
TARİXƏ ÇEVRİLMƏYƏN FACİƏ
Xocalı soyqırımını törədənlər hələ də cəzalandırılmayıblar
Müəllif: NURANİ Bakı
Burada insanların ilk dəfə nə vaxt məskunlaşdığı tarixə tam məlum deyil - yalnız o məlumdur ki, bu ərazidə arxeoloqlar daş dövrünə aid məskənin qalıqlarını tapıblar. Bura imperiyaların təntənəsini və süqutunu, elan olunmuş və olunmamış onlarca müharibəni əks etdirən coşğun və mürəkkəb tarixin yolayrıcı olub.
İndi bu şəhər yoxdur. Yalnız rəqəmlər qalıb: 613 nəfər öldürülüb, 487 - əlil olub, 1275 - girov götürülüb, 150 insanın taleyi hələ də məlum deyil. Həlak olanlar arasında 106 qadın, 83 uşaq var. Bir neçə ailə tamamilə məhv edilib. Bütün bunlar 26 fevral 1992-ci ildə baş verib.
Bu gün Xocalının məhvini Gernika, Xatın, Liditse faciələri ilə eyniləşdirirlər. ABŞ Konqresinin qərarı ilə Xocalının yerlə- yeksan edilməsi 1992-ci ilin ən böyük faciəsi elan olunub. Dünya heç vəchlə inana bilmirdi ki, üçüncü minilliyin astanasında bütöv bir şəhərin əhalisini, kişilərlə yanaşı, qadınları, uşaqları, qocaları belə məhv etməyə qadir olan qəddarlıq mövcuddur...
İlk günlər erməni "strateqləri" bu "əməliyyatı" lap əvvəldən planlaşdırıb həyata keçirdiklərini heç gizlətmirdilər də. Həqiqətən, Xocalı çox mühüm strateji mövqe tuturdu: aeroport, magistral avtomobil yolu... Ermənilər iddia edirdilər ki, qəddar azərbaycanlılar buradan buluddağıdan "Alazan" qurğusu vasitəsilə "Stepanakerti" atəşə tuturlar (bu zaman onlar Şuşanı əsl döyüş "Qrad"ları ilə gülləbaran etdikləri barədə susmağa üstünlük verirdilər, hətta Rusiya televiziyasının verilişlərində Xankəndinin atəşə tutulmasına dair "qorxulu kadrlar"a illüstrasiya kimi Şuşada yanan evlərin görüntülərini verməkdən belə çəkinmirdilər).
Sonra vəziyyət dəyişdi. Çünki dünya bildi ki, Xocalı şəhəri necə məhv edilib və onun sakinləri necə dəhşətlər yaşayıb. Onların günahı yalnız erməni ekspansio- nistlərinin özününküləşdirməyə can atdıqları torpaqda yaşamaları idi. Burada küçə döyüşlərinin dramatik kadrları olmayıb. Xocalı "möhkəmləndirilmiş alınmaz qala" deyildi, şəhərə isə rusların 366-cı motoatıcı alayının zirehli texnikası - tanklar və ZTR-lər hücum edilmişdi.
Xocalıya hücumda iştirak etmiş Rusiya hərbi hissələrindən birinin əks-kəşfiyyat rəisi V.Savelyev sonralar etiraf etmişdi: "Mən bütün bunlar haqqında yazmaya bilməzdim. İnsanların, uşaq və qadınların, hamilələrin, gəlinlərin güllələnmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, o qanlı və amansız hadisələrdə heç nə edə bilmədim. Yalnız yazdığım məxfi arayışı Kremlə və SSRİ Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə də göndərdim. Oxuyun, dedim. Görün, bizim rus zabitinin şərəfi necə ləkələnib" ("Məxfi arayış" kitabından).
Ən böyük dəhşət isə sonra başladı. Şəhər ərazisindən kənarda insanları soyuqqanlılıqla güllələyəndə.
Burada, fikrimcə, mövzudan bir qədər uzaqlaşmaq lazımdır. Beynəlxalq humanitar hüquqa əsasən, hərbi əməliyyatların gedişində yaşayış məntəqələri tutulanda dinc əhalinin şəhəri tərk etməsi üçün koridor yaradılır. Bundan başqa dinc əhalini hücum haqqında xəbərdar edirlər - Əfqanıstanı bombalamazdan əvvəl Amerika HHQ-nin qabaqcadan radio cihazları atmasını və onların köməyi ilə dinc əhalini xəbərdar etməsini xatırlamaq kifayətdir.
Xocalı faciəsi dünya birliyinin diqqət mərkəzində olanda erməni nümayəndələri çətin suallara cavab vermək məcburiyyəti qarşısında qaldılar - dinc əhalinin evakuasiyası üçün koridor saxlanmışdımı? Onlar da əmin edirdilər ki, koridor saxlanmışdı və əhali xəbərdar olunmuşdu. Hansı vasitələrlə? Burada rəylər fərqlənirdi. Öncə Xankəndidə "Memorial"ın nümayəndələrini əmin edirdilər ki, şəhərə vərəqələr atılıbmış. Amma vərəqələri təqdim edə bilmədilər. Elə qaçqınlar da vərəqələr haqqında heç nə eşitməmişdilər. Sonra yeni mülahizə yarandı: ZTR-lərdə qurulmuş səsgücləndiricilərlə məlumat veriblər. Döyüş gurultusu altında bu "məlumatı" eşitməyin mümkün olub-olmaması isə ritorik sualdır. O fevral gecəsində bir istiqamət var idi: güllə atılmayan yer. Şəhərin şərq istiqamətində sakitlik idi, məntiqlə, oradan Ağdama, ən yaxın rayon mərkəzinə çatmaq olardı.
Məhz burada "Moskovskie novosti"nin müxbiri Viktoriya İvleva, özünün dediyi kimi, hücum edənlərin birinci yox, ikinci eşelonunda hərəkət edərkən, sonra öz reportajında da qeyd etmişdi ki, Xocalı ətrafında ona qarşı "buluda bənzəyən nəyin isə" hərəkət etdiyini görmüşdü. Bu, döyüşün səsinə evlərindən çıxmış yarıçılpaq adamlar idi. "Azərbaycanlıların arasında ən axırıncı üç kiçik uşaqlı qadın gedirdi. O, zorla gəzir, tez-tez yıxılırdı. Məlum oldu ki, uşaqlarının ən kiçiyi cəmi ikigünlükdür".
Amma Ağdama - bir neçə kilometrlik məsafədəki şəhərə hələ çatmaq lazım idi. Özü də erməni yaraqlılarının nəzarəti altında olan ərazidən, meşədən, qayalardan, qışda, qarın içində, şaxtada... Qaçqınların arasında isə həm yaralılar, həm yaşlılar, həm də uşaqlı qadınlar var idi. Və burada ən dəhşətli faciə başladı, çünki bu koridor, əslində, bir neçə kilometrlik tələ idi: insanları soyuqqanlılıqla erməni atıcılarının pusqusuna qovurdular. Qaçqınları əvvəlcə Katuk kəndi yaxınlığında atəşə tutdular, özü də hərbi sənətin bütün qaydaları ilə - üç tərəfdən. Bir neçə yüz adam öldürüldü və əsir alındı, amma bu hələ faciənin sonu deyildi. Apofeoz Naxçıvanik kəndi yaxınlığında baş verdi. Qaçqınlar ora sübhçağı çatmışdılar. Məhz orada meşə zolağı qurtarırdı. Və burada əsas qırğın başladı: qadınları, uşaqları, qocaları ciddi-cəhdlə və soyuqqanlılıqla güllələyirdilər - ZTR-lərdən, pulemyotlardan, avtomatlardan. Sonra isə yaralıların axırına çıxdılar.
Növbəti pusqu qaçqınları Gülablı, Şelli kəndləri yaxınlığında gözləyirdi. Sonra isə Çingiz Mustafayevin elə orada, Naxçıvanik ətrafında çəkdiyi lentlər bütün dünyanı dolaşdı. Çingiz özü həmin çəkilişi belə xatırlayırdı:
"... İlk dəfə gülləbaran ərazisinə fevralın 28-də vertolyotla, iki hərbçinin müşayiəti ilə gəldik. Havadan cəsədlərlə dolu, təxminən, 500 metr radiuslu meydançanı gördük. Pilotlar enməyə ehtiyat edirdilər, çünki ərazi erməni yaraqlılarının nəzarətində idi. Amma biz hər halda endik və vertolyotdan düşən kimi atəş açıldı. Bizi müşayiət edən milislər cəsədləri qohumlarına çatdırmaq üçün vertolyota yükləməli idilər. Onlar yalnız dörd cəsəd götürə bildilər. Həm də hamı əsl şok içində idi. İki nəfər bu qədər öldürülmüş və eybəcər hala salınmış adamı görüb huşunu itirdi, əksəriyyətin ürəyi bulanırdı...
Martın 2-də biz xarici jurnalistlərlə gələndə də eyni hadisə baş verdi. Cəsədlərin əksəriyyəti daha da eybəcər hala salınmışdı. Onları bir neçə sutka ərzində təhqir etmişdilər...".
Rusiyalı hərbi müxbir Yuri Romanov sonralar öz kitabında dəhşətli mənzərəni belə təsvir edirdi: "Mən dairəvi pəncərədən baxıb qeyri-mümkün dərəcədə dəhşətli səhnəyə inana bilmirəm. Dağətəyinin sarı otları üzərində, kölgədə hələ qarın ərimədiyi yerdə cansız adamlar uzanıblar. Yaxın üfüqə qədər bu nəhəng əraziyə qadınların, qocaların, oğlan və qızların - körpələrdən tutmuş, yeniyetmələrə qədər - meyidləri səpələnib. Cəsəd qalaqları içərisində iki fiqur - nənə və nəvə seçilir. Ağ saçları açıq nənə papaqlı mavi gödəkçə geymiş nəvəsinin yanında uzanıb. Onların ayaqları, nə üçünsə, tikanlı məftillə bağlıdır, nənənin isə həm də əllərinə məftil dolanıb. Hər ikisinin başına güllə vurulub.
Dörd yaşlarında qızcığazın son hərəkəti əllərini nənəsinə tərəf uzatmaq olub".
İsrail nasiri Petr Lyukimson "Kuryer" qəzetində yazırdı: "Heç kim bu görünməmiş cinayəti gizlətmək üçün xocalılıların meyitlərini basdırmaq haqqında belə düşünməmişdi, - onlar, sadəcə, dağlara səpələnib qalmışdı və uçuş yüksəkliyindən jurnalistlərin gözü önündə dəhşətli, əsl sürrealist mənzərə canlanırdı".
Bu dəhşətli qətliamın hərbi əhəmiyyəti yox idi. Amma başqa - siyasi məna qalırdı. Xocalı qəddar və hesablanmış qorxutma aksiyası idi. Tanınmış Britaniya jurnalisti Tomas de Vaalın "Qara bağ" kitabında Ermənistanın hazırki baş naziri Serj Sərkisyanın sinizm və səmimiliyi ilə dəhşətə gətirən müsahibəsi verilib: "Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşmirdilər ki, ermənilər dinc əhaliyə atəş açarlar. Biz bu stereotipi dağıda bildik".
De Vaalın fikrincə, "Sarkisyanın qiyməti Qarabağ müharibəsinin ən qəddar qırğınına fərqli bucaq altında nəzər salmağa məcbur edir. İstisna deyil ki, bu kütləvi qətllər, bilvasitə olsa belə, qəsdən törədilmiş qorxutma aktı olub".
Lakin 366-cı alayın da, şübhəsiz, öz haqq-hesabı olub. Rəsmi versiya: alay o qədər səfilləşib və çürüyübmüş ki, hərbçiləri silahları və texnikaları ilə birlikdə, sadəcə olaraq, yerli erməni avtoritetlərinə "icarəyə verirmişdilər". Bu, əlbəttə, həqiqətdir. Amma tam həqiqət yox. Xatırladaq: məhz o günlərdə keçmiş ittifaq respublikalarının öz silahlı qüvvələrini yaradacaqları, yoxsa qeyri-müəyyən "MDB silahlı qüvvələri"nə, yəni elə həmin sovet ordusunun yeni adlı qurumlarına ümid edəcəkləri məsələsi həll olunurdu. Və bu mübahisələrin fonunda 366-cı alayın Xocalı qırğınında iştirakı Azərbaycanı inandırmalı idi ki, əvvəla, 1991-ci ilin oktyabrında yaradılmış, daha doğrusu, bərpa olunmuş hərbi qüvvələrimiz vətəndaşları qorumaq iqtidarında deyil, ikincisi, Moskva ilə zarafat etmək olmaz. Ən başlıcası isə, ermənilər əmin idilər ki, Sumqayıt fitnəkarlığının ildönümündə Xocalı qətliamını törətməklə, günahlarının bağışlanmasını təmin ediblər: dünya "əzabkeş ermənilərin" "Sumqayıtın qisasını almaq" hüququnu tanıyacaq. Qisas həm də papaqlı mavi gödəkcə geyinmiş o qızcığazdan, onun nənəsindən, Viktoriya İvlevanın qaçqınlar arasında gördüyü qadının ən kiçik uşağından alındı...
Amma məhz Xocalı faciəsi elə bir yolayrıcı oldu ki, ondan sonra dünya anladı: burada, Cənubi Qafqazda heç də hər şey "millətlərin öz müqəddəratını təyin etməsi" formuluna uyğun gəlmir. Fransız jurnalisti Jan-İv Yunet etiraf edirdi: "...Biz Xocalı faciəsinin şahidi olduq, həlak olmuş yüzlərlə dinc sakinin - qadınların, uşaqların, qocaların və Xocalı müdafiəçilərinin cəsədlərini gördük. Bizə vertolyot vermişdilər və uçuş yüksəkliyindən Xocalı ətrafında gördüyümüz mənzərəni lentə aldıq. Lakin ermənilər vertolyotu atəşə tutdular və biz çəkilişləri başa çatdıra bilmədik. Bu, dəhşətli mənzərə idi. Mən müharibələr, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, amma ermənilər 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla, faşistləri geridə qoydular. Biz xəstəxanalarda, vaqonlarda, hətta uşaq bağçaları və məktəblərdə də çoxlu yaralı gördük".
Britaniyanın "Front layn nyus" teleşirkətinin jurnalisti Rori Patriks belə qənaətə gəlmişdi: "Xocalıdakı cinayətə dünya ictimaiyyəti qarşısında heç nə ilə haqq qazandırmaq olmaz".
Onun həmyerlisi Anatol Leven yazırdı: "Dağlıq Qarabağın qarlı təpələrinə yaxınlaşanda bütün əraziyə səpələnmiş cəsədləri gördük. Tamamilə aydındır ki, bu, baş götürüb qaçan əhalinin meyitləri idi".
"İzvestiya"nın müxbiri V.Belıx yazırdı: "Zaman-zaman Ağdama canlı girovlarla dəyişdirilmiş cəsədlər gətirilir. Amma ən dəhşətli yuxuda da belə şey görmək mümkün deyil: çıxarılmış gözlər, kəsilmiş qulaqlar, qoparılmış baş dərisi, başsız bədənlər, bədənsiz başlar... Təhqirlərin sərhədi yoxdur".
Lakin Xocalı faciəsinin ən dəhşətli nəticəsi başqadır. Şəhərin və onun əhalisinin məhvinin günahkarlarından heç biri cəzalandırılmayıb. Robert Köçəryan və Serj Sərkisyan kimi "iri fiqurlar" Ermənistanda yaxşı siyasi mövqe qazanaraq, ən yüksək dövlət postları tutublar. Həmin o 366-cı alayın hərbçiləri də məsuliyyətdən qaça biliblər. Günahkarların məsuliyyətə cəlb olunması barədə məsələ Minsk qrupu çərçivəsindəki danışıqlarda yada belə salınmır.
Və "Oqonyok" jurnalistləri "reportaj hazırlamaq üçün" Xankəndinə gələndə müşayiətçilərdən birinin Xocalıda artıq təmir olunmuş və köçməyə hazırlaşdığı evi onlara göstərməsindən sonrakı şokdan heç cür qurtara bilmirdilər. Jurnalistlər başa düşmürdülər ki, insan bir müddət əvvəl avtomatdan atəş açdığı, qətl törətdiyi evdə necə yaşaya bilər...
Amma reallıqda bu - ermənisayaq "müqəddərat təyinetmə" - məhz belədir.
MƏSLƏHƏT GÖR: