
TƏKLİFDOLU PORTFEL
Polşa və Bolqarıstan Azərbaycana yeni əməkdaşlıq imkanları təklif edirlər
Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI Bakı
1990-cı illərdə, Azərbaycanın yenicə müstəqillik qazandığı bir vaxtda, Polşa respublikamızın aparıcı ticari-iqtisadi partnyorlarından biri oldu. Bakı bazarlarında Polşa paltar və ayaqqabılarının ən keyfiyyətli hesab edildiyi, ərzaq dükanlarında Polşa istehsallı kolbasa məmulatlarının, spirtli içkilərin və s. üzə çıxdığı vaxt yada düşür. O dövrdə Azərbaycanda yeni formalaşmaqda olan kommersantlar - keçmiş alverçilər təbəqəsi, az qala, hər ay Polşaya yeni mal dalınca gedirdilər... Lakin o vaxtdan ötən 10-15 il ərzində vəziyyət kəskin dəyişdi: Azərbaycan bazarında Polşa mallarını Çin və Türkiyə malları əvəz etdi və Polşa ilə mal mübadiləsinin həcmi əhəmiyyətli dərəcədə azaldı. 2007-ci ildə isə 30%-ə qədər azalaraq ötənilki $76 mln əvəzinə 45 mln oldu (ilk səkkiz ayın nəticələrinə əsasən). Şərqi Avropadan olan digər partnyor - Bolqarıstanla da vəziyyət eynidir.
Azərbaycan-Polşa: mal mübadiləsinin xilası kreditdədir
Bu yaxınlarda Bakıya səfər etmiş Polşa iqtisadiyyat naziri Petr Qjeqoja Voznyakın sözlərinə görə, iki dövlət arasında hazırkı mal mübadiləsinin strukturunun nə dərəcədə etibarsız olduğunu bir faktın nümunəsində aydın təsəvvür etmək olar: yalnız Polşa şəkərinin ölkəyə idxalının dayandırılması nəticəsində ümumi mal mübadiləsinin ümumi həcmi 30 faiz azalıb. Səbəb isə İmişli rayo-nunda şəkər istehsalı zavodunun istismara verilməsi və idxala artıq ehtiyacın qalmamasıdır. Lakin Polşanın Azərbaycanın ala biləcəyi bir çox başqa malları da var. Məsələn, elə həmin kolbasa məmulatları, şokolad, çörək-bulka məmulatları və spirtli içkilər. Bu məhsulların nümunələri no-yabrın əvvəlində Bakıda keçirilən ikinci Polşa malları sərgisində nümayiş etdirilmişdi. Yeri gəlmişkən, eyni tədbir Azərbaycan tərəfindən Polşada da keçirilə bilər, xüsusilə nəzərə alınsa ki bu ölkə artıq Azərbaycanın meyvə, meyvə şirəsi, çay, çaxır və s. mallarının idxalına maraq göstərir.
Polşa məhsullarının ölkəmizə idxal səviyyəsinin azalmasına qayıdaraq, qeyd edək ki, istehsalçı şirkətlərin jurnalistlərlə söhbətində bildirdikləri kimi, bütün məsələ ölkələr arasında məsafənin uzaqlığıdır. Polşanın özündə malların qiyməti çox münasib olsa da, yol xərcləri və gömrük rüsumları bu qiymətin ikiqat və daha artıq qalxmasına səbəb olur.
Polşa hökumət nümayəndələrinin sözlərinə görə, mal dövriyyəsi ilə vəziyyəti düzəldə biləcək yeganə vasitə yaxın zamanda Polşa tərəfindən Azərbaycana güzəştli şərtlərlə kredit ayrılması barədə sazişin imzalanmasıdır. Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev deyir ki, indiki mərhələdə məsələnin iki dövlətin maliyyə nazirliklərinin müzakirəsinə verilməsi qərara alınıb. “Biz kreditin birgə layihənin maliyyələşdirilməsinə yönələcəyi haqda razılığa gəldik. Polşa bu kreditdən qazanc əldə etməyi düşünmür, buna görə də onun şərtləri çox güzəştlidir”. Onun sözlərinə görə, tərəflər hazırda kreditin yönəldiləcəyi layihənin seçimi ilə məşğuldurlar. Çox güman ki, layihə tikinti və ya ərzaq məhsullarının saxlanmasının təşkili sahəsində olacaq. Həmçinin, layihə iştirakçılarından birinin Azərbaycan investisiya şirkətinin olması nəzərdə tutulur. Kreditin məbləğinə gəldikdə, o, layihədən asılıdır. “Biz kreditin məbləği ilə bağlı məhdudiyyət qoymaq istəmirik. Lakin Polşa, adətən, 15 mln-dan 280 mln-na qədər məbləğdə kredit ayırır”, - deyə H.Babayev qeyd edib.
Sözsüz ki, iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafına Polşanın ən iri enerji şirkəti olan Orlenin Azərbaycanın neft-qaz hasilatı sahəsinə maliyyə yatırımları qoymaq niyyəti də müsbət təsir göstərə bilər. Bu barədə artıq Dövlət Neft Şirkəti ilə danışıqlara başlanılıb, lakin investisiyaların həcmi və Orlenin hansı neft yatağının istismarında iştirak edəcəyi danışıqlar nəticəsində müəyyənləşdiriləcək.
Bundan başqa, BTT-yə daxil olma məsələsində Polşanın Azərbaycana tam dəstək verməsi və hərtərəfli yardım etməsi çox önəmlidir. Ölkəmiz üçün bu proses ləng gedir, lakin o, əvvəlcə göründüyü kimi asan deyil. Bu səbəbdən də Polşanın ölkə qanunvericiliyinin BTT-nin tələblərinə uyğunlaşdırılması sahəsində köməyi yüksək qiymətləndirilməlidir. “Biz bu yolu keçmişik və qanunların dürüst ifadə edilməsi və interpretasiyası sahəsində təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq”, - deyə P.Voznyak qeyd edib. Onun sözlərinə görə, Azərbaycan tərəfinə artıq 80 sualın cavabı təqdim olunub və bu məsələdə əməkdaşlıq davam etdiriləcək. Eyni zamanda Polşa Azərbaycana Avropa Birliyinə üzvlük məsələsində, həmçinin, Avropa bazarlarına çıxış əldə etməkdə yardım etməyə hazırdır. Bir sözlə, sadalananlar həyata keçirilsə, ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın səviyyəsi artmalıdır.
Azərbaycan-Bolqarıstan: iqtisadiyyatdan siyasətə kömək
Bolqarıstana gəldikdə, Azərbaycanla bu ölkə arasında geniş siyasi əməkdaşlıq və dialoq yaradılıb, lakin iqtisadi münasibətlər hazırda çox aşağı səviyyədədir və mövcud potensialın heç yarısını da əks etdirmir. Məhz bu səbəbdən vəziyyəti düzəltməyi hökumət başçıları öz üzərlərinə götürüblər. Noyabrın ortalarında Bolqarıstanın baş naziri Sergey Stanişev Bakıya səfər etdi. “İndiki qarşılıqlı mal dövriyyəsinin həcmi (ildə $8-10 mln) Bolqarıstanın ümumi mal dövriyyəsi (ildə $14 mlrd) və Türkiyə ilə olan mal dövriyyəsi (ildə $3 mlrd) ilə müqayisədə gülünc görünür”, - deyə o, vəziyyəti şərh edib. Qeyd etmək lazımdır ki, onun göstərdiyi rəqəmlər, adətən, Azərbaycan tərəfinin rəsmi statistika göstəricilərindən fərqlənir. Belə ki, Dövlət Statistika Komitəsi iddia edir ki, Azərbaycanla Bolqarıstan arasında mal dövriyyəsi 2006-cı ilin nəticələrinə görə $21,8 mln təşkil edir. Buna $15,5 mln-luq idxal və $6,3 mln-luq ixrac daxildir. 2007-ci ilin 9 ayı ərzində ölkələr arasında ticarət əlaqələrinin həcmi $11,4 mln ($6,4 mln idxal, $5,1 mln ixrac) təşkil edir. Bütün 2004-cü il üçün mal dövriyyəsi $54,9 mln ($5,6 mln idxal, $49,3 mln ixrac), 2005-ci ildə isə $105,5 mln ($4,6 mln idxal, $100,9 mln ixrac) olub.
Bununla belə, təbii ki, bu rəqəmlər qənaətbəxş deyil. Bolqarıstanlı baş nazirin fikrincə, ikitərəfli münasibətlərin infrastrukturunu və müqavilə bazasını tam formalaşdırmaq üçün ölkələrin mədəniyyət və elm sahəsində əməkdaşlıq müqavilələri imzalamasına ehtiyac var. Azərbaycanın baş naziri Artur Rasizadənin sözlərinə görə, hökumət iqtisadi əməkdaşlığın artırılmasına çalışır. “İndi layihələrin həyata keçirilməsi üçün ən əlverişli vaxtdır, çünki hər iki ölkə yüksək inkişaf templəri nümayiş etdirir, digər tərəfdən isə, bunun üçün əsas səbəb Bolqarıstanan Avropa Birliyinə üzv olmasıdır”, - deyə o qeyd edib.
Beləliklə, Bolqarıstan Polşa ilə yanaşı Azərbaycanın Şərqi Avropada və Avropa Birliyində etibarlı tərəfdaşı ola bilər. Bu çox önəmlidir, çünki bildiyimiz kimi, iqtisadiyyat siyasətlə sıx bağlıdır və iqtisadi əməkdaşlıqlar daha sonra siyasi mövqenin ifadə edilməsi zamanı gərək ola bilər. Məsələn, Bolqarıstan yenidən Ermənistan-Azərbaycan -Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olmasını bəyan etdi. S.Stanişevin sözlərinə görə, istənilən həll olunmamış münaqişə regionun hərtərəfli inkişafına mane olur. “Mən Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesi barədə məlumatlıyam və bilirəm ki, müəyyən müsbət nəticələr əldə edilib”, - deyə bildirən S.Stanişev əlavə edib ki, “Bu cür münaqişənin həlli zamanı münaqişə tərəfləri arasında sülhün əldə olunması regionun iqtisadi və sosial inkişafına təkan verəcək”.
Bolqarıstan baş nazirinin qeyd etdiyi kimi, baxmayaraq ki Azərbaycanla Bolqarıstan arasında ənənəvi xoş münasibətlər mövcuddur, “ölkələr arasında siyasi münasibətlər o qədər də fəal deyil”. “Düşünürəm ki, ölkələrimiz arasında əməkdaşlığı fəallaşdırmaq zamanı çatıb. Rəsmi Sofiya Azərbaycanla həm siyasi, həm də iqtisadi münasibətləri dərinləşdirməkdə maraqlıdır”, - deyə o bildirib. S.Stanişevin sözlərinə görə, Bolqarıstan AB üzvü olan bir ölkə kimi Azərbaycanın Avropa Birliyi ilə mehriban qonşuluq siyasət proqramının reallaşdırılması işinə öz töhfəsini verməyə hazırdır.
MƏSLƏHƏT GÖR: