
ERMƏNİLƏR DƏ HƏQİQƏTİ BİLƏCƏK
Gürcüstanın elmi desantı erməni saxtakarlığına qarşı Azərbaycan filmi ilə silahlanıb
Müəllif: Rizvan HÜSEYNOV Bakı
Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundovun müəllifi olduğu, tarixi sənədli silsilənin ilk filmi olan "Ermənistanın və Azərbaycanın alternativ tarixi" filmi Azərbaycanda və ondan kənarda böyük rezonansa səbəb olub. Bu filmlər silsiləsi "AZER-GLOBE" İnstitutu yanında Qafqaz Tarixi Mərkəzi ilə ATV telekanalının birgə layihəsidir. O, "Erməni ictimaiyyətinə informasiya dəstəyi" layihəsi çərçivəsində reallaşdırılır. Məqsəd regionun tarixi haqqında həqiqətlərin erməni və dünya ictimaiyyətinə çatdırılmasıdır.
İlk filmin təqdimatı mayın 29-da Tiflisdə, Azərbaycanın Gürcüstandakı səfirliyinin binasında keçirilib. Təqdimatı əlamətdar hadisə adlandırmaq olar. Tədbirə Gürcüstan elminin, təxminən, 90 nümayəndəsi, həmçinin ictimai xadimlər və KİV təmsilçiləri qatılmışdılar.
Filmin təqdimatı Cənubi Qafqazın 3 respublikasının müstəqillik qazanmasının 97-ci ildönümünə həsr edilmişdi və mayın 29-u tarixi təsadüfən seçilməmişdi.
1918-ci il mayın 26-da Tiflisdə Zaqafqaziya seymi özünü buraxmaq haqqında qərar qəbul edib və müstəqil Gürcüstan dövləti elan olunub. Mayın 28-də isə Tiflisdə Azərbaycan Milli Şurası müsəlman Şərqində ilk demokratik dövlətin - Azərbaycan Demokratik Respublikasının yaradıldığını elan edib. Elə həmin gün seymin erməni fraksiyası Ararat Respublikasını yaradıb. Lakin bu dövlətin nə ərazisi, nə də əhalisi var idi. Məsələ ondadır ki, həmin dövrdə Zaqafqaziyanın heç bir qəzasında, polis sahəsində ermənilər çoxluqda deyildilər. Bu vəziyyətdə onlar yeni yaratdıqları dövlətin paytaxtı olaraq Aleksandropolu (Gümrü) və ya Tiflisi elan etməyi düşünürdülər. Sonda onlar seçimlərini Azərbaycanın İrəvan şəhərinin üzərində saxladılar. Bu zaman Azərbaycan Respublikasının hökumətinə Avropa fövqəldövlətləri, Rusiya və ABŞ tərəfindən görünməmiş təzyiqlər başladı - Azərbaycandan İrəvanı Ararat Respublikasına verməsi tələb olunurdu.
Nəticədə, 1918-ci il mayın 29-da ADR Milli Şurasının iclasında İrəvanın və digər ərazilərin ermənilərə verilməsi haqqında qərar qəbul olundu. Əvəzində daşnak Ermənistanı həmin torpaqlarda azərbaycanlılara qarşı törətdikləri qətliamı dayandırmalı idi. Amma daşnak hökuməti nəinki sözünə əməl etdi, əksinə, İrəvana köçdükdən sonra azərbaycanlı əhaliyə qarşı kütləvi talanlara başladı: azərbaycanlılar kütləvi şəkildə öldürülür, Ararat Respublikasının ərazisindən qovulurdu.
"İrəvanın və digər ərazilərin ermənilərə verilməsi qərarı burada, Tiflisdə qəbul olunub. Filmin təqdimatını həm də bu tarixə həsr etmişik. Məqsədimiz geniş publikaya Qafqazın tarixi, erməni istorioqrafiyası haqqında düşünmək imkanı yaratmaqdır", - deyə filmin müəllifi bildirib. Onun sözlərinə görə, "Ermənistanın və Azərbaycanın alternativ tarixi" regionun tarixi, Ermənistan - Azərbaycan münaqişəsinin səbəblərilə maraqlananlar üçün yaxşı vəsait olacaq. "Biz filmdə kimlərinsə fikirlərini, rəylərini yox, orijinal sənədləri, dövlətlərarası müqavilələri təqdim edirik. Bununla da tamaşaçıya tarixi hadisələr haqqında təhlil aparmaq, öz fikrini formalaşdırmaq imkanı veririk. Filmdə Rusiya imperatorları I Pyotr, II Pyotr, I Pavelin, həmçinin digər siyasətçilərin Qafqazda Azərbaycan əraziləri haqqında fərmanları da təqdim olunur", - deyə F. Axundov qeyd edib.
O bildirib ki, filmin ərsəyə gəlməsinə görə Gürcüstan Milli Muzeyinə xüsusi təşəkkür düşür. Muzey çəkiliş qrupuna orta əsrlər Azərbaycanına aid nadir arxiv materialları, maddi-mədəniyyət nümunələri ilə tanış olmaq, onların şəkillərini çəkmək imkanı yaradıb. Filmdə Rusiya Dövlət Hərbi-Tarix Arxivinin, Rusiya Xarici Siyasət Arxivinin və s. materiallarından da istifadə olunub.
Filmdə bir sıra nadir sənədlər ictimaiyyətə ilk dəfə təqdim olunur. Misal kimi Azərbaycanın və İran ərazisinin bölüşdürülməsinə dair Rusiya-Osmanlı müqaviləsini (1724-cü il) göstərmək olar. Bundan başqa, Qafqaz Tarixi Mərkəzi və ATV-nin çəkiliş qrupuna ilk dəfə olaraq Osmanlı arxivindən olan orijinal müqavilə, həmçinin digər sənədlər təqdim olunub, onların lentə alınmasına şərait yaradılıb.
"Ermənistanın və Azərbaycanın alternativ tarixi" silsiləsindən olan ilk filmin Azərbaycanın və xarici ölkələrin bir sıra telekanallarında nümayiş olunması nəzərdə tutulub. Onun Azərbaycan, ingilis və s. dillərə tərcümə edilməsi və İnternetə yerləşdirilməsi də planlaşdırılır. Filmin daha bir neçə seriyası hazırlanır. Onlarda tarixdən, tarixin saxtalaşdırılması faktlarından bəhs olunur.
Təqdimat mərasimində çıxış edənlər filmdə istifadə olunmuş arxiv sənədlərinin, xəritə və fotoların unikallığını xüsusi vurğulayıblar. Onlar geniş publikaya ilk dəfə təqdim edilib və bu, regionda cərəyan etmiş tarixi hadisələrə yenidən nəzər salmaq imkanı verir.
"Bu cür sənədli araşdırma filmləri regionun və Azərbaycanın tarixini təbliğ etmək baxımından çox önəmlidir", - deyə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn bildirib: "Bu film vasitəsilə Qafqaz haqqında erməni elminin saxtalığını asanlıqla ifşa etmək mümkündür. Film erməni millətçilərinin ərazi iddialarının əsassızlığını da ortaya qoyur".
Səfir politoloq Fuad Axundovun rəhbərliyi ilə həyata keçirilən layihələri, o cümlədən "AZER-GLOBE" İnstitutu yanında Qafqaz Tarixi Mərkəzinin elmi tədqiqatlarını yüksək qiymətləndirib.
Gürcüstanın Suxumi Universitetinin professoru, tarixçi Quram Marxuli isə hesab edir ki, Fuad Axundovun filmi Qafqazda cərəyan etmiş tarixi proseslərlə bağlı ermənilərin söylədiklərinə alternativ informasiya ilə tanışlıq imkanı yaradır. Nəhayət, erməni alimləri və ictimaiyyəti XX əsrdə Cənubi Qafqazda erməni dövlətinin necə, hansı şəraitdə yaradıldığını öyrənə biləcəklər. Professor bildirir ki, regionda sülhə nail olunmasına məhz erməni millətçiləri mane olur. Onun fikrincə, hazırda bölgədə sabitliyə əsas təhlükə Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağda davam edən Ermənistan-Azərbaycan münaqişəsidir.
Gürcü tarixçisi Mamuka Qoqetidze filmi "çox maraqlı" sayır. O, filmin yeni seriyalarının da çəkiləcəyinə ümidini ifadə edib. "Məsələ ondadır ki, bu, qarşı tərəfə vaxtında verilən cavabdır. Burada müxtəlif ölkələrin arxivlərindən toplanmış həqiqi, etibarlı faktlar yer alır. Bizim erməni qonşularımız və "dostlarımız" öz tarixləri haqqında həqiqəti bilməlidirlər. Düşünürəm ki, erməni ictimaiyyətinin bəzi təmsilçiləri bu faktları inkar etməyə çalışacaqlar. Biz - gürcü alimləri isə bu həqiqəti erməni ictimaiyyətinə çatdırmalı, izah etməliyik. Düşünürəm ki, onlar bunu gec-tez başa düşəcəklər", - deyə o, qeyd edib. Qoqetidze ilə professor İndira Dzaqaniya da razılaşır: "Film çox maraqlıdır. Bir alim olaraq, mənim üçün orada bir çox maraqlı faktlar, arxiv materialları yer alır. Bu faktlardan indiyədək xəbərdar olmamışam. Bu filmin sayəsində biz perspektivdə erməni həmkarlarımıza əsl tarixin dəyişdirilə, inkar oluna bilməyəcəyini effektiv şəkildə sübut edəcəyik. Bu film Azərbaycanın erməni ictimaiyyətinin informasiya blokadasının yarılmasına yönəlmiş yeni siyasətinin uğurlu nümunəsidir. Biz tez-tez müxtəlif ölkələrdə elmi konfranslara qatılırıq və bu film bizə həddini aşan erməni millətçi-alimlərini yerlərində oturtmağa imkan verəcək. Bu, çox rahat və effektivdir - erməni tərəfinin çoxsaylı uydurmasına lokonik və təkzibolunmaz cavab verən filmi nümayiş etdirirsən, vəssalam".
Dilşünas, akademik Bondo Arveladze, etnoqraf, professor Tina İvleaşvili və digər gürcü alimləri isə "Ermənistanın və Azərbaycanın alternativ tarixi" filminin Gürcüstanın müxtəlif ali məktəblərində nümayiş etdirilməsi arzularını dilə gətiriblər. Onlar filmin həm tələbələrə, həm də geniş ictimaiyyətə çatdırılmasını vacib sayırlar. Gürcü alimlərinin fikrincə, film Qafqazın tarixi və erməni məsələsilə bağlı doğru postulatların dünya ölkələrində ictimaiyyətin müxtəlif təbəqələrinə çatdırılması baxımından yaxşı vasitə ola bilər.
Qeyd edək ki, "AZER-GLOBE" İnstitutu yanında Qafqaz Tarixi Mərkəzi Azərbaycan tarixinin öyrənilməsilə bağlı bir sıra tədqiqat layihələri həyata keçirir. Bu tədqiqatlar çərçivəsində Azərbaycan tarixi və ermənilərin Qafqazın tarixini saxtalaşdırmasına dair məqalələr dərc olunur, kitablar buraxılır, filmlər çəkilir.
"Ermənistanın və Azərbaycanın alternativ tarixi" filmində nadir kinokadrlar, rus və erməni siyasətçilərinin, alimlərinin, xadimlərinin fikirləri yer alıb. Filmdə Azərbaycan tarixinə dair Rusiya, Türkiyə və Gürcüstan arxivindən götürülmüş nadir sənədlər ilk dəfə geniş ictimaiyyətə təqdim olunur. Filmin ərsəyə gəlməsinə Gürcüstanda Milli Azlıqların Hüquqlarının Monitorinq Qrupunun rəhbəri Elbrus Məmmədov da fəal dəstək verib.
"Ermənistanın və Azərbaycanın alternativ tarixi" silsiləsindən ilk film Azərbaycan, Gürcüstan və digər ölkə KİV-də də böyük rezonansa səbəb olub. Məsələn, Gürcüstanın İctimai Televiziyası, bu ölkənin ən oxunaqlı qəzetlərindən olan "Saerto qazeti", "Kvira" informasiya agentliyi, Apsny.ge, Kavkazplus.com və digərləri yeni filmlə bağlı reportajlar hazırlayıblar. Filmlə bağlı reportajlar Azərbaycan telekanallarında - AzTV, ATV, İctimai Televiziya, ANS, həmçinin CBC, AZERTAC informasiya agentliyi, "İnterfaks-Azərbaycan", Day.az, Vesti.az, Haqqin.az, Regionplus.az portallarında da yer alıb. Rusiyada isə yeni filmin təqdimatından "Sputnik", MİA "Rossiya", "SMİ2" və s. reportajlar veriblər.
Xarici KİV-də yer almış materiallarda, əcnəbi alimlərin açıqlamalarında bu silsilədən olan ilk və sonrakı filmlərin yayılmasına dəstək verilməsinin vacibliyi vurğulanır. Filmin yalnız Gürcüstan və Azərbaycanda deyil, həm də Ermənistanda, Rusiyada, Türkiyədə, İranda, Avropa və Amerika ölkələrində nümayişinin vacibliyi xüsusi qeyd edilib.
MƏSLƏHƏT GÖR: