Müəllif: Ceyhun NƏCƏFOV Bakı
Gürcüstan parlamenti marixuanaya görə cinayət məsuliyyətinin ləğvini nəzərdə tutan qanun layihəsini müzakirəyə qəbul edib. Ekspertlərin fikrincə, Gürcüstan parlamenti qanunu böyük ehtimalla ratifikasiya edəcək. Bu halda Azərbaycanla qonşu olan Gürcüstan postsovet məkanında marixuananın saxlanılması və qəbuluna görə cinayət məsuliyyətini sadələşdirən ilk dövlət olacaq. İyunun 2-də yeni qanun layihəsinə dəstək olaraq, Tiflis, Kutaisi, Batumi, Zuqdidi və Bolnisidə mitinqlər keçirilib. Aksiya iştirakçıları marixuananın qəbuluna görə həbs cəzasının sadələşdirilməsini, narkotik maddələrin qəbulu ilə bağlı məcburi yoxlamaların qadağan olunmasını tələb ediblər.
Yeni qanunun qəbulundan hansı nəticələrin gözlənildiyini "R+"a qanun layihəsinin müəllifi, Gürcüstan parlamentinin deputatı, Samtsxe-Cavaxetiya regionunun sabiq qubernatoru, Gürcüstanın keçmiş ətraf mühitin mühafizəsi naziri Georgi XAÇİDZE açıqlayıb.
- Bu qanun layihəsinin mahiyyəti nədən ibarətdir və o, ratifikasiya olunacağı təqdirdə, hansı müsbət nəticələri gözləyirsiniz?
- Bu qanun layihəsi Gürcüstanda marixuanaya görə cinayət məsuliyyətinin ləğvini və onun qəbuluna görə cərimənin məbləğinin azaldılmasını nəzərdə tutur. Bu, belə demək olarsa, marixuana və həşişə görə cinayət məsuliyyətinin ləğvini nəzərdə tutan ümumdünya brendinə doğlu atılan yumşaq addımdır. Sənəddə marixuananın və çətənənin saxlanılmasına və qəbuluna görə məsuliyyətin ləğvi nəzərdə tutulur. Burnada bu narkotik maddələrin istehsalına görə cinayət məsuliyyətinin ləğvindən söhbət getmir. Müvafiq dəyişiklik Gürcüstan Cinayət Məcəlləsinin 273-cü maddəsinə edilməlidir.
Qanun layihəsində ən vacib məqam: 5 qramadək marixuananın təkrar saxlanılması və ya qəbulu cinayət məsuliyyəti üçün səbəb olmamalıdır. Bu, inzibati qanun pozuntusu sayılmalı və pozuntuya görə cərimə 218 dollardan 50 dollara endirilməlidir. Bu yerdə bir məqamı qeyd etmək lazımdır ki, cinayət məsuliyyətinin ləğvi ilə leqallaşdırma tamamilə fərqli məsələlərdir. Leqallaşdırma zamanı narkotik maddələrin istehsalı mümün sayılır, onların satış nöqtələri müəyyənləşdirilir və sair.
XXI əsrdə insanların marixuana və ya çətənə qəbuluna görə həbsxanaya salınması səfehlikdir. Hələ 1990-cı illərdə alimlərin ciddi araşdırmalarından sonra birmənalı qənaətə gəlinib: marixuana qəbulu heroin, kokain və sair kimi daha güclü narkotik maddələrin qəbuluna aparmır. Onların arasında heç bir əlaqə yoxdur. Hər hansı psixotrop maddələrin qəbulu insana xas haldır. Marixuananın əldə edilməsi daha asan olduğundan belə fikir yaranıb ki, o, daha ağır narkotiklərin qəbuluna aparan tramplindir. Heç kəs nikotinin və alkoqolun marixuanadan daha zərərli olduğundan danışmayacaq Bu məsələdə dövlətin repressiv addımları əsassızdır və heç bir müsbət nəticə verə bilməz. Spirtli içkidən sərxoş olmuş insan küçədə sərbəst hərəkət edə, kafeyə girə bilər və buna görə o, heç bir problem yaşamayacaq. Daha zəif və qısamüddətli təsir göstərən marixuananın qəbuluna görə isə insanı həbs gözləyir.
- Həqiqətən də, dünya statistikasına görə marixuanaya görə həbsə düşmüş şəxslərin əksəriyyəti sonda daha təhlükəli inyeksiya narkotiklərinin qəbuledicisinə çevrilirlər. Gürcüstanda marixuana və çətənə qəbuluna görə məsuliyyətə cəlb edilmiş şəxslərin sayına deyə bilərsinizmi?
- Statistikaya görə Gürcüstanda ildə marixuana, həşiş, çətənə qəbul edən təxminən 27 min şəxs aşkar olunur. Bu göstərici ildən-ilə artır. Lakin, bu, onların hamısının həbsxanaya salındığı anlamına gəlmir. Birinci belə halda onları 500 lari məbləğində cərimə gözləyir. Bu, təxminən 218 dollar deməkdir. İkinci dəfə bu maddələrin istehlakçısını cinayət məsuliyyəti gözləyir. Parlamentə təqdim olunmuş qanun layihəsi qüvvəyə minərsə, belə insanlar həbsxanalara atılmayacaqlar. Onlar sadəcə inzibati məsuliyyətə cəlb olunacaqlar.
- BMT və digər beynəlxalq təşkilatların bəzi bəyanatlarına görə, yaxın 1-2 ildə Avropanın və Şimali Afrikanın əksər ölkəsində marixuanaya görə cinayət məsuliyyəti ləğv ediləcək və ya o, leqallaşdırılacaq...
- Praktiki olaraq, Avropanın heç bir ölkəsində narkotik maddənin qəbuluna görə insanı həbsə atmırlar. Orada bu əmələ görə müxtəlif cərimələr nəzərdə tutulur. Narkotikə görə həbsə atma heç bir müsbət effekt verməyəcək. Sərt repressiv tədbirlərin müsbət nəticə verdiyini göstərən statistika yoxdur. Deyək ki, insanı narkotik qəbuluna görə həbsə atdılar. O, azadlığa çıxdıqdan sonra bu vərdişini tərgidəcək? Belə şey olmur. Odur ki, başqa mexanizmlərdən istifadə etmək lazımdır. Gürcüstan hər il cinayət məsuliyyətinə cəlb olunmuş insanların həbsxanada saxlanılmasına 18 milyon lari (təxminən, 8 milyon dollar) xərcləyir. Bu vəsaiti daha effektiv istifadə etmək olar.
- Bəs siz Gürcüstanda marixuananın leqallaşdırılmasına necə yanaşırsız?
- Leqallaşdırma narkotiklərin qəbulunun profilaktika üsullarından biridir. Lakin, hazırda Gürcüstan üçün buna görə cinayət məsuliyyətinin ləğvi daha vacibdir. Yəni, marixuanaya görə insanlar həbsə atılmamalıdırlar. Gürcüstanın "Rustavi-2" telekanalı bu yaxınlarda mənim təklif etdiyim qanun layihəsilə bağlı sorğu keçirib. Rəyi soruşulanların 30%-i marixuanaya görə cinayət məsuliyyətinin ləğvinin əleyhinə çıxıblar. Sorğuya qatılmış insanların 70%-i isə təşəbbüsümə dəstək veriblər. "Marixuanaya görə həbslərə son qoyulması" təklifində ictimai təşkilatlar, narkoloqlar və sair arasında konsensus var. Deputatların məsələyə münasibətini tezliklə biləcəyik. Müasir dünyada insanın marixuanaya görə həbsə atılması vəhşilikdir.
- Deyilənə görə, dünyada marixuananın qanundankənar olması uğrunda mübarizə aparan lobbi var. Bu halda kriminal məhsulun qiyməti daha yüksək olur...
- Bəli. Hər şey 1920-ci illərin əvvəllərində ABŞ-da başlayıb. Amerika hökuməti alkoqola, eyni zamanda həşiş və marixuanaya qadağa qoydu. Onlar alkoqolu marixuana ilə müqayisədə daha kriminal məhsul sayırdılar. Daha sonra onlar marixuana ilə mübarizəni Avropada davam etdirmək qərarına gəldilər. Halbuki, Avropada bu məhsula münasibət son dərəcə liberal idi. 30-cu illərdə ABŞ "quru qanun"u ləğv etdi, marixuanaya görə cinayət məsuliyyətinin ləğvi məsələsi isə unuduldu. İndi bütün dünyada əks proses gedir.
MƏSLƏHƏT GÖR: