
GƏLƏCƏK – DAŞ CƏNGƏLLİKLƏR?
"Bakının yaşıl ağ ciyərləri" ciddi xəstədir
Müəllif: Nailə BƏNNAYEVA Bakı
Paytaxtın yaşıllaşdırılması məsələsi artıq çoxdan qızğın diskussiyalar obyektinə çevrilib. Bakının yaşıl əkililər baxımından necə abadlaşdırılması məsələsilə bağlı botaniklər, ekoloqlar, landşaft dizaynerləri və sıravi bakılılar öz rəylərini açıqlayırlar. Şəhərdə isə təkcə ayrı-ayrı yaşıllıqlar deyil, bütöv bağçalar görünüşünü əsaslı şəkildə dəyişməkdədir.
Çinar əvəzinə hemerops
Bu baxımdan, ötən yay bir sıra yeniliklər gətirdi - yaşıllaşdırma üzrə mütəxəssislər üçün favoritə çevrilən bir kolun çəmənliklərin kənarlarıboyu zəfər yürüşündən, hansı səbəbdənsə şəhərin mərkəzi küçələrindəki yeni işıq dirəklərinin bəzəyinə çevrilən kaşpolara qədər. Köhnəliklərdən isə yalnız get-gedə geniş yayılmaqda olan bir ənənəni qeyd etmək olar - köhnə, qollu-budaqlı ağacların kəsilməsini...
Bakılılarda təşviş doğuran yaşıllaşdırma məsələlərindən biri palmalardır. Şəhərdə hər yerdə kütləvi şəkildə əkilən bu ekzotik bitkilər artıq çoxdan müasir Bakının əlamətinə çevrilib. Bəs bizim iqlim onlara nə dərəcədə uyğundur? Onlar paytaxtın ümumi yaşıl görünüşündə başqa növlərdən olan ağacları əvəz etməyə qadirdirmi? Bakı Birləşmiş Yaşıllaşdırma Təsərrüfatının mühəndisi Oqtay Heydərov bununla bağlı bildirib ki, təmsil etdiyi təşkilatın mütəxəssisləri Bakı üçün palmaların iki növünü məsləhət görüblər - vaşinqtoniya və himeropsu. Nisbətən soyuğadavamlı olan bu palmalar hətta Rusiyada da rahat qışlayırlar. Düzdür, örtük altında. Bizdə isə qışda heç örtük də lazım deyil.
Yeri gəlmişkən, Oqtay Heydərovun sözlərinə görə, hazırda şəhərdə əkilən ağac növləri arasında palmalar heç də birmənalı üstünlüyə malik deyil. Bütövlükdə, üstünlük iqlimimizə ideal uyğunlaşmış həmişəyaşıl ağac və kolların ən müxtəlif növlərinə verilir. Lakin istənilən halda, kollardan biri favorit olub. Bu, bordyurlarboyu əkilən, yarpaqlarının yarısı yaşıl, yarısı isə sarı rəngli bitkidir. Məlum oldu ki, onun yaşıllaşdırma üzrə yerli mütəxəssislər arasında dəbdə olması, birincisi, soyuğa son dərəcə davamlılığı və ümumiyyətlə, tələbkar olmamasından, ikincisi, son dərəcə dekorativ, yaraşıqlı olmasından irəli gəlir. Özümüzdən isə əlavə edək ki, o həm də o qədər də bahalı deyil (onu şəxsi həyətləri üçün alanlara bu kol əkildiyi dibçəklə birlikdə 3 manata başa gəlir).
Mühəndis vurğuladı ki, geniş yayılan rəyə rəğmən, "yaşıl əmtəələr" heç də xaricdən gətirilmir - şəhərdə əkilən bütün ekzemplyarlar yerli tingliklərdən alınır. O.Heydərov onu da qeyd etdi ki, təsərrüfatın əməkdaşları əkilən bitkilərin təkcə normal həyat fəaliyyətinə deyil, onların sadəcə salamat qalmalarına da mütəmadi nəzarət edirlər. Əkilmiş bitkilərdən hər hansı biri məhv, xarab olduqda və ya itdikdə, onun yerinə dərhal Yaşıllaşdırma Təsərrüfatı Trestinin öz daxili ehtiyatları hesabına təqdim etdiyi və əvvəlkinə uyğun təzə ekzemplyar əkilir.
Bakılıların çoxu şəhərin lap mərkəzində təzə işıq dirəklərindəki kaşpolara diqqət yetiriblər. Onlar çox gözəl görünür. Lakin daim suvarılsalar da (bunu isə yalnız xüsusi maşın vasitəsilə etmək mümkündür), küləklər şəhəri olan paytaxtımızda ampel (yarpaqları tökülən) bitkilərdən belə yüksəklikdə istifadə etmək özünü nə dərəcədə doğruldur? Küləyin cövlan etdiyi qışda onların aqibəti necə olacaq? Elə ilk xəzrinin onları kökündən qoparacağı, əkildikləri dibçəklərin isə yoldan keçən piyadaların başına düşəcəyi istisna deyil.
"Bəzəklər" barədə suala Oqtay Heydərov cavab verdi ki, çalışdığı təşkilatın belə kaşpoların quraşdırılmasına heç bir aidiyyəti yoxdur. Bəzi məlumatlara görə, bununla reklam şirkətlərindən biri məşğuldur. Nə olar... Fəaliyyət profilinə müvafiq gəlməsə də, hər şeyi, əlbəttə, zaman göstərəcək. Bu bitkilər qışdan salamat çıxsa, bəlkə də, paytaxtın simasına rövnəq verəcəklər? Təbii ki, paytaxt hakimiyyəti növbəti dəfə qəflətən işıq dirəklərini dəyişmək qərarına gəlməsə... Bakının "yaşıl donu"nun "krinolinli gen-bol paltardan" durmadan abırsız "bikiniyə" çevrildiyi nəzərə alınarsa, küçələrimizdə sırf nominal səciyyəli bu kiçik yaşıllıqlara da şad olarıq.
Bakının "yaşıl karkası"nın hesablanması
Bakıda ağacların dəhşətli miq-yasda kəsildiyi gözönündədir. Bununla belə, rəqəmlərə əsaslanmaq pis olmaz. Xüsusən də bu, Bakının yaşıl örtüyünün struktur baxımından qeyri-bərabər, həcminə görə isə meqapolisimiz üçün kifayət olmadığını faktlarla sübuta yetirən elmi araşdırmalardırsa. Belə araşdırmaları BDU-nun iki magistri - Leyla Qasımova və Könül Laçınova aparıblar, onlara rəhbərliyi isə BDU-nun müəllimi olmaqla yanaşı, həm də "Ekosfera" QHT-nin başçısı olan Firuzə Sultanzadə həyata keçirib. Dissertasiyalar urbanizasiyanın ekoloji problemlərinə, əsasən, ekoloji karkaslaşdırmaya həsr olunub.
"Yaşıl karkas" yeni əkinlərdən əvvəl elmi qaydada hesablanmalıdır. Köhnə massivlərə tətbiqən isə yalnız yaşıllıqların sıxlığının norma ya uyğunluğunu tutuşdurmaq qalır ki, gənc elmi işçilər də məhz bunu ediblər. Bu zaman onlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartına əsaslanıblar: hər şəhər sakininin payına 50 kv.m şəhər və 300 kv.m şəhərətrafı yaşıl əkililər düşməlidir. Lakin bu, ideal haldır. Gerçəklikdə isə "ərazinin sahəsi - yaşıl əkililər" nisbəti bu və ya digər şəhərin hər rayonunda standarta öz düzəlişlərini edir: ÜST normalarına müvafiqliyin müəyyənləşdirilməsi üçün xüsusi hesablama formulları mövcuddur.
Demə, Bakıya tətbiqən, bu, aşağıdakı kimidir. Bir neçə konkret nümunə göstərək. Ərazisi nisbətən kiçik olan Səbail rayonu üçün hesablanmış normaya görə, adambaşına 4 kv.m yaşıl əkili düşməlidir. Real nisbət isə 2.1 kv.metrdir. Nəhəng Əzizbəyov rayonunda isə adambaşına 34 kv.m olmalı olduğu halda, ən cəsarətli ümidləri də arxada qoyaraq, 107 kv.m təşkil edir.
Birinci rayon üçün bu qədər əlverişsiz olan fərq urbanizasiyalaşmanın səviyyəsilə izah olunur. Səbail rayonu şəhərin mərkəzində yerləşir və burada ekologiya üçün məhvedici amillər həm mənzil tipli evlərin inşası, həm də torpaq sahələrinin qiymətinin çox yüksək olmasıdır. Halbuki şəhərətrafı Əzizbəyov rayonunda hər birinin həyətyanı sahəsi olan şəxsi mülklər üstünlük təşkil edir.
Təəssüf ki, gerçəklik belədir: şəhərin yaşıl örtüyünün əsassız olaraq güclü şəkildə seyrəkləşdirilməsi urbanizasiyalaşmanın mənfi cəhətlərindən biridir. Bakının mərkəzində binalar ucaldılması məqsədilə ayrı-ayrı ağaclar yox, bütöv yaşıl bağçalar kəsilir. Məsələn, Nizami küçəsilə Səməd Vurğun küçəsinin kəsişməsində Nəsiminin heykəlinin fonuna nəzər salmaq kifayətdir. Sağda - şam ağaclarının gur qol-budaqları, solda - yeni tikinti meydançası yanında böyük bir boşluq. Lakin əsrlik ağacların təkcə çoxmərtəbəli göydələnlərin deyil, naməlum təyinatlı birmərtəbəli tikililərin qurbanı olduğunu da müşahidə etmək mümkündür. Məsələn, Bülbül adına məktəbin arxasında məhz belə oldu - hasarı dağıdaraq və nəhəng ağacları kəsərək, tədris müəssisəsinin ərazisindəki kiçik bir bağın yerində hündür borusu olan eybəcər bir tikili quraşdırdılar. Nizami adına bağda, İncəsənət Muzeyinin qarşısındakı parkda yenidənqurma işləri zamanı, İstiqlaliyyət küçəsində işıq dirəkləri basdırmaq üçün, Qubernator bağının aşağı hissəsində, zeytunluğun ərazisində, Q.Qarayev prospektində növbəti mağazanın inşası zamanı, Bakı şəhər İcra Hakimiyyəti, Əlyazmalar İnstitutu qarşısında, Binə-Bakı yolu boyu və d. yerlərdə ağacları kəsdilər. Təəssüf ki, bu kədərli siyahını hələ çox davam etdirmək olar. Bu yaxınlarda təmirə bağlanan Sabir adına bağda, Nazirlər Kabineti qarşısındakı parkda və hazırda ətraflarına hasarlar çəkilən başqa bağçalarda ağacların taleyinin necə olacağı bəlli deyil.
"Yaşıl karkas"a dair bu araşdırmaların təhlili zamanı çoxlu faktı nəzərə almaq lazımdır. Xüsusən də bu məlumatlar başqa əlamətə - rayonun sahəsilə buradakı yaşıl əkililərin sahəsinin nisbətinə görə qruplaşdırıldığı halda. Belə ki, Binəqədi rayonu üçün bu nisbət 170 kv.m və 4,5 kv.m təşkil edir. Burada sakinlərin sayı nəzərə alınmasa da, rayon kifayət qədər sıx məskunlaşdırıldığından, nisbət o qədər də əlverişli alınmır, hətta rayon ərazisində şəxsi həyətlərin üstünlük təşkil etməsi də rol oynamır. Əzizbəyov rayonundan fərqli olaraq, burada qəsəbələr bir-birindən uzaqda yerləşib və əsas massivlər böyük yollarboyu yerləşən meşə zolaqlarıdır. Bu sonuncular da son vaxtlar çox səylə "seyrəkləşdirilir"...
Bütün ümidlər şəhər ətrafınadır
Rusiyanın dahi şəxsiyyətlərindən biri nə vaxtsa deyib ki, "bu ölkə Sibirlə zənginləşəcək". Öz yaşıl donu baxımından, Bakı nə vaxtsa nə ilə isə zənginləşəcəksə, bu, şəhər ətrafında baş tutacaq. Əlbəttə, varlıların malikanələrinin ucaldıldığı Həzi Aslanov qəsəbəsi kimi ərazilərin meyvə bağları da müəyyən əhəmiyyətə malikdir. Lakin şəhər ətrafındakı doqquzmərtəbəli binaların həyətləri babat ekoloji gələcəyə əsl ümid üçün əsas ola bilər. Artıq şəhərin mərkəzində yarpaqlı ağaclar, demək olar ki, əkilmir - buraları "palma xəstəliyi" bürüyüb. Əslində, bu, şəhər kommunal təsərrüfatı işçiləri üçün də əlverişlidir - payızda küçələri süpürmək lazım gəlmir. Şəhər mərkəzinin sakinlərinin növbəti nəsli "yarpaq tökümü" ifadəsinin mənasını yalnız izahlı lüğətlərdən öyrənəcək. Həmçinin "palıd", "zeytun", "şam" sözlərinin və bu qəbildən olan çoxlu başqa sözün mənalarını da...
Hazırda Bakıda yarpaqlı ağaclar, olsa-olsa, mikrorayonlar və ya Günəşli qəsəbəsi kimi ucqarlarda görünür. Oralarda köhnə çoxmərtəbəli binaların əksəriyyətinin ətrafındakı torpaqlarda heç bir icazə alınmadan kiçik bağ-bostanlar salınıb. Yalnız bar gətirən ağaclar əkilməyib. Orada nəfəs almaq da asandır. Mərkəzdə isə gündüz vaxtı heç pəncərəni belə açmaq olmur, çünki havanın çirklənmə səviyyəsi çox yüksəkdir. Həmin ərazilərdə hələ də çoxlu söyüd və zeytun ağacı qalmaqdadır. Öz uşaqlarının gələcəyini düşünməyən insanların əlləri onlara doğru uzanana qədər.
Yeri gəlmişkən, indi bu bədbəxt mini-bağlar artıq bəzilərinin dincliyini əlindən alıb. Onları zorla hasara alır, bununla da sahiblərini bağlara qulluq etməkdən uzaqlaşdırır, bəzən isə hətta heç növbəti göydələn ucaltmaq üçün yox, elə-belə - qeyri-qanuni olmaları bəhanəsilə kəsib-doğrayırlar.
Beləliklə, bu baxımdan, özəl təşəbbüs cəzalandırıla bilər. Bəs tam özəl olmayan, yəni fiziki şəxsdən gəlməyən təşəbbüs? Təəssüf ki, landşaft dizaynı üzrə xidmətlər göstərən şirkətlər yalnız imkanlı müştərilərlə işləyirlər. Qeyri-hökumət təşkilatlarına gəldikdə, onlar zülmət səltənətində kiçicik işıq şüalarıdır: QHT "Ekosfera" mütəmadi olaraq yaşıllaşdırma ilə əlaqədar tədbirlər həyata keçirir, həm də təkcə paytaxtda yox. Bu zaman onların əsas iştirakçıları məktəblilər olurlar. Belə ki, bir neçə il bundan əvvəl Bakı və Sumqayıt şəhərlərində, Abşerondakı Qala qəsəbəsində, İsmayıllı, Lənkəran və Mingəçevirdə kütləvi ağac əkilməsi həyata keçirilib. Bu məqsədlə QHT Bakı Birləşmiş Yaşıllaşdırma Təsərrüfatından lazımi sayda müxtəlif növlü tinglər alıb. Məsələn, Cənub bölgəsində yarpaqlı, paytaxtda - həmişəyaşıl, Qala qəsəbəsində - meyvə ağacları əkilib.
Gizlətməyəcəyik: ağacların kütləvi şəkildə kəsilməsi fonunda bu aksiyalar, əlbəttə, dəryada bir damladır. Lakin burada nümunə, diqqətin, adətən, göz yumulan problemə cəlb edilməsidir. Həm də güman ki, yaşlılardan başlamaq lazım deyil - onlara nəyisə anlatmaq artıq gecdir. Odur ki bu QHT-nin növbəti aksiyası daha çox əməli yox, intellektual səciyyə daşıyaraq, uşaqlara istiqamətlənmişdi. Aksiya "Ağac mənim dostumdur" adlanırdı. V-VIII sinif şagirdləri "Ekosfer"in müsabiqəsi üçün sevimli ağacları haqqında yazılar yazırdılar. Babanın əkdiyi çinar... "Şahzadə qız" adlandırılan qırmızı alça... Qol-budağı kəsilsə də. Yenə də sevimli olan ağcaqayın... Bu aksiyadan xatirə kimi, QHT-nin arxivində fotoşəkillərlə müşayiət olunan çoxlu zərif inşalar qalıb. Lakin bütün bunlar gələcəyə yönəlik işlərdir. Gerçəklik isə getdikcə daha da bədbinləşir.
Paytaxtın yaşıl donundan danışarkən, Firuzə Sultanzadə vurğuladı ki, kölgə salan köhnə ağacları heç də həmişə təzə dəbə düşənlərlə əvəzləmək lazım deyil. Axı köhnə ağacların xarici görünüşünün qulluqlu olduğunu təmin etməyin çoxlu üsulları var. Bundan başqa, onun fikrincə, çəmənlik və bağlarda canlı ağacların ətrafı süni - elektrik ağacların yeri deyil. Bitki formasında olan bu fənərlər sadəcə küçə tərtibatının üsullarından biridir: diqqəti mağaza və ya restorana cəlb edən özünəməxsus reklam obyektidir. Yaşıl otluqda onlar yabançı görünür.
Nəhayət, ekoloq hesab edir ki, Bakının "yaşıl ağ ciyərləri"nin problemlərindən danışarkən, hər birimiz özümüzdən başlamalıyıq. Məsələn, balkonlarımızı canlı bitki dibçəklərilə bəzəyərək, durumun sağlamlaşdırılmasına töhfəmizi verməliyik. Yeri gəlmişkən, o məhz belə də edib. Ümid edək ki, balkonların dünyanın bizdəki iqlimə yaxın iqlimə malik başqa bölgələrində artıq çoxdan ötəri dəbdən həyat normasına çevrilən total yaşıllaşdırılması ideyası ölkəmizdə də yer alacaq. Məsələn, İsrail, İspaniya, İtaliyada təkcə balkonlar deyil, binaların divarları da yaşıllığa bürünüb. Orada canlı yaşıllığın hər yarpağına qiymət verməyi bacarırlar.
Lakin bununla belə, balkondakı dibçək heç də bütün bəlaların əlacı deyil. Batanların xilasının yalnız onların öz işi olduğunu düşünmək kədərlidir.
MƏSLƏHƏT GÖR: