15 Mart 2025

Şənbə, 00:45

QATARLA AVROPAYA

Azərbaycan, Gürcüstan və Türkiyə "dəmir İpək yolu"nun tikintisinə start verdilər

Müəllif:

01.12.2007

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə tarixi İpək yolu da bərpa olunacaq. Bunu yolun Gürcüstan hissəsinin tikintisinin başlaması münasibətilə keçirilən mərasimdə Türkiyə prezidenti Abdulla Gül bəyan edib. «Bu möhtəşəm layihə ilə biz Çinlə Londonu birləşdirəcəyik, çünki Çindən çıxan lokomotivlər Xəzər regionu, Bakı və Tbilisidən İstanbula, oradan da Avropaya gedə biləcək», - deyə Gül vurğulayıb.

A.Gül həmçinin bu layihənin reallaşmasında verdiyi tövfəsinə görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayevə minnətdarlığını bildirib. «Qazaxıstan söz verib ki, il ərzində bu marşrutla 10 milyon ton yük daşıyacaq», - deyə Türkiyə prezidenti qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev də bəyan edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi yalnız region deyil, bütün dünya üçün önəmli məsələdir. «Əminəm ki, bu layihə də bundan əvvəlki layihələr - Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri kimi uğurlu olacaq. Əvvəllər bəzi təşkilatlar bu layihələrə də şübhə ilə yanaşırdılar. İndi isə bu layihələr Avropanın enerji təhlükəsizliyi məsələsində vacib rol oynayırlar», - deyə Azərbaycan prezidenti bildirib.

Dövlət başçısı vurğulayıb ki, bu layihə uzun illərdir ki, müzakirə olunurdu, ancaq layihənin gələcəyi qeyri-müəyyən idi: «Uzun illər ərzində müxtəlif beynəlxalq maliyyə qurumları ilə, beynəlxalq təşkilatlarla apardığımız danışıqlar, əfsuslar olsun ki, heç bir nəticə verməmişdi. Ancaq bu gün bizim ölkələrimiz öz iradəsini ortaya qoyaraq, bu layihəni özümüz həll edirik». 

İ.Əliyev onu da əlavə edib ki, Bakı-Tbilisi-Qars layihəsi hansısa dövlətlərin maraqlarına qarşı yönəlməyib: «Bizim layihələrimiz xalq-larımızın rifahının yüksəklməsinə yönəlib. Vaxt gələcək, bu gün bu layihəyə o qədər də səmimi münasibət göstərməyən tərəflər, ölkələr, yaxud beynəlxalq maliyyə qurumları, bir gün gələcək və bəlkə də, yaxın zamanlarda bu layihəyə qoşulmaq üçün bizimlə əməkdaşlığa başlayacaqlar» .

Gürcüstan prezidenti Mixail Saakaşvili isə qeyd edib ki, Rusiya-Gürcüstan dəmir yolu xəttinin Abxaziya hissəsi bağlandıqdan sonra, Gürcüstanın Rusiya, eyni zamanda, digər ölkələrlə dəmir yolu əlaqəsi kəsilmişdi. «Amma bu gün Gür-cüstan dalandan çıxır. Biz Avropaya gedən daha müasir və daha sürətli dəmir yolu əldə edəcəyik. Bu, möhtəşəm layihədir», - deyə o vurğulayıb.

Saakaşvili əlavə edib ki, bu layihə Samsxe-Cavazetiya bölgəsinin iqtisadi təcrid vəziyyətindən çıxmasına və «əsas tranzit məntəqəsinə çevrilməklə yanaşı, həm də iqtisadi aktivlik mərkəzinə çevrilməsinə» şərait yaradacaq. Saakaşvilinin sözlərinə görə, bu layihə bu gün Çindən gələn və əsasən Transsibir magistralından ötürülən yüklərin, məhz Gürcüstandan keçəcəyi deməkdir. «Bu isə böyük geosiyasi inqilabdır. Mən belə düşünürəm ki, magistralın tikintisi nəzərdə tutulduğu vaxtdan da tez başa çatdırılacaq. Mən ikinci prezidentlik dövrümdə bu dəmiryolunun açılışında iştirak etmək və Bosfordan keçərək Avropaya gedən Bakı-Tbilisi-İstanbul ekspressinin ilk sərnişini olmağı düşünürəm», - deyə M.Saakaşvili bəyan edib.


MƏSLƏHƏT GÖR:

367