
DÜNYA ŞƏBƏKƏSİ İLƏ MUZEYƏ
Azərbaycan muzey mərkəzi Rusiyada "virtual filialı"nın yaradılmasına hazırlaşır
Müəllif: Nailə BƏNNAYEVA Bakı
Bütün dünyada muzey sahəsi texniki imkanların genişlənməsi və əlbəttə, tamaşaçılarla işin və qarşılıqlı əlaqələrin prinsipcə yeni proqramlarının hazırlanması ilə əlaqədar intibah dövrünü yaşayır. Azərbaycan da fəal şəkildə bu sahədə dünya təcrübəsinə qoşulur. Və Azərbaycan Muzey Mərkəzinin rus muzeyi ilə birgə iri layihəsi bu istiqamətdə ilk qaranquş oldu.
Bakıdan uzaqlaşmayaraq
Respublika Muzey Mərkəzinin direktoru Liana Vəzirova: "Bu il mərkəzimiz üçün bir sıra maraqlı sərgi və təhsil layihələri ilə əlamətdar olub. Lakin onların ən mühümü innovasiya texnologiyalarına həsr olunmuşdu. Cari ilin birinci yarısında Sankt-Peterburqda keçirilmiş muzey işçilərinin konfransı bu işdə dönüş nöqtəsinə çevrildi. Orada mən uşaq və gənclərin bədii zövqlərinin formalaşmasında Azərbaycan muzeylərinin rolu ilə bağlı çıxış etdim. Ölkəmizdə artıq fəaliyyətdə olan öyrədici muzey proqramlarından danışdım. Bununla belə, xarici həmkarlarımızla təcrübə mübadiləsi göstərdi ki, bu istiqamətdə - muzeylərin böyüyən nəslə "yaxınlaşdırılması" işində çoxsaylı yeni imkanlar var. Yeni səviyyəyə, muzey işinin inkişafının növbəti mərhələsinə çıxmaq, bu işi supermüasir əsaslar üzərində bərqərar etmək lazımdır".
Bu istiqamətin təməl daşlarından biri bu il Azərbaycan Muzey Mərkəzi və Sankt-Peterburqun rus muzeyinin "Rus muzeyi. Virtual filial" adı almış birgə layihəsinin hazırlanması ilə qoyuldu. Onun əsasını isə Azərbaycanda, daha dəqiq desək, respublikamızın Muzey Mərkəzində informasiya-təhsil mərkəzinin yaradılması təşkil edir. Layihənin kurasiyası və maliyyələşdirilməsini YUNESKO həyata keçirir və o, gələn il yanvarın birinci ongünlüyündə start götürməlidir.
Hazırda Muzey Mərkəzində "virtual filial"ın aparaturasının montajı prosesi başa çatmaqdadır. Burada multimediyalı kinoteatr quraşdırılacaq və onun vasitəsilə tamaşaçılar rus muzeyi kompleksinə daxil olan bütün saraylara virtual səyahətlər edə biləcək, onun eksponatları ilə (onların ümumi sayı bütün növ və janrlar üzrə 400 mindən çoxdur) tanış olacaqlar. Bu zaman müxtəlif proqramlar təkcə Sankt-Peterburq saraylarının interyerlərinə baş vurmağa deyil, həm də onların tamaşaçıları müxtəlif dövrlərə aparıb çıxaran rekonstruksiyalarını izləməyə, həmçinin, virtual şəkildə olsa da, amma real zaman rejimində rus muzeyinin istənilən filialında sərgilərin açılışında iştirak etməyə imkan verir. Bütün bunlar tamaşaçılara Rusiyanın Şimal paytaxtına Bakını tərk etmədən səfər etməyə imkan yaradan belə bir layihə sayəsində tamamilə pulsuz nəsib olacaq.
Məkana inteqrasiya
İlk növbədə, multimedia muzey innovasiyaları sahəsində əməkdaşlıq üçün məna "seqmenti" böyüməkdə olan nəsil üçün nəzərdə tutulan proqramlar oldu. "Rus muzeyi. Virtual filial" layihəsində məktəbəqədər yaşlı uşaqlar, məktəblilər və tələbələr üçün xüsusi proqramlar nəzərdə tutulub. Proqramlar muzeyin əməkdaşları tərəfindən işlənib-hazırlanıb və Dövlət Ermitajının gənclər üçün təhsil mərkəzinin proqramlarına əsaslanır. Əsası 8 il bundan əvvəl qoyulan bu mərkəz Rusiya və xaricdəki gənclər üçün təkrarsız təhsil və mədəniyyət proqramlarının yaradıldığı yeni muzey məkanıdır. Onun proqramı müasir muzey işi üçün önəmli olan, demək olar ki, bütün sahələri ehtiva edir. Orada müasir incəsənət, kino təhsili, art-bazar və media-arta dair "dəyirmi masa"lar, konfranslar və simpoziumlar, mütəxəssislər və geniş auditoriya üçün master-klaslar keçirilir. Bütün bunlar birgə layihədə də təmsil olunacaq və bizim gənclər də müasir incəsənət və muzey işinin bütün ən aktual məsələlərinin qavranılması və müzakirəsinə qoşula biləcəklər. Müasir muzeyin vahid ümumdünya mədəniyyət-informasiya məkanına inteqasiyasının yeni mərhələsi təcrübədə öz təcəssümünü belə tapır.
Məlum olduğu kimi, incəsənətin dili beynəlmiləldir, bununla belə, virtual muzey layihəsinin mahiyyəti ilə tanış olanda məntiqi sual doğur: bu qəbilli əlaqələr yaradılanda dil səddi gənclər üçün maneə yaratmayacaq ki? Bu məsələyə Liana Vəzirovanın münasibəti belədir: "Biz bu problemin üzərində də işləmişik. Tezliklə AMEA ilə əməkdaşlıq zəminində rusca və ingiliscə təqdim olunan bu proqramların Azərbaycan dilinə tərcüməsini həyata keçirəcəyik. Ən əsası, biz cavab addıma - Rusiyada Muzey Mərkəzimizin virtual filialının yaradılmasına hazırlaşırıq. Layihənin bu kəsiminə ən yaxşı yerli sənətşünaslarımız, veb-dizaynerlər və digəp mütəxəssislər cəlb olunacaq".
Amma bu iş nə qədər aktual olsa da, o, Muzey Mərkəzi əməkdaşlarının hazırda həyata keçirdikləri yeganə layihə deyil. Mərkəzin norveçlilərlə bağlı daha bir layihəsi böyük şöhrət qazanıb. Qeyd etmək lazımdır ki, hazırda Norveç, ümumiyyətlə, mədəniyyət və incəsənət sahəsində Azərbaycanla çox fəal əməkdaşlıq edir. Bu layihə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin muzey şöbəsi tərəfindən işlənib. Söhbət Azərbaycan Muzey Mərkəzi ilə Norveçin Stavanger şəhərindəki Arxeologiya Muzeyi arasında əməkdaşlıqdan gedir. Layihə üzrə xərclərin böyük hissəsini Norveç XİN və "Statoil" şirkəti öz üzərinə götürüb. Mahiyyətcə bu layihə də təhsilləndiricidir. Amma o, əslində, yuxarıda danışılan kimi, gənc tamaşaçı auditoriyası üçün yox, yüksək ixtisaslı muzey əməkdaşları üçün nəzərdə tutulub, çünki onların ixtisasının artırılmasını və təcrübə mübadiləsini nəzərdə tutur. Layihə bu yaxınlarda start götürüb və gələn ilin yazına qədər davam edəcək.
Bu layihə üç mərhələ üçün nəzərdə tutulub - Bakıda, Osloda seminarlar və yekun görüş. Müzakirələrin əsas mövzuları muzey kolleksiyaları ilə işin menecmenti, muzeydə etik praktika, həmçinin muzeylərin öz auditoriyaları qarşısında rolu və vəzifələri. Lakin bütün bunlar nəzəriyyədir. Praktikada isə bu, auditoriya ilə təmas (çeşidli sərgilərin keçirilməsi, muzey kafeləri və muzey mağazalarının təşkili) və sərgi yerlərinin, avadanlığın konservasiyası sahəsində təcrübə mübadiləsi. Fəaliyyət sahəsi kimi, konservasiya, ümumiyyətlə, bütün dünyada muzey işinin inkişafının indiki mərhələsində çox önəmlidir. Odur ki ölkəmizi bu layihədə təmsil edəcək 15 nəfərdən dördü məhz konservasiya üzrə mütəxəssislərdir.
Beləliklə, Rusiya və Norveçlə bu iki iri müştərək layihə müasir muzeyin interaktiv inkişafı probleminin hər iki tərəfini ehtiva edir. Bu həm tamaşaçı auditoriyası ilə iş, həm də muzey işçilərinin ixtisasının artırılmasıdır. Lakin belə irimiqyaslı layihələrdə iştirak mərkəzin gündəlik iş yükünü heç də azaltmır. Belə ki, başa çatmaqda olan ilin sonuncu ayında Muzey Mərkəzi iki beynəlxalq sərgi layihəsini qəbul edəcək. Bunlardan biri ənənəvi aluminium müasir incəsənət festivalı olacaq. Daha sonra isə M.Rostropoviç festivalı çərçivəsində Muzey Mərkəzinin qalereyasında həmin festivalın mərkəzi sərgisi yerləşəcək.
MƏSLƏHƏT GÖR: