15 Mart 2025

Şənbə, 00:39

"HƏYAT AĞACI": XEYİR VƏ ŞƏR

Cənnətin gizli rəmzləri müasir həyatımızda da yer alıb, lakin biz onları əksər hallarda sadəcə görmürük

Müəllif:

15.11.2007

Müasir moda etno-stil ətrafında dolaşmaqdadır. İndi hər şey dəbdədir - ekstravaqant araqçınlar da, rahat kəlağayılar da. Diqqət yetirdikdə, dəbdə olan əşyaların əksəriyyətinin üzərində, naxış və ornamentlərdə müəyyən rəmzləri müşahidə etmək mümkündür. Bu işarələr əcdadlarımız üçün rəmzlər, onların düşüncə tərzi, məişət dili idi. Hazırda son dərəcə dəbdə olan "həyat ağacı" naxışını, hətta dünyanın ən məşhur zərgərlik şirkətlərinin məmulatlarında da müşahidə etmək müm-kündür. Doğrudur, onun mənası o qədər də məlum deyil. Lakin Azərbaycan alimləri belə bir qənaətə gəliblər ki, "həyat ağacı" rəmzi bizim qədim köklərimizə gedib çıxır.

 

Əvvəllər belə olub

"Dünya ağacı", yaxud "həyat ağacı" anlayışının mənşəyi əsrlərin dərinliklərində gözdən itir. Güman ki, ibtidai xalqlarda ağac bar (qida) verən bir varlıq, yaxud totem kimi ilahiləşdirilib, lakin mifologiyanın meydana çıxması ilə müxtəlif xalq-larda ağacın rolu müstəsna önəm kəsb etdi. Məsələn, Skandinaviya mifologiyasında dünya ağacı - müqəddəs İqdrasil (göyrüş ağacı) müxtəlif - səma, yer və yeraltı aləmləri (cəmi 9 aləmi) birləşdirir. Onun kəlləsində qartal və qırğı quşları oturub, köklərin yanında əjdaha və ilan, köklərin altında isə müqəddəs çeşmələr yer alıb. Məlum olduğu kimi, Tur Heyerdalın müasir araşdırmaları Azərbaycanın qədim sakinlərilə vikinqlərin əcdadları arasında genetik bağlılığı təxmin edir. Odur ki erməni alimləri Odinin xələflərinin qədim Armavirdən o yana keçmədiklərini nə qədər iddia etsələr də, Skandinav və türk mifləri bir-birinə ilk nəzərdə göründüyündən qat-qat yaxındır.

Bir çox xalqların inanclarında həyat və tale ağacları kifayət qədər oxşarlığa malikdir - zirvəsində quşlar, ətəyində isə su hovuzu. Ümumiyyətlə, hovuz və ya digər bir su hovuzunun olması istənilən ornamentdə həyat ağacını bitki naxışlarının adi detallarından fərqləndirməyə imkan verən mütləq dəqiqliyə malik əlamətdir. Quş isə türkdilli xalqların inancına görə, ölənlərin ruhudur və bu səbəbdən də ağacın zirvəsində ("səma" aləmində) təsvir edilir. Lakin daha sonrakı ornametlərdə, o cümlədən Azərbaycan xalçalarında bu sakral (müqəddəs)  anlam itirildi və quşlar sevənlərin rəmzinə çevrildi. Həm də onların başları əks istiqamətlərə çevrilmiş təsvir edildikdə, bu, küsülülük və ya ayrılıq demək idi. Qədim İran mifologiyasında müqəddəs quş - Simurq obrazını dünya ağacı ideyası ilə sıx bağlılıq fərqləndirirdi. Gələcəkdən xəbər verən bu quşun it başı və ayaqları, qanadları və balıq pulu ilə örtülü olması onun yer üzündə, havada və suda hökmranlığının rəmzi idi. Təxmin etmək olar ki, Azərbaycan xalçalarında həyat ağacının, demək olar ki, həmişə  su hovuzundakı balıqlar, budaqlardakı quşlar və yan tərəflərində itlərlə müşayiət edilməsi də elə məhz Simurqun rəmzi obrazı sayəsindədir. Bundan başqa, Səfəvilər dönəmində Simurq quşunun təsviri İranın embleminə çevrildi ki, bu, həmin obrazın Azərbaycan xalq sənətində təsviri ənənəsini möhkəmləndirdi. 

Xristian və müsəlman dinləri həyat ağacı simvolikasına möhtəşəm önəm verir, Yer üzündə ilk insanların günaha batmalarını Cənnətdəki Xeyir və Şər ağacından dadmaları ilə əlaqələndirirlər. Alma ağacının (qədim yəhudi ənənəsində - buğda; digər fərziyyələr də var)  meyvəsindən dadan insanlar "xeyir və şərdən xəbərdar tanrılar kimi" oldular.  Çiçəklənən bağ halında cənnət obazı Avesta dini üçün də səciyyəvi idi. O, "paradiz" adlanırdı (sonralar bu söz bir çox Avropa dilinə daxil olaraq, öz mənasını, demək olar ki, qoruyub-saxladı) və kvadrat hasar içində ov parkı şəklində təsvir edilidi. İran zadəganları cənnət bağının cah-cəlalını real memarlıq formalarında - qəsr və bağlarda təcəssüm etməyə can atırdılar. 

Bölgəmizdə zərdüştlüyü əvəz edən İslamda, Qurana görə, Cənnət "əbədiyyət bağı", yaxud "səadət bağı" kimi təsəvvür edilirdi. Ərəb dilindən tərcümədə "cənnət" sözünün özü də elə "bağ" anlamındadır. Qurana görə, Cənnətdə bir neçə çay axır - su, süd, şərab və bal çayları. Bunların arasında ən əsas olanı Kövsər çayıdır. Təsadüfi deyil ki, bəzi xalçaların kompozisiyası həyat ağacının rəmzi olan mərkəzi ağacın lap ətəyində yerləşən çay-kanalların və mərkəzi su hovuzunun təsvirini də ehtiva edir. Yeri gəlmişkən, Quranda Cənnət bağında bitən bir neçə konkret ağac növünün adı da çəkilir: "palmalar və nar ağacları", "bəhərlə dolu akasiya", "tikanları olmayan şanagüllə". Odur ki təkcə xalça naxışlarında deyil, başqa əşyaları bəzəyən ornamentlərdə də geniş yayılan kiçik palmaların, nar ağacları və narın, həmçinin digər bitki elementlərinin təsvirləri aşkar qədim mifoloji təmələ əsaslanır.  

 

Bağban kimdir?

Azərbaycan miniatürlərində təsvir olunan və ilk baxışda, adi görünən bağlar da "cənnət bağı"nın xüsusi formasıdır. Onların bir-birinə belə bənzəmələri heç də təsadüfi deyil: kvadrat su hovuzu, bir və ya bir neçə kiçik çay, aralarında mütləq axirət həyatının rəmzi -  sərv ağacının rəmzi olan ağaclar.  Orada daha bir maraqlı detal var: saray bağının təsvir edildiyi, demək olar ki, hər bir miniatürdə yer qazan bağban təsviri də var. Aydındır ki, bu məşğuliyyət bağçılığın mahiyyətini kifayət qədər parlaq və aşkar ifadə edir. Amma düzü, nə səbəbdən orta əsrlərin rəssamları bu peşənin digər gündəlik cəhətlərini, məsələn, budaqların kəsilməsini, məhsul yığımını və ya gül dəstəsi düzəldilməsini də təsvir etməsinlər? Ona görə ki, miniatürlərdə təsadüfə yer yoxdur. Hər bir nəcib təsvirdəki bağban isə rəmzdir. Nəyin rəmzi isə artıq başqa məsələdir... 

Bəzi araşdırıcılar əmindirlər ki, haqqında danışılan halda, bağban özünəməxsus "Femidanın əli", yəni haqq-ədalət və ya hökmdarın özbaşınalığı barədə (miniatür müəllifinin nəyi - zəmanəsinin hökmdarının sərt və ədalətli, yaxud həddən artıq qəddar olduğunu nəzərdə tutmasından asılı olaraq) xatırlamadır. Yəni şah sarayında nə qədər şənlik olur-olsun, haradasa mütləq həbsdə olanlar da var və bağban da elə onlardan biri üçün qəbir qazıyır. Bu fərziyyənin zəif tərəfləri çoxdur. Birincisi, elə həmin Təbriz məktəbi miniatürlərində bağbanlar heyrətamiz şəkildə bir birinə bənzəyir. Bəs qəddarlıq rəmzini ədalət rəmzindən necə ayırmalı? İkincisi, nə səbəbə şahın bağı cinayətkarların dəfn yerinə çevrilib? Qədim Şərqdə məhkumları çöllükdə basdırırdılar (ümumiyyətlə, basdırmaq istəyəndə). Nəhayət, belə bir rəmzin saray şənliklərini təsvir edən, demək olar ki, bütün kompozisiyalara daxil edilməsi ağılsızlıq olardı, axı onların əksəriyyətində həyat səadətini saf, kədərli antiteza qarışığı olmadan nümayiş etdirmək də olardı. 

Əlbəttə, miniatürlərdə bağban rəmzdir, lakin heç də dünyəvi məsələlərin və hətta dünyəvi ədalətin yox. O təkcə cinayətkarlar üçün deyil, hamımız üçün  bu dünyadakı həyatın sonuclu olmasının, dünyamızı dəyişməyin  qaçılmazlığının, dünyanın faniliyinin rəmzidir. Şərq incəsənəti üçün çox səciyyəvidir... Cənnətin obrazının təcəssümü olan saray bağında əlində bel olan insan da elə məhz buna görə təsvir edilir. Bunu iki cür başa düşmək olar: "Şənlən, amma əbədi olmadığını da unutma", ya da əksinə: ""Nə qədər ki gəncsən, kef elə" (Ömər Xəyyam ruhunda olan ideya).

Təbii ki, həyat ağacı obrazı Azərbaycan xalq yaradıcılığının bir çox sahələrinə nüfuz edib. Təsviri xoş arzular sayılan "müqəddəs ağac" parçaları bəzəyir, başdaşılarda və divarlardakı naxışlara salınır. Bu rəmz rolunda meyvə ağaclarından sərv ağacına qədər ən müxtəlif ağaclar və hətta "buta" naxışı da çıxış edə bilər. Bunlardan başqa, səadət və rifah içində keçən uzun ömür rəmzi sayılan təsvir - içində güllər olan güldan təsviri də həyat ağacının təsvirlərinə aiddir. Lakin heç birimiz əbədi səadəti yada salan, xoşbəxtlik arzulayan və talisman olan hər hansı bir əşyanı günbəgün müşahidə etdiyimizi, gördüyümüzü düşünmürük. Bu, ulu nənəmizin üzərində cənnət bağı təsvir edilmiş  xalçası da (bayağı realizmin korladığı bizlər isə ağacların yalnız şərti, "təhrif olunmuş" təsvirlərini görürük), Şəki xan sarayındakı təsvirlər də, Bakıdakı hansısa qədim mülkün üzərindəki tökmə bəzəklər də ola bilər.  Bizim isə yalnız  beynimizdən ani bir fikir keçir ki, indi içində gül olan güldan motivi bayağı və köhnəlmiş görünür. Yeni paltarın üstündə balaca palmalar və ya şanagüllələr də yalnız dəbə nə dərəcədə müvafiq gəlmə baxımından qiymətləndirilir. Doğrudur, əksəriyyətimiz yayda öz "paradizimizə" - bağa üz tuturuq. Genetik yaddaşımız da elə məhz bu vaxt özünü büruzə verir. Bağı olanların, demək olar ki, hamısının orada su hovuzu tikməyi zərurət sayması yalnız nüfuz məsələsiləmi bağlıdır? Xeyr, biz bu bəxtəvərlərdən hər birinin yer üzündə fərdi kiçik cənnət qurduğunu duyuruq: ailəni hifz edən həyat ağacı, ətəyində içində balıqlar olan su hovuzu, budaqlarına qonan quşlar və yanlarda dayanan itlər...


MƏSLƏHƏT GÖR:

437