15 Mart 2025

Şənbə, 00:33

HƏM ZİYARƏT, HƏM TİCARƏT

Bu gün Azərbaycanda palçıq vulkanlarının müalicə-sağlamlıq və ekoturizm imkanlarından, demək olar ki, istifadə edilmir

Müəllif:

15.12.2007

QƏribƏ durum yaranıb. 1828-2005-ci illər arasında ölkəmizdəki çoxsaylı palçıq vulkanları haqqında Azərbaycanda və xaricdə, təxminən, 1600 elmi əsər işıq üzü görüb. Lakin bu təbiət abidələrinin mühafizəsi və istifadə məsələsi onların Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoruq zonaları elan olunmasından  o tərəfə keçməyib.

Tədqiqatçıların palçıq vulkanlarına marağına belə bir fakt dəlalət edir ki, Azərbaycan alimlərindən savayı, geologiya, geofizika və geokimya sahələrində çalışan, təxminən, 450 Rusiya, ABŞ, İngiltərə, İtaliya, Almaniya, Ukrayna və digər ölkə alimi də onlardan yazıb. Təkcə son 30 ildə publikasiyaların sayı 750-ni keçib. Bu fakt AMEA Geologiya İnstitutunun "Nafta-Press" nəşriyyatının 2005-ci ildə çap etdiyi "Azərbaycanın palçıq vulkanları" biblioqrafik sorğu kitabında əksini tapıb. Tədqiqatlarda vulkanlarla bağlı aparılan elmi araşdırmaların, keçirilən elmi konfrans və simpoziumların nəticələri, vulkanik məhsulların təbabətdə, tikintidə və başqa sahələrdə tətbiqi, onların mühafizə problemləri, insanların həyatı üçün təhlükəsi və s. barədə materiallar açıqlanıb.  

Lakin Azərbaycanın palçıq vulkanları haqqında bu qədər geniş elmi-praktik material olsa da, bu sahədə elə bir irəliləyiş yenə də yoxdur. Baxmayaraq ki bu təbiət abidələrinə turist yürüşlərinin təşkili bir yana dursun, elə təkcə vulkanik brekçiyadan (vulkanın püskürmə məhsulu) təbabətdə, tikintidə və d. sahələrdə düzgün və səmərəli istifadə ölkəyə xeyli valyuta gəliri vəd edir. Ölkənin qeyri-neft sahələrinin inkişafı elə bu deyilmi?

 Lakin belə durum bütün peşəkar həyatını palçıq vulkanlarının tədqiqinə və onların püskürmə məhsullarının praktik tətbiqinin öyrənilməsinə həsr edən insanlar üçün xüsusilə ağırdır. SSRİ dağılandan sonra isə hər şey yerlə-yeksan olmasa da, öz axarına buraxıldı, unuduldu...   

 

Palçığın qüdrəti...

Bu gün bir çox alimlər "Azərbaycan vulkanizmi" sahəsində sonsuzluğa qədər iş olduğunu deyirlər. Ömrünün çox hissəsini Azərb.SSR Dövlət Plan Komitəsində işləməyə həsr edən, hazırda isə Ekologiya Nazirliyinin Geologiya-Kəşfiyyat İşləri Milli Xidmətinin Mineral Xammal İnstitutunun direktor müavini, Azərbaycanın əməkdar geoloqu Vasif Xəlilzadə də əməli iş görməyə çağırır: "Turist biznesinin təşkilindən əldə oluna bilən böyük gəlirlər bir yana, söhbət insanların sağlamlığından gedəndə susmaq mümkünsüzdür. Hesab edirəm ki, bu məsələ dövlətin sosial siyasətində prioritet olmalıdır. Palçıq vulkanlarından uzun-uzadı danışmaq olar. Bu, təbiətin töhfəsidir. Azərbaycanda, xüsusən də Abşeron yarımadasında və ona bitişik ərazilərdə 300-dən çox vulkan var ki, bu da bütün dünyadakı belə vulkanların 50%-dən çoxunu təşkil edir. Bu, sosial yönümlü kurort zonalarının təşkili üçün gözəl təməldir. Bundan başqa, palçıq vulkanları, ilk növbədə, neft və qaz yataqları üçün axtarış meyarı qismində nəzərdən keçirilir, çünki onlarla birbaşa bağlılığı olur".

V.Xəlilzadənin sözlərinə görə, Azərbaycanın palçıq vulkanlarının, onların tərkibinin, biokimyasının, neft-qaz yataqları ilə əlaqəsinin araşdırılması ilə ölkəmizin görkəmli alim-geoloqlarının bütöv bir nəsli məşğul olub. Bu işə tibb elmləri doktoru Fəridə Əfəndiyeva önəmli töhfə verib. 1960-cı ildən başlayaraq, o, vulkanların səthində yığılan quru vulkanik palçığı tədqiq edib. Alimin fikrincə, bu qalıqlar tibb işçilərinin diqqətindən kənarda qalsalar da, hələ də çox müəmmalı idi. F.Əfəndiyeva iri müalicəvi palçıq ehtiyatlarına və rahat yanaşma yollarına malik 15 vulkanı tibbi məqsədlərlə tədqiq etmişdi.

Məlum olmuşdur ki, Gürcüstandakı məşhur Axtal kurortu bir yana, Krım, Taman və Saxalində də vulkanik palçıq müxtəlif müalicə müəssisələrində istifadə olunduğu halda, Azərbaycanda F.Əfəndiyeva istisna olmaqla, həkimlər vulkanların möhtəşəm müalicəvi palçıq ehtiyatları ilə, demək olar ki,  maraqlanmırdılar.

"70-ci illərdən başlayaraq, Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutu, Fəridə Əfəndiyeva və mən Azərb.SSR Dövlət Plan Komitəsində vulkanik palçıqla müalicəni güclü şəkildə təbliğ etməyə başladıq. Yerli və Moskva tibb jurnallarında Azərbaycandakı vulkanik palçığın məziyyətlərini sübut edən, onun tətbiqinin genişləndirilməsi üzrə praktik tədbirlər barədə təkliflər irəli sürən çoxsaylı məqalələr çap olunmağa başladı",- deyə V.Xəlilzadə bildirir. 

Daha sonra o, bizdəki vulkanik palçıqların Gürcüstandakı palçıqlardan və hətta Naftalan neftindən də üstün olduğunu dedi. 1983-cü ildə vulkanik palçıq məhlulu yeni müalicəvi preparat qismində təklif edildi.  Üstəlik, Əfəndiyevanın fədakar səyləri nəticəsində, 80-ci illərin ortalarında Bakının 16 tibb müəssisəsində - pansionat, poliklinika və xəstəxanalarda vulkanik palçıq müalicə praktikasına tətbiq edildi və bir çox xəstəliyin terapiyasında istifadə olunmağa başladı, ondan kosmetologiyada istifadənin əsası qoyuldu.

Bu gün artıq yaşa dolmasına baxmayaraq, Kurortologiya və Fiziki Müalicə Üsulları ETİ-də (sovet dönəmində S.M.Kirov adına Kurortologiya və Fiziki Müalicə Üsulları ETİ)  məsləhətçi olan F.Əfəndiyeva elmi araşdırmalarını davam etdirir, palçıqla müalicənin üsullarını təkmilləşdirməyə və onların tətbiq dairəsini genişləndirməyə çalışır. Alim çox möhtəşəm bir iş gör-müşdür.

V.Xəlilzadənin dediklərindən: "Bir sıra mütəxəssislər, o cümlədən rus mütəxəssislər ilə birlikdə tərtib olunan ədəbiyyat siyahısına nəzər salmaq kifayətdir. O, palçıqla müalicə üsullarının həm müalicə müəssisələrində, həm də evdə tətbiqinə dair metodik vəsaitlər də daxil olmaqla, yüzdən çox adda ədəbiyyatı ehtiva edir. F.Əfəndiyeva müalicənin "quru palçıq müalicəsi" kimi növünü təklif edib və o, Azərbaycan Tibbi Bərpa ETİ-nin elmi şurasında 1995-ci ildə təsdiq olunub. Lakin bu üsul hələ 1984-cü ildə SSRİ Səhiyyə Nazirliyinin Kurortologiya və Fizioterapiya ETİ tərəfindən bəyənilmiş, kurortxarici müalicə üçün paketlər buraxılması tövsiyə edilmişdi. Bu işlə Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutu nəzdində "Geoxidmed" və "Peloid" şirkətləri məşğul oldular". Sonuncu şirkətə hələ də F.Əfəndiyevanın oğlu Çingiz Qaşqay rəhbərlik edir. Şirkətin uğurlu fəaliyyəti xaricdə də məşhurdur: Türkiyə və Rusiya səhiyyə nazirlikləri Azərbaycanın vulkanik palçığının satışı üçün sertifikat veriblər. Lakin yerli apteklərdə paketlərdə "Afrodita" quru palçığını tapmaq o qədər də asan deyil. 

Çox təəssüf ki, V.Xəlilzadənin sözlərinə görə, bu gün Azərbaycanda müalicənin həmin növü, demək olar ki, tətbiq edilmir. Palçığın paketlərdə satışı isə görülə bilən işlər arasında ən cüzi olanıdır. "Məni çox təccübləndirir ki, praktik material mövcud olduğu halda, Kurortologiya və Müalicənin Fiziki Üsulları ETİ-də bu müalicə, demək olar ki, unudulub. Halbuki Fəridə xanımın səyləri nəticəsində, vaxtilə bu müalicə müəssisəsində palçıqla müalicə uğurla tətbiq edilirdi. Üstəlik, bu gün həmin iş üçün can yandıran adamlar da qalmayıb. 1971-ci ildə "Azərbaycanın palçıq vulkanlarının atlası"nın tərtibi üçün səylərini sərf edən alimlərin çoxu bu gün artıq ahıl yaşdadır. Bu nəşrin dünyada analoqu yoxdur və heç vaxt da olmayacaq. Bu işə akademik Əlid Ələkbərov, Əşrəf Əlizadə kimi qüdrətli alim-geoloqlar başçılıq edirdilər. Təsəvvür edin ki, bu kitab 1971-ci ildə Almaniyada çapdan çıxmışdı. Bu isə hamıya nəsib olmurdu. Görün necə böyük nüfuza malik olmaq, aerofotoşəkillərlə birlikdə necə geniş bir material hazırlamaq tələb olunurdu. Bu gün belə bir işi heç kim yerinə yetirməyib və yetirə də bilməz. Heç həmin biliklər də, demək olar ki, heç kimə lazım deyil. Çox təəssüf... 

Fəridə xanım isə yeni bir mövzuya aludə olub - vulkanik palçıqda dəri xərçənginin müalicəsinə yardımçı olan maddələr aşkarlayıb. O, həmin işi birgə tətbiq etmək üçün rus mütəxəssislər ilə təmas yaratmaq istəyir. Biz burada - özümüzdə bu işə rəvac vermirik", - deyə V.Xəlilzadə qeyd edir.

Müsahibimiz onu da dedi ki, vulkan palçığının müalicəvi təsirini dəflərlə öz üzərində təcrübədən keçirib. Nəticə özünü ertəsi gün göstərib - çiynindəki ağrılar yox olub və 2- il keçsə də, təkrarlanmayıb. 

 

Dəniz, günəş və qum...

Vasif Xəlilzadə "R+"  müxbirinə "Oqonyok" jurnalının 2003-cü il nömrəsində Azov dənizindən 150 m aralıda yerləşən və balıqçılıq təsərrüfatına məxsus olan palçıq vulkanı haqqında materialı və onun fotoşəklini nümayiş etdirib: "Bu işdən qazanc əldə etmək və əhaliyə xidmət göstərmək qərarına gələn rus iş adamı tapıldı. O, ətrafı təmizlətdirdi - yay mövsümündə bura hər yerdən, o cümlədən xaricdən külli miqdarda insan gəlir. Vulkan isə cəmi bir dənədir. 20 dəqiqəlik ziyarət - 40 rubl. Məsələn, duzların ümumi minerallaşması 1 litrdə 300 qrama çatan lil palçığından fərqli olaraq, vulkan palçığında minerallaşma, maksimum, 1 litrə 30 qram təşkil edir. Tərkib o qədər xeyirlidir ki, bu palçıqda südəmər körpəni də qorxmadan çimdirmək olar". Başa düşmürəm, bizim nəyimiz əskikdir. Bura Xəzəri, günəş radiasi-yasını, kvarslı qızmar çimərlik qumunu, ənənəvi təndir çörəyini, motal pendirini, ağ və qara şanını da əlavə etsək, vulkanik palçığın insan orqanizminə müalicəvi təsirini qiymətləndirməmək mümkün deyil. Bu, təkrarsız ilahi töfhədir və ondan yararlanmaq lazımdır. Elə etmək lazımdır ki, vulkanlar xalqa xidmət etsinlər". 

Cari il avqus-tun 15-də Azərbaycan prezidentinin Bakıda və Abşeron yarımadasında palçıq vulkanlarının dövlət təbiət qoruğunun yaradılması barədə sərəncamı qüvvəyə mindi. Bununla da palçıq vulkanlarının ölkənin milli sərvətini təşkil etdiyi və dövlət tərəfindən mühafizə olunduğu etiraf edildi. Təəssüf ki, palçıq vulkanlarımızın bir çoxu fəlakətli durumdadır. Mühafizə olunmadıqları dövrdə onlar vəhşicəsinə talan edilib, landşaftları dağıdılıb, ətraf əraziləri isə özəl evlər tikilmək üçün ayrılıb. Baxmayaraq ki AMEA Geologiya İnstitutunun alim-vulkanoloqları oyanan vulkanın nəinki insanların evlərinə zərər vurmağa, hətta ətrafda hər şeyi məhv etməyə qadir olması barədə dəfələrlə xəbərdarlıq ediblər. Bircə ona ümid etmək qalır ki, prezidentin sərəncamı təbiətin palçıq vulkanları kimi hələ sona qədər dağıdılmayan abidələrimizi qoruyub saxlamağa imkan verəcək.

Lakin alim deyir ki, buranın qoruq zonası olması heç də vulkanlara yaxın belə düşməyin qadağan edilməsi demək deyil: "Vaxtilə bununla əlaqədar Naxçıvanda çıxış etdim və bildirdim ki, təkcə turist deyil, ixtisaslaşmış, peşəkar ziyarətlər də təşkil etmək zəruridir. Bu iş normal şəkildə, müvafiq xidmətlər göstərməklə, uyğun şərait təmin etməklə qurulduğu halda, çox böyük vəsait əldə etmək olar. Bizdə çoxlu belə marşrut qurmaq mümkündür. Xüsusən də Bakıdan cənuba aparan tras boyu. Burada vulkanlar bütöv landşaftlar təşkil edir - Otmanbozlaq, Böyük Kənizdağ, Torağay kimi 400 metrlik nəhənglər, Xəzərin sahilyanı iri vulkanları - Bahar, Hamamdağ və s. Bizdə çox füsünkar  guşələrdə yerləşən vulkanlar da var. Məsələn, Pirquludan 10 km şimaldakı Dəmirçi, yaxud Qobustan mədəni-tarixi qoruğu yaxınlığındakı Daşgil". 

Bundan başqa, alim əmindir ki, vulkanik palçıqdan kənd təsərrüfatında çox səmərəli şəkildə istifadə etmək olar. Məsələ ondadır ki, Abşeron torpağının əsas strukturunu təşkil edən qum suvarma zamanı yuyulub gedir. Bu torpaqda gilli hissəciklər yoxdur. "Vulkanik palçıq, sadəcə, gilli hissəciklər deyil. Bunlar bitkilər üçün xeyirli olan tam bir sıra faydalı komponentlərlə zəngin hissəciklərdir. Vulkan palçığının tozu Abşeron qumunun strukturunu dəyişər, onun rütubətliliyi vulkanik palçıq hissəçicləri hesabına xeyli genişlənər. İndi torpağı gübrələyərkən, azot, fosfor, kaliumla zənginləşdirərkən qum yuyulur və gübrələrin, maksimum, 30%-i qalır. Maddələrin qalan 70%-i isə istifadə olunmadan daha dərin qatlara gedir. Gil isə suyun birbaşa sızmasına mane olar, onu tutub saxlayardı. Torpağa verilən sudan və digər komponentlərdən istifadənin səmərəsi isə, azı, 30% artardı. Həm də artımın istənilən miqdarı xeyirlidir", - deyə V.Xəlilzadə iddia edir.

Bu yaxınlarda Mineralogiya İnstitutu və Geologiya İnstitutu palçıq vulkanlarının püskürmə məhsullarından bor əldə edilməsi imkanını aydınlaşdırırdılar. Bu palçıqda həmin elementin konsentrasiyası çox yüksəkdir. Lakin aydın oldu ki, neft sularında borun konsentrasiyası palçıqdakından aşağı olsa da, onu oradan əldə etmək xeyli asandır. Yeri gəlmişkən, dünya bazarında borun bir tonunun qiymti 1000 dollara çatır, Azərbaycanda isə vulkanlarda milyonlarla ton bor var.

Alim deyir: "Hesab edirəm ki, Dövlət Neft Fondunun vəsaitindən təkrarsız müalicəvi palçıq ehtiyatları əsasında sosial yönümlü kurortların tikintisi üçün də istifadə etmək olardı. Yaxşı keramzit xammal olan vulkanik gildən istifadə, həmçinin onun metallurgiyada və digər sahələrdə tətbiqi də dövlətə böyük gəlir vəd edir".

 

Palçığı çirkdən təmizləməli

AMEA Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Adil Əliyevin fikrincə, palçıq vulkanlarının ərazisinə turist marşrutlarını yalnız buralar illərlə yığılıb qalan zibildən təmizləndikdən, vulkanların natəmiz iş adamları və özəl tikinti şirkətləri tərəfindən vəhşicəsinə istismarının nəticələri aradan qaldırılandan sonra işləyib hazırlamaq mümkün olacaq. Bu səbəblər üzündən təkrarsız gözəlliyə malik vulkanik landşaftlarımızın bir qismi indi acınacaqlı gündədir. Yeri gəlmişkən, neft şirkətlərinin bəzi palçıq vulkanlarımızı gəzən əcnəbi mütəxəssisləri, ilk növbədə, buna diqqət yetirirlər. Palçıq vulkanlarının - təbiətin qeyri-adi abidələrinin qoruq zonalarını yaratmaq bu səbəbdən bizim üçün çox zəruridir. 

Ə.Əliyevin dediklərindən: "1999-cu ildə Bozdağ-Qobu vulkanının püskürməsindən sonra uzunluğu 1200 m olan və yaşayış tikililərinə qədər gəlib çatan çat əmələ gəldi. Bəzən belə çatlar, Şamaxı rayonundakı Kolanı vulkanında olduğu kimi, 2, hətta 3 km uzanıb gedir. 2000-ci ilin oktyabrında belə bir şey Ceyranbatan su anbarının cənub-şərq sahilində yerləşən Keçəldağ vulkanında baş verdi.  Çoxdan sönən bu vulkanın ətəklərində aparılan işlər onun oyanmasına səbəb oldu və möhtəşəm püskürmə baş verdi. Vulkanın ətəyindəki yaşayış evləri və yarımçıq tikililər onun püskürdüyü palçığın altında qaldı. Xoşbəxtlikdən insan tələfatı olmadı. Bundan başqa, Lökbatan qəsəbəsində yerləşən və Azərbaycanda ən fəal olan Qaradağaxtarma vulkanının kraterinin yaxınlığında nəhəng çala qazılmışdı. Vulkanın dağıdılması üzrə işlər 2 ay - püskürmə baş verənə qədər davam etmişdi. Biz vulkanları qorumalı, onlardan ağılla istifadə etməli və gələcək nəsillər üçün saxlamalıyıq. Onlar insanlar üçün səmərəli və lazımlıdır. Birincisi, fövqəldərin quyu olan palçıq vulkanı Yerin təkində baş verənlər barədə kifayət qədər qiymətli informasiya verir, yeraltı anbarlardakı yanacağı axtarıb tapmaqda bizə yardımçı olur. Palçıq vulkanları seysmik hadisələr - zəlzələlərlə genetik bağlılığa malikdir. Nəhayət, bir alim kimi, qeyd etmək istərdim ki, palçıq vulkanlarının araşdırılması geologiya, geokimya və geofizikanın bir çox məsələlərini həll etməyə imkan verir. Vulkan qoruqlarının yaradılması bizim üçün bu səbəblərdən belə zəruridir".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən isə bildirdilər ki, bu qurumda vulkanların mühafizəsi məsələsi üzrə koordinasiya şurası yaradılıb və onun tərkibinə 15 alim daxil olub. Mətbuat xidmətində aşağıdakıları vurğulayıblar: "Təbii abidələrin - vulkanların mühafizəsi üçün bir sıra tədbirlər nəzərdə tutulub. Bu işə vulkanların yaxınlığında yerləşən bütün ekologiya rayon idarələri və komitələri qoşulub. Qeyd etmək lazımdır ki, onların mühafizəsinə görə məsuliyyəti təkcə biz yox, həm də yerli icra hakimiyyəti nümayəndələri də daşımalıdır. Artıq vulkanların yaxınlığında bu təbiət abidələrinin dövlət tərəfindən mühafizə edilməsi, onların zibillənməsinin, dağıdılmasının, ətrafında tikinti və digər işlərin aparılmasının qəti qadağan olunması barədə mühafizə lövhələri yerləşdirilməyə başlanıb. Vulkanların pasportlaşdırılmasını keçirmək də planlaşdırılır. Bununla əlaqədar, palçıq vulkanları qoruqlarının yaradılmasının praktik həlli lazımdır. Əks halda, bu təbiət abidələri bir neçə ilə məhv olacaq". 

Qeyd edək ki, "R+"  müxbirləri Lökbatan qəsəbəsindəki Qaradağaxtarma vulkanında olublar. Vulkan neft-qazçıxarma idarəsinin yaxınlığında yerləşsə də, oralarda heç bir mühafizə lövhəsi yoxdur. Paradoks? Çətin ki... 


MƏSLƏHƏT GÖR:

451