
O GETDİ, LAKİN SÖZ VERDİ Kİ, QAYIDACAQ…
Müəllif: Redaksiya
Rusiya prezidenti Vladimir Putinin bu vəzifədə yerli və əcnəbi jurnalistlərlə son görüşü başlayanda jurnalımızın bu nömrəsi çapa hazır idi. Bu, Putinin indiyədək keçirdiyi sayca 7-ci "böyük mətbuat konfransı" idi və jurnalistlərlə bu görüşündə o, demək olar ki, 8 illik prezidentlik fəaliyyətinə yekun vurdu.
Tədbirdə rekord sayda jurnalistin iştirakı da, bəlkə, elə məhz bununla bağlı idi.
Rusiya prezidentinin budəfəki "böyük mətbuat konfransı" əvvəlkilərlə müqayisədə daha çox - 4 saat 40 dəqiqə çəkdi, orada iştirak etmək üçün akkreditə olunmuş jurnalislərin sayı isə 1364 nəfər idi.
Müqayisə üçün xatırladaq ki, Vladimir Putinin ötənilki ənənəvi mətbuat konfransı 1232 jurnalistin iştirakı ilə 3 saat 32 dəqiqə davam etmişdi.
Bu dəfə Putin, demək olar ki, özünün bütün fəaliyyət dövrünə yekun vurdu. Prezident postundakı fəaliyyətindən razı qalan Putinin buna kifayət qədər əsası da var. Bəli, onu bəzən ölkədəki son demokratiya işartılarını boğmaqda günahlandırırlar. Lakin Putin ən azı Rusiya iqtisadiyyatını gücləndirib və onun beynəlxalq arenadakı itirilmiş mövqelərini bərpa edib.
Kreml sahibi prezidentin üzərindəki məsuliyyətin ağır yük olduğunu etiraf edib. "Bəzən elə qərarlar qəbul etmək lazım gəlir ki, onu səndən başqa heç kim qəbul edə bilməz", - deyən Putin amerikalı həmkarının da qeydinə qalıb: "Elə bilirsiniz, Buş üçün asandır?".
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçiləri ilə əlaqədar insidentə toxunan Kreml sahibi bir daha bəyan edib ki, Rusiya ilə qəbul etmədiyi şərtlərlə danışmağa heç kəsə imkan verilməyəcək. O qeyd edib ki, Rusiya üçün o qədər də xoş səslənməyən "DTİHB" abbreviaturayası daşıyan bir təşkilatın Moskvadan nəsə tələb etməyə haqqı çatmır. "Bu onların arzularıdır. Yaxşısı budur, gedib öz arvadlarına şorba bişirməyi öyrətsinlər", - deyə Putin bildirib.
Lakin Rusiya prezidentinin Qərbə məsləhətləri bununla bitməyib. Kreml sahibi onlara separatizmə dəstək verməməyi, Kosovonun müstəqilliyini tanımağa tələsməməyi, Serbiyanın ərazi bütövlüyünün pozulmasına yol verməməyi tövsiyə edib. Bununla yanaşı, Putin yenidən Abxaziya və Cənubi Osetiyanı xatırladıb, üstəlik, 40 ildir müstəqilliyinin tanınmasını gözləyən Şimali Kipri də onlara qoşub: "Avropalılar! Siz məsələlərə belə ikili standartlarla yanaşan zaman heç utanmırsınız? Bizə deyirlər ki, Kosovo fərqli, xüsusi haldır. Bütün bunlar yalandır".
Rusiya ilə Qərbin hərbi mübahisələrinə gəlincə, burada vəziyyət daha qorxuludur. Putin Polşa və Çexiyada ABŞ-a məxsus raketdən müdafiə sistemlərinin (RMS) yerləşdiriləcəyi və Ukraynanın NATO-ya qəbul ediləcəyi halda Rusiyanın öz raketlərini həmin obyektlərə tərəf tuşlamağa məcbur olacağı barədə bəyanatını bir daha təkrarlayıb.
Yeri gəlmişkən, Putinin bu bəyanatı artıq Qərbin narahatlığına səbəb olub. NATO-dakı mənbə məsələ ilə bağlı RİA "Novosti"yə deyib: "Belə danışıq tonu bizim xoşumuza gəlmir. Bu, Rusiya ilə NATO arasındakı münasibətlər üçün qəbuledilməzdir".
Bu arada Moskva ilə Ukrayna arasında mavi qaz probleminin aradan qaldırılması istiqamətində vəziyyət daha ümidverici görünür. Hər halda, ukraynalı həmkarı Viktor Yuşşenko ilə görüşdən sonra Vladimir Putin bu barədə daha nikbin danışıb.
Ümumilikdə, Rusiyanın səlahiyyət müddətini başa vurmaqda olan prezidenti hesab edir ki, o, qarşıya qoyduğu bütün məqsədlərə nail olub və hədəflərə çatıb. Lakin bir hədəf hələ də qalmaqdadır. Prezident üzərində işlədiyi problemlərdən hansının onu daha çox qıcıqlandırdığı və hələ də həll olunmamış qaldığı barədə sualı belə cavablandırıb: "Korrupsiya". Putin gizlətməyib ki, Dmitri Medvedev prezident seçildiyi halda baş nazir postunu tutarsa, o məhz bu problemin həlli ilə ciddi məşğul olacaq.
Göründüyü kimi, Rusiyanın hazırkı prezidenti başladığı işləri şəxsən başa çatdırmaq fikrindədir və bunu Konstitusiyaya dəyişiklik etmədən və üçüncü müddətə prezident seçilmədən etmək istəyir. Bununla yanaşı, Vladimir Vladimiroviç öz varisinin prezident, özünün isə baş nazir olacağı təqdirdə dövlət başçısı ilə səlahiyyətləri bölüşdürmək fikrində olduğunu da gizlətmir.
Putin deyir ki, Medvedevə inanır və əmindir ki, o, yaxşı prezident olacaq. Dövlət başçısının fikrincə, Rusiya prezidentinin digər xüsusiyyətlərlə yanaşı, özündə birləşdirməli olduğu "iki vacib faktor" var. Bu, həllivacib məsələni müəyyənləşdirməyi bacarmaq və bir də "mızmız olmamaqdır". Medvedev isə özünün bəzi bəyanatları ilə hamıya nümayiş etdirir ki, sözünün kəsərinə görə heç Putindən də geri qalmır. Adi bir misal: "Tərəfdaşlarımız elə düşünməməlidirlər ki, bu (qaz - red.) gözəl plastik borularla gələn müftə halvadır və qiymətindən asılı olmayaraq, onu istədikləri kimi yandıra bilərlər", - bu sözləri Medvedev "Volokolamskaya" kompressor stansiyasının heyəti ilə görüşdə bəyan edib.
Belə misalları çox çəkmək olar. Amma Medvedev nə qədər "sərt" xasiyyətli olsa da, Putinə nə qədər xoş gəlsə də, hazırkı prezident baş nazir postunu tutacağı təqdirdə, öz kabinetində xələfinin portretini asmaq fikrində deyil. "Mənim hökumət başçısı olmağımda bir özünəməxsusluq var. Məsələ ondadır ki, mən özüm 8 il müddətində prezident vəzifəsini tutmuşam və heç də pis işləməmişəm. Medvedevin prezident seçiləcəyi təqdirdə mənim onunla münasibət qurmağım üçün kabinetimdə Dmitri Anatoleviçin portretini asmağıma ehtiyac yoxdur", - deyə Putin bildirib və bununla da "dahi rəhbər" statusunu bundan sonra da özündə saxlayacağını hamıya nümayiş etdirib.
MƏSLƏHƏT GÖR: