
DİQQƏT AZƏRBAYCANA
Fransa Azərbaycanla əməkdaşlıqda digər Avropa ölkələrindən geri qalmamağa çalışır
Müəllif: Eldar PAŞAYEV Bakı
Noyabrın 19-20-dƏ Fransa prezidenti Nikolə Sarkozinin dəvəti ilə Azərbaycan prezidenti İlham Əliyev Parisdə işgüzar səfərdə olub. Prezidentlərin görüşündə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, regional və beynəlxalq xarakterli məsələlərə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu, 2007-ci ildə İ.Əliyevin Fransaya ikinci səfəri idi. İlk dəfə o, yanvarın 29-31-də bu ölkənin sabiq dövlət başçısı Jak Şirakın dəvətilə Parisə rəsmi səfər etmişdi. Həmin səfər çərçivəsində Bakı ilə Paris arasında bir neçə ikitərəfli sənədlər imzalanmışdı.
Bu dəfə isə səfər işgüzar xarakter daşıdığından, tərəflər heç bir sənədə imza atmayıblar.
Ümumiyyətlə, Cənubi Qafqaz regionunun Avropa İttifaqı üçün vacib əhəmiyyət daşıdığı məlumdur. Fransa isə bu qurumda böyük rola malikdir. Məhz bu səbəbdən Nikolə Sarkozi ilə İlham Əliyevin görüşü son dərəcə vacib idi. Xüsusilə də nəzərə alsaq ki, Sarkozi prezident seçildikdən sonra Gürcüstan və Ermənistanın dövlət başçıları ilə artıq görüşüb.
Öz növbəsində, Bakı Fransa ilə çoxtərəfli münasibətlərin inkişafında maraqlıdır. Bu, ölkə üçün əlavə iqtisadi imkanlar, həmçinin beynəlxalq aləmdə möhkəmlənmək şansıdır. Əgər bu gün N.Sarkozi Avropa və dunya siyasətində yeni fiqurdusa, İ.Əliyev artıq bir neçə ildir dövlət rəhbəri kimi çalışan siyasətçidir. Şübhəsiz ki, hər iki liderin müzakirə etməli olduqları çox məsələ var idi.
Prezidentlərin görüşü noyabrın 20-də baş tutub. Görüşdən əvvəl isə Yelisey Sarayının mətbuat xidməti xüsusi olaraq bəyan edib ki, "Fransa Azərbaycanla münasibətləri möhkəmləndirmək istəyir". "Bu gün Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider ölkələrdəndir: 2006-cı ildə bu artım 35%-dən artıq olub. Bu, xüsusilə energetika sahəsi sayəsində baş verib. Fransa neft-qaz hasilatı nəticəsində yüksək iqtisadi göstəricilərə malik olan Azərbaycanla iqtisadi əlaqələri dərinləşdirməkdə maraqlıdır", - deyə Sarkozi administrasiyasının rəsmi sənədində qeyd edilir.
Rəsmi Paris, Bakının da əsas rollardan birini oynadığı Avropanın enerji daşıyıcılarının diversifikasiyası layihələrinin reallaşmasında son dərəcə maraqlıdır. Məsələ ondadır ki, artıq 2012-ci ildə Fransa Azərbaycan qazı almağa ümid edir. İki prezidentin görüşündən cəmi bir neçə gün əvvəl isə Türkiyənin Ədirnə rayonunun Meriç kəndində (Yunanıstanla sərhəddə) Azərbaycanın "Şahdəniz" yatağından çıxarılan qazı Avropa bazarlarına çatdıracaq boru xəttinin (Bakı-Tbilisi-Ərzurum borusu vasitəsilə) təntənəli açılış mərasimi keçirilib.
Beləliklə, Azərbaycan qazının Cənubi Avropa ölkələrinə çatdırılması istiqamətində ilk addım atılıb.
Bundan başqa, Azərbaycan və Fransa prezidentlərinin görüşündə müzakirə olunan əsas məsələlərdən biri, təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olub. Bu məsələnin müzakirəsində dövlət başçılarına ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasiye də qoşulub.
Xatırladaq ki, Rusiya və ABŞ-la yanaşı, Fransa da Minsk Qrupunun həmsədridir ki, münaqişənin həlli yollarının tapılması da məhz onlara həvalə edilib.
Paris əmindir ki, münaqişənin həlli ilə bağlı "konturların cızılması" üçün məhz Minsk "üçlüyü", Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və prezidentlərinin mütəmadi görüşlər keçirmələri vacibdir.
Parisdə İ.Əliyevlə N.Sarkozi iki ölkə arasında geniş əməkdaşlıq spektri, həmçinin regiondakı durum, Bakı ilə Avropa İttifaqı arasında münasibət, Cənubi Qafqazdakı vəziyyət, beynəlxalq terrorla mübarizə yolları kimi məsələləri də müzakirə ediblər.
İlham Əliyev Fransaya səfəri çərçivəsində N.Sarkozi ilə yanaşı, bu ölkənin parlamentinin rəhbəri Kristian Ponsele ilə də görüşüb. Spiker iki ölkə arasında münasibətlərin "region ölkələri üçün nümunə ola biləcəyini" bəyan edib. Ponsele onu da bildirib ki, iki ölkə bundan sonra bir sıra birgə layihələri reallaşdırmağa hazırdır.
Görüşdə iki ölkənin parlamentləri arasında əməkdaşlığın yaxın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Azərbaycan prezidenti bildirib ki, iki ölkə arasındakı münasibətlərin ən yaxşı göstəricisi onun bir il ərzində Fransaya ikincə dəfə səfər etməsidir.
Xatırladaq ki, oktyabrın sonlarında Kristian Posele Fransada üçgünlük işgüzar səfərdə olan azərbaycanlı həmkarı Oqtay Əsədovla da görüşmüşdü.
Parisdə İ.Əliyev "Total" şirkətinin baş direktoru Kristofor de Marjeri ilə də bir araya gəlib. Görüş zamanı Azərbaycanla "Total" arasında uzun illərdir davam edən uğurlu əməkdaşlıq qeyd edilib, qarşılıqlı səmərəli əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə ümid ifadə olunub.
Prezidentin səfərinin yekunları həm Azərbaycan, həm də Fransa ekspertləri, siyasətçiləri tərəfindən uğurlu adlandırılıb. Xüsusilə, Azərbaycan Prezidenti Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov hesab edir ki, Sarkozinin dəvəti İlham Əliyevin dünya siyasətindəki çəkisinin göstəricisidir: "N.Sarkozi Fransa prezidenti seçildikdən sonra özünün xarici siyasi kursunu müəyyənləşdirmək istəyir və bu mənada, onun üçün Azərbaycan-Fransa münasibətlərinin perspektivini İlham Əliyevlə müzakirə etmək mühüm əhəmiyyət kəsb edir".
Həqiqətən də, İlham Əliyevin Fransaya işgüzar səfərində əsas məqsəd iki prezidentin bir sıra ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı bir-birinin mövqeyini öyrənmək idi. Və bu məqsədə nail olundu.
MƏSLƏHƏT GÖR: