24 Noyabr 2024

Bazar, 23:44

QRİPİ UNUTMAQ OLMAZ

Kəskin respirator xəstəliklərin yayılması mövsümü Azərbaycanda hələ bitməyib

Müəllif:

15.12.2007

Ümumdünya SƏhiyyƏ TƏşkilatının ekspertləri bu il insanlar arasında qlobal epidemiyalara səbəb ola biləcək yeni virusların peyda olmasını gözləməsələr də, Azərbaycanın baş infeksion həkimi Namiq Əliyev əhalini öz sağlamlığına daha çox diqqət ayırmağa çağırıb. Adətən, dekabrda Azərbaycanda qrip və paraqrip xəstələrinin faiz göstəricisi yüksəlsə də, ölkədə kəskin respirator xəstəliklərin geniş yayılması müşahidə olunmayıb. Bu viruslu xəstəliklər  hava-damcı yolu ilə yayılır,  daha çox  mövsüm dəyişərkən kəskinləşir. Ştammlara gəldikdə isə,  cari epidemiya mövsümündə - 2007-/2008-ci ilin qışında A, H1N1 və H3N2, eləcə də B tipli qrip virusları dövr edəcək. 

Bununla belə, dünya birliyi pandemiyanın yaranması mümkünlüyünü istisna etmir. O, insanın əvvəllər məlum olmayan və vaksini tapılmamış virusa yoluxması nəticəsində baş verə və hətta letal sonluqla da bitə bilər. 

 

Hələlik vəziyyət sabitdir  

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) verilən məlumata görə, Azərbaycanda  qripin yayılması ilə bağlı situasiya təhlükəli həddə çatmayıb. Tibb müəssisələrinə müraciətlərin sayı normadan artıq deyil. Doğrudur, o hər halda, ötən ilin analoji göstəricilərindən bir qədər yüksəkdir.  

RGEM baş direktorunun müavini Svetlana Zmitroviç "R+" müxbirinə müsahibəsində deyib ki, ölkədə KRX yayılması haqqında məlumatlar hər ay ümumiləşdirilir. Məsələn, əhalinin daha çox hissəsinin yaşadığı Bakı üzrə məlumatlar hər həftə toplanır. Belə ki, dekabrın birinci dekadasında paytaxtda vətəndaşların 1965 müraciəti qeydə alınıb, bunların 875-i uşaq xəstəliklərinin payına düşüb. Oktyabr-noyabrda belə müraciətlərin sayı daha çox - 2135 olub.

Bu göstəricilərə, şübhəsiz, həm də hava şəraiti təsir edir. Maksimal göstərici 3387 olub. S.Zmitroviç deyir: "Yaxın vaxtlarda qrip epidemiyası gözlənilmir və situasiya nəzarətdədir. Bundan əlavə, tibb personalına məktəb və uşaq bağçalarında gücləndirilmiş iş rejiminə keçmək tövsiyə olunub, belə ki, məhz uşaqlara KRX  daha çox  təsir edir". 

Eyni zamanda, ekspert bir faktı vurğulayıb ki, yuxarıda göstərilən statistika ölkədə qripin yayılmasına aid situasiyanı tam şəkildə təsvir edə bilməz. Əhali özünümüalicə ilə məşğul olur, demək olar ki, poliklinikalara müraciət etmir. Məsələn, əvvəllər 7-8 min müraciət epidemiyaya dəlalət edirdi. İndi isə  müalicə müəssisələrində 4,5-5 min müraciət qeydə alınsa, mütəxəssislər həyəcan təbili çalmağa başlayacaqlar.

 

Peyvənd etmək məqsədəuyğundur 

ÜST proqnozlarına əsasən, bu il Yeni Kaledoniya, həmçinin A və B qrip növlərinin epidemiyası gözlənilir. Sonuncu iki ştam Azərbaycanda əvvəllər də qeydə alınıb. Yeni Kaledoniya növü isə bizim üçün tamamilə yenidir. Bu gün V.Axundov adına Azərbaycan tibbi profilaktika ETİ laboratoriyası qripin yeni ştamının tədqiqi ilə məşğuldur. 

Qripə yoluxmaq təhlükəsindən yan keçmək üçün tibb işçiləri, hər halda, onun əleyhinə peyvənd etməyi, eyni zamanda orqanizmi vitaminlərlə möhkəmləndirməyi, həmçinin bədən tərbiyəsi ilə məşğul olmağı tövsiyə edirlər. Bu il qripdən qorunmaq üçün Bakıda iki yeni vaksin təklif olunur, axı hər mövsümdə törədici virusların yeni dəsti peyda olur. Qeyd etməyə dəyər ki, ÜST hər il qripin hansı ölkə ərazisində tüğyan edəcəyini müəyyənləşdirmək üçün müvafiq tədqiqatlar aparır. Buna uyğun olaraq bütün müəyyənləşdirilmiş viruslar əleyhinə anticisimlərdən ibarət yeni vaksin hazırlanır. Aparılmış tədqiqatlara əsasən, bu il aşağıdakı vaksinlər tövsiyə olunur: artıq Bakı apteklərində satılan Belçika istehsalı Fluarix və Hollandiya istehsalı İnfluavak. Peyvənd kabinetləri  6 №-li uşaq klinik xəstəxanasında və Respublika Gigiyena və Epidemiologiya Vərkəzində fəaliyyət göstərir. Bundan başqa, Mərkəzi Neftçilər Xəstəxanasında da hər gün saat 9-dan 17-yə qədər vaksinasiyadan keçmək olar.

 

Xüsusi qaydalar

Böyük Britaniyada isə qriplə mübarizədə təkcə məlum "peyvənd yolları" getməməyi qərara alıblar. Belə ki, Londondakı Kuin Meri Tibb Məktəbinin professoru Con Oksford qrip xəstələri üçün xüsusi etiket və gigiyena qaydaları hazırlayaraq çap etdirib. Professor deyir ki, ilk növbədə, qrip xəstələrinin öskürərkən və asqırarkən üzü əlləri ilə örtməsi düzgün deyil, bu zaman orqanizmdəki viruslar əllərin üzərinə tökülür.  Daha yaxşı olar ki, bu, geyimin qatlanmış qolu və ya dirsək vasitəsilə edilsin ki, başqasının əlini sıxanda virusların ötürülməsinin qarşısı alınsın.

Həmçinin birdəfəlik burun dəsmallarından istifadə etmək lazımdır. Amma parça dəsmallar qəti surətdə bura aid edilə bilməz, çünki onlar mikroorqanizmlərin çoxalması üçün optimal şərait yaradır.  Professor Oksfordun fikrincə, ən əsası isə, əlləri düzgün yumaq lazımdır. Bunu müntəzəm və hər dəfə əllərlə üzü örtdükdən sonra etmək vacibdir.  Əlləri mütləq isti su və sabunla, mümkün qədər uzun müddət yumaq lazımdır.

Alimin fikrincə, belə sadə qaydaların köməyi ilə qripə yoluxmanın səviyyəsini əhəmiyyətli dərəcədə azaltmaq və virus infeksiyasının yayılmasının qarşısını almaq olar.

S.Zmitoviç isə soyuqdəymənin gücləndiyi mövsümlərdə şirniyyatdan imtina etməyi məsləhət görür, çünki yüksək rafinə olunmuş karbohidrogenli məhsullar orqanizmdə virusun yayılmasına yardım edir. İstənilən tərəvəz, meyvə, həmçinin quru meyvələr yemək daha xeyirlidir. Bir də rasiona sarımsaq, soğan və C vitamini ilə zəngin olan sitrus meyvələri salmaq məsləhətdir.


MƏSLƏHƏT GÖR:

392