
ALMAN HESABLAMASI
Almaniya Azərbaycana iqtisadi əməkdaşlığın fəallaşdırılmasını təklif edir
Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI Bakı
Azərbaycanın Avropa ölkələri ilə ticarət-iqtisadi münasibətlərində yeni mərhələ başlayıb: ölkə Köhnə Dünyadan olan biznes nümayəndələrinə investisiya imkanları açmaqla yanaşı, özü bu ölkələrdə müxtəlif layihələrdə iştiraka maraq göstərir. Azərbaycan iqtisadiyyatının sabit inkişafı investisiya qoyuluşlarının etibarlılığına zəmanət verir və avropalı tərəfdaşlar tərəfindən yeni təkliflərə stimul yaradır. Bu, son zamanlar Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələrin genişlənməsindən də aşkar şəkildə görünür.
Almaniyanın federal iqtisadiyyat və texnologiyalar naziri Mixael Qlos Bakıya son səfəri zamanı Azərbaycan şirkətlərini Almaniya iqtisadiyyatına fəal investisiya yatırmağa çağırıb. "Almaniyada investisiyalara ehtiyac var və bu sahədə Azərbaycanla əməkdaşlıq bizim üçün cəlbedicidir. Bundan başqa, biz Azərbaycanla energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsində, həmçinin ekologiya, tullantıların təmizlənməsi, informasiya texnologiyaları, alternativ enerji istehsalı, qida sənayesi və digər sahələrdə uğurlu tərəfdaşlığı daha da inkişaf etdirməkdə maraqlıyıq", - deyə M.Qlos qeyd edib.
Bütün bunlarla yanaşı, bir müddət əvvəl Almaniyaya məxsus nəhəng şirkətlərin Azərbaycan bazarına daxil olmasına baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsi ötən il üçün 415 milyon, bu ilin ilk yarısında isə 200 milyon dollar təşkil edib. Qeyd edək ki, bu, Azərbaycan Dövlət Statistika Komitəsinin rəqəmləridir. İqtisadi strukturlar ümid edir ki, yeni layihələr bu vəziyyəti yaxşılığa doğru dəyişdirəcək.
Təklif №1. Tullantıya sərmayə
Son 15 ilə yaxın bir dövr ərzində Almaniyanın işgüzar dairələri Azərbaycan iqtisadiyyatına ümumilikdə 165 milyon dollar sərmayə qoyub. Lakin iki ölkənin qarşılıqlı əməkdaşlıq sahəsini genişləndirməsi və əsas diqqətin qeyri-neft sektoruna yönəldilməsi lazımdır.
Bu gün Almaniya Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoymağa hazır olduğunu bildirir. "Bizim ölkələrimiz arasında əməkdaşlıq üçün çox böyük potensial var. Xüsusilə, Almaniya şirkətləri Azərbaycanda elektrik enerjisi, yüngül və qida sənayesi, su nəqliyyatı, həmçinin ətraf mühit və əhalinin sosial vəziyyəti ilə bağlı sahələrlə maraqlanırlar. İnformasiya texnologiyaları sahəsinə sərmayə qoyuluşu, alternativ enerji mənbələrinin yaradılması və digər sahələrdə də işbirliyinin qurulması mümkündür. Biz özünün xammal bazası olan ölkə ilə əməkdaşlıqda maraqlıyıq", - deyə M.Qlos bildirib.
Alman investorlarının Azərbaycana o qədər də fəal sərmayə qoymamasına gəlincə, onun fikrincə, bunun səbəbi çərçivə şərtləri ilə bağlıdır: "Bizim ölkəmizin biznes təmsilçiləri üçün hüquqi təhlükəsizlik, bank sektorunun dayanıqlığı, maliyyə fəaliyyətinin şəffaflığı, korrupsiyanın aradan qaldırılması, inzibati qərarların tez bir zamanda qəbulu kimi aspektlər vacibdir".
Razılaşın ki, qeyd olunan problemlərin Azərbaycanda mövcud olduğunu inkar etməyə ehtiyac yoxdur. Lakin ən əsası odur ki, hökumət onların aradan qaldırılması üçün kifayət qədər kəsərli tədbirlər görür və artıq bu istiqamətdə müəyyən irəliləyişlər də var. Bu isə, öz növbəsində, ticarət-iqtisadi münasibətlərin fəallaşmasına səbəb olur.
Azərbaycan hökuməti konkret olaraq, Almaniya şirkətlərindən ölkə iqtisadiyyatına birbaşa sərmayələrin qoyulmasına dair təkliflər gözləyir. Bu baxımdan, ən yaxşı misal sənaye tullantılarının təkrar emalı müəssisəsinin tikintisi ola bilər. Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin sözlərinə görə, ilk belə zavodun inşanı layihəsi artıq hazırdır və onun illik gücünün 500 min tona çatacağı güman olunur. Bakıda və paytaxtın ətrafında isə ildə ümumilikdə 1 milyon ton tullantı yığılır. Bu səbəbdən daha iki analoji zavodun tikintisi planlaşdırılır və Almaniya şirkətləri bu layihələrdə iştirak edə bilər. Proses zamanı maya dəyərinin azaldılması məqsədilə zavodların tullantı poliqonlarının yaxınlığında inşa olunması da nəzərdə tutulub. "İlk zavodda 1 ton tullantının təkrar emalı 30 manata başa gələcək", - deyə H.Babayev qeyd edib.
Almaniya şirkətlərinin təmsilçiləri isə, öz növbələrində, tullantıların utilizəsi zamanı elektrik enerjisinin əldə olunması texnologiyasından istifadəni də təklif edib. Bunun Azərbaycanın regionları üçün də olduqca vacib olduğu üzə çıxıb. Belə ki, ekologiya və təbii sərvətlər naziri Hüsenqulu Bağırovun sözlərinə görə, əyalətlərdə, əhalisi 20 minədək olan kiçik şəhərlər və kəndlərdə o qədər də böyük olmayan zibil utilizatorlarına ehtiyac var. Bu müəssisələrdə əldə olunan elektrik enerjisi elə həmin bölgələrə verilə bilər.
Bundan başqa, Almaniya şirkətləri Azərbaycana yalnız sənaye tullantılarının yüksək səviyyədə utilizəsində deyil, həm də içməli suyun dünya standartlarına uyğun şəkildə təmizlənməsində kömək edə bilər. Belə ki, Azərbaycan hökuməti Kür və Araz çayları üzərində ölkəyə Gürcüstan və Ermənistandan daxil olan suyun yüksək səviyyədə təmizlənməsi məqsədilə modultipli qurğular yerləşdirmək fikrindədir.
Təklif №2. İldə 5 milyard kubmetr
Bu gün Bakı ilə Avropa ölkələri arasında iqtisadi əməkdaşlığa dair müzakirələr aparılan zaman əsas diqqət mərkəzində dayanan məsələ Azərbaycanın enerji resurslarının satışı ilə bağlı olur. Belə ki, Köhnə Dünya fəal şəkildə alternativ neft və qaz mənbələrinin axtarışı ilə məşğuldur və hazırda bu məsələdə Xəzərin Azərbaycan sektoru digər mənbələrlə müqayisədə daha az problemli təsir bağışlayır. "Azərbaycan enerji daşıyıcılarının ixracatçısı kimi, bizim üçün böyük maraq kəsb edir. 2006-cı ildə biz Azərbaycandan 1,85 milyon ton neft idxal etmişik. Təbii qaza gəlincə, bizim bugünkü təchizat mənbəyimizdən narazı olduğumuzu söyləmək olmaz. Lakin əlavə mənbələrə daim ehtiyac olur. Azərbaycanın dünyada enerji resurslarının ixracatçısı kimi rolu artmaqdadır. Ümumilikdə, Xəzər regionu Avropa üçün neft və qaz ixracı məsələsində mərkəzi mənbəyə çevrilə bilər. Bununla bağlı, biz Xəzər qazının Avropa ölkələrinə nəqlini nəzərdə tutan Nabucco layihəsini dəstəkləyirik", - deyə Bakıda səfərdə olan almaniyalı nazir Qloss qeyd edib. Onun fikrincə, Azərbaycan Nabucco layihəsi çərçivəsində Almaniyaya ildə 5 milyard kubmetr qaz nəql edə bilər və bu ölkənin ENBW şirkəti məsələ ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparmağa hazırdır.
Lakin real nəql Nabucco layhəsinin reallaşmasından asılıdır. Qeyd etmək lazımdır ki, hətta Avropanın özündə belə bir müddət əvvələdək bu möhtəşəm layihənin reallaşacağına inananlar o qədər də çox deyildi, lakin son dövrlərdə müxtəlif ölkələrin nəhəng şirkətləri ona qoşulmağa başlayıblar. Məlum olduğu kimi, belə təklif artıq Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) də edilib və qurum layihənin digər səhmdarları ilə danışıqlara başlayıb. ARDNŞ hazırda irəli sürülən təkliflərin məqsədəuyğun olub-olmadığını öyrənir. M.Qlos sözügedən layihə haqda da danışıb: "Yeni qaz kəməri Xəzər regionu ölkələrindən "mavi yanacaq"ın Rusiyadan yan keçməklə, Avropaya nəql edilməsinə imkan yaradacaq. Bu, Almaniyaya da enerji daşıyıcılarının nəqlinin diversifikasiyasına imkan verəcək. Ümid edirik ki, yaxın aylarda Nabucco layihəsinin infrastrukturunun yaradılmasına başlanması üçün müqavilə imzalanacaq".
Bu məsələ ilə əlaqədar onu da qeyd etmək lazımdır ki, Azərbaycan şirkətlərinin belə nəhəng layihələrdə səhmdar kimi iştiraka dəvət edilməsi faktının özü göstərir ki, artıq Avropa Azərbaycanı bərabərhüquqlu enerji tərəfdaşı kimi qəbul etməyə başlayıb.
MƏSLƏHƏT GÖR: