Müəllif: Alena MOROZ Bakı
Azərbaycanda istirahət etmək üçün ən yaxşı məkan haradır? Bu sual yalnız hər il məzuniyyətini harada keçirəcəyilə bağlı planlar quran yerli insanları deyil, Bakıya baş çəkməklə yanaşı, paytaxtdan kənarda, təbiət qoynunda da dincəlmək istəyində olan xarici turistləri də düşündürür. Axı, Azərbaycanın gözəl təbiəti, həqiqətən də, istənilən səyyahı təəccübləndirmək iqtidarındadır.
2011-ci il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə "Turizm ili" elan edilmişdi. O vaxtdan keçən dövr ərzində (4 ildən bir qədər çox) ölkənin turizm sahəsində ciddi inkişaf baş verib. Saysız-hesabsız yeni hotellərin, mehmanxanaların, istirahət zonalarının, turizm bazalarının tikintisi, həmçinin Azərbaycana gələn turistlərin sayının gündən-günə artması bunu təsdiqləyir.
Fantastik doqquzluq
Ondan başlayaq ki, Azərbaycan, həqiqətən də, nadir məkandır. Bu, ilk növbədə, ölkədəki iqlim müxtəlifliyilə bağlıdır. Məlumdur ki, dünyadakı 11 iqlim qurşağının 9-u (!) Azərbaycanda mövcuddur. Razılaşın ki, hansısa ölkədə belə hal ilə rastlaşmaq asan məsələ deyil.
İnandırıcı görünməsə də, Azərbaycanda həm quru və nəm subtropik (ölkənin cənubunda, Lənkəran, Talış dağları), həm dağ-tundra (Böyük Qafqazın yüksəkliklərində) iqlimi var. Ölkədə həm yarımsəhra görmək olar, həm quraqlıq, çöllük, həm uca dağ silsiləsinə tamaşa etmək olar, həm dağ çəmənlərinə...
Səyyahlar üçün vacib informasiya: iyul ayı ərzində Azərbaycanda havanın hərarəti, ümumilikdə, yüksək dağlıq ərazilərdə -1 dərəcədən aran bölgələrində +28 dərəcəyədək dəyişir. Yanvarda isə bu tərəddüd -22 dərəcə ilə +5 dərəcə arasında olur.
İqlim müxtəlifliyini, turizm sənayesinin inkişafı üçün əlverişli şəraitin yaradılmasının vacibliyini, həmçinin ölkənin qədim mədəni - tarixi irsinin təbliğ edilməsinin önəmini nəzərə alan Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm marşrutları hazırlanıb. Onlar, demək olar ki, bütün ölkə ərazisini əhatə edir - Laqodexidən (Gürcüstanla sərhəd) tutmuş Bakıya, Bakıdan tutmuş Dağıstana (Rusiya ilə sərhəd), Bakıdan Astarayadək (İranla sərhəd). Yeganə istisna təşkil edən Ermənistanın işğalı altında olan Dağlıq Qarabağdır. Yalnız Azərbaycanın deyil, bütünlükdə Qafqazın təbiət mirvarisi olan bu bölgə dağlıq-meşəlik ərazidə yerləşir, orada çox sayda çaylar, bulaqlar var. Lakin Ermənistanın Azərbaycan ərazisinin 20%-ni təşkil edən bu torpaqları işğal etməsi Dağlıq Qarabağda turizmin inkişafına imkan vermir. Üstəlik, Ümumdünya Turizm Təşkilatı bu günlərdə Azərbaycanın təşəbbüsü ilə "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" adlı qətnamə qəbul edib, Dağlıq Qarabağa səfərlərin təhlükəli olduğuna dair xəbərdarlıq yayıb.
Azərbaycanın yerdə qalan turizm marşrutları uğurla işləyir. Turizm şirkətləri bu marşrutları istər yerli, istərsə də əcnəbi turistlərə təklif edir. Bundan başqa, ölkədə qastronomiya marşrutlarından da istifadə etmək mümkündür. Axı, Azərbaycan qədim kulinariya ənənələrilə də tanınır.
Gəlin, şimala tərəf gedək...
Yay aylarında, xüsusilə iyulun sonu, avqustun əvvəlində Bakıda ən isti günlərin yaşandığı vaxt paytaxtın əksər sakini, həmçinin xarici qonaqlar məmnuniyyətlə Bakının 160 kilometrliyində, ölkənin şimal-şərq hissəsində yerləşən Xaçmaz rayonuna üz tutur. O, Samur-Dəvəçi ovalığının böyük bir hissəsini əhatə edir və şimaldan Rusiya ilə həmsərhəddir.
Xaçmaz Azərbaycanda, bəlkə də, ən populyar istirahət bölgəsidir. Orada Rusiyadan çoxsaylı turistləri görmək mümkündür. Onlar dincəlmək üçün Xaçmaza asanlıqla öz avtomobillərilə gəlirlər.
Bu bölgənin populyarlığı tamamilə izaholunandır: Xaçmaz rayonunun 21 min hektarlıq ərazisi meşəlikdir. Gülalan qoruğu bu rayonun ərazisində yerləşir. Orada 8 (!) çay, 3 süni göl, isti bulaqlar, mineral sular və əlbəttə ki, əzəmətli Xəzər var. Üstəlik, meşə zolağı düz dəniz sahillərinədək uzanır və bu qeyri-adilik hər bir turisti valeh edir.
Qədim qala şəhərlərindən biri olan Xudat da Xaçmaz rayonu ərazisində yerləşir. XVIII əsrin əvvəllərində o, Quba xanlığının paytaxtı olub. Xudat torpağının altında əhəmiyyətli miqdarda içməli su ehtiyatı var. Hələ 1917-ci ildə istismara verilmiş məşhur Şollar su kəməri başlanğıcını bu şəhərin Şollar kəndindən götürür.
Xaçmazda 60-dan artıq mədəni-tarixi abidəyə rast gəlmək mümkündür - Moruqoba, Uzunoba, Tağaroba kəndlərində XIX əsrə aid məscidlər, Qaraqurtlu kəndində Şah Abbasın mədrəsə-məscidi (XV-XVI əsrlər), Şıxlar kəndində Şeyx Yusif məscidi (XV əsr), Tunc dövrünə aid qədim yaşayış məskənləri və təpələr (Mollaburhan, Hülövlü, Qaraçı, Həsənqala kəndləri yaxınlığında), orta əsrlərə aid yaşayış məskənləri (Canaxır, Bostançı kəndləri)... Qaladağ dağının zirvəsində isə Gaurqala qalasının xarabalığını da göstəmək olar.
Xaçmazda ənənəvi peşə olaraq xalçaçılıq inkişaf edib. Bu üzdən də, orada turistlərə böyük və miniatür xalçalar toxumaqla məşhur olan Azərbaycan ustalarının bu bacarığına tamaşa etmək təklif olunur.
Azərbaycanın ən populyar istirahət məkanı olan Nabran da, məhz Xaçmaz rayonu ərazisində yerləşir. Orada ucu-bucağı görünməyən çimərlik, ətrafda sərinləşdirici içkilər, yenotların, çöl donuzlarının, maralların dolaşdığı qədim, sıx kölgəli meşə, istirahətə gələnlərə ən müxtəlif yeməkləri təklif edən saysız-hesabsız kafe və restoran, kölgəli meşə, hovuzlar, əyləncə mərkəzləri, populyar istirahət zonalarında parlaq gecə həyatı var...
Azərbaycanın şimalında möhtəşəmliyinə görə Xaçmazdan heç də geri qalmayan Quba rayonunu da misal çəkmək olar. Orada "Qəçrəş" adlanan bir yerə baş çəkmək kifayətdir. Bu bölgəyə aparan ikizolaqlı, keyfiyyətli asfalt örtüyünə malik yolun hər tərəfi uca ağaclarla doludur və onlar yol boyunca, sanki, bir tunel yaradır. Bu üzdən də, həmin bölgəyə ilk dəfə düşənlərin gözləri önündə möhtəşəm mənzərənin açıldığı zaman heyranlığını gizlədə bilmirsən.
Qəçrəş xam meşələrindən, dağ mənzərəsindən, təmiz havası və şəlalələrindən zövq alınacaq gözəl məkandır. Bu mənzərə ən yorğun səyyahı belə, canlandırır. Üstəlik, orada əsl Azərbaycan çayını və milli təamları da dada bilərsiniz.
Amma Qəçrəş Qubada yaxşıca dincəlmək üçün yeganə məkan deyil. Bu rayonda Qudyalçayın sol sahilində Qırmızı qəsəbə adlanan yer var. Ora yalnız Azərbaycanda deyil, bütünlükdə postsovet məkanında dağ yəhudilərinin ən sıx yaşadıqları yerdir. Bu qəsəbədəki evlərin parlaq qırmızı rəngli kirəmitlə örtülmüş damlarının hər biri memarlıq əsəri sayıla bilər.
Bu da son deyil. Quba rayon mərkəzindən şose ilə, təxminən, 1 saat getmək kifayətdir ki, Baş Qafqaz silsiləsinin yamacındakı Xınalıq kəndinə çatasan. Bu, Azərbaycanın ən qədim yaşayış məntəqəsidir. O, dəniz səviyyəsində 2100-2200 metr (!) hündürlükdə yerləşir. Əhalinin özü kəndi Kətiş, özlərini isə kətşlər - Nuh peyğəmbərin törəmələri adlandırırlar.
Xınalıq kəndinin yaşı 5000 ildən çoxdur. Əsrlər boyunca o, keçilməsi son dərəcə çətin olan qayalıqları, yarğanları ilə sivilizasiyadan kənarda qalıb. Məhz ətraf dünyadan təcrid durumda olması kəndin sakinlərinin orijinallıqlarını qoruyub saxlamalarına imkan verib. Onların öz adət-ənənələrilə yanaşı, heç bir dil qrupuna aid olmayan dili də var.
Kətşlər anlayışına ilk dəfə eramızın I əsrində qədim Roma tarixçisi Pliniyanın əsərlərində və Strabonun məşhur "Coğrafiya"sında rast gəlinib. 2007-ci ildə Xınalıq Azərbaycanın Dövlət Tarixi-Memarlıq və Etnoqrafiya Qoruğu elan edilib.
Kətşlərin evləri (onların sayı 360-dır) də qədimidir. Onların bəzilərinin yaşı 200-300 ilə çatır. Bu evlər bir-birinin üzərində çay daşları ilə tikilib və çoxmərtəbəli binaları xatırladır. Evlərin interyeri son dərəcə gözəldir. O, ala-bəzək xalçalardan, adyallardan, yastıqlardan, döşəklərdən və s. ibarətdir. Əlbəttə ki, bütün bu əşyalar yalnız bəzək məqsədilə deyil, həm də mənzillərin isti saxlanılması üçündür. Axı, qışda bu kənddə havanın hərarəti bəzən -30 dərəcəyə düşür.
Xınalıq kəndində mağaralar, hələ də tam öyrənilməmiş arxeoloji abidələr var. Onlardan bəziləri orta əsrlərə aiddir. Misal kimi, Şeyx Şalbuz, Əbu Müslüm məscidlərini (XII əsr), Pircomərdi (1388-ci il) və Xıdır Nəbi sərdabəsini (orta əsrlər) göstərmək olar.
Xınalığın ətraf aləmlə nisbi təcridinə 2006-cı ildə oraya yeni asfalt yolun çəkilişilə son qoyulub. Yolun çəkilməsilə kəndə turist axını başlayıb.
Məğrur Lahıc
Azərbaycanın mərkəzi hissəsində də turistlər üçün böyük maraq kəsb edən bölgələr var. Məsələn, İsmayıllı rayonu. Bu rayona üz tutan turistlər Lahıc kimi nadir məkanla tanış ola bilərlər.
900 nəfər əhalisi olan bu şəhər tipli qəsəbə Böyük Qafqazın cənub yamacında, dəniz səviyyəsində 1375 metr hündürlükdə yerləşir. O, XV-XIX əsrlərə aid Dövlət Tarix-Mədəniyyət Qoruğu statusu alıb (1980-ci il) və "Böyük İpək yolu" beynəlxalq turizm marşrutuna daxil edilib.
Lahıc orta əsrlərə aid orijinal şəhərsalma və memarlıq sənəti abidəsidir. Qəsəbənin küçələri, meydanları, evləri bu gün də daş piltələrlə döşənmiş haldadır. Üstəlik, onların hər biri müxtəlif forma ilə döşənib. Bu daş döşəmələr Lahıca özünəməxsus obraz qazandırmaqla yanaşı, həm də atmosfer axınının düzgün istiqamətlənməsini təmin edir.
Lahıc hələ orta əsrlərdən sənət-ticarət mərkəzi kimi tanınmış azsaylı məkanlardandır. Burada ta qədimdən hər tərəf əritmə sobaları, emalatxanalarla dolu olub. Mis istehsalının inkişafı Lahıcda bir sıra digər sahələrin də inkişafına imkan yaradıb - qalayçılıq, dəmirçilik, ağac kömürü. XIX əsrdə Lahıcda 40-dək sənət və ikinci dərəcəli sahələr inkişaf edib. Buraya dəriçilik və xalçaçılıq da daxildir.
İnanılmaz gözəlliyə malik Lahıc Lülo çayının çaylağı ilə iki yaşayış hissəsinə bölünür - Lahıc və Aragird kəndi. Onlar da öz növbələrində əhalinin məşğuliyyətinə uyğun bölünmüş məhəllələrdən ibarətdir. Məsələn, kənddə yalnız misgərlərin, dulusçuların yaşadığı məhəllələrə rast gəlmək mümkündür. Bu günə 6 belə meydan gəlib çıxıb. Qədim zamanlardan Lahıcda çörək, miss külçələri, parça, filiz daşıyan karvanlar toplanıb. Oradan geri qayıtdıqda karvanlar misdən hazırlanmış məmulatlar, o cümlədən Azərbaycanda, Gürcüstanda, Dağıstanda, İranda və Türkiyədə yaxşı satılan qab-qacaq daşıyırdı.
Bu gün Lahıcda al-əlvan xalçalar tapmaq və əldə etmək mümkündür. Dünya bazarlarında bu xalçalara böyük tələbat var. Bundan başqa, orada turistlərə dəridən hazırlanmış orijinal məmulatlar, soyuq silahlar, nəfis mis məmulatları, o cümlədən kasalar, fincanlar və s. təklif olunur. Bu məmulatların hər biri nadir oyma ornamentlərilə bəzənib.
Mənzərəli Şəki
Azərbaycanın daha bir gözəl guşəsi Şəki şəhəridir. O, Bakıdan 380 kilometr qərbdə, Böyük Qafqazın cənub ətəyində yerləşir. Şəki Qafqazın ən qədim yaşayış məskənlərindən sayılır. Oradan tapılan əksər arxeoloji tapıntıların yaşı 2500 ili keçir.
III-V əsrlərdə Şəki Qafqaz Albaniyasının vilayəti, 1743-cü ildə Şəki xanlığının paytaxtı olub. O, 1819-cu ilədək bu statusda qalıb. 1840-cı ildə həmin regionda mərkəzi Şəki şəhəri olan Nuxa qəzası yaradılıb. 1848-ci ildən o, qəzanın adı ilə Nuxa adlandırılmağa başlayıb. Sovet illərində isə şəhər Azərbaycan SSR-in Şəki rayonunun inzibati mərkəzinə çevrilib. 1950-ci ildə onun tarixi adı - Şəki bərpa edilib.
Burada Böyük Qafqazın bəzi yerlərdə 3000-3600 metrə çatan qarlı zirvəsini, ensiz dərələri, fıstıq, qoz ağaclarından ibarət dağ meşələrini, dağ çəmənlərini, saysız-hesabsız şəlalələri, dağ çayları, bulaqları, mineral çeşmələri və s. görmək mümkündür. Şəkinin nadir görməli yerlərindən biri Şəki Xan Sarayıdır. XVIII əsrdə fars üslubunda inşa edilmiş sarayın tikintisində bircə mismardan belə istifadə edilməyib (!). Şəhərin şimal-şərq hissəsində yerləşən saray qala divarlarının əhatəsindədir.
Hazırda bu muzey tarixi və mədəni əhəmiyyətli abidə sayılır. O, "Yuxarı baş" Dövlət Tarix-Memarlıq Qoruğuna daxildir.
Şəkildə turistlərin böyük marağına səbəb olan yerlər arasında Şəki qalası (XVIII əsr), Ömər Əfəndi məscidi (XIX əsr), Şəki Xan məscidi (XVIII əsr), məşhur Karvansaray (mehmanxana, XVIII əsr), Gələrsən-Görərsən qalası (VIII-IX əsrlər), Şəkixanovların evi (XVIII əsr), Cümə məscidi (XVIII əsr), Giləhli minarəli məscidi (XVI-XVII əsrlər), orta əsrlərə aid hamamlar da var.
Şəkinin öz teatrı, tarix muzeyi fəaliyyət göstərir. Orada Şəkidə doğulmuş Azərbaycan yazıçısı və filosofu Mirzə Fətəli Axundovun Ev muzeyi ilə də tanış olmaq mümkündür.
Şəki nəhəng sənət mərkəzidir. Odur ki, bu şəhərdən yerli ustaların əl işi olan dəbdəbəli zinət əşyaları, oyma məmulatları almaq olar.
Yeri gəlmişkən, Şəki hər zaman yalnız sənətkarlar şəhəri kimi deyil, həm də kulinarlar məkanı kimi tanınıb. Orada bu ənənə nəsillərdən-nəsillərə keçir. Şəkinin bəzən "Azərbaycanın qastronomiya mərkəzi" adlandırılması əbəs deyil. Odur ki, Şəkiyə baş çəkərkən məşhur Şəki paxlavasının dadına baxmağa dəyər. Bu paxlavanın resepti, hazırlanma qaydaları sirr saxlanılır. Əfsanəvi Şəki pitisi də öz yerində. Bu, noxud, qoyun əti, şabalıd, baş soğan, alça, zəfəran, qara istiotla hazırlanan şorbadır. Pitinin hər porsiyası xüsusi balaca saxsı küpdə bişirilir.
Qədim Qəbələ
Şəki-Zaqatala bölgəsində, Azərbaycanın şimal-qərb hissəsində, az qala Dağıstan və Gürcüstanla sərhəddə daha bir qədim tarixə malik rayon yerləşir. Bu, Qəbələdir. Bu bölgədə hələ Neolit dövründə yaşayış olub.
Rayonun inzibati mərkəzi olan Qəbələ şəhəri Şahdağ dağlarının qolunda yerləşir. Qəbələnin, təxminən, 2000 yaşı var. O, bu dövrün 600 ilindən çoxunu Qafqaz Albaniyasının paytaxtı olub. Daha sonra Qəbələ ardıcıl olaraq Şirvanşahlar dövlətinin və Şəki xanlığının tərkibində yer alıb.
Qəbələnin qədim qalıqları müasir Qəbələnin 15 kilometrliyində, Qaraçay ilə Covurluçay arasında yerləşir. Çoxəsrlik tarixində dağıdıcı hücumlara məruz qalmasına baxmayaraq, şəhər mədəni keçmişinin maddi sübutlarını qoruyub saxlaya bilib. Şəhərdə XVIII əsrə aid "İmam Baba" məqbərəsi və Cümə məscidi bu gün də qalmaqdadır.
Qəbələnin ətraf bölgələrində bir çox tarix-memarlıq abidələrinə rast gəlmək mümkündür - Bum kəndində XIX əsrə aid məscid, Amili kəndində IV əsrə aid alban məbədi, Bayramkoxa kəndində IX əsrə aid Ustacan qülləsi, Nic kəndində Hacı Qərib məscidi və Çotari alban kilsəsi, Xəzrə kəndində XV əsrə aid Şeyx Bədrəddin və Mənsur məqbərələri, Şəfili kəndində XVII əsrə aid məqbərə, həmçinin "Şıx Baba" piri (XVI əsr, Həmzəlli kəndi), Komrad piri (eyniadlı dağın zirvəsində).
Qəbələdə hər birinin, təxminən, 500 yaşı olan qoz və şabalıd ağaclarından ibarət sıx meşələr var. Oradakı bəzi ağaclar, hətta dövlət tərəfindən qorunan təbiət abidələri siyahısına salınıb. Yazın gəlişilə dağların ətəyində, təxminən, 1000 metr hündürlükdə çiçəklənən şabalıd ağacları isə təkrarolunmaz gözəllikdir...
Dağ çəmənləri, çaylar, dağ meşələri, uca şəlalələr, isti bulaqla, ceyran, cüyür, ayı, canavar, dovşan və s. ovu istənilən turistin istirahətinə rəng qatır.
Yeri gəlmişkən, Azərbaycanın ən uca zirvələrindən olan Bazardüzü dağına (dəniz səviyyəsindən 4466 metr yüksəklikdə) gedən alpinizm marşrutu məhz buradan keçir.
Qəbələdə inkişaf etmiş sənətlər arasında ağac emalını, dulusçuluğu, xalçaçılığı göstərmək olar.
Yeri gəlmişkən, Qəbələ rayonunun Nic kəndində qədim albanların əcdadları olan udinlər yaşayır. Cəmi 10 min nəfər qalmış udinlər öz ənənələrini, dillərini, maddi və mənəvi mədəniyyətlərini qoruyub saxlaya biliblər.
Nic kəndində Qafqaz Albaniyasının nadir memarlıq abidəsi olan udin məbədi var. O, XVII-XVIII əsrlərdə qədim alban kilsəsinin yerində inşa olunub. Məbəd bir müddət əvvəl bərpa olunub, udin xristian icmasının, həmçinin Azərbaycanın ən qədim görməli yerlərindən birilə tanış olmaq istəyən turistlərin üzünə açılıb.
Qəbələdə yüksək səviyyəli yollar, parklar, fəvvarələr, dəbdəbəli hotellər, istirahət mərkəzləri, uşaq meydançaları və s. kimi müasir infrastruktur da yaradılıb. Bundan başqa, Qəbələdə uşaqlar üçün Gabaland attraksionu qurulub və qısa zamanda o, böyük populyarlıq qazanıb. Şəhərin 4 kilometrliyində isə "Tufandağ" yay-qış kurortu fəaliyyət göstərir.
Yeri gəlmişkən, Azərbaycanda ilk dağ xizəyi kurortu olan "Şahdağ" kurortu 2011-ci ilin fevralında açılıb. Ölkənin mədəniyyət və turizm naziri Əbülfəs Qarayev onu "turizm mirvarilərindən biri" adlandırıb. "Şahdağ" kurortu Azərbaycanın şimalında, Qusar rayonunda yerləşir. Odur ki, bir müddət əvvəl - 2014-cü ilin yanvarında fəaliyyətə başlamış "Tufandağ" Azərbaycanda ikinci qış kurortudur və o, populyarlığına görə heç də "Şahdağ"dan geri qalmır. Burada istirahət edənlər çoxpilləli xizək traslarından, təlim məktəblərindən, istirahət mərkəzlərindən istifadə edə bilərlər. Onlar üçün turlar, ekskursiyalar təşkil olunur. Turistlər kanat yolu vasitəsilə yalnız qışda deyil, yayda da göy üzündən Qəbələnin möhtəşəm gözəlliyini seyr etmək imkanı qazanırlar.
Göründüyü kimi, Azərbaycanda istirahət etmək üçün asanlıqla münasib məkan tapmaq olar. Üstəlik, onun baha olması heç də vacib deyil. Turistlər populyar məkanlarda nisbətən ucuz qiymətlərlə də dincələ bilərlər. Çünki istirahət zonalarında dəbdəbəli hotellərlə yanaşı, ucuz istirahət məkanları da fəaliyyət göstərir.
MƏSLƏHƏT GÖR: