15 Mart 2025

Şənbə, 00:31

DAVOS: QLOBAL İQTİSADİYYATI BÖHRAN GÖZLƏYİR

Azərbaycan isə bu fonda sabitlik və inkişaf adasını xatırladır

Müəllif:

01.02.2008

İsveÇrƏ Çoxdandır ki, insanlarda mƏşhur pendiri və şokoladı, məşhur saat markaları, həmçinin ən etibarlı bankları ilə assosiasiya olunur. Lakin son 9 ildə bu çiçəklənən və rahat ölkədə daha bir brend yaranıb - bu, dağ kurortu olan Davos şəhəridir. Məhz burada 1971-ci ildən başlayaraq, mütəmadi olaraq, Dünya İqtisadi Forumu (World Economic Forum, WEF) keçirilir. Bu tədbirdə iştirak nüfuz göstəricisi sayılır və dünyanın müxtəlif ölkələrindən olan böyük nüfuza malik sahibkarlar, maliyyəçilər, siyasətçilər, ictimai xadimlər və iqtisadi ekspertlər forumun işində iştirak edirlər.

Budəfəki - 38-ci Davos həftəsi yanvarın 23-27-də keçirildi və tədbirə 2,5 min nümayəndə qatıldı. Onların arasında 30 dövlət və hökumət başçısı, yüzdən artıq nazir, dünyanın 100 ən nəhəng şirkəti və maliyyə institutularından 74 ali menecer var idi. Forumun gedişində onun iştirakçıları fikir müdadiləsi aparır, seminarlarda, təqdimat mərasimlərində və müzakirələrdə iştirak edir, qeyri-formal görüşlər keçirir, üstəlik, gözəl təbiətdən zövq alır və xizəklə sürüşməyin kefini yaşayırlar. Davos bu baxımdan nadir imkanlara malikdir.

Forum iqtisadi olsa da, orada mütəmadi olaraq, siyasi problemlər də müzakirəyə çıxarılır. İndiyədək Rusiya, Çin, Yaxın Şərqdə vəziyyət, İraq problemi və digər məsələlər bu tədbirin müzakirə obyekti olub. Bu il isə forumun əsas mövzusu "İnnovasiya sahəsində əməkdaşlığın gücü" idi. Təşkilatçılar beş əsas müzakirə mövzusu müəyyənləşdirmişdilər: "İqtisadiyyat və maliyyə-qeyri-sabitliyin qarşısının alınması yolları"; "Biznes: rəqabət şəraitində əməkdaşlıq"; "Geosiyasət: fikir ayrılıqlarının aradan qaldırılması yolu ilə ümumi maraqların razılaşdırılması"; "Elm və texnologiya: elmin son nailiyyətlərinin nəzərə alınması ilə təbii şəraitdən istifadənin optimallaşdırılması"; "İctimai dəyərlər: gözlənilən dəyişikliklərin analizi". 

Eyni zamanda beş bölmə üzrə də iş aparılıb və onlar səhər saat 08:00-dan axşamadək davam edib.

Dünya iqtisadiyyatında yaranmış böhran forumda siyasi problemlərin daha geniş müzakirəsinə imkan vermədi. Demək olar ki, Davos həftəsinin açılış günü aparıcı fond meydançalarında çökmə baş verdi. Amma hadisələrin bu cür gedişini gözlənilməz adlandırmaq da olmaz. Davos forumunun İnternet saytında yerləşdirilmiş məruzə də bu fikri təsdiqləyir: orada aparıcı ekspertlər bu və ya digər problemin kəskinləşməsi ehtimalını 5 ballıq şkala üzrə qiymətləndiriblər. Sənəddə ümumdünya maliyyə böhranı təhlükəsi maksimum balla qiymətləndirilib - 5,0. 

İkinci yerdə ABŞ və Avropada daşınmaz əmlakın qiymətinin tənəzzülə uğraması (4,8), üçüncü yerdə isə ərzaq məhsullarının qiymətinin artması gəlir (4,5). 

Bundan başqa, ekspertlər hesab edirlər ki, neftin qiyməti bundan sonra da artmaqda davam edəcək (4,0), atmosfer və suyun ən çox çirkləndirildiyi ölkələrdə bu ənənə aradan qalxmayacaq (3,8).

Son illər dünyada buna oxşar tədbirlərin polislə antiqlobalistlər arasında ciddi toqquşmalarla müşayiət olunmasına baxmayaraq, bu dəfə hər şey sakitçiliklə keçdi. Şübhəsiz, təhlükəsizlik qüvvələri indiyədək baş verənlərdən nəticə çıxararaq, önləyici tədbirləri yüksək səviyyədə həyata keçirmişdilər. Bundan başqa, dünyada vüsət almaqda olan iqtisadi böhranın səs-küylü etiraz aksiyaları təşkil edən antiqlobalistlərə də təsir göstərdiyi istisna deyil.

38-ci Davos Dünya İqtisadi Forumu "Gələcəyə inamla" adlı birgə bəyanatın qəbul edilməsilə başa çatdı. Bu dəfə dünyanın aparıcı ölkələrinin rəhbərləri tədbirə qatılmadılar. Bu səbəbdən də dünya böhranından narahatlıq keçirənləri sakitləşdirmək missiyası ABŞ-ın dövlət katibi Kondoliza Raysın üzərinə düşdü. O, sadəcə, ölkəsinin prezidenti Corc Buşun Amerika iqtisadiyyatının "möhkəmliyi" və Vaşinqtonun adekvat addımlar atmağa hazır olması haqda bəyanatlarını təkrarlamaqla kifayətləndi. 

Digər Qərb dövlətlərinin təmsilçiləri də oxşar nikbinliklə çıxış etdilər. Lakin məşhur amerikalı maliyyəçi Corc Soros bildirdi ki, dolların "qızıl erası"nın sonu, ABŞ-ın iqtisadi tənəzzülü yaxınlaşır və çox güman ki, bunlardan qaçmaq mümkün olmayacaq. Sorosun sözlərinə görə, maliyyə bazarının özü-özünü tənzimləyəcəyinə ümid bəsləmək olmaz və dövlət situasiyaya müdaxilə etməlidir.

Ümumiyyətlə, Davos forumu dünya iqtisadiyyatı və siyasətinə diaqnozun qoyulduğu bir məkandır. Bu il üçün diaqnozu isə ümidverici adlandırmaq olmaz. Yaranmış vəziyyətlə bağlı qərarların qəbul edilməsinə gəlincə, bu daha dar çərçivədə, məsələn, "Böyük səkkizlik" adlanan "G-8"in sammitində, dünyanın aparıcı maliyyə institutları və nəhəng dövlətlərin mərkəzi banklarının rəhbərlərinin bağlı qapılar arxasında keçirilən görüşlərində baş verir. Qlobal situasiyaya ciddi təsir göstərmək imkanında olmayan orta və kiçik dövlətlərsə, ilk növbədə, risklərin minimuma endirilməsi və yaşanan böhrandan öz ölkəsini qorumaq qalır.

Bu baxımdan, Azərbaycan prezidenti İlham Əliyevin Davos forumunda iştirakı nümunəvidir. Çünki Azərbaycana böyük neft gəlirləri axmağa başlayıb və onların dünyada yaşanan iqtisadi və maliyyə böhranı fonunda düzgün paylaşdırılması və idarə olunması kifayət qədər çətin məsələyə çevrilir. Bunun bilavasitə müvafiq vəzifəli şəxslərin üzərinə düşdüyü aydındır. Lakin ən əsas məsuliyyət yenə də dövlət başçısının üzərindədir və bu səbəbdən onun dünya siyasəti və iqtisadiyyatında hökm sürən atmosferi şəxsən hiss etməsi faydalı işdir. Azərbaycan özünün enerji resursları, inkişaf edən bazarı, möhkəm maliyyə vəziyyətilə maliyyə böhranı ilə yüklənmiş bir çox ölkələrdən fərqlənir və bu səbəbdən də getdikcə özünə daha böyük diqqət cəlb edir. Belə sərfəli konyukturanı əldən vermək olmazdı və ondan inkişafın sürətləndirilməsi üçün səmərəli istifadə edilməsi vacib idi. Prezident Əliyev Davos forumunda olduğu üç gün ərzində bu məsələlərin öhdəsindən fəal şəkildə gəldi.

İlham Əliyev Davosda dövlət və hökumət başçıları, bir sıra ölkələri təmsil edən nazirlərlə görüşlər keçirdi. Onların arasında İsveçrə prezidenti Paskal Kuşper, Ukraynanın dövlət başçısı Viktor Yuşşenko, Albaniya Nazirlər Şurasının rəhbəri Sali Beriş, Macarıstanın baş naziri Ferens Dyurçan, İranın xarici işlər naziri Manuçehr Mottaki, İsrailin xarici siyasət idarəsinin rəhbəri Sipi Livni, Yorski Hersoqu Endryu, Böyük Britaniyanın biznes, sahibkarlığın inkişafı və nizamlama islahatları üzrə dövlət naziri Con Hatton, Amerika Yəhudi Komitəsinin icraçı-direktoru Devid Xarris, Cənubi Afrikanın Afrika Milli Konqresinin rəhbəri Cakob Zuma kimi isimlər var.

İş adamları və maliyyə elitasının təmsilçilərinə gəlincə, İ.Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Jan Lömerlə görüşdü, həmçinin, "bp Group" şirkətinin icraçı direktoru Entoni Xeyuordu, "Citi Group"un rəhbəri Uin Bişofu, Amerikanın "Global Hyatt" şirkətinin rəhbəri və sahibi Tomas Priskeri, Britaniyanın "Euromoney Institutional Investor PLC" şirkətinin rəhbəri Padraik Fallonu qəbul etdi.

Azərbaycanda müasir informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı strateji kursun göstəricisi isə bu sahədə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə keçirilən görüşlər və aparılan məhsuldar danışıqlar oldu. Forumda Azərbaycanın dövlət başçısını rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun müşayiət etməsi də nümunəvi məqamlardan biridir. İsveçrədə olduğu müddətdə İ.Əliyev CISCO-nun rəhbəri və icraçı-direktoru Con Çambersonu, "Microsoft" şirkətinin tədqiqatlar və strategiya üzrə direktoru Kreyq Mandini də qəbul edib. Qeyd edək ki, "Microsoft" Azərbaycanda Elektron İnformasiya Mərkəzi yaratmaq fikrindədir. Bundan başqa, dünyaca məşhur olan bu şirkətlə İKT sahəsində digər layihələrin də həyata keçirilməsi nəzərdə tutulub.

Bununla yanaşı, İKT-nin inkişafı, əsasən, yaxın gələcəyin işidirsə, enerji resursları və onların dünya bazarlarına çıxarılması məsələsi Azərbaycanın artıq bugünkü real əhəmiyyətini müəyyənləşdirir. Ölkəmizin və onun rəhbərinin məhz bu məsələnin müzakirəsi zamanı diqqət mərkəzində olması heç də təəccüblü deyil. Prezident İlham Əliyev forumun gedişində "Enerji sənayesində günəş enerjisinin rolu" mövzusunda keçirilən iclasa qatıldı və "Enerji təhlükəsizliyi və Azərbaycanın alternativ enerji mənbəyi kimi rolu" mövzusunda məruzə ilə çıxış etdi. Çıxışında Cənubi Qafqaz regionunda həyata keçirilən enerji layihələrindən, Avropanın enerji resursları və təhlükəsizliyinin təmin olunmasında Xəzərin əvəzedilməz rolundan söz açdı. Nabucco kimi layihələrin perspektivindən, Azərbaycanın Avropaya inteqrasiya siyasətindən, regional əməkdaşlıqdan danışan İ.Əliyev Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq bildirdi ki, Cənubi Qafqazda sülh, sabitlik və tam əməkdaşlıq üçün bu problemin həlli vacibdir.

Enerji problemləri İ.Əliyevin V.Yuşşenko ilə görüşündə də diqqət mərkəzində oldu. Dövlət başçıları Odessa-Brodı-Plosk-Qdansk neft kəməri layihəsilə bağlı əməkdaşlıq, Azərbaycan, Gürcüstan, Litva, Polşa, Ukrayna, həmçinin Estoniya, Latviya, Slovakiya, Türkiyə, Rumıniya və Bolqarıstanın iştirak edəcəyi vahid enerji tranziti məkanının yaradılması məsələlərini müzakirə etdilər. Görüşdə İlham Əliyev 2008-ci ilin mayında Kiyevdə keçirilməsi nəzərdə tutulan enerji sammitində iştirak edəcəyini də bildirib.

Beləliklə, Davos forumu dünya iqtisadiyyatının hara getdiyi, qlobal böhrandan qaçmağın mümkün olub-olmayacağı haqda suallara cavab tapmadan yekunlaşdı. Bir şey aydındır ki, mövcud problemlərin bazarın özü tərəfindən tənzimlənəcəyi haqda fikirlərə inanan insanların sayı çox azdır. Böhranın dərinləşdiyi bir şəraitdə dövlətin iqtisadiyyata təsir institutlarının rolu və əhəmiyyəti artır, siyasət və energetikanın, dövlət hakimiyyəti və maliyyənin qarşılıqlı vəhdəti isə gündən-günə daha da artır.

Ehtiyatlı, konservativ maliyyə siyasəti, risklərin azaldılması, infrastruktur layihələrinin həyata keçirilməsi və iqtisadiyyatın real sektorları Azərbaycanın, hətta yaşanan böhranın fonunda sabitlik və inkişaf adası olaraq qalmasına kömək edə bilər.



MƏSLƏHƏT GÖR:

459