15 Mart 2025

Şənbə, 00:42

ÖLKƏNİN GƏLƏCƏYİ YALNIZ İQTİSADİ UĞURLARLA YOX,

HƏM DƏ ONUN SİYASİ SİSTEMİNİN MODERNLƏŞDİRİLMƏSİ İLƏ MÜƏYYƏNLƏŞİR

Müəllif:

15.02.2008

ÖlkƏnin dinamik inkişafı milli inkişafın prioritetlərinə daim düzəlişlər olunmasını tələb edir. Azərbaycan prezidenti İlham Əliyevin fevralın 5-də ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev Fondu tərəfindən ona "İlin adamı" mükafatının verilməsi mərasimində etdiyi çıxışının əsas məğzində də məhz bu dayanırdı. Prezident Əliyev əksər çıxışlarında olduğu kimi, bu dəfə də ölkənin hazırkı iqtisadi inkişafına qiymət verdi, qarşıdan gələn müddət üçün onun daxili və xarici siyasi prioritetlərini açıqladı.

Dövlət başçısı iqtisadi inkişaf məsələsinə xüsusi diqqət ayırdı və bu sahədə enerji layihələrinin uğurlu icrasının xüsusi rolunu qeyd etdi. İlham Əliyev bildirdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində əvəzolunmaz və etibarlı tərəfdaşa çevrilib. İqtisadi islahatlar, sənaye istehsalının artımı, büdcənin gəlir hissəsinin 10 dəfə artması, effektiv enerji siyasəti ilə daxili sosial-siyasi sabitliyin ahəngi, ölkənin regional təşəbbüskar rolu kimi faktorların Azərbaycanın inkişafı üçün tarixi əhəmiyyət daşıyıdığını deyən İ.Əliyev onların ölkənin regional və beynəlxalq mövqeyinin güclənməsi prosesinin əsasını təşkil etdiyini də söyləyib.

Dövlət başçısı dünyanın aparıcı şirkətlərinin bir müddət əvvəl Davosda keçirilən Dünya İqtisadi Forumunda hazırladıqları hesabat və reytinqlərə də istinad edib. Məlum olduğu kimi, 1979-cu ildən bəri ənənəvi olaraq Davos forumuna Dünya İqtisadi Forumunun (DİF) strukturlarında çalışan alim və ekspertlərdən ibarət qrup dünya ölkələrinin sosial-iqtisadi inkişafına dair ətraflı icmal hazırlayır. Bu xülasələr bu və ya digər ölkə, yaxud bazarla bağlı qərarlar qəbul edən investorlar, dünya biznesi və siyasətinin liderləri üçün özünəməxsus indikator, "mayak" rolunu oynayır. Bu il forumun aparıcı iqtisadçılarının da təmsil olunduğu DİF-in ekspert qrupu növbəti icmalını hazırlayıb və onun bazası əsasında dünyanın biznes ictimaiyyətinin daha çox etibarını qazanmış  131 ölkə üçün ulobal rəqabətədavamlılıq cədvəlini təqdim edib. 2007-ci ildə cədvəl hər ölkənin sosial, maliyyə, siyasi, iqtisadi, investisiya, institusional və digər inkişaf parametrlərinə əsasən hazırlanmışdı. Nəticədə, Azərbaycan 2007-ci ildə 131 ölkə arasında 66-cı yeri tutub və bu zaman Vyetnam, Braziliya, Ukrayna, hətta Avropa İttifaqının üzvləri olan Rumıniya və Bolqarıstan kimi dövlətləri üstələyib. Bundan başqa, bütün əsas göstəricilərə görə, Azərbaycan postsovet məkanının əksər ölkələrini də üstələyərək, yalnız Rusiya ilə Qazaxıstandan geri qalıb. 

Lakin təqdim etdiyimiz cədvəldən göründüyü kimi, makroiqtisadi sabitlik, infrastrukturun inkişaf səviyyəsi, iqtisadiyyatın innovasiya potensialının inkişafı və özəl sektorun inkişafı kimi vacib sahələrdə Azərbaycan, hətta bu iki dövləti də üstələyib.

Prezident İ. Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir ciddi layihənin reallaşdırılması mümkün deyil. Bu dəfə isə bu tezis qonşu Ermənistanla bağlı daha konkret şəkildə ifadə edilib - işğal olunmuş torpaqlar azad edilməyənədək, işğalçı dövlətlə hər hansı qarşılıqlı fəaliyyət və əməkdaşlıq mümkün deyil.

Azərbaycanın müdafiə imkanlarının möhkəmləndirilməsi də əvvəlki kimi İ.Əliyevin diqqət mərkəzində olub. Bu haqda danışan dövlət başçısı hərbi büdcənin artırılmasının, həmçinin hərbi sənayenin gücləndirilməsinin davam etdiriləcəyini bildirib və qeyd edib ki, ölkədə artıq ilk hərbi təyinatlı məhsul istehsal edilib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətə gəlincə, İlham Əliyev açıq şəkildə vurğulayıb ki, bu prosesdə müşahidə edilən pozitiv məqamlar, hər şeydən əvvəl, Azərbaycanın iqtisadi, siyasi, enerji və hərbi sahələrdə potensialının artmasının nəticəsidir.

Dövlət başçısının çıxışının vacib məqamlarından biri də qonşu ölkələr - Rusiya, Gürcüstan və İranda yaşayan soydaşlarımızın hüquq və maraqlarının müdafiəsi haqda olub. İ.Əliyev bildirib ki, Azərbaycan onların rifah halının yüksəldilməsi və təhlükəsizliyinin təminatı ilə bağlı məsələyə biganə qala bilməz.

Siyasi sistemin modernləşdirilməsi və ölkənin demokratikləşdirilməsi mövzusuna da toxunan prezident bildirib ki, ölkənin gələcəyi yalnız iqtisadi faktorlarla ölçülmür. İ.Əliyev qeyd edib ki, müasir siyasi sistem yaradılmadan və ictimai inkişafda demokratik prinsiplər tam bərqərar olmadan, əldə edilən iqtisadi uğurlar müvəqqəti xarakter daşıyacaq. 

Onun sözlərinə görə, iqtisadi və siyasi islahatların paralel şəkildə aparılmadığı cəmiyyətlərdə dur-ğunluq yarana bilər.

Bu, Azərbaycan prezidentinin çıxışında rast gəldiyimiz və ölkənin siyasi sisteminin modernləşdirilməsinə real, obyektiv tələbatı əks etdirən çox prinsipial və vacib amildir. Bu fikirləri eyni zamanda müxalifət dairələrinin və bəzi ölkələrin Azərbaycanın demokratiya və insan haqları sahəsində inkişafdan geri qalması iddialarına cavab da saymaq olar. Xüsusilə vacib məqamlardan biri, dövlət başçısının insan haqlarının müdafiəsi məsələsindən ölkənin daxili işlərinə müdaxilə üçün istifadə edilməsinin yolverilməzliyi haqda fikri oldu. İ.Əliyev qeyd edib ki, mövcud şəraitdə Azərbaycanda demokratiya mümkün olan maksimum həddədir, ölkədə bütün əsas azadlıqlar - söz, sərbəst toplaşmaq, siyasi fəaliyyət və iqtisadi sərbəstlik azadlıqları təmin olunub.

Ümumilikdə, ölkənin və cəmiyyətin müasirləşdirilməsi tezisi daim prezidentin çıxışlarında hiss edilib. Amma bu gün prezidentin səsləndirdiyi fikrin kökündə duran əsas məsələ odur ki, ölkənin uğurlu modernləşdirilməsi yalnız iqtisadi və siyasi islahatlarla paralel şəkildə həyata keçirilə bilər. Çünki bütün bunlar prosesin gedişində ayrılmaz və bir-biri ilə sıx bağlı olan məsələlərdir.


MƏSLƏHƏT GÖR:

476