15 Mart 2025

Şənbə, 00:30

AZ OLSUN, SABİT OLSUN

Azərbaycanda ÜDM-in sürətli inkişafını sabit templər əvəzləyəcək

Müəllif:

15.12.2007

Daxili ümumi məhsulun yüksək artım templərinin davam etdiyi Azərbaycan bu göstəriciyə görə dünyada liderliyi qoruyub-saxlamaqdadır. Lakin ölkə hökumətinin proqnozlarına görə, orta müddət üçün perspektivdə belə artım templəri tədricən səngiməyə başlayacaq. 

Həm də bu meyil artıq 9 ayın nəticələrinə görə müşahidə edilməkdədir. Statistika üzrə Dövlət Komitəsinin sədri Arif Vəliyev durumu belə izah etdi: "Yanvar-avqust ərzində ÜDM-in inkişaf templərinin 32,5%-dən 27,1%-dək azalması Azərbaycanın ixracının azalması ilə bağlıdır ki, bu da sentyabrda ABƏŞ-in ixracı dayandırması ilə şərtlənir". ABƏŞ bunu 10 gün ərzində aparılan təmir işlərilə izah edib. 

Lakin buna baxmayaraq, Azərbaycan ÜDM-in atım templərinə görə təkcə MDB deyil, Şərqi Avropa ölkələrini də qabaqlayır.

 

Sürətli inkişafdan sabitliyə doğru

Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin optimist proqnozları göstərir ki, cari ilin nəticələrinə görə Azərbaycanda ÜDM-in artım templəri dünyada ən yaxşı olan keçənilki göstəriciləri arxada qoyacaq. O xatırladıb ki, Azərbaycan adambaşına düşən investisiyaların həcminə görə də MDB məkanında liderdir. 1995-2007-ci illərdə Azərbaycana $42 mlrd birbaşa sərmayə yatırılıb ki, bunlardan 70% xaricdəndir. "Birbaşa yatırımlar iqtisadiyyatın sabitliyinin təməli və onun inkişafı üçün təkandır". H.Babayev belə hesab edir.

Bununla yanaşı, o, Azərbaycan iqtisadiyyatının inkişafında bir sıra problemli məqamların olduğunu da etiraf edib. Məsələn, inkişaf etmiş iqtisadiyyata malik ölkələrdə xidmət sektoru iqtisadiyyatda 50%, bizdə isə cəmi 20% paya malikdir. "Odur ki mən iş adamlarını bu sahəyə yatırımlar etməyə çağırıram",- deyə nazir bildirib.

Hələlik isə neft sektoru həm ÜDM-in (56%), həm də büdcə gəlirlərinin (təxminən, 50%) formalaşmasında sanballı yer tutur. Neft hasilatı həcmlərinin 2011-ci ildən azalması ilə bağlı ÜDM-in real artım templəri də 2007-ci ildə gözlənilən 30,6%-dən 3,5%-ə qədər azalacaq. 2008-ci ildə bu göstərici 18,2%, 2009-da  - 14,1%, 2010-da - 5,9% olacaq. Hər halda, hökumətin ən mühafizəkar proqnozları belədir. Beləliklə, 2008-ci ildən etibarən, Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə keçəcək. Sürətli inkişafı mülayim, lakin sabit templər əvəzləyəcək. 

H.Babayevin fikrincə, yüksək inkişaf templərini daim qoruyub-saxlamaq real deyil: "Nə vaxtsa ölkə iqtisadiyyatı elə bir nöqtəyə gəlib çatır ki, bu zaman ona yüksək templərlə inkişaf etmək lazım gəlmir, çünki lazımi məqsədlər artıq əldə edilmiş olur. Bu halda, az da olsa, sabit inkişaf templərini qoruyub-saxlamaq önəmlidir. Bir də ki, açıqlanan rəqəmlər, sadəcə, ən pessimist proqnozlardır. Reallıqda onlar xeyli çox ola bilər". 

 

Sərvətimiz təkcə neft deyil

Bununla yanaşı, bəzi analitiklər hesab edirlər ki, hökumət ÜDM-in orta inkişaf templərini qoruyub-saxlamaq istiqamətində müəyyən addımlar atmağa qadirdir. İqtisadi Araşdırmalar Mərkəzinin ekspertlərinin fikrincə, bazara daxil olarkən hələ də monopoliya elementlərinin və müəyyən maneələrin qalmaqda olduğu özəl sektorda rəqabət mühitini yaxşılaşdırmaq zəruridir.

Bundan başqa, hökumət kapitalın hərəkətini daha da liberallaşdırmalıdır. Bu yaxınlarda Azərbaycan parlamenti $10 minə qədər nağd pulun, bank sistemi vasitəsilə isə $50 minə qədər məbləğlərin rüsumsuz hərəkətini təsdiqləsə də, ekspertlərin fikrincə, hətta bu kvotanın saxladılması da kapitalın ölkədən çıxarılması üçün problemlər yaradır, artıq pul kütləsinin saxlanması isə yalnız inflyasiyanın artımına yardımçı olur. 

Ticarətin liberallaşdırılması üçün hökumətin əsas vəzifəsi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbulu prosesini sürətləndirməkdir ki, bu da iqtisadiyyatda şəffaflığı və hesabatı yük-səltməyə imkan verəcək. Ekspertlər hesab edirlər ki, bu problem həll olunmadan  tarazlaşdırılmış inkişaf əldə etmək çətin olacaq.

İctimai Maliyyənin Monitorinqi Fondunun rəhbəri İnqilab Əhmədov da hesab etdi ki, sonrakı illərdə ÜDM-in artım templərinin azalması ölkədə neft hasilatının pik templərinin aşağı düşməsi və orta müddətli hasilata keçidlə bağlıdır. Bu halda, neft-qaz investisiyalarının azalması da öz təsirini göstərəcək, çünki əsas yatırımlar "Şahdəniz" qaz-kondensat yatağının, Azəri-Çıraq-Günəşli neft yataqları blokunun işlənməsinə qoyulub. 

Digər tərəfdən, Əhmədov ÜDM-in artım templərinin azalmasını təbii sayır, çünki onlar ilbəil üst-üstə gəlir və əvvəlki illərlə müqayisədə daim 20-30% artım olurdu. İqtisadçı haqlı olaraq qeyd edir: "Lakin həmişə belə ola bilməz".

Bununla yanaşı, onun fikrincə, proqnozlar heç də həmişə özünü doğrultmaya da bilər və mütləq bəzi sapınmalar olur. Zaman keçdikcə, qeyri-neft sektoru neft sektorundakı azalmanı kompensasiya etməlidir.

 

Kəmiyyət əvəzinə keyfiyyət

Son illər qeyri-neft sektorunun inkişafda daha yaxşı nəticələr nümayiş etdirməsi analitiklərin təkliflərinin gerçəkləşdirilməsinin mümkünlüyünə ümid yaradır. Belə ki, Dövlət Statistika Komitəsinin 9 ayın nəticələrinə görə məlumatına əsasən, qeyri-neft sektorunda ÜDM istehsal 8,9% artaraq, 6,3 mlrd. manat təşkil edib. Əlamətdar faktdır ki, 2006-cı ildə İmişli şəkər zavodunun istismara verilməsi nəticəsində, cari ilin əvvəllərindən etibarən qənd ixracına başlanılıb (ixracın həcmi 236,6 min t təşkil edib). Ölkədə traktor (331 bir ədəd), minik avtomobili (489), televizor (6285) istehsalına da başlanılıb.  

2008-ci ildə qeyri-neft  ÜDM-in real artımı 8,1% səviyyəsində proqnozlaşdırılır. O, 9% səviyyəsinə yalnız 2011-ci il üçün çatacaq, halbuki neft ÜDM-in atım templəri 2007-ci ildəki 51,2%-ə qarşı, 26,1% ətrafında gözlənilir.

Məsələ ondadır ki, hökumətin dəyərləndirməsinə görə, Azəri-Çıraq-Günəşli yataqlarını işləyən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (operator - "bp") tərəfindən neft hasilatının həcmi 2011-ci ildən etibarən aşağı düşməyə başlayacaq və əvvəlki ilə nisbətən 541 mln t azalacaq (2011 - 54 mln 204 min t, 2010 - 54 mln 745 min t). 

Lakin burada da durum köklü şəkildə dəyişə bilər. Belə ki, hasilat templərinin aşağı düşəcəyini gözləyən "bp" şirkəti Azəri-Çıraq-Günəşli yataqlarında tammiqyaslı hasilat layihəsini yeni laylardan neft hasil etmək hesabına genişləndirmək məqsədilə yeni platformaların inşasını həyata keçirmək niyyətindədir. "Bp-Azərbaycan" şirkətinin prezidenti Bill Şreder deyib ki, bu, neft və səmt qazı ehtiyatlarının yerləşdiyi Balaxanı svitasına aiddir. Buradakı ehtiyatlar dəqiqləşdirilməyib.

Onun sözlərinə görə, həmin layihənin gerçəkləşdirilməsi üçün laydan neft hasil etmək məqsədilə yeni platformaların inşası tələb olunacaq. Şirkət gələn il mühəndis-texniki işləri həyta keçirməkdə qərarlıdır. Şreder layihənin gerçəkləşdirmə miqyasının bundan sonra müəyyənləşdiriləcəyini də deyib. Yeni laylardan əlavə, neft hasilatı hesabına şirkət hasilatı yüksək səviyyədə saxlamaq fikrindədir.

İstənilən halda, Azərbaycan neft ölkəsidir və iqtisadiyyatın neft sektorundan müəyyən asılılığı həmişə müşahidə olunacaq. Bu zaman ÜDM-in strukturunun keyfiyyətcə dəyişməsi və qeyri-neft sektorunun payının ilbəil artması indiki iqtisadi sabitliyin qorunub-saxlanacağına inam yaradır.


MƏSLƏHƏT GÖR:

462