriyyəti ötən ilin yekunlarını və cari ilin vəzifələrini müəyyənləşdirir. Sənaye emalı müəssisələrinin heç də hamısı layihə gücü səviyyəsində işləmir. Və bunun obyektiv və subyektiv səbəbləri var.
Belə ki, ekspertlərin fikrincə, iri şirkət rəhbərləri qiymət siyasətinə yenidən baxmalıdırlar - alış qiymətləri, hər şeydən əvvəl, kənddəki məhsul istehsalçısını qane etməlidir - onu dünya satış bazarlarındakı qiymətlər maraqlandırmır. Axı kəndli fermerlərin əməyini stimullaşdırmaq, yaşıl çay yarpağının, tütünün, pambığın becərilməsinə yardım etmək lazımdır ki, tələb olunan müddətə xammal əldə olunsun. Aydındır ki, istehsalçılar və kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan şirkətlər azad bazar şəraitində işləyir. Amma onlar arasında müsbət tərəfdaşlıq münasibətləri yaransa, əksər problemlər qısa müddətdə həll olunar.
Ekspertlərin fikrincə, problemi bazarda rəqabət yaratmaq yolu ilə də həll etmək olar. Məsələn, konserv sahəsində inkişaf o qədər sürətlə gedir ki, artıq eyni regionda yerləşən müəssisələr xammal ehtiyatları əldə etmək üçün öz aralarında rəqabət aparırlar. Belə rəqabət bəzi meyvə və tərəvəzlərin alış qiymətinin artmasına səbəb olub, bu isə fermerlərin müasir aqrotexnologiyaların tətbiqi ilə bitkiçiliyin inkişafına marağını stimullaşdırır.
MƏSLƏHƏT GÖR: