
"SÖZ SİZİNDİR,MAESTRO"
Dahi Mstislav Rostropoviçin xatirəsinə həsr olunmuş ilk Beynəlxalq Festival məhz Bakıda keçirildi
Müəllif: Leyla ABDULLAYEVA Bakı
Dekabrın 11-dƏ Müslüm Maqomayev adına Bakı Dövlət Filarmoniyasında dahi musiqiçi Mstislav Rostropoviçin xatirəsinə həsr olunmuş I beynəlxalq festivalın açılışı oldu. Festivalda Rusiya, ABŞ, Azərbaycan musiqiçiləri iştirak edirlər. Və əlbəttə, belə miqyaslı tədbirlər həmişə sual doğurur: gözəllik və ya incəsənət dünyanı xilas edə bilərmi? Klassik musiqi festivallarının iştirakçısı olanda buna inanmağa başlayırsan. Çünki maddi yox, mənəvi dünya, məsələn, dahi musiqiçinin xatirəsi ilə bağlı ideya vasitəsilə çoxsaylı insanların birləşməsi faktının özü musiqinin necəqüdrətli təsir gücünə malik olduğuna bariz nümunə sayıla bilər. Bunu müdrik siyasətçilər də dərk edirdilər. 1999-cu ildə Mstislav Rostropoviçi doğma Bakıya dəvət edəndə Heydər Əliyev də bunu gözəl anlayırdı. Dahi musiqiçinin gəlişi siyasi dəyişikliklərin mürəkkəb mərhələsində Azərbaycan mədəniyyətinin inkişafı üçün taleyüklü məqam oldu, çünki onun fəaliyyətinin müxtəlif istiqamətlərində reallaşan özünəməxsus ənənəyə çevrildi. Belə ki, ən yüksək səviyyəli ifaçılıq sənətinin nümayişi ilə yanaşı, Rostropoviç 2006-cı ildə Bakıda dünyanın ən yaxşı ifaçılarını və musiqi kollektivlərini toplamış Şostakoviç adına beynəlxalq festivalın keçirilməsinin təşəbbüskarı oldu. Hazırkı festivalın bukletində Rostropoviçin o günlərdə dediyi sözlər yazılıb: "Çox xoşbəxtəm ki, sevimli şəhərim Bakıda festival keçirilir". Və bir ildən sonra maestro özü də bizi tərk edəndə, xanımı, dahi Qalina Vişnevskaya Heydər Əliyev Fondunun və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda beynəlxalq musiqi forumları ənənəsini davam etdirdi.
Doğma şəhərdə...
Gecə xalq artisti Rauf Abdullayevin idarəsilə Dövlət Simfonik Orkestrinin ifasında "Azərbaycan kapriççiosu" ilə açıldı. Parlaq milli intonasiyaların simfonik inkişaf nəfəsinə tabe olduğu bu ilhamlı musiqinin pafosu həmin anın əhəmiyyətini və qüdrətini çox gözəl ifadə edirdi. Səhnə arxasında nəhəng ekran quraşdırılmışdı və dahi musiqiçinin həyatından kadrlar səslənən musiqi ilə qovuşaraq baş verənlərə dərin məna aşılayırdı - milli fərqlərin olmadığı, yalnız incəsənətin hökm sürdüyü bütöv bir musiqi kainatı kimi.
"Xoşbəxtəm ki, Rostropoviçin xatirəsinə həsr olunmuş ilk festival onun doğulduğu və çox sevdiyi şəhərdə keçirilir" - dahi musiqiçinin qızı Olqa Rostropoviç iştirakçılara bu sözlərlə müraciət etdi. Qısa nitqində o, bu möhtəşəm tədbirin təşkilinə dəstək olanlara - Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya və əlbəttə, anası Qalina Pavlovna Vişnevskayaya minnətdarlığını bildirdi. Sonra çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalda iştirakı özlərinə borc saymış qonaqlara təşəkkürünü çatdırmaqla yanaşı, festivalın Mstislav Rostropoviçin Bakıda mənəvi abidəsinə çevriləcəyinə ümid etdiyini bildirdi.
"Dayan, zaman"
O gecə maestro Abdullayev orkestrə xüsusi ilhamla rəhbərlik edirdi: Qara Qarayevin "Yeddi gözəl" baletindən məşhur valsın və Raxmaninovun fortepiano ilə orkestr üçün ikinci konsertinin ifasında üslub, bədii zövq və bəstəkarın daxili aləminə incə müdaxilə hiss olunurdu. Murad Adıgözəlzadənin interpretasiyası virtuoz keyfiyyəti, Raxmaninov musiqisinin ifası ənənəsinə yaxından bələdliyi ilə seçilirdi, bir sözlə, Azərbaycan musiqiçiləri bu axşam ən müsbət keyfiyyətlərini nümayiş etdirdilər və bu, beynəlxalq tədbirlərdə iştirakın peşəkarlar üçün necə ilhamverici məqam ola biləcəyini bir daha sübuta yetirdi.
İkinci hissədə tamaşaçılara Aleksandr Sokurovun "Həyat elegiyası. Rostropoviç. Vişnevskaya." filmi nümayiş etdirildi. 2005-ci ildə çəkilmiş və şöhrətli musiqi cütlüyünün qızıl toyuna həsr olunmuş film onların hər birinin həyatındakı başlıca olaylardan, taleyin müxtəlif məqamlarından bəhs edir. Hər bir istedadlı incəsənət nümunəsində olduğu kimi, bu filmdə də sanki konkret hadisələri təsvir edən kadrlar musiqiçinin necə qeyri-adi, əsl insani keyfiyyətlərə malik olmalı olduğuna dair nə qədər assosiasiya və düşüncələr yaradır... Təsadüfi deyil ki, Rostropoviçin musiqi haqqında çoxsaylı fikirləri içərisində rejissor məhz müvəffəqiyyətə aparan yolun təkcə musiqi istedadından deyil, həm də musiqiçinin şəxsi keyfiyyətlərindən keçdiyinə dair fikirlərini xüsusi qeyd edib. Məhz bu keyfiyyətlər Vişnevskaya və Rostropoviçi XX əsrin seçilmiş fiqurlarına çevirib.
MƏSLƏHƏT GÖR: