
HAMI ÜÇÜN BULVAR
Bakının əsas görməli yerinin yenidən qurulmasına və onun inkişaf konsepsiyasının köklü şəkildə yenidən dərk olunmasına ehtiyac var
Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Bakının əsas görməli yeri olan Dənizkənarı bulvarın indi o qədər də yaxşı vəziyyətdə olmadığını prezident İlham Əliyevin yanvar ayında verdiyi "Azərbaycan Nazirlər Kabineti nəzdində Dənizkənarı bulvar İdarəsinin yaradılması haqqında" fərman da təsdiq etdi. Sənəddə xüsusi olaraq vurğulanır ki, ölkənin intensiv sosial-iqtisadi inkişafı şəraitində Azərbaycan paytaxtının siması da dəyişir. Odur ki belə bir şəraitdə şəhərsalma, istirahət və turizm infrastrukturu, böyüməkdə olan Bakının ekoloji təhlükəsizliyi baxımından xüsusi önəmə malik bu təbii kompleksin qorunub-saxlanması və bərpası xüsusilə vacibdir. Beləliklə, müasir memarlıq tələblərinə uyğun yenidənqurma Dənizkənarı bulvarın idarə olunması sisteminin təkmilləşdirilməsini və mərkəzləşdirilməsini diqtə edir.
İstirahət yeri?
Hazırda Dənizkənarı bulvarın nəyi çatmır? Bu sualı cavablandırmaq həm çətin, həm də asandır. Mütəxəssislər onu praqmatik şəkildə müzakirə və təhlil edəcəklər. Əslində, bunu elə peşəkarlar etməlidirlər - ritorik haşiyələr və sentimental mülahizələrsiz. Fərman yanvar ayında verilib və mütəxəssislərin hansı qənaətə gələcəkləri bəlli deyil: bulvar genişləndiriləcəkmi və ya onun yeni sərhədləri necə olacaq? Tanrı bizə buxtanı - şəhərimizi bir çox başqa şəhərlərdən fərqləndirən təkrarsız gözəlliyi bəxş edib. Bəs biz bu töhfədən necə yararlanmışıq? Bulvar salmışıq və ağaclar əkmişik. Gözümüzün önündə köhnə bulvarın görüntüləri canlanır - sakitlik, təmizlik və dinclik. Ləpələrin səsi, qağayıların qışqırması. Ailələr, uşaqlar, sevgililər.
Çoxları təəccüblənəcək: məgər bu gün bunlar yoxdur? Var, lakin ətrafda ümumi konsepsiya yoxdur. İndiki bulvar qarmaqarışıqdır - musiqili fəvvarələr və xüsusi qulluq olunmuş hissələr ümumi dağınıqlığın arasında qalıb. Bizcə, ən əsas olanı yoxdur - sovet dövrü Dənizkənarı bulvarını indikindən fərqləndirən memarlıq ziyalılığı. İndi bulvarda gəzinti xoşagəlməz təəssürat yaradır - səs-küy, ucadan səslənən və nisbətən kiçik bir sahədə bir-birinə qarışan tamamilə müxtəlif musiqi. Bura oyun aparatlarının və sizi aramsız olaraq çəkinizi öyrənməyə çağıran zəhlətökən danışan tərəzilərin mexaniki səsini, xaotik səpələnmiş attraksionlar və yelləncəkləri də əlavə edin... Şübhəsiz, səs-küydən xilas olmaq istəyən insanlar istirahət üçün Bakı bulvarına üz tutmayacaqlar. Ərazisi belə böyük olan bulvar müasir memarlıq tələblərindən daha çox, bütün yaş həddində olan əhalinin tələblərinə cavab verməlidir. Bu məsələdə parkın ekoloji və psixoloji atmosferi də önəmli rol oynamalıdır.
"R+" müxbirilə söhbətində Azərbaycan Memarlar İttifaqının (Mİ) vitse-prezidenti, respublikanın əməkdar memarı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının vitse-prezidenti Elbəy Qasımzadə deyib: "Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Nazirlər Kabineti nəzdində Dənizkənarı bulvar İdarəsinin yaradılması haqqında" fərmanı, müəyyən dərəcədə, prezident Heydər Əliyevin bulvara Milli Park statusu verilməsi barədə fərmanının davamıdır. Bu çox lazımlı və ardıcıl qərardır". Onun sözlərinə görə, Dənizkənarı bulvara Milli Park statusu veriləndə Bakı şəhərinin icra hakimiyyətinə Dəniz Vağzalı və Əl Oyunları Sarayından başlayaraq, onun sərhədlərini müəyyənləşdirmək tapşırılmışdı. Əməkdar memar deyir: "Bu, təxminən, 2000-ci ildə olub. Elə o vaxt Bakı Dövlət Şəhərlərin Layihələşdirilməsi İnstitutu Dənizkənarı bulvarın Baş Planını tərtib etdi. Bu gün isə prezidentin fərmanından çıxış edərək, yeni Baş Planı tərtib edib, bulvarın Soltan burnuna (Zığ) qədər müasir hüdudları müəyyənləşdirilməlidir".
E.Qasımzadə Milli Parkın ərazisində məhz hansı layihə işlərinin aparılacağını deməyə çətinlik çəksə də, onların zəruriliyi təkzibolunmaz faktdır. Dənizkənarı bulvar Bakının dəniz fasadı olduğundan, onun siması və məzmunu təkcə estetika deyil, həm də mədəni-kütləvi istirahət yeri kimi, rahatlıq tələblərinə də cavab verməlidir.
Yenidən baxılmalı...
"Etiraf etmək lazımdır ki, indi bulvar o qədər də qulluq olunmuş vəziyyətdə deyil. Fikrimcə, Dənizkənarı bulvarın baş planına, bütövlükdə, yenidən baxılmalıdır. Xatirimdədir, bu plan Bakı Dövlət Şəhərlərsalma İnstitutu tərəfindən şəhər İcra Hakimiyyətinin iştirakı ilə tərtib olunarkən biz istirahətin çeşidli növlərini nəzərə almışdıq - uşaqlar və gənclər üçün attraksionlar, yaşlı insanlar üçün daim sakitliyin hökm sürməli olduğu şəhərcik. Bulvar əcnəbi qonaqlar üçün də cazibədar olmalı idi. Dənizkənarı bulvar təkcə yaşıllıqlara bürünmüş rekreasion zolaq, əyləncə yeri olmamalıdır. Milli park müasir mədəni-kütləvi istirahət yerinin bütün tələblərinə cavab verməlidir", - deyə Qasımzadə vurğuladı.
Bu zaman memar hazırda Milli Parkın ərazisində aparılan "Ticarət mərkəzi" tikintisinin arzuolunmazlığını da qeyd etdi. Onun fikrincə, həmin tikili burada yersiz görünəcək. Memar qeyd etdi ki, adətən, mədəni-kütləvi istirahət yerlərində fəaliyyət növü ticarətlə bağlı obyektlər inşa edilmir: "Məsələ ondadır ki, ticarət mərkəzlərinin malların gətirilib-aparılmasını nəzərdə tutan özünəməxsus iş rejimi var. Onlar üçün müvafiq yollar, infrastruktur zəruridir ki, insanların istirahət yerlərində bunların yaradılması məqsədəuyğun deyil".
Üstəlik, memarın fikrincə, hazırda bulvarın ərazisində ucaldılan tikili həddən artıq iridir və Bakının dənizdən görüntüsünün qarşısını kəsəcək: "Kimsə deyə bilər ki, axı şəhərin dənizdən bu görüntüsü kimə lazımdır. Amma bizdə katerlərdə dəniz gəzintiləri var. Eyni zamanda, Bakının Qafqazın iqtisadi inkişaf mərkəzinə çevrildiyini də nəzərə almamaq olmaz. Deməli, müvafiq olaraq, Rusiyadan, Qazaxıstandan dəniz nəqliyyatı üçün yeni yollar da yaradılacaq və genişləndiriləcək. İndi kim zamin dura bilər ki, dəniz turist nəqliyyatı yaradılmayacaq? Niyə də Bakıya yaxınlaşarkən turistlər, əcnəbi vətəndaşlar şəhərin görüntüsünü seyr etməsinlər? Yeni tikilinin arxitekturasına gəldikdə, o elə də pis deyil".
Eyni zamanda, Azərbaycanın əməkdar memarı Dənizkənarı bulvarda Muğam Mərkəzinin inşasını müsbət qiymətləndirdi: "Gözəl layihədir. O, mədəniyyətimizi və iqtisadi yüksəliş baxımından, paytaxtımızın turizm nöqteyi-nəzərindən, cazibədarlığını əks etdirir. Muğam Mərkəzi milli mədəniyyətin və Azərbaycan incəsənətinin digər növlərinin təbliği yeri olacaq".
Tunellər və yol ötürücüləri
Dənizkənarı bulvarın memarlıq simasının və onun konsepsiyasının dəyişməsinin zəruriliyinə əməkdar incəsənət xadimi, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının təftiş komissiyasının sədri, professor, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin dizayn kafedrasının müdiri Rəfael Həsənov da əmindir.
Onun sözlərinə görə, Azərbaycan prezidentinin belə bir fərman verməsi bulvarın təbii kompleksinin qorunub-saxlanması və bərpasına müsbət təsir göstə-rəcək.
R.Həsənov deyir: "Fikrimcə, Dənizkənarı bulvarın müasir memarlıq tələbləri baxımından yenidən qurulmasına, hər şeydən əvvəl, məhz Neftçilər prospektinə aid olan nəqliyyat xətləri sahəsində qərarların qəbulundan başlamaq lazımdır. Burada yeraltı yol və keçidlər, piyadalar üçün məkanlar yaratmaq lazımdır. Neftçilər prospekti Dənizkənarı bulvar üçün işləməlidir - tunel tipli nəqliyyat yolları layihələşdirmək çox vacibdir".
Köhnə Baş Plana əsasən, bulvar Əhmədli qəsəbəsinədək uzanmalı idi. Lakin bu layihə həyata keçirilməmiş qaldı. Elə həmin plana əsasən, Dənizkənarı bulvarın ərazisi 3,5 km təşkil etməli idi. R.Həsənovun fikrincə, "Bu gün bulvarı müasir bölgüyə uyğunlaşdırmalı və onu uşaqlarla böyüklərin istirahət məkanı kimi görmək istəyib-istəmədiyimizi aydınlaşdırmalıyıq. Bəlkə bura tamamilə gəzinti məkanına çevrilməlidir?".
Eyni zamanda, R.Həsənov məlumat verib ki, Azərbaycan Mİ bununla əlaqədar hər hansı bir təkliflə çıxış etməyəcək. Memar qeyd edib ki, "Fikrimcə, bu fərmana əsasən müəyyən müəlliflər qrupu yaradılacaq və həmin qrup Dənizkənarı bulvarın yeni layihəsinin tərtibi ilə məşğul olacaq".
Bununla belə, R.Həsənov bulvar ərazisində, Azadlıq meydanı ilə eyni paraleldə yerləşən, tanınmış Azərbaycan memarı Mikayıl Hüseynovun yaratdığı fontanın yenidən qurulmasını müsbət qiymətləndirməyib.
"Şübhəsiz, Dənizkənarı bulvarın ərazisində mümkün qədər çox fəvvarə olmalıdır. Amma görkəmli Azərbaycan memarı Mikayıl Hüseynovun yaratdığı fontanı qoruyub-saxlamaq lazım idi. Məlumdur ki, paytaxt rəhbərliyi hazırda bu fontanın yenidən qurulması işlərinə başlayıb. Bu, növbəti musiqili fontan olacaq. Amma mənə elə gəlir ki, Mikayıl Hüseynovun yaradıcılığına daha hörmətlə yanaşmalıyıq. Əlbəttə, bu fontanı müasirləşdirmək lazımdır, amma Hüseynovun əli və dəst-xəttini saxlamaq şərti ilə".
Beləliklə, Dənizkənarı bulvarda istirahəti xoşlayanlara ancaq Nazirlər Kabineti mütəxəssislərinin işinin nəticəsini gözləmək qalır. Onlara qısa müddətdə Dənizkənarı Bulvar İdarəsi haqqında Əsasnaməni Azərbaycan prezidentinə təqdim etmək, bulvarın sərhədlərini dəqiqləşdirib təsdiq etmək, burada yerləşən bütün tikililərin, məişət və digər obyektlərin siyahısını müəyyənləşdirmək tapşırılıb. Ümidvarıq ki, Bakı bulvarı yenidən canlanacaq və orada dincəlmək hamıya - qocalara və uşaqlara, gənclərə və ortayaşlılara zövq verəcək. Arzu edirik, bulvar bizim qürur yerimiz olsun və onun gözəlliyi təkcə bakılıları deyil, xarici qonaqlarımızı da heyran etsin. Ekoloqlar isə, əlbəttə, Bakı buxtasını təmizləməyin qeydinə qalmalıdırlar.
MƏSLƏHƏT GÖR: