15 Mart 2025

Şənbə, 00:37

AZƏRBAYCAN QAZ VERDİ

"Şahdəniz" qazı Avropaya üz tutdu, yatağın ehtiyatları isə artdı

Müəllif:

01.12.2007

"Bu gün AzƏrbaycan enerji ehtiyatlarının həm hasilatı, həm də nəqli baxımından tam müstəqil ölkədir və sonrakı illərdə respublikanın qarşısında enerji təhlükəsizliyilə bağlı problemlər yaranmayacaq". Bu bəyanat Azərbaycan Prezidenti İlham Əliyevin dilindən səslənib. Ölkə başçısının sözlərinə görə, hazırda ölkənin qarşısında daha qlobal vəzifə durur: Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yardımçı olmaq. İri "Şahdəniz" qaz yatağı ilə bağlı son hadisələr və kəşflər göstərir ki, Azərbaycan bu işin öhdəsindən gəlməyə qadirdir. 

 

"Şahdəniz": möhtəşəm kəşf 

Azərbaycan mütəxəssisləri Xəzərin bizə məxsus sektorunun qaz ehtiyatlarının bu gün üçün əldə edilən göstəricilərdən qat-qat artıq olduğunu çoxdan deyirdilər. Sənaye və iqtisadiyyat naziri Natiq Əliyev bu yaxınlarda bildirib ki, "Şahdəniz", "Alov-Araz-Şərq", "Əşrəfi", "Dan ulduzu", "Naxçıvan" yataqlarının və "Azəri-Çıraq-Günəşli" yatağının dərin laylarındakı qaz ehtiyatları birlikdə, azı, 6 trln. kub m təşkil edir. Təkcə "Şahdəniz"də 1,2 trln kub. m, "AÇQ"də isə 500 mlrd kub. m qaz ehtiyyatlarının olduğu bildirilir. "Əvvəllər Azərbaycanda qaz hasilatı sahəsində azalma templəri 13% təşkil etdiyi halda, indi artıq burada illik artım müşahidə olunur. Hesab edirik ki, 2020-ci ildə Azərbaycanda ildə 30 mlrd kub. m qaz hasil olunacaq", - deyə nazir bildirib.

Unutmaq olmaz ki, ARDNŞ-nin xarici tərəfdaşlarının "Şahdəniz" layihəsinə dair açıqladıqları rəqəmlər son zamanlara qədər Azərbaycan tərəfinin açıqladığı göstəricilərdən, demək olar ki, 2 dəfə az - cəmi 625 mlrd kub. m idi. Amma yalnız son zamanlara qədər. Noyab-rın ortalarında isə bp şirkəti "Şahdəniz" layihəsi üzrə tərəfdaşları adından həmin yataqda Bakıdan 70 km cənub-şərqə doğru yerləşən SDX-04 qiymətləndirmə quyusunun qazılması zamanı daha bir iri qaz-kondensat layının aşkarladığını bildirib. "Bu quyunun qazılması zamanı biz "Şahdəniz" layihəsinin 2-ci mərhələsinin həyata keçirilməsini rentabelli edən ehtiyatlar tapmışıq. Daha sonra fasilə layından da dərinə qazmaq qərara alındı və yeni, önəmli yataq aşkarlandı", - deyən "bp-Azərbaycan" prezidenti Bill Şreyder onu da əlavə edib ki, bu yataqların həcmi əlavə qiymətləndirmə quyuları qazıldıqdan sonra müəyyənləşdiriləcək. Lakin artıq o da məlumdur ki, aşkarlanan ehtiyatlar "Şahdəniz" layihəsinin 2-ci mərhələsi çərçivəsində hasil olunmayacaq və onların çıxarılması üçün ilk dəfə bir neçə ildən sonra Meksika körfəzində istifadə olunacaq ən yeni texnologiyaların tətbiqinə ehtiyac var. Üstəlik, qiymətləndirmə mərhələsində hazırda hasilat aparılan horizontlarda da qaz kondensatı aşkar edilib və bu, hasilatı cənuba doğru irəlilətməyə imkan verib. "Biz əminik ki, əldə olunan nəticələr bütün yatağı dərk etməyimizi xeyli yaxşılaşdırıb", - deyə B.Şreyder bildirib. 

Hazırda "Şahdəniz"də sutkada 500 mln. kub futdan (14,2 mln. kub m) çox qaz və 30 000 barreldən çox kondensat hasil edilir. İlk 2007-ci ilin ilk 9 ayı ərzində layihə çərçivəsində 1,7 mlrd kub. m qaz və 0,5 mln t kondensat hasil edilib. 1-ci mərhələ çərçivəsində sabit hasilat dövründə yataqda ildə 8,6 mlrd kub. m  qaz və sutkada, təxminən, 45 min barrel kondensat hasil olunacağı gözlənilir. Hasilat qalan öncəqazma quyusunun da ilin sonuna qədər istismara verilməsilə bağlı artacaq. Sonra cari ildə platformadan yeni quyuların qazılmasına başlanılacaq. 

 

Yunanıstan yalnız başlanğıcdır...

Bu yaxınlarda etdiyi çıxışlarının birində prezident İlham Əliyev "Şahdəniz" qaz yatağının istismarına başlayarkən, qazımızın Avropa bazarı üçün maraqlı olacağını təsəvvür etmirdik", - deyə etiraf edib. Onun sözlərinə görə, birinci mərhələdə qazın satış bazarı qismində yalnız Türkiyə nəzərdə tutulurdu. Hətta Gürcüstan da bu layihədə müstəsna olaraq tranzit ölkə qismində iştirak etməli idi və tranzit haqqı kimi ona "Şahdəniz" yatağından müəyyən qədər qaz veriləcəkdi. "Lakin indi durum dəyişib və Azərbaycan qazına tələbat artır. Hazırda Azərbaycan Gürcüstanın qaza olan tələbatını həm "Şahdəniz", həm də neft şirkətinin köhnə yataqları qaz hesabına ödəyir. Bu gün Gürcüstan qazın 70-75%-ni Azərbaycandan alır"-deyə ölkə başçısı bildirib. 

Üstəlik, indi Azərbaycan qazı artıq Türkiyəyə ixrac edilir və onun bir hissəsi Yunanıstana, oradan da Avropa Birliyi bazarlarına ötürüləcək. Noyabrın ortalarında Azərbaycan prezidenti Türkiyə ilə Yunanıstan arasında çəkilən qaz kəmərinin təntənəli açılış mərasimində iştirak etdi. Türkiyə ilə Yunanıstanın qaz kəmərləri sistemini birləşdirməli olan bu boru kəmərinin inşası haqqında sənəd 2002-ci ilin aprelində imzalanmış, 2003-cü ilin fevral ayında isə hökumətlərarası razılaşma əldə edilmişdi. Uzunluğu 296,5 km olan kəmər 200 km Türkiyə, 86,5 km Yunanıs-tan ərazisindən keçir. Layihənin ümumi dəyəri, təxminən, 250 mln avrodur. İlkin mərhələdə magistralla 250 mln, ikinci il - 500 mln, daha bir il sonra isə 750 mln kub. m qaz nəql ediləcək. Sonrakı 15 il ərzində qaz nəqlinin həcmini 12 mlrd. kubmetrə çatdırmaq planlaşdırılır. Bundan başqa, 2012-ci il üçün Adriatik dənizinin dibi ilə keçəcək daha bir boru kəməri çəkmək nəzərdə tutulub. Bu xətt Yunanıstanla İtaliyanı birləşdirəcək. Nəticədə, Xəzər bölgəsində hasil olunan təbii qazı Mərkəzi Avropaya çatdırmaq imkanları genişlənəcək. Prezident İ.Əliyevin fikrincə, Türkiyə ilə Yunanıstan arasında qaz xətlərinin birləşdirilməsi bölgəni yeniləşdirdi, əməkdaşlıq üçün yeni imkanlar yaratdı. "Enerji sektorunda əməkdaşlığın yeni formatı yarandı və bu yalnız ilk addımdır", - deyə o qeyd edib. Beləliklə, hazırda Azərbaycan 3 ölkəyə - Gürcüstan, Türkiyə və Yunanıstana qaz ixrac edir.

 

Davamı Nabucco ola bilər

Sirr deyil ki, qaz hasilatı və ixracı neft satışından daha böyük risklərlə bağlıdır: hasil olunan "mavi yanacaq"ı satmaq lazımdır, çünki onu neft kimi çənlərdə saxlamaq mümkünsüzdür. Odur ki "Şahdəniz" çərçivəsində işlərin hər hansı mərhələsinə başlamazdan əvvəl layihə üzrə tərəfdaşlar, ilk növbədə, hasil olunacaq qazın gələcək alıcılarının müəyyənləşdirilməlidir. Hazırda Azərbaycan ixracatçıları, hələlik, Nabucco layihəsini ciddi şəkildə nəzərdən keçirirlər. Sənaye və energetika naziri N.Əliyev bu məsələyə aşağıdakı kimi şərh verib: "Rusiya qazına alternativ kimi, Avropa ölkələri Fars körfəzi, İraq və Xəzər bölgəsindən qaz ala bilərlər. Lakin onların arasında ən realı məhz Xəzər və Azərbaycan görünür. Axı hamı İraq, Yaxın Şərq və Fars körfəzi ölkələrindən tədarükdə problemlərin mövcudluğundan xəbərdardır, halbuki Azərbaycan barədə bunu demək olmaz. odur ki indi biz "Şahdəniz" layihəsinin 2-ci mərhələsinin gerçəkləşdirilməsini sürətləndirmək istəyirik ki, 2011-ci il üçün ilk qaz əldə edə bilək". 

Nazir həmçinin qeyd edib ki, Azərbaycanın layihəyə qoşulmasını çox önəmli sayır. Həm də onun sözlərinə görə, Türkmənistan və Qazaxıstan Nabucco üçün yalnız gələcəkdə təbii qaz mənbəyi ola bildikləri halda, Azərbaycan bunu artıq indi etməyə qadirdir. N.Əliyevin sözlərinə görə, "Şahdəniz" layihəsinin 2-ci mərhələsinin gedişində Azərbaycan Nabucco ilə Avropaya, bütövlükdə 12 mlrd kubmetrə qədər qaz göndərə biləcək, ARDNŞ ilə layihənin iştirakçıları arasında iştirak barədə danışıqlara isə artıq rəvac verilib. Yeri gəlmişkən, bu yaxınlarda prezident İ.Əliyev hökumətə Avropa qaz kəmərinə qoşulmaq məsələsilə məşğul olmağı və bu prosesi sürətləndiməyi tapşırıb. 

Lakin bu gün Nabucco da son hədd deyil: Azərbaycan Transadriatika qaz kəmərində iştirak etməyə də dəvət alıb. Kəmərin artıq mövcud olan hissəsi İtaliyadan keçərək, İsveçrəyə getdiyindən, Sənaye və Energetika Nazirliyi və ARDNŞ İtaliyaya, Yunanıstana və oradan da artıq Azərbaycan qazını almaq istədiyini bəyan edən İsveçrəyə qaz tədarükünün mümkün-lüyü məsələlərini kompleks halda nəzərdən keçirirlər. 

Azərbaycan qazına olan bu marağa ən yaxşı şərhi elə prezident İ.Əliyev özü verib: "Tərəfdaşlarımız  öz enerji ehtiyatlarını Xəzər dənizinin şərqindən qərb istiqamətində bizim ərazidən keçməklə nəql etmək istəsələr, bu məsələni, əlbəttə, razılaşdırılmış şərtlər əsasında nəzərdən keçirə bilərik və məsələ həllini tapar. Lakin biz bu işin təşəbbüskarı deyilik və olmayacağıq da, çünki öz neft-qaz layihələrimizin böyük əksəriyyətini artıq gerçəkləşdirmişik".


MƏSLƏHƏT GÖR:

481