25 Dekabr 2024

Çərşənbə, 18:34

BEŞİNCİ HALQANIN YARANIŞI

Azərbaycan Avropaya olimpiya hərəkatındakı yerini təsdiqləməkdə kömək etdi

Müəllif:

16.06.2015

Birinci Avropa Oyunlarının açılış mərasimində geri sayım 24 rəqəmilə başladı. Bu rəqəmin heç bir idman və ya mistik mənası olmasa da, o, əlbəttə ki, rəmzi xarakter daşıyırdı. Geri sayım Bakıda keçirilən Avropa Oyunlarının ilk mesajı idi - Azərbaycan müstəqilliyinin cəmi 24-cü ilində sovet əyalətindən dünya birliyinin bərabərhüquqlu üzvünə çevrilib.

Ölkə qitə yarışlarının təşkili üçün son dərəcə məhdud zamanda sutkanın 24 saatını çalışmalı olub.

Tarixin ilk Avropa Oyunlarına ev sahibliyi etmək məsuliyyətini üzərinə götürmüş Azərbaycan bununla kifayət qədər iddialı və riskli addım atıb. Bir işin ilk icraçısı olmaq, standartlar müəyyənləşdirmək hər zaman məsuliyyət tələb edir - ilk addım uğursuz da ola bilər. Üstəlik, vaxt da kifayət qədər məhdud idi - Yay Olimpiya Oyunları miqyasında yarışın təşkili üçün cəmi 2,5 il vaxt var idi. Halbuki Yay Olimpiya Oyunlarına hazırlıq, bir qayda olaraq, 7-8 il sürür. Bakı gücünü düzgün hesablamışdı - 2015-ci il iyunun 12-də dünya beynəlxalq idman tarixinə düşməyə layiq möhtəşəm açılışın şahidi oldu.

"Bu, ölkəmiz üçün tarixi hadisədir. Çünki bu günə qədər ölkəmizdə bu miqyasda idman yarışları keçirilməyib. Eyni zamanda bu, Avropa üçün də tarixi hadisədir. Çünki başqa qitələrdən fərqli olaraq, Avropada heç vaxt qitə oyunları keçirilməyib", - deyə Azərbaycan Prezidenti İlham Əliyev Avropa Oyunlarının rəsmi açılış mərasimi iştirakçılarının şərəfinə rəsmi qəbuldakı çıxışı zamanı bildirib.

Həqiqətən də, hələ ötən əsrin ortalarından Asiya və Panamerikan oyunları keçirilir. Daha sonra Ümumafrika, Aralıq dənizi, Panərəb, Sakit okean, Bolivar, Mərkəzi Amerika Oyunları, həmçinin Karib hövzəsi ölkələrinin yarışları keçirilməyə başlayıb. Yalnız Olimpiya hərəkatının vətənində indiyədək Qitə Birinciliyi keçirilməyib. "Bakı-2015" bu boşluğu doldurdu. İndi Avropa dünyanın olimpiya bayrağındakı öz halqasına konkret məna verdi.

"Bu axşam biz dünyanın Qitə Oyunlarına çatışmayan beşinci halqanı əlavə edirik. Avropanın ilk oyunları sayəsində biz Olimpiya hərəkatının beş qitəsini bir-birinə daha sıx bağlayacağıq", - deyə birinci Avropa Oyunlarının açılış mərasimində çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bildirib. O, turnirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib.

Avropa Olimpiya Komitəsinə üzv olan 50 ölkənin hər biri Bakıya öz nümayəndə heyətini göndərib. Bu isə 6000 idmançı deməkdir. Onlar 20 idman növündə 253 dəst medal uğrunda mübarizə aparırlar. Bu yarışların 16-sı olimpiya idman növü üzrədir.

Öz idmançılarını dəstəkləmək üçün Bakıya dövlət və hökumət başçıları, nazirləri və parlamentarilər, beynəlxalq idman təşkilatlarının rəhbərləri toplaşmışdılar. Onların hər biri gördüklərindən, hazırlıq səviyyəsindən, idmançılar və qonaqlar üçün yaradılmış şəraitdən, açılış mərasiminin möhtəşəmliyindən aldıqları xoş təəssüratları dilə gətiriblər. Qonaqlar "Bakı-2015"in təşkil olunma səviyyəsinə görə London Olimpiadasını geridə qoyduğunu deyirlər.

İdmançılar da gördüklərinə biganə qala bilməyiblər. "Trend" agentliyinin məlumatına görə, Almaniya millisinin baş məşqçisi Vital Heyner Bakıda yaradılmış şəraiti olimpiadalarda yaradılan şəraitlə müqayisə edib. "Bakıda davamlı qalmağa hazıram. Sanki Olimpiadadasan", - deyə o, "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Voleybol üzrə Almaniya millisinin "Twitter" sosial şəbəkəsindəki səhifəsində isə uşaqların Avropa Oyunlarının möhtəşəm açılış mərasimini səbirsizliklə gözlədikləri qeyd olunmuşdu.

"Bakıya sağ-salamat endik. İndi komanda üçün ayrılmış otaqdayıq. Burada olmaq qəribə hissdir", - deyə Böyük Britaniyanın nümayəndə heyətinin üzvü Emma Kavanaq "Twitter" mikrobloqundakı səhifəsində yazıb.

Britaniyalı gimnast Nayl Uilson isə "Twitter"də Bakıda bir neçə günü necə maraqlı keçirməsindən, məşqlərindən, yarışlara hazırlığından yazıb.

Avropa Oyunlarının daha bir qonağı, məşhur bloger Artemiy Surin təəssüratlarını "Facebook" sosial şəbəkəsində bölüşüb: "Sanki "Min bir gecə" nağlına düşmüsən!!! Sanki hər kəs sehrbaz idi: prezidentlərdən, Ledi Qaqadan tutmuş, şəhərlərilə fəxr edərək işlərini görən stüartlara qədər".

Bununla yanaşı, bir çoxları gördüklərindən heç də təəccüblənməyib - Bakıda təşkil olunmuş "Eurovision-2012", gimnastika üzrə 2014-cü ilin Avropa Çempionatı və digər nüfuzlu beynəlxalq tədbirlər çoxlarının yaddaşındadır. Ümumiyyətlə, 2002-ci ildən Azərbaycan 36 beynəlxalq turnirə ev sahibliyi edib. Amma Avropa Oyunlarının miqyası, əlbəttə ki, daha öndədir.

Azərbaycan Prezidenti bu yarışı "miqyasına görə Yay Olimpiya Oyunlarından sonra ən nəhəng idman hadisəsi" adlandırıb.

Azərbaycan müstəqillik illərində olimpiadalarda 26 medal qazanıb. Eyni dövrdə ölkənin Avropa və dünya çempionatlarında əldə etdiyi medalların sayı 2000-ə çatır. İndi Azərbaycan idmançıları "Bakı-2015"də xeyli sayda medal qazanmaq əzmindədirlər.

Azərbaycanın idmandakı iddiaları heç də əsassız deyil. Dövlətin idmana göstərdiyi diqqətin ən bariz göstəricisi Milli Olimpiya Komitəsinə şəxsən prezident İlham Əliyevin başçılıq etməsidir. Son illərdə ölkədə, təxminən, 50 olimpiya mərkəzi açılıb. Onlar beynəlxalq idman yarışlarını qəbul edən paytaxtın idman infrastrukturu üçün arxa cəbhə rolu oynayır.

İdmana böyük diqqətin göstərilməsi faktiki olaraq Bakının sivilizasiyalararası dialoqun dəstəklənməsinə yönəlmiş siyasətinin bir hissəsidir. "Bu il biz Avropa Oyunlarını qəbul edirik. 2017-ci ildə biz İslam Həmrəylik Oyunlarını qəbul edəcəyik. Bu, Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında oynadığı rolu nümayiş etdirir", - deyə Azərbaycanın birinci xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyeva bildirib.

Digər yandan bu, gələcəyə qoyulan investisiyadır. Bu, özünü nəqliyyat, turizm infrastrukturunun, onlarla əlaqəli sahələrin təkmilləşdirilməsində göstərir. Avropa Oyunlarının 1500 yerli və xarici jurnalist tərəfindən işıqlandırılması da önəmli amildir. Turnir 50-dən artıq telekanal vasitəsilə 100 ölkədə yayımlanır. Avropa Oyunlarına tamaşa etmək üçün Bakıya üz tutmuş minlərlə turist isə Azərbaycanın dərin tarixi kökləri, zəngin mədəniyyəti və müasir imkanları ilə bilavasitə tanış olmaq imkanı qazanıblar. "Onların bir çoxu gələcəkdə Azərbaycana qayıtmaq istəyəcəklər", - deyə Prezident İlham Əliyev əminliyini ifadə edib.

Bu gün Avropa Oyunları finala doğru hərəkətdədir və medalların bir hissəsi artıq öz sahibinə çatıb. Amma qarşıda hələ çox maraqlı yarışlar var və onlara tamaşa etmək istəyənlər bilet əldə etmək üçün uzun-uzadı növbələrə düzülüblər.

Avropa Oyunlarının hansı idman nəticələrini verəcəyini indidən söyləmək tezdir. Lakin bir məsələ artıq dəqiqdir ki, Azərbaycan Köhnə Qitə üçün Oyunların təşkilində yüksək meyarlar müəyyənləşdirdi və bunu əminliklə demək üçün hakimin final fitini gözləməyə ehtiyac yoxdur.



MƏSLƏHƏT GÖR:

656