
TÜRKİYƏ KİMLƏRİ "SINDIRDI"?
Ankaranın kürd terrorçularına qarşı cəsarətli addımları dünya ölkələrini düşünməyə vadar edib
Müəllif:
Oktyabrın son günlƏrindƏ TürkiyƏ Ordusu Şimali İraqda terrorçu Kürd Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı transsərhəd əməliyyatına hazırlığı başa çatdırıb. "CNN-Türk" telekanalının məlumatına görə, İraqla sərhəddə Türkiyə Ordusunun 150 minlik hərbi kontingenti toplanıb. Ölkənin baş naziri Rəcəb Tayyip Ərdoğan bildirib ki, əməliyyatlara istənilən an start verilə bilər. Onun sözlərinə görə, Ankara bu əməliyyatlara başlamaq üçün heç kimdən, həmçinin kürd terrorçularına qarşı birgə mübarizə ilə bağlı vədlərini yerinə yetirməyən Amerikadan icazə almaq fikrində deyil. "Amerika bizə mane olmağa çalışmamalıdır. Strateji tərəfdaşımız olan ABŞ indi bizimlə birlikdə olmalıdır", - deyə Ərdoğan Buxarestə rəsmi səfəri zamanı bildirib.
Bununla yanaşı, əksər müşahidəçilər hesab edir ki, bu bəyanatlara baxmayaraq, Türkiyə rəhbərliyi hələ də Vaşinqtonun Şimali İraqa daxil olmamaqla bağlı çağırışlarına əməl edir və Birləşmiş Ştatların dövlət katibi Kondoliza Raysın Ankaraya səfərini gözləyir. Ekspertlərin fikrincə, məsələ ilə bağlı yekun qərar Ərdoğanın ABŞ-a baş tutacaq səfərindən sonra veriləcək. Qeyd edək ki, noyabrın 5-də Türkiyə hökumətinin başçısı Vaşinqtonda Corc Buşla danışıqlar aparacaq.
Hadisələrin inkişafı isə göstərir ki, getdikcə gərginləşən bu vəziyyətdə Amerika Ankaranın mövqeyini qəbul etmək məcburiyyətində qalacaq. ABŞ rəhbərliyi yaxşı anlayır ki, Türkiyə kimi strateji müttəfiqi itirmək onlara xeyir gətirməyəcək. Əks halda bu, Vaşinqtonun İraq və Əfqanıstanda, həmçinin İran məsələsində mövqelərinə ciddi zərbə vura bilər. Yeri gəlmişkən, İran prezidenti Mahmud Əhmədinejad artıq ABŞ üçün əlverişli olmayan situasiyadan yararlanaraq, Türkiyəyə PKK ilə mübarizədə siyasi dəstək verib. Buna isə kifayət qədər əsas da var - kürd separatçıları İranın da bir hissəsinə iddia edir (amma hələ ki bu problem Tehran qarşısında o qədər də ciddi şəkildə dayanmayıb). İstənilən halda, İranın addımı "düşmənimin düşməni mənim dostumdur" prinsipinə daha uyğun gəlir.
Hazırkı vəziyyətdə Buş administrasiyasının Türkiyə ilə münasibətlərin soyuqlaşmasından qaça bilməsi üçün PKK-ya qarşı real mübarizəyə başlamaqdan başqa yolu qalmır. Necə deyərlər, inqilabın qarşısını almaq mümkün deyilsə, demək, ona rəhbərlik etmək lazımdır.
Beləliklə, daim Türkiyəyə təzyiq vasitəsi kimi istifadə olunan kürd faktoru hazırkı mərhələdə bumeranq effekti verib və artıq o, Ankaranın əlində kozıra çevrilib.
Odur ki nahaq yerə vaxtilə Ronald Reyqan kürdləri hər an alışıb partlayış yarada biləcək kibritə bənzətməyib. Hər halda, Amerika kəşfiyyatı, yəqin ki, PKK-nın kürd xalqı tərəfindən yox, keçmiş SSRİ DTK-sı tərəfindən yaradıldığını bilməmiş deyildi.
Kürd Fəhlə Partiyası 1974-cü ildə "marksist-leninçi" qrup kimi yaradılıb və onların məqsədi, Cənub-Şərqi Türkiyədə müstəqil kürd dövlətinin yaradılması olub. Lakin burada söhbət heç də kürd xalqının iradəsindən getmirdi. Həqiqətən də, PKK - kürd xalqı demək deyil. Bu həmin o xalqdır ki, onun minlərlə nümayəndəsi Türk Ordusunun tərkibində məhz PKK-ya qarşı döyüşür və bununla sübut edir ki, "terrorçunun milliyyəti olmur".
Hadisələrin bu qızğın çağında Türkiyənin kürd xalqına münasibəti haqda İraqın kürd muxtariyyətinin lideri Məsud Bərzani də danışmağı lazım bilib. O, Türkiyənin terrorçulara qarşı apardığı mübarizəni kürd xalqına qarşı aparılan müharibə kimi qələmə verməyə çalışıb. Lakin Bərzani unudur ki, 1988-ci ildə İran-İraq müharibəsinin başa çatmasından sonra, Səddam Hüseynin Şimali İraqa zəhərli qaz buraxdırdığı zaman məhz Türkiyə kürd qaçqınlarının axınını qəbul edib. Həmin vaxt elə Bərzaninin özü Türkiyə hökuməti ilə əlaqə yaradaraq, terrorçulara dəstək verməyəcəyinə əmin etmişdi. Nəticə isə göz önündədir - verilən vədlər nə Bərzani, nə ABŞ, nə də İraq hökuməti tərəfindən yerinə yetirildi.
MƏSLƏHƏT GÖR: