
BAKININ NƏFƏSİ
Bakıda keçirilmiş "qızıl payız" caz festivalı ən böyük ümidləri belə doğrultdu
Müəllif: Alana LƏSKƏNLİ Bakı
Payızın "qızılı" vƏ so-yuqların axır ki düşməsi ilə şəhərə, məhrəm sehrkar kimi, ötən əsrin 70-80-ci illərindən bakılıların yaxşı xatırladığı "Qızıl payız" festivalı da qayıtdı. Festival şəhərlilər arasında çox məşhur idi və müttəfiq respublikalardan gəlmiş iştirakçılar arasında böyük nüfuz qazanmışdı. Yaxşı musiqi ənənələri və onu incə zövqlə qiymətləndirən tamaşaçıları olan Bakı üçün bu festival həmişə böyük bayram, gözəl maarifləndirmə məktəbi, zərif musiqi duyumunun tərbiyə olunması mənbəyi rolunu oynayıb. Bu gün hətta yeniyetmələr də bilirlər ki, ötən illərin Bakısı ən qabaqcıl və "yeni" musiqi "dəbinin" sifarişçisi olub. Azərbaycanlılar, ümumiyyətlə, istedadlı xalqdır. Necə səslər! Necə ritm duyğusu! Musiqi harmoniyasının necə hiss olunması! Bizdə üç ərgən qızdan ən azı biri konservatoriyanı bitirir. Amma söhbət onlardan yox, "Qızıl payız" festivalından gedir. O zamanlar bu festival müsabiqə formasında keçirilirdi.Və mükafata layiq yerlərin xoşbəxt sahibləri şöhrət və Bakı tamaşaçılarının minnətdarlığı ilə birlikdə, nəticələri əks etdirən diplomları da özləri ilə aparırdılar. Sonra hamıya məlum olan kədərli zamanlar başladı və musiqi ilə nəğmə heç kimin yadına düşmədi. Şəhər sanki qaranlıq zamansızlığa qərq oldu. Siyasi oyunlardan başqa heç nə baş vermirdi, sanki iqtisadi və maliyyə problemlərindən savayı heç nə mövcud deyildi.
Təkcə istedadlı bakılılar haqqında yox
Əvvəlcə tək-tük, sonra isə daha tez-tez Rusiya (və başqa ölkələrin) estradasının pop-ulduzları görünməyə başladılar. Televizor ekranlarında isə qırılmaz parlamaq ümidindən başqa heç nə ilə parıldamayan ulduzluq statusuna çoxsaylı iddiaçılar bir-birini əvəz edirdi. Amma televizor niyə sərfəlidir? Xoşun gəlmir - baxma! Söndür, hər şey bitsin. Sonralar yaxşı musiqiyə qulaq asmağa imkan yaradan caz-klublar açıldı. Daha sonra isə xarici qrupların iştirakı ilə caz və klassik musiqi axşamları təşkil edən kommersiya layihələri genişləndi. Lakin bütün bunlar dəqiq işlənmiş proqramı olmayan, təsadüfi tədbirlər xarakteri daşıyırdı. Və nəhayət, nə yollasa bir-birini tapan insanlar peyda olub yaradıcı səylərini birləşdirərək Producinq Centre (Pro-cent) yaratdılar. Yaxınlarda bu mərkəzin bir yaşı tamam olacaq və onun hesabında qürurla uğurlu adlandırıla biləcək kifayət qədər tədbir var. Bilmirəm, haçansa məşhur olmuş gözəl "Qızıl payız" festivalının keçirilməsini bərpa etmək fikri mərkəz üzvlərindən kimin ağlına birinci gəlib: icraçı direktor Lyubava Qrinyovanın (yaxın keçmişdə Rus Dram Teatrının aktrisası), yoxsa art-direktor İmran Ağayevin, kommersiya direktoru Anar Ələkbərovun, bəlkə də, baş direktor Ələkbər Tağızadənin özünün, yaxud koordinator Natalya Pışkinanın? Hər halda, bu, çox uğurlu an olub, çünki oktyabrın dörd günü (4-7 oktyabr) əsl musiqi bayramına çevrildi. Və dörd gün ərzində M.Maqomayev adına Dövlət Filarmoniyasının və Teatr Xadimləri İttifaqının zalları 17-70 yaşlı dinləyicilərlə dolub-boşaldı. Özü də necə dinləyirdilər! Necə qarşılayırdılar! Dinləyicilərimizin necə istedadlı olduqlarını yenidən seyr etmək çox xoş idi: istənilən mahir passaj, orijinal improvizə, obertonun polifonikliyi və mənalılığı təqdir olunur və alqışlarla qarşılanırdı.
Üçüncü gün biz artıq köhnə tanışlar kimi salamlaşırdıq. Dördüncü gün bir-birimizi dost hesab etməyə başladıq. Festival təntənəsi bir həftə davam etsəydi, yəqin ki, bir-birimizi qonaq dəvət edəcəkdik. Amma bayram sona çatdı. Yekun çox şən, həyatsevər notlarda - Kliv Braunun və onun "The Shekinah Brothers" qospel-qrupunun bilavasitə iştirakı ilə baş tutdu. Onların köməyilə tamaşaçımız qospelin nə olduğunu və belə musiqi ifasının kənardan necə göründüyünü müşahidə etmək imkanı qazandı. Dinləyicilərin heyranlığı sonsuz idi və son emosional həddə qədər ifa edən artistlərlə birlikdə yaşı 30-u çoxdan ötmüş tamaşaçılar da zalın ortasında rəqs etməyə başladılar. Artistləri buraxmaq istəmirdilər, elə onlar özləri də bizim bakılılar kimi istedadlı dinləyicilərdən ayrıla bilmirdilər. Ona görə də üç dəfə vidalaşıb, yenidən səhnəyə qayıtmalı oldular.
Bu musiqi janrının əsasını isə Yamayka sakinlərinin Allaha sev-gilərini rəqs vasitəsilə izhar etmək ənənəsi təşkil edir. Musiqiyə mətn yazın və qospel hazırdır! Deyəsən, ünsiyyətin bu forması hamını vəcdə gətirmişdi... Lakin adət etdiyimiz stereotipdən kəskin fərqlənən bu orijinal ənənə ilə şüurumuzu barışdırmaq, sən demə, elə də asan de-yilmiş.
Belə müxtəlif caz
Lakin bu, tamaşaçıların bəyəndiyi yeganə qrup deyildi. Müsabiqə əsası olmayan, müasir cazdakı müxtəlif üslub və istiqamətləri birləşdirən yeniləşdirilmiş festivalın gedişində etnik musiqi və caz üslubunda ifa olunan populyar melodiyalar, caz standartları, etno-fyujn və hətta qriqorian nəğmələri də səsləndi. Və dörd gün ərzində Latviyadan ("Cosmos"), Azərbaycandan ("Arena" orkestri və "Qaya" ansamblı), Ukraynadan ("Man-Sound"), Belarusdan ("Kamerata") Rusiyadan ("A*Capella ExspreSSS"), Gürcüstandan ("The Shin"), Böyük Britaniyadan ("Clive Broven and The Spekinah Brothers") gəlmiş kollektivlər peşəkarlıqları ilə tamaşaçıları vəcdə gətirirdilər. Onlardan hansını isə fərqləndirmək çətindir, çünki ədalət naminə deməliyik: iştirakçılardan hər biri o qədər özəl və orijinal idi ki, onları mövcud və tanınmış başqaları ilə müqayisə etmək mümkünsüzdür. Yalnız öz ölkələrində deyil, xaricdə də kifayət qədər populyar olan və tanınan kollektivlərin artıq öz tamaşaçısı və təbii ki, pərəstişkarları var. Onların sırasına bakılılar da qoşuldu. Bu təbiidir, çünki belarusların və ya ukraynalıların "a kapella" ifasının, rusların mahir vokalının kiminsə xoşuna gəlmədiyini təsəvvür etmək çox çətindir... Gürcülərdən isə heç danışmağa dəyməz! Günəşin səxavətlə qanımıza hopdurduğu adrenalin bizimlə onları birləşdirir. Və onların illərlə Avropanı heyran etdikləri fyujn yad yox, məhrəm, doğma üslub kimi qavranır. Ona görə "Şin" (ruscaya tərcümədə-"Ev") qrupunun vokalçısı Dato qəfildən qamətini düzəldib quş kimi səhnədə süzəndə zalda alqışlar qopdu. Yox, bunu görmək lazım idi! Öncə o, qara geyimdə, kaxet papağında əsl dağlı kimi, milli musiqi alətlərinin, zərb və gitaraların təkrarsız müşayiəti ilə öz qüvvəsini və ekspressiv təzyiqini nümayiş etdirən döyüşçüyə çevrildi. Sonra tanış və adət etdiyimiz küçə ticarətçisi, kefcil, şux, hər cür zarafata qadir olan kinto obrazını yaratdı. Onun hər bir hərəkətinə, jestinə öz cəsarətini nümayiş etdirmək arzusu hopmuşdu. Musiqili proqram daxilində kiçik dramatik zarisovkalar tamaşaçı zalına emosional təsiri xeyli gücləndirdi. Lakin bu zarisovkaların hər biri musiqi ilə muşayiət olunan ayrıca nömrə deyil, onun bir hissəsi sanki dünyanın bütün polifoniyasını, bu polifoniyanın ifadə edə biləcəyi bütün hissləri - ehtiraslı ekspressiv dinamikadan, bütün dünyaya qarşı qoyulmuş sərt kişi etirazından tutmuş, dostluq dialoquna hazır insanın şux və sataşqan vəziyyətinə qədər - özündə cəmləşdirmiş ifa idi.
Sonra isə gürcü mahnısının ifasında mahir qadın çoxsəsliliyini nümayiş etdirən ruslar, mahnı improvizasiyalarına uğurla hörülmüş, alətlərin və ətraf mühitin səslərini imitasiya edən belaruslar, zalı beynəlmiləl ruhlu repertuarla ram edən, sonda isə "Qaya"nın repertuarından mahnını azərbaycanca oxuyan ukraynalılar... Bir sözlə, bayram çox uğurlu alındı. O, şəhərin, bütün ölkəmizin mədəni həyatında əsl hadisəyə çevrildi. Və bu daha bir xoşməramlı addım oldu. Biz sərhədlərimizi qapamırıq və istənilən dostluq dialoquna hazırıq. Bu dialoqa aparan ən qısa yol isə incəsənətdir. İndiki halda bu cazdır. Məhz buna görə ümid var ki, bu başlanğıc həqiqətən ənənəyə çevriləcək, Azərbaycana keçmiş populyarlığı və belə tədbirlərin nüfuzunu qaytaracaq.
Festivalın yekununda "Qaya" vokal ansamblı uzun illər üçün festivalın himninə çevriləcəyinə ümidvar olduğumuz, İsmayıl Dadaşovun sözlərinə Rauf Babayevin bəstələdiyi mahnını ifa etdi. Festival konsertlərinin aparıcısı Lyubava Qrinyova üçün ilıq və yumorlu mətnləri Ramiz Fətəliyev yazmışdı. Yəqin ki, gözəl "Qızıl payız" bayramının həyatımıza qayıtması, xoş və sevincli hadisə kimi baş tutması üçün xeyli qüvvə sərf etmiş bütün təşkilat və təşkilatçılara minnətdarlıq etmək lazımdır. Bu, həqiqi bayram idi - dostcasına açıq, ürəklərimiz və niyyətlərimiz kimi - daim sülhsevər.
MƏSLƏHƏT GÖR: