14 Mart 2025

Cümə, 11:34

HANQAN ÇAYI ÜZƏRİNDƏ MÖCÜZƏ

Cənubi Koreya öz qonaqlarını təkcə iqtisadi sıçrayışla heyran etmir…

Müəllif:

09.06.2015

Biz Seula may ayının 17-si çatdıq. Aydın, günəşli bir gün idi. İnçeon hava limanındakı isti qarşılanmadan sonra, 14 saatlıq uçuşun yorğunluğunu belə unutmuşduq. Koreya Fondu tərəfindən bizi müşayiət etmək üçün görəvləndirilən gülərüz, xoşsifət gənc xanım özünü Saşa kimi təqdim etdi. "Sizin üçün belə rahat olar. Bütün rusdilli qonaqlar məni məhz belə çağırırlar", - deyə tərcüməçi Ço Hey-Yon bildirdi. Onunla tanışlığımız elə Cənubi Koreya ilə tanışlığımızın uğurlu başlanğıcı oldu.

 

Möcüzələr ölkəsi Koreya

Hava limanından otelə gedən yolda apardığımız ilk müşahidələr göstərdi ki, bugünkü Koreya artıq nə "Sübh Təravəti Ölkəsi", nə də "Səhər Sakitliyi Torpağı"dır. İndi bu, böyük canlanmanın olduğu, qayğısız turistlərin səs-küylü küçələrdə heyranlıqla ora-bura boylandığı dinamik inkişaf edən bir dövlətdir.  

Bugünkü Koreyanın ən doğru adı "Hanqan çayı üzərində möcüzə"dir. Daha doğrusu, ölkəni vətəndaş müharibəsinin xarabalıqlarından ayağa qaldırmış və kənd təsərrüfatı diyarından ixracyönümlü iqtisadiyyata çevirmiş sürətli inkişafın möcüzəsi.  

Ötən əsrin 60-cı illərində dünyanın ən yoxsul ölkələrindən sayılan Koreya Respublikası bu gün iqtisadi qüdrətinə görə, dünyada 11-ci yeri tutur. Yaxın illərdə isə koreyalılar ilk onluğa daxil olmağı düşünürlər. Xarici ticarət dövriyyəsinə görə dünyada 8-ci yeri, mobil telefon istehsalına görə isə 2-ci yeri tutan bu ölkənin avtomobil sənayesi dünya üzrə ilk beşlikdə qərar tutub. Dünya gəmiqayırmasının yarısına yaxını da məhz Cənubi Koreyanın payına düşür. Hazırda gəmiqayırmada bu ölkə ilə yalnız Çin və Yaponiya rəqabət apara bilir. "Samsung" və "LG", "Hyundai" və "KİA" kimi nəhənglər də Hanqan çayı üzərindəki "möcüzə"dən əmələ gəlib. 

Müasir Koreya iqtisadiyyatında yüksək texnologiyalar, sözün yaxşı mənasında, meydan oxuyur. Genişzolaqlı internet toru bütün ölkəni bürüyüb və demək olar ki, hər yerdə pulsuz Wi-Fi şəbəkəsinə qoşulmaq mümkündür. Bu, "iqtisadi möcüzə deyil, bəs nədir"?!

 

Tərki-dünya əcdadların qonaqpərvər nəvələri

Ta qədimdən Koreya "Tərki-dünyalar krallığı" adlandırılıb. Lakin bu gün həmin adı yalnız özünə qapanmış Şimali Koreya rejiminə şamil etmək olar. Cənubi Koreyanı isə hazırkı demokratikləşmə və qloballaşma səviyyəsinə görə tərki-dünyalıqla artıq heç nə bağlamır. 

Lakin hətta indiki qloballaşma şəraitində belə, koreyalılar öz milli "mən"lərinə sadiq qalır, Şərq qonaqpərvərliyini, adət və ənənələrini qoruyub-saxlayırlar. Bir sözlə, bugünkü Koreya Respublikası qədimliyin və yeniliyin yan-yana harmonik şəkildə mövcud olduğu bir məkandır. Lap Azərbaycanda olduğu kimi. 

Doğrudur, azərbaycanlılardan fərqli olaraq, koreyalılar daha az emosionaldırlar - onlar hisslərini hər saat dilə gətirməzlər. Lakin onlar da bizim kimi həssas və nəzakətlidirlər. "Koreyalılar, hətta ayağınızı tapdaladıqları üçün sizdən üzr istəməyə və ya minnətdarlıqlarını bildirmək üçün sizə "Sağ ol" deməyə bilərlər! Lakin onlar söz əvəzinə, mimika ilə üzrxahlıq edəcək və ya baş əyməklə öz minnətdarlıqlarını bildirəcəklər. Bu, bir lal nəzakət mədəniyyətidir. Onlar heç öz həyat yoldaşlarına olan sevgilərini belə "səni sevirəm" deyə izhar etmirlər. Axı hissləri və emosiyaları səmimi-qəlbdən yaşamaq daha yaxşıdır, nəinki onu dilə gətirərək dərhal unutmaq", - deyə Koreya Ədəbi Tərcümə İnstitutunun direktoru Kim Seon-Kon bildirir.

Seul sizi soyuq qarşılasa, təəccüblənməyin. 10 milyon əhalisi olan böyük şəhər üçün bu, normal haldır. Axı bura da Nyu York, London və ya Paris kimi iri meqapolisdir. Şəhərin küçələrində əsl Koreya qonaqpərvərliyini bəlkə də görməyə bilərsiniz, lakin hansı ailədə qonaq olsanız, ev sahiblərinin səmimiyyəti və istiqanlılığına valeh olacaqsınız. 

Koreyalılar çox qonaqpərvərdirlər. Onların qapıları qonaqların üzünə həmişə açıqdır. Kənd yerlərində isə axşam yeməyindən sonra bir-birinə dəvətsiz-filansız qonaq getmək adəti var. Kəndlilər "sarang bang" adlanan və hər kənd evində olan qonaq otağına toplaşır, yeyib-içir, əylənir və elə buradaca gecələyirlər.  

Koreya xanımları, adətən, çox təvazökar olurlar. Açdığı süfrədə yeməklərin çeşidi nə qədər çox olsa da, onlar "kasıbın olanından" deyib qonaqlar qarşısında üzrxahlıq edirlər. 

Özləri isə adətən süfrəyə oturmazlar. Qonaqlara hörmət əlaməti olaraq mətbəxdəki hazırlıqlara şəxsən nəzarət etməyi xoşlayırlar. Əlbəttə, onu sizinlə birlikdə oturmağa dəvət edə bilərsiniz. Lakin israr etmək məsləhət deyil, çünki bu, nəzakətsizlik kimi qəbul oluna bilər. 

Yeri gəlmişkən, koreyalıların bu gün də təlimlərinə əməl etdikləri Konfutsi, yaşlılara hörməti vacib hesab etsə də, qadınlara da eyni münasibət bəslənilməsini zəruri saymayıb. Onun təliminə görə, qadınlar ata evində valideynlərinə, ailə qurduqdan sonra ərlərinə, qocalanda isə oğlanlarına tabe olmalıdır. Lakin müasir Koreya ailəsində kişilərin söz üstünlüyü qorunub-saxlanılsa da, kişi və qadın hüquqları arasındakı fərq artıq aradan götürülüb. "Düzünü desək, bu gün Koreya ailəsində söz sahibi elə qadınlardır. Hətta büdcəni də onlar idarə edirlər", - zarafatla deyir professor Kim Seon-Kon. Lakin bu, o demək deyil ki, siz bir koreyalı xanıma, məsələn, nəqliyyatda yer versəniz və ya liftə birinci girməsinə imkan yaratsanız, o sizdən avropalılar kimi inciyər. 

Ana koreyalılar üçün də müqəddəsdir. Burada o, hər zaman balalarına qayğı göstərən bir quşa bənzədilir. Bu səbəbdən, Koreyada 30 yaşlı gəncin anasının himayəsi altında yaşaması heç kimi təəccübləndirmir. 

Ümumiyyətlə, Koreya cəmiyyəti gündəlik həyatda da, bəzən biznesdə də qarşılıqlı etimada əsaslanır. Bəzən siz hansısa mal və ya xidmətə görə ödədiyiniz pulun müqabilində qəbz tələb etsəniz, koreyalının xətrinə dəyə bilərsiniz, çünki bu, sizin ona etibar etməməyiniz kimi qəbul oluna bilər.  

Koreyalılar insanlarda ortaq dəyər axtarıb-tapmağı xoşlayırlar. Bu, sizin birlikdə oxuduğunuz məktəb də ola bilər, dinlədiyiniz musiqi də. Əsas odur ki, sizi birləşdirən bir dəyər olsun. "Yəni siz də bizdən birimizsiniz", - deyə professor izah edir. 

Görünür, məhz buna görə onlar, adətən, "mən" əvəzliyinin yerinə, "biz"dən istifadə edirlər. Buna görə əgər koreyalı dostunuz öz xanımını sizə təqdim edərkən "bu, bizim xanımdır" desə təəccüblənməyin.

Koreyalıların dostluğa yanaşması da fərqlidir. Burada siz ya yaxın dostsunuz, ya da ki, sadəcə tanış. Orta variant yoxdur. Bu səbəbdən, koreyalıların əsl, sınanmış dostları az olur. Lakin sizə onlarla dost olmaq nəsib olubsa, deməli bu həmişəlikdir və siz heç vaxt peşman olmayacaqsınız. 

Koreyalılar kollektiv həyatı xoşlayırlar. Bütün evlərdə internetin olmasına baxmayaraq, onlar oyunları evdə deyil, internet kafelərdə oynamağı sevirlər. Çətin iş gününün yorğunluğunu atmaq üçün dostlarla içki içməkdən də imtina etməzlər və bu da təbiidir. Axı koreyalılar "Forbes" jurnalının qiymətləndirməsinə görə, dünyanın ən zəhmətkeş xalqıdır. Kimsə nə vaxtsa deyib ki, işdən sonra içki içmək koreyalıların "milli məşğuliyyətidir". Bəlkə də bu, bir az şişirdilib, lakin bunda həqiqət payı da az deyil. Hər halda Seul sakinləri özləri bunu etiraf edir. Lakin bu, o demək deyil ki, koreyalılar içki düşkünüdür. Sadəcə onların fikrincə, insanı tanımaq üçün onunla bir-iki qədəh qaldırmaq məsləhətdir. Bu, özünəməxsus imtahan və ya sosiallaşma yoludur. Əgər içki içmirsinizsə, Koreya cəmiyyətinə inteqrasiyada çətinlik çəkmək ehtimalınız böyükdür. 

Odur ki, koreyalılar sizi restorana və ya bara dəvət edirsə, imtina etməsəniz yaxşıdır. Özü də əgər sifarişiniz çox baha olmayacaqsa, yeyəcək və içəcəyinizi çəkinmədən özünüz seçə bilərsiniz. Sizi qonaq edən şəxs bunu ədəbsizlik kimi qəbul etməyəcək. Hesabın ödənilməsində də koreyalılar bizim kimidir. Burada hərənin öz pulunu ödəməsini nəzərdə tutan "alman hesabı" prinsipi işləmir. Çox vaxt koreyalıları hesabı ödəmək üstündə mübahisə edən görmək olar. Lap Azərbaycandakı kimi. 

Bu xalqın başqa bir zəif yeri isə mahnı oxumaqdır. Hətta özlərinin belə bir deyimi var ki, "koreyalılar içməyi və oxumağı" çox sevir. İşdir, birdən dost məclisində sizdən oxumaq xahiş etsələr, hər ehtimala qarşı, yaddaşınızda bir-iki mahnının olması yaxşıdır. Çünki koreyalı dostlarınız israr edə bilərlər. 

 

Tabusuz Şərq nəyə gərək

Koreyalılar çox kövrəkdirlər - kədərdən də, sevincdən də tez-tez ağlayırlar. Hətta quşların ötməsini və zəngin çalmasını belə onlar ağlamaq adlandırırlar. Koreyalılar inanclı insanlardır, müxtəlif əlamətlərə inanırlar. Burada şamanizm geniş yayılıb. 

Hər bir xalqın müxtəlif cür tabuları var və koreyalılar da bu baxımdan istisna deyil. Məsələn, onlar 4 rəqəmini nəhs sayır, çünki Koreya dilində bu rəqəm "ölüm" sözü ilə eyni səslənir - "sa". Buna görə də Koreyanın bir çox binalarında (xüsusilə xəstəxanalarda) dördüncü mərtəbəni nəzərə ümumi sayda nəzərə almırlar, hətta həmin mərtəbəyə lift də işləmir. Başqa yerlərdən fərqli olaraq Koreyada hüzn rəngi qara deyil, ağ sayılır. Hərçənd qərb adətlərini mənimsəmiş bəzi şəhərlərdə hüzn zamanı qara rəngdən də istifadə edirlər.

Başqa bir tabu isə kiməsə nəsə vermək üçün sol əldən və ya ümumiyyətlə tək əldən istifadə olunması ilə bağlıdır. Bunu koreyalılar özlərinə təhqir kimi qəbul edə bilərlər. Odur ki, belə hallarda mütləq hər iki əlinizdən istifadə edin. Xüsusilə özünüzdən böyüyə nəsə vermək istəyəndə.

Bir sözlə, koreyalıların sirrini axıradək bilmək çox çətindir.

 

Turistlər üçün cənnət

Bu gün əcnəbilərə Cənubi Koreya barədə xatırladan faktların sayı durmadan artır. Bu, taekvondo və avtomobillər, telefon və televizorlar və bu ölkəyə xas olan bir çox başqa amillərdir. Son illər isə dünyada K-pop, K-seriallar və cizgi filmləri böyük populyarlıq qazanmaqdadır. Məsələn, "Pororo" cizgi filmini uşaqlarla yanaşı böyüklər də xoşlayır. Hətta Koreyada bununla bağlı belə bir zarafat da edirlər: "uşaqlara səsvermə hüququ versəniz, onların özlərinə "Porezident" seçərlər".

Bütün bunlar turistlərin Koreyaya marağının artmasında böyük rol oynayır. Əlverişli iqlim, okeana çıxış, tarixi abidələr və müasir infrastruktur isə Cənubi Koreyanı turistlər üçün əsl cənnətə çevirib. Təkcə Çedju adasına səfər adamda o qədər xoş xatirələr qoyar ki, bir ömürboyu unudulmaz. Əvvəllər bütün ölkəni sitrus meyvələri ilə təmin edən bu ada indi daha çox turist imkanları ilə tanınır. Burada olub Folklor kəndinə baş çəkməmək isə günah olardı. Vulkanik daşlardan, saman və qamışdan tikilmiş bu ənənəvi Koreya kəndi indi açıq səma altında muzey kimi istifadə olunur. Hərçənd kənddə hələ də 1000 nəfərədək sakin yaşayır. 

Adanın digər görməli yeri isə Sakit okean sahillərində salınmış "Olle" piyada gəzinti marşrutlarıdır. Koreyalıların özləri sağlam həyat tərzi sürür və bu gəzinti cığırları ilə səyahət ada sakinlərinin sevimli məşğuliyyətidir. Bütövlükdə bu yolların uzunluğu 420 kilometrdir. 

Çedju adasına biz müxtəlif ölkələrdən olan KİV rəhbərlərindən ibarət nümayəndə heyətinin tərkibində gəldik. Koreya Fondunun təşkilatçılığı ilə baş tutan səfərdə məqsəd ənənəvi beynəlxalq Çedju forumu çərçivəsində təşkil olunan xüsusi sessiyada iştirak idi. Sessiya yarımadada təhlükəsizlik məsələlərinə həsr olunmuşdu.

Sayca 10-cu olan builki forumun dünya mətbuatına əsas çağırışı iki yerə bölünmüş Koreya yarımadasının birləşməsi ideyasının dəstəklənməsi və yayılması ilə bağlı idi. Koreyalılar hələ də adanın birləşəcəyinə ümidlərini itirmir və beynəlxalq dəstək gözləyirlər.  

Doğrudur, vahid Koreyada yaşamamış gənc nəsil buna çox da həvəsli görsənmir. Müasir koreyalıları narahat edən şimallı soydaşları ilə birləşmənin qaçılmaz iqtisadi fəsadlarıdır. Onlar bu yükün məhz cənublarının çiyinlərinə düşəcəyinə əmindirlər. Çünki əgər bu gün Cənubi Koreyada adambaşına ÜDM $28 min təşkil edirsə, şimalda bu göstərici $1 minə güclə çatır. Bu səbəbdən, Şimaldan olan soydaşlarının onlara yük olacağını düşünən cənublu gənclər, əslində, haqlıdırlar. Lakin Koreya Respublikasında buna baxmayaraq ümid edirlər ki, Almaniya kimi, onlar da birləşmənin fəsadlarının öhdəsindən gələ bilərlər.  

Yeri gəlmişkən, Cənubi Koreyaya səfər yarımadanın şimalına kənardan da olsa baxmaq, Şimali Koreya rejiminin əsgərlərini yaxından görmək və hətta onlarla şəkil çəkdirmək üçün yeganə fürsətdir. Odur ki, "Demilitarized Zone" (DMZ) adlanan neytral zonaya yollanmaq fürsətini əldən verməyə dəyməz. Koreya Fondunun qonaqları olaraq bizə də müxtəlif ölkələrdən olan həmkarlarımızla birlikdə bu tarixi yeri görmək şansı nəsib oldu. Məhz burada 1953-cü ildə iki Koreya arasında sülh imzalanıb və bu gün DMZ-yə Birləşmiş Millətlər Təşkilatının sülməramlıları nəzarət edir. Turistlərə bələdçiliyi də elə onlar edirlər. Koreyalıların özlərini təhlükəsizlik baxımından bu zonaya buraxmırlar. Öz tarixləri barədə onlar yanız filmlərdən və kitablardan öyrənir.

Yeri gəlmişkən, haradasa eşitsəniz ki, smartfon və planşet istehsalçıları olan koreyalılar özləri yalnız kitab və qəzet oxuyurlar, inanmayın. Koreya Respublikasının ən böyük nəşrlərindən olan Cun An və Donq'A qəzetlərində çap mətbuatına oxucu tələbatının son illər əhalinin 60 faizindən 20 faizinə enməsindən şikayət edirlər. Hər yerdə olduğu kimi, burada da İnternet çap mətbuatına üstün gəlir. Ancaq buna baxmayaraq, nəşrlər özünün əsas gəlirini hələ də çap məhsullarından əldə edir. Hazırda qəzetlərin internet versiyalarını da ödənişli xidmətlərə keçirmək cəhdləri edilir. 

 

Və sonda...

Koreyalılar çox vətənpərvərdirlər. Onlar öz müstəmləkə keçmişini xatırlamağı xoşlamır, müstəqilliklərinin qədrini bilir və qoruyurlar. 1936-cı il Berlin Olimpiadasında qalib olmuş koreyalı idmançının əlindəki kubokla maykasının üzərindəki Yaponiya gerbini gizlətməsi əksini tapmış foto indiyədək Cənubi Koreyada çox populyardır. 

1988-ci ildə Seulda keçirilmiş Yay Olimpiya Oyunlarını isə onlar Koreyanın indiki inkişafına təkan vermiş və dünya birliyindəki yerini müəyyən etmiş faktorlardan biri sayırlar. Necə deyərlər, başına gələn başmaqçı olar. Axı bu günlərdə Bakı da dünya idman tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi edir. 



MƏSLƏHƏT GÖR:

764