15 Mart 2025

Şənbə, 00:42

AMERİKA QARADƏRİLİ PREZİDENTƏ HAZIRDIRMI?

Həm demokratların, həm də respublikaçıların seçicilərinin əksəriyyəti növbəti prezidentdən dəyişikliklər tələb edir

Müəllif:

01.02.2008

Amerikada seÇkiqabağı kampaniya getdikcə qızışmaqdadır. Nyu-Hempşirdə yanvarın 19-da keçirilən ilkin seçkidə Hillari Klinton qələbə qazandı (51%). Nevadada olduğu kimi, burada da seçicilərin əksəriyyətinin qadınlardan ibarət olması xanım Klintonun qələbəsində böyük rol oynadı: xanım seçicilərin 59%-i ona səs verdi.

Barak Obama isə öz növbəsində, Nevadanın qaradərili seçicilərinin 69%-nin səsini əldə edib. Proses bundan sonra da bu cür davam edərsə, o, yanvarın 26-da Cənubi Karolinada keçiriləcək ilkin seçkidə də eyni nəticəni göstərəcək - orada da seçicilərin, demək olar ki, yarısını afroamerikalılar təşkil edir. 

Qeyd edək ki, ötən həftə Las-Veqas kazinolarının heyətini də özündə birləşdirən yerli həmkarlar ittifaqı təşkilatlarının Obamaya dəstək verməsindən sonra müşahidəçilər belə qənaətə gəliblər ki, o, Nevadada da qalib gələcək. Çünki bu ştatda da həmkarlar ittifaqlarının rolu həddindən artıq böyükdür. Lakin bəzi politoloqlar Nevadanın əhalisinin 1/5%-nin latın amerikalılardan ibarət olduğunu və onların tarixən qaradərililərə o qədər də ürəkdən dəstək vermədiyini xatırladırlar.

Ola bilər ki, Hillari Klintonun Obamanı latın amerikalılar arasındakı səsvermədə 38% üstünlüklə arxada qoyması məhz bununla bağlı idi. O həmçinin katoliklər, kişilər, yaşlılar və ağdərililər arasında da daha böyük dəstəyə nail olub. 

Üstəlik, artıq ardıcıl olaraq, ikinci dəfə demokratik  koalisiyanın ənənəvi ictimai qrupları məhz ona səs verib. Bu isə fevralın 5-də eyni vaxtda 22 ştatatda ilkin seçkilərin keçiriləcəyi "superçərşənbə axşamı" ərəfəsində Obama üçün problemlər yaradır. Bununla yanaşı, bu gün (material Cənubi Karolinadakı ilkin seçkidən əvvəl hazırlanıb) Obama Klintonu Demokrat Partiyasının qurultayındakı nümayəndələrinin sayına görə də üstələyir  - 25 nümayəndə 24 nəfərə qarşı. Nəzərə alaq ki, partiyanın prezidentliyə namizədi məhz qurultayda müəyyənləşdiriləcək...

Hazırkı ilkin seçki mərhələsində əksər siyasətçi və analitiklərin diqqəti məhz Klinton-Obama duelinə yönəlib.  Çünki Buş administrasiyasının o qədər də uğurlu olmayan idarəçiliyindən sonra respublikaçıların bu seçkilərdə qələbə qazanacağına inananlar o qədər də çox deyil.

Həqiqətən də maraqlıdır, ABŞ-ın Demokrat Partiyası kimi özünün prezidentliyə namizədi elan edəcək: 60 yaşlı Hillari Klintonu, yoxsa Konqresin hazırkı tərkibində yeganə afroamerikalı olan 46 yaşlı kiçik Barak Hüseyn Obamanı? Bu, hazırda ABŞ-da qızışmaqda olan prezident seçkisi yarışının əsas intriqalarından biridir. Biz də öz növbəmizdə bu böyük siyasi döyüşə qatılan yeni siyasətçiyə diqqətlə nəzər salmağa çalışaq.

Obama özünün uşaqlıq və gənclik illəri haqda "Atamdan irsən keçmiş arzular" kitabında ətraflı yazıb. 1995-ci ildə işıq üzü görmüş kitabda Obama yazır: "Atamın ətrafımdakı insanlara bənzəməməsi və qara olması, anamın isə süd kimi ağ olması praktik olaraq, mənim düşüncəmə heç bir təsir göstərməyib". O, kitabda indoneziyalı və çinli qohumlarını da daxil etdiyi böyük ailəsini "balaca BMT" adlandırıb.

Kiçik Barak Hüseyn Obama 1961-ci il avqustun 4-də Havaya ştatının paytaxtı Qonoluluda anadan olub. Gələcək prezidentliyə namizədin atası böyük Barak Hüseyn Obama ABŞ-a iqtisadiyyatı öyrənmək üçün gəlib. Ağdərili amerikalı anası Stenli Enn Danhem isə antropologiyaya üstünlük verib. Barakın hələ iki yaşı olan zaman  isə onun valideynləri ayrılıblar. Atası təhsilini davam etdirmək üçün Harvarda, daha sonra isə geriyə, Keniyaya yollanıb. Enn Danhem isə indoneziyalı tələbə ilə yenidən ailə qurub. 1976-cı ildə Obama İndoneziyaya köçüb, 1980-ci ildə isə Havayaya qayıdaraq, orada özəl orta məktəblərdən birini bitirib.

Obama ictimai fəaliyyətə 1985-ci ildə Çikaqoda dini icmaların nümayəndələri ilə birlikdə pis vəziyyətdə olan rayonların sosial inkişafı sahəsində çalışmaqla başlayıb. Çikaqoya gəlməzdən əvvəl isə Nyu-Yorkda yerləşən Kolumbiya Universitetində siyasi elmləri, xüsusilə də beynəlxalq münasibətləri öyrənib, həmçinin, xarici ölkələrdə biznes fəaliyyətinə başlamaq istəyən biznesmenlərə xidmət göstərən kiçik konsaltinq şirkətində çalışıb.

1988-ci ildə Obama Harvard Universiteitinin hüquq məktəbinə daxil olub, 1990-cı ildə isə universitetdə nəşr olunan "Harvard Law Review" jurnalının ilk qaradərili redaktoru olub.

Həmçinin məhz o, hüquqşünasların Harvard klubunun, az qala, birəsrlik tarixində ilk qaradərili prezidenti olub.

Əksər ekspertlər hesab edirlər ki, Obama hazırkı kampaniyasında məhz qanunları mükəmməl bilməsindən əsas üstünlüklərindən biri kimi istifadə edəcək. Üstəlik, onun nəzəri biliklərilə yanaşı, təcrübəsi də var. 1991-ci ildə təhsilini başa vuran Obama Çikaqoya qayıdıb və burada 9 il vətəndaş azadlığının müdafiəsilə məşğul olan təşkilatda vəkil kimi fəaliyyət göstərib.  Paralel olaraq, o, Çikaqo Universitetinin hüquq fakültəsində konstitusiya hüququnu tədris edib. "Mən konstitusiyanı oxumuş, onu tədris etmiş, ona inanan və əməl edən prezident olacağam", - deyə "Financial Times" Obamadan sitat gətirir.

1992-ci ildə Obama hüquqşünaslıq sahəsində təcrübə keçən Mişel Robinson ilə nikaha girib. Onların Malia və Saşa adlı iki qızları var. Obama və xanımı Çikaqodakı xristian kilsələrindən olan Trinity United Church of Christ kilsəsinə daim baş çəkirlər.

Obamanın sözlərinə görə, onun əsas əyləncəsi basketbol və pokerdir.

Çikaqoda isə siyasət onu özünə cəlb edib. 1997-ci ildən 2004-cü ilədək Obama İllinoys ştatının Senatında Demokrat Partiyasını təmsil edib. 2000-ci ildə Nümayəndələr Palatasına düşmək uğrunda mübarizəyə qatılsa da, məğlub olub. 2004-cü ildə Obama İllinoys ştatından ABŞ Senatındakı yerlərdən birini əldə etmək uğrunda mübarizəyə qatılıb. İlkin seçkidə o, 6 rəqibi üzərində inamlı qələbə qazanıb. Seçki zamanı isə respublikaçı Alan Keyesi böyük səs çoxluğu ilə üstələyib. 

Senator səlahiyyətlərinin icrasına 2005-ci il yanvarın 4-də başlayan Obama ABŞ-ın ilk afroamerikalı senatoru kimi tarixə düşüb. Ətraf mühitin problemləri və ictimai işlər, veteranlar və beynəlxalq münasibətlər komitələrində təmsil olunan Obama Senatdakı fəaliyyəti dövründə 152 qanun layihəsi irəli sürüb və daha 427 belə sənədin hazırlanmasında iştirak edib. 

Onun maraq dairəsində olan məsələlər sırasına nüvə tərk-silahı, ABŞ-da immiqrasiya, iqlim dəyişiklikləri və tibbi sığorta daxildir.

Ümumxalq şöhrətini isə Obama 2004-cü il iyulun 24-də Demokrat Partiyasının qurultayındakı çıxışı ilə qazanıb. Faktik olaraq, bu onun amerikalı seçicilər üçün təqdimatı sayıla bilər. "Elm xadimləri ölkəmizi "qırmızı" və "mavi" ştatlara ayırmağı sevirlər: "qırmızılar" respublikaçılar, "mavilər" isə demokratlar üçün", - deyə partiyadaşlarına müraciətlə bildirib: "Lakin biz... ulduz və zolaqlı bayrağa inamını qoruyub-saxlayan vahid xalqıq". 

Respublikaçılara və demokratlara bölünmüş xalqın birləşdirilməsinin vacibliyinə dair tezisdən Obama sonradan prezident seçkisi kampaniyasında da bir neçə dəfə istifadə edib. Ölkənin əsas postu uğrunda yarışa qatılmaq niyyətini isə o, ötən il fevralın 10-da İllinoys ştatının Sprinqfild şəhərində tərəfdarları ilə keçirdiyi mitinqdə bəyan edib.

"O, həmişə prezident seçilmək arzusunda olub", - deyə "New Yorker"  jurnalına açıqlamasında Obamanın köhnə dostu Valeri Cerret bildirib: "O, daim mənə deyirdi ki, xüsusi keyfiyyətlərə malikdir və həmin keyfiyyətlərin boş yerə xərclənməsi yolverilməzdir".

İş elə gətirdi ki, Obamanın arzuları ilə imkanları üst-üstə düşdü. Kapitolidə peyda olan Obama tez bir zamanda mətbuatın marağını özünə cəlb etdi və qısa müddətdə Vaşinqtonun ən tanınan siyasətçilərindən birinə çevrildi. 2006-cı ilin payızında politoloqlar artıq qaradərili senatorun qarşıdan gələn prezident seçkisində qüvvəsini yoxlamasının mümkünlüyünü bildirirdilər.

"Amerika isteblişmenti Corc Buşun ölkəni sürüklədiyi dalandan çıxış yolları axtarır", - deyə Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun direktoru Viktor Kremenyuk yerli "Vedomosti" qəzetinə bildirib. Qeyd edək ki, Obamanın seçkiqabağı proqramında, onun prezident seçiləcəyi təqdirdə, ölkədə radikal dəyişikliklərə yol açacağı və orta sinfin, ələlxüsus da onun daha aşağı təbəqəsinin maraqlarını müdafiə edən siyasət yeridəcəyi açıq şəkildə vur-ğulanır. Kremenyuk hesab edir ki, namizədin seçkiqabağı proqramının məhz bu hissəsi onun seçicilərinə cəlbedici təsir bağışlayır.

Qeyd edək ki, Obama hazırkı ölkə rəhbərliyinin xüsusilə İraq siyasətini kəskin tənqid edir. Hələ 2002-ci ilin sonlarında, prezident seçkisi kampaniyası başlanmazdan xeyli əvvəl mitinqdə çıxış edən senator Obama bəyan etmişdi ki, ABŞ-ın beynəlxalq ictimaiyyətin dəstəyi olmadan İraqa girməsi Yaxın Şərqin gələcəyi baxımından "alovu daha da qızışdıracaq" və "Əl-Qaidə"nin mövqelərini gücləndirəcək: "Mən bütün müharibələrin əleyhinə çıxış etmirəm. Mən yalnız səfeh müharibələrə qarşıyam".

İndi isə namizəd bildirir ki, prezident seçkisində qələbə qazanacağı təqdirdə, ABŞ qoşunlarının İraqdan tədricən, lakin tam çıxarılması prosesinə başlayacaq.

Seçkiqabağı proqramının xarici siyasət hissəsində Obama Rusiyaya da yer ayırır. Onun fikrincə, Rusiya hazırda ABŞ üçün "nə düşmən, nə də yaxın müttəfiqdir". Bununla yanaşı, Obama hesab edir ki, Vaşinqton Rusiyada demokratiyanın möhkəmlənməsinə cəhdlərdən imtina etməməlidir. 

Yeri gəlmişkən, 2005-ci ildə köhnəlmiş kütləvi qırğın silahının istifadəsi və demontajının həyata keçirildiyi müəssisəyə baxış keçirmək üçün məşhur respublikaçı Riçard Luqarın əvəzinə, Rusiyaya məhz Obama gəlmişdi.

Prezidentliyə namizəd seçicilərinə vergilərin azaldılacağı, yeni məktəblərin tikiləcəyi və tibbi sığorta sistemində islahatların həyata keçiriləcəyinə dair də vədlər verir. Onun fikrincə, tibbi sığorta sistemi afroamerikalılar və Latın Amerikasından olan immiqrantlar üçün daha əlçatan olmalıdır.

Barak Obamanın əleyhdarları, əsasən, o fikrə əsaslanırlar ki, namizədin siyasi və idarəetmə təcrübəsi azdır, Amerika isə "iş yerində öyrənəcək" siyasətçinin prezidentliyinə imkan verə bilməz. 

Prezidentliyə digər namizəd Hillari Klinton isə Obamanı "sadəlövh və məsuliyyətsiz" adlandırıb.

Obamanı afroamerikalı siyasətçilər də tənqid edirlər. Onların fikrincə, Obama özünü "ağ siyasətçi kimi aparır". 

Bununla yanaşı, ABŞ-da geniş dairələrdə ölkənin yeni prezidentinin afroamerikalı olmasının mümkün-lüyünə dair fikirlər artmaqdadır. Maraqlıdır ki, Barak Obama ABŞ-ın məxfi xidmətinin seçkiqabağı kampaniyanın başlanmasından 9 ay əvvəl mühafizəçilər ayırdığı ilk prezidentliyə namizəddir.

Obamanın namizəd kimi perspektivi fevralın 5-də 22 ştatda keçiriləcək ilkin seçkilər zamanı məlum olacaq. Bu prosesdən ən iri 6 ştatda - Kaliforniya, Nyu-York, İllionoys, Nyu-Cersi, Corcia və Massaçusetsdə üstünlük qazanacaq şəxs qalib çıxacaq. Yalnız bu halda Demokrat Partiyası ona dəstək verə və məhz Obamanı partiyanın namizədi kimi irəli sürə bilər. "Obama vaxtilə Con Kennedi olduğu kimi, ənənələrdən kənarlaşmanı təcəssüm edir", - deyə V. Kremenyuk qeyd edib. 

Beləliklə, Kennedi ilk katolik prezident olmuşdu, Obamanın isə ilk afroamerikalı dövlət başçısı olmaq şansı var.


MƏSLƏHƏT GÖR:

361