Müəllif: Sənan NADİROĞLU Bakı
Bakıda keçirilən ilk Avropa Oyunlarında ən böyük maraq cəlb edən idman növlərindən biri gimnastikadır. Azərbaycan idmançıları "Bakı-2015"in gimnastika üzrə yarışlarının proqramına daxil edilən altı növün hər birində iştirak edəcəklər. Bunlardan üçü üzrə inkişaf iki il öncə başlayıb və bunlar Azərbaycan üçün nisbətən yeni növ sayılır.
"R+"un gimnastlarımızın son yarışlarda çıxışı, eləcə də Avropa Oyunlarına hazırlıqla bağlı suallarına Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay HƏsƏnov cavab verir.
- Azərbaycan gimnastlarının son yarışlarda çıxışını necə qiymətləndirirsiniz?
- Federasiya 2002-ci ildə yenidən qurulduqdan sonra, onun fəaliyyət sahəsinə 3 gimnastika növü - bədii gimnastika, kişi idman gimnastikası və akrobatik gimnastikası daxildir. Ölkəmizdə keçiriləcək tarixi əhəmiyyətli İlk Avropa Oyunları daha 3 gimnastika növü - qadın idman gimnastikası, batut gimnastikası və aerobika gimnastikasının ölkəmizdə inkişaf etməsinə təkan verdi və Federasiyamız həmin Oyunların proqramına daxil olan 6 gimnastika növünü özündə birləşdirir. Bu il bizim üçün ən mühüm yarışlar qarşıdakı Avropa Oyunlarıdır və daha sonra isə payız aylarında keçiriləcək 2016-cı ilin Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Çempionatlarıdır. Bu mötəbər yarışlara hazırlıq çərçivəsində idmançılarımız Dünya Kuboku mərhələləri, Qran-pri yarışları və müxtəlif beynəlxalq turnirlərdə iştirak edirlər. Hər həftə gimnastlarımız Azərbaycanın hüdudlarından kənarda öz güclərini sınayırlar.
Son yarışlara gəldikdə isə, iki Avropa Çempionatını qeyd etmək istərdim. Birincisi Fransanın Monpelye şəhərində keçirilən İdman Gimnastikası üzrə Avropa Çempionatıdır. Burada gimnastımız Oleq Stepko uğurlu çıxışlar nümayiş etdirdi. Bu idmançı Avropa Oyunlarında ümid bəslədiyimiz idmançılardan biridir.
İkinci qitə çempionatı isə, Belarusun Minsk şəhərində bədii gimnastika üzrə keçirilmişdi. Burada komandamızın lideri Marina Durunda müvəffəqiyyətlə çıxış etdi və Avropa Çempionatının bürünc medalını qazandı. Elə bu yarışlarda digər gimnastımız Ayşən Bayramova zədə almış komanda yoldaşı Gülsüm Şəfizadəni əvəz etdi. Belə irimiqyaslı yarışda ilk dəfə çıxış edən Ayşən fərdi çoxnövçülükdə 16-cı yerdə qərarlaşaraq, gələn il Avropa Çempionatında ölkəmizi təmsil etmək imkanı qazandı.
- Hazırda federasiyada gimnastikanın 6 növü inkişaf etdirilir. Yeni formalaşan növlərlə bağlı hansı problemlər yaranır?
- Son iki ildə inkişaf etdirdiyimiz 3 gimnastika növündən ikisi - qadın idman gimnastikası və batut gimnastikası olimpiya idman növləridir, aerobika gimnastikası isə qeyri-olimpiya növüdür. Üzləşdiyimiz əsas problem mütəxəssislərin olmamasıdır. Digər ölkələrdən məşqçilər dəvət etməklə ilkin inkişaf mərhələsində təbii hal olan bu problemi aradan qaldırmağa çalışırıq. Təəssüf hissi ilə qeyd edim ki, bu yaxınlarda qadın idman gimnastikası üzrə yığma komandanın baş məşqçisi Aleksandr Pravdin vəfat etdi. Təbii ki, bu kədərli hadisə onun yığma komandamızda olan yetirmələrinin builki Avropa Çempionatındakı çıxışlarına da müəyyən təsir göstərdi. Hazırda inkişafda olan yeni gimnastika növləri üzrə bölmələrə kiçik yaşlı uşaqlar da cəlb olunur və artıq bu yeniyetmə idmançılar arasında yarışlar da keçirmişik. Bu növlərlə məşğul olan idmançıların sayının artması və əhali arasında geniş yayılması üçün müəyyən işlər görülür və bu ilkin mərhələdə artıq yeni növlərə olan maraq bizi sevindirir. Qeyd edim ki, aerobika gimnastikası digər növlərə nisbətən bu baxımdan bir az asandır, çünki əvvəllər gimnastikanın başqa növləri ilə məşğul olan idmançılar özlərini aerobika gimnastikasında sınaya bilirdi. Bundan öncə akrobat olan indi isə Avropa Oyunları çərçivəsində aerobika gimnastikası üzrə yarışlarda qrup daxilində çıxış edəcək Elçin Məmmədovu misal gətirmək olar.
- Gimnastların Avropa Oyunlarına hazırlığından razısınızmı?
- Bildiyiniz kimi, 2014-cü ildə ölkə Prezidenti cənab İlham Əliyev və xanımı, Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyevanın iştirakı ilə Milli Gimnastika Arenasının açılışı oldu. Burada idmançıların yüksək səviyyədə məşq etməsi üçün hər bir şərait yaradılıb. Yüksək standartlara cavab verən tibbi avadanlıqlarla təchiz edilmiş bu arenada, peşəkar tibbi heyət gimnastları daima tibbi nəzarət altında saxlayır. Hər bir peşəkar idman növündə olduğu kimi, heç bir idmançı zədədən sığortalanmayıb. Təəssüflər olsun ki, Avropa Oyunlarına hazırlaşan bəzi idmançılarmız aldıqları zədə səbəbindən bu yarışlarda iştirak edə bilməyəcəklər. Bir neçə gimnast isə cüzi zədələrlə çıxış etməli olacaq. 6 iyun tarixində Avropa Oyunlarında təmsil olunacaq bütün 6 gimnastika növləri üzrə yoxlama məşqləri keçirdik. Ümumilikdə, idmançılarımızın hazırlıq vəziyyəti qənaətbəxşdir. Bir az psixoloji həyəcan özünü büruzə verir. Bu da, təbii ki, onların hiss etdiyi məsuliyyətdən irəli gəlir. Doğma divarlar arasında çıxış etdikdə, geniş tamaşaçı dəstəyi bir tərəfdən kömək edir, digər tərəfdən isə həyəcanı bir az da artırır. İdmançılarımızın bu həyəcanı dəf edə biləcəklərinə inanıram.
- Avropa Gimnastika İttifaqının hazırladığı məqalədə yığmamızın lideri Marina Durunda - Rusiya təmsilçiləri Yana Kudryavtseva və Marqarita Mamun kimi titullu gimnastlara əsas rəqib kimi göstərilib. Bu fikirlər Durundanın artıq güclülər sırasında olduğunu göstərir. Sizin fikrinizi bilmək maraqlı olardı....
- Marina Durunda güclü bədii gimnastlar sırasına daxil olmaq üçün bir neçə ildir ki, stabil çıxışlar nümayiş etdirir. Sevindirici haldır ki, Marina ötən ilin Dünya Çempionatının təsnifat mərhələsində və komanda hesabında mübarizədə, fərdi çoxnövçülük və ayrı-ayrı alətlərlə finallarda, ümumilikdə, 11 dəfə çıxış edib, lakin heç bir ciddi səhvə yol verməyib. Onun nümayiş etdirdiyi kompozisiyalar özünəməxsusluğu ilə seçildiyindən dünya tamaşaçısının yaddaşında xüsusi yer tutur. Marina gənc olmasına baxmayaraq, dövlətimizin bədii gimnastikaya göstərdiyi diqqət və qısa müddət ərzində sürətli inkişaf nəticəsində son illər Bakıda yaranan məktəbin, təcrübəli və böyük imkanlara malik qabaqcıl nümayəndəsidir. İnanıram ki, Avropa Oyunlarının bədii gimnastika üzrə yarışlarında komandamızın lideri Azərbaycan musiqi kompozisiyalarının da xüsusi yer aldığı proqramı icra edərkən gözəl çıxışları ilə tamaşaçılarımızı sevindirəcək.
- İdmançıları Avropa Oyunlarında güclü rəqabət gözləyir. Bu mənada onların qarşısına hansı hədəf qoyulub?
- Azərbaycan Avropa Oyunlarında 6 gimnastika növü üzrə yarışlarda tam heyətlə çıxış edəcək. Avropa Oyunlarının proqramına daxil olan 6 növdən ikisi qeyri-olimpiya növüdür. Fikrimcə, bu bütün Avropada akrobatika və aerobika gimnastikası üzrə idmançı və mütəxəssisləri sevindirməklə yanaşı, onlar üçün yeni imkanlar yaradır. Təbii ki, idmançıların təcrübəsindən asılı olaraq, hər birinin qarşısında müəyyən məqsədlər qoyulub. İnkişafına yeni başlamış idman növlərindən medal gözləmək düzgün olmaz. Bu növlərdə iştirakımız özü artıq bir müsbət nəticədir. Digər növlərdə öz sözünü demiş əksər idmançılarımızın layiqli çıxış edəcəklərinə inanıram. Onlar böyük səylə bu oyunlara hazırlaşır və təbii ki, doğma tamaşaçı kütləsi qarşısında layiqincə çıxış etmək niyyətindədirlər.
- Regionlarda gimnastikanın inkişafı üçün hansı işlər görülür?
- Bir neçə il bundan əvvəl, bədii gimnastikanı təkcə Bakıda və şəhər ətrafı qəsəbələrdə deyil, həmçinin regionlarda da inkişaf etdirmək qərarına gəldik. Təbii ki, burada, ilk növbədə, hansı mütəxəssislərin Bakıdan regionlara çalışmaq üçün getməsi problemi ilə üzləşdik. Ümumiyyətlə, bunun üçün kifayət qədər məşqçilərimizin olub-olmaması sualı meydana gəldi. Bu gün isə artıq Xırdalan, Sumqayıt, Gəncə, Göyçay, İsmayıllı, Kürdəmir, Qusar, Şirvan və Naxçıvan Muxtar Respublikasının Olimpiya İdman Komplekslərində bədii gimnastika üzrə bölmələr fəaliyyət göstərir. Yığma komandamızda çalışan gənc məşqçilərimiz bədii gimnastikanı inkişaf etdirmək üçün bu şəhər və bölgələrə həvəslə yollanırlar. Ümid edirəm ki, bir neçə ildən sonra bu regionların hər birində yerli mütəxəssislər çalışacaq. 2014-cü ilin dekabr ayında Bədii Gimnastika üzrə Bölgələrarası İlk Kuboku uğurla keçirdik. Kubokun əsas məqsədi həmin bölmələrdə məşğul olan gimnastların onlardan daha uzun müddət bu gimnastika növündə təcrübəsi olan Bakı idman klublarının təmsilçiləri ilə rəqabət aparması və medal qazanması idi. Bu da öz bəhrəsini verdi. Az keçmədi ki, Xırdalan təmsilçisi Azərbaycan birinciliyində 2-ci yerə layiq görüldü. Təbii ki, bu bölmələrin istedadlı və bacarıqlı yetirmələri gələcəkdə yığma komandalara cəlb olunacaq və güman edirəm ki, onlar beynəlxalq arenada da tanınacaqlar.
MƏSLƏHƏT GÖR: