
OLİMPİYA BUMU
Azərbaycan “Bakı-2016” ərizə kitabını Beynəlxalq Olimpiya komitəsinə təqdim edib
Müəllif: Zəki FEYZULLAYEV Bakı
Ötən idman ili Azərbaycan idmançılarının Bakıda keçirilən böyük beynəlxalq turnirlərdəki yalnız parlaq qələbələri ilə yadda qalmadı. Məhz ötən mövsümdə Azərbaycan olimpiya hərəkatının təbliğatında yüksək keyfiyyətli yeni mərhələyə qədəm qoydu. Söhbət Bakının 2016-cı il Olimpiadasına ev sahibliyi etmək iddiasını ortaya qoymasından gedir. Sözügedən layihənin yaxın illər üçün ölkənin əsas prioritetlərindən biri olduğunu nəzərə alsaq, bu addımın böyük perspektivləri var.
Hər şey sıfırdan başlayır...
Artıq Azərbaycan 2016-cı il Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə ərizə kitabını Beynəlxalq Olimpiya Komitəsinə təqdim edib. Bununla da paytaxtımızın olimpiya oyunlarında ev sahibi adını qazanmaq üçün görüləcək işlərin ilkin mərhələsi, demək olar ki, başa çatıb. Bakının ərizə kitabında Olimpiadanın fəlsəfəsindən başlayaraq, bütün aspektlər - Bakının nə üçün ona ev sahibliyi etmək istəyinin səbəblərindən tutmuş, olimpiya irsinədək hər şey əksini tapıb.
Onun hazırlanması prosesində isə Milli Olimpiya Komitəsinin (MOK) imzaladığı müvafiq razılaşmalara əsasən, Amerika və Almaniya şirkətləri iştirak edib. Bakının bu yarışda ilk dəfə iştirak etməsinə baxmayaraq, bəzi ekspertlər Azərbaycan paytaxtını ikinci seçim mərhələsinə keçmək gücündə olan şəhərlər sırasına aid edir. Xüsusilə, gənclər və idman naziri Azad Rəhimov bu fikirdədir. O hesab edir ki, Bakıda Olimpiadanın keçirilməsi yaxın zamanlarda reallığa çevrilə bilər. "Biz mütəmadi olaraq, təşkilat komitəsinin toplantılarını keçirir, dövlət səviyyəsində müxtəlif məsələlərin müzakirəsinə qatılırıq. İnansaz da, inanmasaz da, şəhərimizin iddiaçılar yarışını udacağına inam günü-gündən artır", - deyə nazir qeyd edib.
"Bakı-2016"nın Təşkilat Komitəsinin məsul katibi İlham Mədətov isə bildirib ki, artıq Bakının ərizəsinin loqotipi də hazırdır. Digər tərəfdən, 2016-cı il Yay Olimpiya Oyunlarının keçirilməsinə iddia edən digər şəhərlərin də adı məlumdur. Onlar daha ciddi namizədlər hesab edilə biləcək Tokio, Madrid, Rio-de-Janeyro, Praqa, Doha və Çikaqodur. Bu paytaxtlardan hər birinin özünəməxsus kozırı var. "Bakı-2016" Təşkilat Komitəsi isə əsas gücü bir məqama yönəldib: bu nüfuzlu yarışa ev sahibliyi uğrunda mübarizəni Bakı qazanarsa, ölkədəki bütün idman kompleksləri sıfırdan tikiləcək.
Bu arada Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Xikkinin fikirləri ciddi səs-küyə səbəb olub. Söhbət onun namizədlər arasında Praqa, Doha və Bakını daha şanslı görməsi haqda açıqlamasından gedir. Qurum rəhbəri fikirlərini belə əsaslandırıb ki, BOK əsasən bu nüfuzlu turnirlərin keçirilmə hüququnu meqopolislərə deyil, kiçik şəhərlərə həvalə edir. Odur ki Bakının ilk seçmə mərhələsindən ikinci tura keçmək və yarışın favoritlərindən birinə çevrilmək şansları var. Soçi nümunəsini də unutmaq olmaz: 2014-cü ilin Qış Olimpiya Oyunlarının keçirilməsi üçün paytaxtın bir dənə belə beynəlxalq standartlara cavab verən idman kompleksinin olmamasına baxmayaraq, dövlətin, şəxsən prezident Vladimir Putinin BOK-a verdiyi zəmanət hər şeyi həll edib.
Mexanizm belədir
Namizəd şəhərlərin seçilməsi sisteminin detallarına nəzər salsaq, görərik ki, BOK turnirin keçirilməsindən 9 il əvvəldən ərizələrin qəbuluna başlayır. Bəzən elə olur ki, bir ölkə bir neçə böyük şəhərini Olimpiadaya ev sahibliyi etmək üçün namizəd göstərir. Məsələn, 2016-cı il üçün ABŞ yarışa Çikaqo və Los-Anceleslə qoşulub və seçim birincinin xeyrinə edilib. Odur ki, əvvəlcə şəhərlər öz ölkələrinin ərizələrini BOK-a təqdim edir və hər bir ölkədən vahid namizəd seçilir. "İlk təşəbbüs şəhərin özü tərəfindən göstərilməli idi. Paytaxt meri Hacıbala Abutalıbov da Bakının 2016-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyini rəsmən ortaya qoydu və Azərbaycan MOK-u bu haqda xəbərdar edildi. Biz müraciətə baxdıq, onu bəyəndik və təşəbbüsə tam dəstək verdik", - deyə MOK-un vitse-prezidenti Çingiz Hüseynsadə bildirib.
Bu gün sorğu vərəqəsinin doldurulması üzərində iş gedir və orada idman obyektlərinin durumundan tutmuş, şəhərin və ümumilikdə dövlətin maliyyə imkanları, Olimpiya Kəndi və yeni idman qurğularının tikintisinin biznes-planınadək bütün məsələlər əksini tapır. Sənədlərin hazırlanması zamanı digər dövlətlərin təcrübəsi - yalnız idmanla əlaqədar məqamlar yox, həm də infrastruktur - yollar, aeroportlar, mehmanxanalar, nəqliyyat və bir çox digər məqamlar öyrənilir. "Prosesdə ən müxtəlif sahələrin təmsilçiləri iştirak edir, "Bakı-2016"nın dəstəklənməsi üzrə Təşkilat Komitəsi yaradılıb və oraya bütün nazirliklərin nümayəndələri daxil edilib, onlar prosesdə bu və ya digər formada iştirak edirlər. Axı biz MOK olaraq, 2016-cı il üçün şəhərin inkişaf planının necə olduğunu bilmirik. Odur ki hazırda məhz bu məqamlar üzərində işləyirik", - deyə Ç. Hüseynzadə qeyd edib.
Digər rəqiblərlə müqayisədə Bakının üstünlüklərindən danışan Ç.Hüseynzadə Azərbaycanın yüksək temp-lərlə inkişaf etdiyini və bunun əcnəbi mütəxəssislər tərəfindən də vurğulandığını bildirib: "Bu, bizim yaxın 7-9 il ərzində Olimpiadanın Bakıda keçirilməsinin iqtisadi aspektləri ilə bağlı bütün məsələləri həll edəcəyimizi söyləməyə əsas verir. Digər tərəfdən, Azərbaycanda bütün olimpiada qurğuları sıfırdan tikiləcək və hesab edirəm, bu, vacib məqamdır. Çünki yarışların keçiriləcəyi arenaların tikintisi sabahkı günün layihələridir. Biz bu təşəbbüslə bir neçə il öncə çıxış etsəydik, bir çoxları təəccüblənərdi. Lakin son illər ərzində Azərbaycanda dünya və Avropa çempionatları da daxil olmaqla, bir çox nəhəng turnirlər keçirilib. BOK-un tərkibinə kimlər daxildir? Müxtəlif idman növləri üzrə federasiyaların nümayəndələri və onlar bədii gimnastika, voleybol üzrə lisenziyalı turnir və digər turnirlər keçirmiş ölkələrin imkanları ilə tanışdırlar. Düşünürəm ki, təşkil olunan olimpiya seçmə turnirlərinin sayına görə Azərbaycan yalnız MDB dövlətləri arasında lider deyil, həmçinin Avropada aparıcı yerlərdən birini tutur".
Bütün bunlarla yanaşı, 2016-cı il Olimpiadasına ev sahibliyinin Köhnə Dünya ölkələrinə verilmə şansının yüksək olmadığına dair ciddi fikirlər mövcuddur. Məsələ ondadır ki, 2012-ci il Olimpiadası Londonda keçiriləcək və 2014-cü ilin Qış Olimpiya Yarışının Soçidə keçiriləcəyini nəzərə alsaq, Avropanın 2016-da da turnirə ev sahibliyi etmək şansının yüksək olmadığı aşkardır. Ç.Hüseynzadə də bu fikirlə razıdır. Bununla yanaşı, Avropanın böyük şəhərlərinin yarışda iştirak etmək fikrində olduğunu xatırladan vitse-prezident bu mübarizədə diplomatik yox, idmanla bağlı məqamların əsas götürüldüyünü də qeyd edir.
Ç.Hüseynzadə Bakının debüt mübarizəsində əldə ediləcək hansı nəticənin ölkə üçün uğurlu sayıla biləcəyini söyləməkdə çətinlik çəkib: "Hazırda bu haqda danışmaq çətindir. Məsələ ondadır ki, seçim mexanizmi iki mərhələyə bölünür - iddiaçılar və namizədlər mərhələsi. BOK iddiaçılar siyahısından şəhərləri seçir və bundan sonra onlar arasında namizəd statusunda mübarizə başlayır. Əlbəttə, Bakının ikinci mərhələyə adlaması arzuediləndir. Lakin ənənəyə uyğun olaraq, orada şəhərlərin sayı məhdud olur. Hesab edirəm ki, Bakının iddiaçılar siyahısına düşməsi belə, bizə üstünlük verir və şəhər istənilən halda, infrastrukturun yaxşılaşması üzərində işləməlidir. Dövlət isə bu işə kifayət qədər geniş vəsait ayırır. Odur ki 2016-cı il Olimpiadasına ev sahibliyi uğrunda yarışda mümkün qədər uzağa getmək bizim marağımızdadır. Hər halda, ərizənin verilməsi faktının özü həm olimpiya hərəkatına, həm də Azərbaycanda idmanın inkişafına yeni perspektivlər açır. Bu istiqamətdə işlər Bakının 2016-cı il Olimpiadasına ev sahibliyi etmək hüququnu qazanıb-qazanmamasından asılı olmayaraq, davam etdiriləcək. İstənilən halda, şəhərdə abadlıq işləri davamlı aparılacaq. Sadəcə, Bakının namizədliyi üzərində dayanılarsa, hansısa obyektlərin və ya nəqliyyat qovşaqlarının tikintisi Olimpiadaya uyğunlaşdırılacaq".
MƏSLƏHƏT GÖR: