Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Qadın voleybolçulardan ibarət Azərbaycan yığması mövsümü uğurlu nəticə ilə başa vurmağı bacardı. Avropa Çempionatının pley-off mərhələsində Slovakiya ilə qarşılaşan Aleksandr Çervyakovun yetirmələri ümumi nəticə qalib gəlməklə final mərhələsinə vəsiqə qazandı.
Bakıda keçirilən ilk görüşdə 3:0 hesablı qələbə qazanan komandamıza final mərhələsinə yüksəlmək üçün səfərdə 2 seti öz xeyrinə başa vurmaq lazım idi. Amma millimiz fərqli taktika seçməklə riskdən qorxmadı. Belə ki, rəqib ilk seti 26:24 hesabı ilə qazandığından, onlar növbəti hissələrə güc sərf etmədilər. Əvəzində, slovaklar bütün gücünü istifadə edərək cavab görüşündə quru hesabla qələbə qazandılar. Belədə, ümumi hesab bərabər olduğundan, Slovakiya və Azərbaycan voleybolçuları arasında "qızıl set"ə ehtiyac duyuldu. Həlledici hissə üçün gücünü qoruyan millimiz bu dəfə özünü yaxşı tərəfdən göstərməklə rəqibə heç bir şans vermədi. "Qızıl set"də rəqibindən üstün olan yığmamız ardıcıl 6-cı dəfə Avropa Çempionatının finalına yüksəldi.
Azərbaycan millisinin ümumi çıxışına müsbət qiymət vermək olsa da, ayrı-ayrı voleybolçuların oyununda ciddi səhvlərin olduğunu etiraf etməmək olmur. Komanda oyunu, əzmkarlıq uğurumuzun əsas sirri oldu. Müdafiədə etibarlı, hücum zamanı gözlənilməz zərbələr Slovakiya yığmasının məğlubiyyətində böyük rol oynadı. Bununla belə, voleybolçularımız qitə birinciliyinə vəsiqə qazanmaqla vəzifələrinin başa çatdığını düşünməməlidi. Ardıcıl 6-cı dəfə çıxış edəcəyimiz Avropa Çempionatında nəticə qazanmaq vaxtı çoxdan çatıb. Son qitə birinciliyindən fərqli olaraq bu dəfə Azərbaycan millisi layiqli çıxış etməklə yanaşı mümkün qədər irəliləməyə çalışmalıdı.
Belçika və Hollandiyada keçiriləcək Avropa Çempionatının final mərhələsinin bütün iştirakçıları artıq müəyyənləşib. 16 komandanın yer alacağı qruplar rəsmən elan olunub. Azərbaycan yığması B qrupunda mübarizə aparacaq. Antverpendə çıxış edəcək komandamız Belçika, Türkiyə və Macarıstanla qüvvəsini sınayacaq. Aleksandr Çervyakovun yetirmələri ilk matçını sentyabrın 26-da Türkiyəyə qarşı keçirəcək. Ertəsi gün Belçikanı sınağa çəkəcək komandamız ayın 28-dəki son turda Macarıstanla üz-üzə gələcək.
Azərbaycan millisinin baş məşqçisi Aleksandr Çervyakov "R+"a açıqlamasında "Avro-2015"ə ciddi hazırlaşacaqlarını bildirib: "Millimizin qarşısında ilk məqsəd Avropa Çempionatına vəsiqə qazanmaq idi. Komanda idman növlərində uğur qazanmaq asan deyil. Bu mənada ardıcıl altıncı dəfə qitə birinciliyində iştirak etməyimiz voleybolumuzun gücündən xəbər verir. Voleybolçularımız tapşırıqları düzgün yerinə yetirdi. Onlardan razı qaldım. Cavab görüşünün çətin olacağını bilirdik. Ona görə taktiki cəhətdən ciddi hazırlaşmışdıq. İlk setdə uduzduqdan sonra hər şeyin "qızıl set"də həll olacağını bilirdim. Adətən Slovakiya kimi komandalar doğma divarlar arasında daha yaxşı çıxış edir. Buna görə biz diqqətli olmalıydıq. Voleybolçularımız sona qədər mübarizə apardı və əlavə hissədə 15:6 hesablı qələbə qazandıq. Hazırda bütün diqqətimiz ilk Avropa Oyunlarına yönəlib. Bildiyiniz kimi, bu yarışda qitənin ən güclü voleybol komandaları mübarizə aparacaq. Yarış Bakıda keçirildiyindən mümkün qədər uğurlu çıxış etməyə çalışmalıyıq. Digər tərəfdən, voleybolçuları zədədən qorumaq vacbidir. Avropa Oyunlarından sonra komanda istirahətə buraxılacaq və ardınca qitə birinciliyinə hazırlaşmalıyıq. Proqnoz vermək istəməzdim. Azərbaycan millisi bütün yarışlarda layiqincə çıxış etməyə çalışır. Bəzən istədiyimiz alınır, bəzən yox. Avropa Oyunlarında və qitə birinciliyində maksimum dərəcədə yaxşı çıxış etməyə nail olmalıyıq".
Xatırladaq ki, qadın voleybolçularımız ilk Avropa Oyunlarında iyunun 21-dən etibarən mübarizəyə qoşulacaq. Millimizin ilk rəqibi Türkiyə yığması olacaq.
MƏSLƏHƏT GÖR: