15 Mart 2025

Şənbə, 00:30

BU SOYUQ, QAYNAR DÜNYA

Müəllif:

01.02.2008

Azərbaycanlılar və bu il ölkəmizə baş çəkən insanlar yaxşı bilirlər ki, bu qış anormal dərəcədə soyuq keçir. Yalnız Bakı və Abşeron yarımadasında yanvarın ilk yarısında yağıntıların miqdarı üçaylıq normadan artıq olub. Mənfi 7-9 dərəcə şaxtanın uzun sürməsi isə Odlar Yurdu sakinlərinin o qədər də ürəyincə deyildi. 

Bununla yanaşı, fevral ayı üçün hava proqnozu da sən deyən ürəkaçan olmadı. Maraqlısı isə o idi ki, Azərbaycanın qar altında qaldığı bir vaxtda uzaq şimalda - Moskvada nə qar, nə də rusların vərdiş etdiyi şaxtalar qeydə alınıb. Sanki qütblər yerlərini dəyişir. Lakin bütün bunlar təbiətin işidir. İnsanlar bu işə qarışa bilməz.

Dünyadakı siyasi ab-havanı isə insanlar müəyyən edir və burada hələ də köhnə siklonlar hökm sürür. Özü də siyasi dünyada rəqabət Şimal və Cənub arasında deyil, Qərb və Şərq arasında gedir. Görünür, onlar yerlərini dəyişmək fikrində deyillər. Siyasətdə hökm sürən siklonlardan hər biri dünyaya meydan oxumağa iddialıdır. Bu səbəbdən də onların münasibətlərində hələ də qış, özü də çox sərt qış hökm sürür.

Bu gün ətrafında qış soyuqluq yaşanan məsələlərdən biri Kosovo münaqişəsidir. ABŞ və Avropa bu bölgənin müstəqilliyini tanıyacaqları ilə hədələyir, Rusiya isə Serbiyanın ərazi bütövlüyünün pozulmasını yolverilməz sayır. Beləliklə, münasibətlərdə soyuqluq qalır və istiləşmə haqqında heç kim danışmağa tələsmir.

Lakin bu, yanvarda müşahidə olunan son soyuqlaşma deyildi. Avropa ilə münasibətləri onsuz da isti olmayan Rusiya bu ay əvvəlcə Böyük Britaniya, daha sonra isə Avropa ailəsinin yeni üzvü olan Latviya ilə diplomatik qalmaqallar yaşadı. Təfərrüatlara varmayaraq, yalnız onu qeyd edək ki, birinci halda Moskva Britaniya Şurasının filiallarının qanunsuz fəaliyyət göstərdiyini deyərək, onları bağladı və London bu məsələdə köhnədən qalan incikliklərin izini axtarmağa başladı. Lakin Britaniya mətbuatı ölkədən 34 rus diplomatının çıxarılacağını yazsa da, bu baş vermədi.

İkinci halda isə Latviya Rusiya diplomatını casusluqda günahlandıraraq, onu persona non-qrata elan etdi. Kremlin buna cavabı da adekvat oldu. Və bununla da Latviya prezidenti Valdas Adamkusun dediyi kimi, "insident bitdi".

Lakin əvvəlcədən proqnozlaşdırılması mümkün olan iqlim dəyişiklikləri ilə müqayisədə, bir sıra problemlər nə qədər proqnozlaşdırılsa da, hələ də bitməyib. Burada artıq söhbət heç də Qərblə Şərqin qarşıdurmasından getmir. Yanvarın ikinci yarısı dünyanın bütün fond birjalarında kifayət qədər "qaynar" keçib. Yeni ilin əsas mövzularından biri və bəlkə də, birincisi, dünyada yaşanan və episentri ABŞ-da yerləşən maliyyə böhranı olub.

İlin əvvəli hesabat vaxtıdır. Bu il də belə oldu. Amma hesabatların uğursuz nəticələri fond bazarlarında panikaya səbəb olub. ABŞ-da yaşanan ipoteka böhranı ilə əlaqədar şirkətlərin üzləşdiyi ziyan iqtisadçıların gözləntilərini üstələdi və bütün dünyada satış dalğasının artmasına səbəb oldu. Nəhəng şirkətlərin səhmləri 7 gün ərzində xeyli ucuzlaşdı. ABŞ iqtisadiyyatının zəifləməsindən ehtiyatlanan metal və enerji istehsalçıları tələbatın azaldacağından təşvişə düşdülər. 

Nyu-Yorkda isə neftin bir barrelinin qiyməti dünyada enerji resurslarının aparıcı əsas istehlakçısı olan ABŞ-dakı iqtisadi artımın azalacağı təhlükəsilə əlaqədar olaraq, 87 dollara düşdü.

Vəziyyətin gərginləşdiyini görən ABŞ, beynəlxalq təşkilatların təzyiqilə də olsa, federal uçot dərəcəsini daha 0,75% azaltmağa qərar verdi. Yalnız bundan sonra bazarlarda situasiyanın bərpasını göstərən müəyyən əlamətlər yarandı. Eyni zamanda, analitiklər düşünürlər ki, ABŞ-ın monetar siyasətdə geriyə çəkilməsi davam edəcək və çox güman ki, uçot dərəcəsi daha 50 bənd aşağı salınacaq.

Bəlkə də ABŞ-ı daha köklü tədbirlərə əl atmağa çağıran Beynəlxalq Valyuta Fondu və Dünya Bankı məhz bunu nəzərdə tuturmuş. Bəlkə də. Amma bir məqam aydındır ki, bir il əvvəl Davos iqtisadi forumunda bədbin proqnozlara görə tənqid hədəfinə çevrilən ekspertlərin dedikləri çin çıxdı. Ümid edək ki, heç olmasa, bu il onlar yanılacaqlar. Hər halda, proqnoz çox nisbi anlayışdır. Hava proqnozundan başqa...


MƏSLƏHƏT GÖR:

421