25 Dekabr 2024

Çərşənbə, 18:25

DÜNYAYA ÇAĞIRIŞ

Bakıdakı ilk Avropa Oyunlarının möhtəşəm açılış mərasimi Şərqlə Qərbin ülvi birliyinin əyani göstəricisidir

Müəllif:

16.06.2015

Biz hamımız böyük bir hadisəni yaşadıq! Bu, Bakıda təşkil olunmuş ilk Avropa Oyunlarının möhtəşəm açılış mərasimi idi. Həmin gün dünya arenasında dahi Üzeyir Hacıbəyovun ölməz əsəri olan Azərbaycan himni səsləndi. İnsanı təpədən-dırnağa qədər titrədən, kövrəldən və qürurlandıran musiqi! "Sən olasan gülüstan! Sənə hər an can qurban! Sənə min bir məhəbət, sinəmdə tutmuş məkan!" Himnimizin bu sözləri qeyri-ixtiyari adamın ürəyində səslənir, dərin tarixi məna daşıyan və Azərbaycan mədəniyyətinin rəmzləri ilə zəngin olan möhtəşəm şou isə burada, qədim Odlar diyarında Şərqlə Qərbin həmahəng mövcudluğundan xəbər verirdi. 

 

Şərqin "azərbaycançılığı"

İlk Avropa Oyunlarının tarixinin də məhz Bakının yeni olimpiya stadionundan başlanması rəmzi məna daşıyır. Hər şey dünya şöhrətli xanəndə Alim Qasımovun ifası və Azərbaycan nağarasının ritmləri altında 24 rəqəmindən geri sayımı ilə başladı. 24 - Azərbaycanın müstəqilliyinin yaşıdır. Və qeyd etmək lazımdır ki, bütün açılış mərasimi açıq və dolayısı ilə "azərbaycançılıq" simvolları ilə zəngin idi. Öz libasları ilə Azərbaycanın məşhur xalça naxışlarını yaradan mindən çox rəqqasənin canlandırdığı Azərbaycanın dövlət bayrağı kimi! Və ya götürək ilk Avropa Oyunlarının "Atəşgah" məşəlini stadiona gətirmiş ikiqat Paralimpiya çempionu, ikiqat dünya və beşqat Avropa çempionu İlham Zəkiyevi. Azərbaycan klassikləri Qara Qarayevlə Fikrət Əmirovun möhtəşəm əsərləri, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ölməz əsərlərini - Leyli və Məcnun, Günəşi və Ayı canlandıran hərəkətli səhnələr və əlbəttə ki, Azərbaycan simvolu olan narın mükəmməl təqdimatı! Hər yanda ölkəmizin ruhu hiss edilirdi, havada sanki bizim böyük əcdadlarımızın ruhları qanad açmışdı.

Çox mürəkkəb səhnə mexanizmi və qeyri-adi tərtibat sayəsində hər kəs dörd ünsür - torpaq, külək, od və suyun ecazkar vəhdətinin və yaradılışın şahidi oldu. Axı, Şərqin ətraf mühitə yanaşması da məhz bu fəlsəfədən irəli gəlir. Bu, xarici təsirlərdən asılı olmayaraq, təbiətlə vəhdətə çağıran bir fəlsəfədir. 

Şərqlə Qərb arasındakı fərqlər müasir texnotron sivilizasiyanın təsiri altında bir qədər silinsə də, hələ də öz əhəmiyyətini qoruyub saxlayır. Bunu Oyunların açılış mərasimi də nümayiş etdirdi. 

Azərbaycan bütün dünyaya göstərdi ki, Şərqlə Qərbin dini və etnik dözümlülük, sülh və mehribançılıq, ən əsası isə qarşılıqlı hörmət şəraitində yaşaması mümkündür. Təsadüfi deyil ki, olimpiya məşəli stadiona İsveç əsilli fin bəstəkar Yan Sibeliusun beşinci simfoniyasının sədaları altında gətirildi. Çatlamış torpağa isə hər yerdə rast gəlmək olar - Şərqdə də, Qərbdə də. Əsas məsələ sənin o torpağı hansı su ilə suvarmağın və orada hansı toxumu cücərtməyindir. Olimpiya Stadionunda isə hamının gözü qarşısında, palçıq vulkanlarının arasından Azərbaycanın qeyri-adi təbiəti baş qaldırdı. 

 

Salam, Avropa!

Biz birgə yaşaya bilərik və bizim bir-birimizdən öyrənəcəyimiz çox şeylər var. Hələ məşhur rus filosofu Pyotr Çaadayev Şərqlə Qərb arasındakı fərqlər haqda deyirdi: "İnsan düşüncəsi Şərqdə yaranıb, Qərbdə inkişaf edib". Müəyyən mənada, bu, həqiqətən də, belədir. 

Elə Azərbaycanda keçirilən oyunların açılşında Şərq və Qərbin vəhdətinin canlandırılması üçün istifadə olunan mütərəqqi texnologiyalar da buna sübutdur. 

Stadionun üzərində iri ağ buğa və qız, onların arxasınca sayrışan ulduzlar kəhkəşanı göründü. Bu, Avropa qitəsinin gecə vaxtı kosmosdan görünən siluetidir. Uçub-keçən ulduzlar Bakı səmasında parlayır. 

Əfsanəyə görə, Avropa Finikiya şahzadəsi idi. Avropanın gözəlliyinə məftun olmuş yunan tanrısı Zevs çimərlikdə onun qarşısında əzəmətli ağ buğa cildində peyda olur. Heyran qalmış Avropa buğanın tərkinə minir. Zevs dərhal onu oğurlayır və dənizdən keçirib Avropanın cənub sahillərində yerləşən yunan adası Kritə gətirir. Burada Avropanın Zevsdən üç oğlu dünyaya gəlir. Oğullardan biri Avropanın ilk maarifçi sivilizasiyasının əfsanəvi banisi Minos idi. Avropa bu əfsanəvi Şərq şahzadəsinin şərəfinə adlandırılıb və onun buğanın belindəki təsviri qitənin rəmzidir.

Avropa və buğa stadionun üzərində uçduqda Leoş Yanaçekin "Ot basmış cığırlarla" əsəri Hokon Eustbönün ifasında səsləndi. Bu bölmə Birinci Avropa Oyunlarının rəsmi açılışını ifadə etdi.

Avropa texnogenliyi Bakı Olimpiya Stadionundakı tabloda da özünü büruzə verdi. Burada Avropa Nüvə Tədqiqatları Təşkilatının və orada çalışmış alimlərin videogörüntüsü, həmçinin ixtiraları yayımlandı. Onların arasında məşhur həmyerlimiz, Nobel mükafatı laureatı Lev Landau da vardı.

Bu ona işarə idi ki, dünyada heç nə təcrid olunmuş, muxtar şəkildə mövcud ola bilməz. Avropa Nüvə Tədqiqatları Təşkilatı 60 ildən çoxdur ki, xalqları elm ətrafında birləşdirərək, sülhə çağırır. Avropa Oyunları beynəlxalq birliyin idmandan od alan yeni məşəlidir.

Böyük adron sürətləndiricisi 100-dən çox xalqı təmsil edən 10 mindən artıq fizik və mühəndisin cəmləşdiyi qurumun - Avropa Nüvə Tədqiqatları Təşkilatının əsas məhsuludur. O, dünyanın ən böyük maşınıdır və Avropanın mərkəzində, yerin dərinliklərində saxlanılır.

Yanıb-sönən LED lampalar stadion boyu zərrəciklərin sürətlə dövrə vurması böyük adron sürətləndiricisi effektini yaratdı.

 

Birgə yaşayış

Hər yan rəmzlərlə dolu idi. Elə Con Lennonun "Imagine" kompozisiyası da rəmzi məna daşıyırdı - çiçəklər içində itib-batmış piano arxasında bu mahnını ifa edən Ledi Qaqa 50 ölkədən olan komandanın və onların apardığı 50 bayrağın fonunda hamını birlik və qardaşlığa çağırdı. Amerikalı bəstəkar Aaron Koplendin "Adi adam üçün şeypur" əsərindən musiqi parçası ilə başlayan və Natiq Şirinovla 50 nağaraçının ifasında zərb alətlərinin sədası altında davam edən 50 bayrağın rəqsində də rəmzilik var idi. 

Atəşfəşanlıq. Stadionda işıqlar söndü. Qaranlıqda muğam avazı üstündə tənha bir səs eşidildi. Bu, mərasimin əvvəlində dinlədiyimiz xalq artisti Alim Qasımovun səsi idi. Bu dəfə o, uçan xalça üzərində oxuyurdu. Uçan xalça ideyası əsasən Yaxın Şərq ədəbiyyatında rast gəlinsə də, "Min bir gecə" nağılının populyarlığı xalçanı Qərb sivilizasiyasına da gətirdi. Alim Qasımovun səsi adamı xəyalən kainatın ağlasığmaz məkanlarına aparırdı. Xanəndənin mistik xarizmasının gücü səhnədə baş verən ritualı tamamlayırdı. 

Çat-çat olmuş torpaq üzərində bir qadın dolaşırdı. Onun əlində yazın gəlişini bildirən, Novruzun rəmzi olan səməni vardı. Ayaqları altında isə ot və bu yerlərdə bitən gül-çiçəklər cücərirdi. Xəfif meh qadının uzun, şəffaf duvağını yellədirdi. O, səhnənin ortasına çatdıqda qabı Birinci Avropa Oyunlarının məşəlinin basdırıldığı yerə qoydu. Yerdən su çıxmağa başladı, qadının qarşısında nəhəng su hövzəsi - Xəzər dənizinin rəmzi canlandı. O, suda ahəstə addımladı, sonra çevrilib arxasında yaranmış mənzərəyə baxdı.

Bu vaxt yerdən üst-başı toz-torpağa, palçığa batmış 100 kişi çıxdı. Onlar 50 nağaraçının səsləndirdiyi ahənglə ayaqlarını yerə vuraraq ritualı xatırladan Azərbaycan milli rəqsini ifa etdilər. Rəqsin ən qızğın anında sanki zəlzələ baş verirmiş kimi yer yarılmağa və qabarmağa başladı. Yerdən iri qaya parçaları çıxdı və birləşərək nəhəng dağa çevrildi. Onun kənarlarında alovla yazılmış sadə insan və heyvan fiqurları, qayıqlar göründü. Bunlar Qobustanın qədim qayaüstü təsvirləri idi.

Torpağın yarığından çıxan kişi dağın zirvəsində göründü. Stadiona çökmüş sükutu balabanda ifa olunan Azərbaycan xalq mahnısı "Sarı gəlin"in sədaları pozdu. Kişi ayağı altında yanan daşı götürdü. Bu səhnələr Fikrət Əmirovun "Min bir gecə" baletinin uvertürası ilə müşayiət olunurdu. Kişi qarşıda - Xəzər dənizinin sahilində dayanmış qadına baxır və ona tərəf gedirdi. Qadının arxasındakı parıldayan dairəvi qara lövhə yavaş-yavaş suyun üzərindən qalxaraq, Ay kimi göyə ucaldı. Dağ yavaş-yavaş yerə endi və yerə batıb yoxa çıxdı. Onlar açılış mərasiminin əvvəlində təsvir olunan Leyli və Məcnunu xatırladırdı. Kişi yolda daşı daha iki dəfə yerə qoydu. Onun arxasınca çatlardan çıxaraq yayılan alov dilimləri yerdə nəhəng insan fiqurunun təsvirinə çevrildi. Bu, nəhəng petroqlif formasına düşmüş lava axınlarına, Yanardağın heç vaxt sönməyən alovlarına bənzəyirdi. Petroqlif get-gedə daha dolğun insan forması aldı.

Kişi yaratdığı alov mənzərəsinə baxdı. Qadın ona yetişmək üçün sulardan üzüb keçdi. Yanan daşı qaldırdı, alov axınları nəhəng qan-damar sistemi təsvirindəki əl-ayaqlardan başa doğru sürətlə sovrulub yox oldu. Kişi və qadın yanan daşı əllərində birlikdə tutub göyə qalxan dairəvi lövhəyə tərəf qaçmağa başladılar. Onlar dayaz sulara atıldılar və daşı parıldayan qara dairəvi lövhəyə tərəf tulladılar. Yanan daş lövhənin ortasına dəyib, onu parçaladı. Lövhə alışaraq alov dairəsinə çevrildi. Bu, ilk Avropa Oyunlarının məşəli idi.

Beləliklə, ən həyəcanlı an gəlib yetişdi və Birinci Avropa Oyunlarının məşəli alovlandı.

Yanan lövhə Yer, Günəş və Ayın bir araya gəldiyi möhtəşəm kosmik mənzərəni - tam Günəş tutulmasını xatırladırdı. Birlik və sülh rəmzi olan ilk Avropa Oyunlarının məşəli stadiondan səmaya ucaldı.

Bundan sonra səhnədəki mənzərə tamaşaçını Bakı sahilinə apardı, qarşıda Xəzər dənizi üzərində tədricən yaranan şaquli alov dairəsi canlandı və atəşfəşanlıq başladı.

Rəngbərəng fişənglər Xəzərin və Bakı Olimpiya Stadionunun üzərində səmanı bəzədi və möhtəşəm bayram mənzərəsi yaratdı.

Məşəl Oyunlar bitənədək yanacaq, şəhərimizin mayakı olacaq.

Atəşfəşanlığın qızğın vaxtında ifaçılar səhnə boyunca düzüldülər. Onlar əl-ələ verib Azərbaycan milli rəqsi "Yallı" oynadılar. Nar dənəsi rəngində 20 min şar tamaşaçıların üzərinə səpələndi. Bu "nar dənələri" sevgi nişanəsi, uğurun mücəssəməsi və Azərbaycanın rəmzidir.

Birinci Avropa Oyunlarının möhtəşəm açılış mərasimi başa çatdı.

Bu mərasimlə Azərbaycan Avropa oyunlarının tarixinə ilk və unudulmaz səhifəni yazdı. Bu, Şərqlə Qərbin harmonik qonşuluğunun mümkünlüyünü, Şərq və Qərb dəyərlərinin birgə yaşamaq haqqının olduğunu nümayiş etdirdi. Elə dünyanın ən güclü mütəxəssislərinin azərbaycanlı həmkarları ilə birlikdə ortaya qoyduqları nəticə də bunun sübutu idi. Doğulub böyüdüyün ölkədə dünya tarixi yazılırsa, sən də böyük dünyanın bir hissəsinə çevrilirsən.

 

 

MARAQLI FAKTLAR

Bədii rəhbər 2004-cü ildə Afina Olimpiya Oyunlarında mərasimlərin qurucusu kimi dünyada böyük şöhrət qazanan Dimitris Papaioannoudur. Musiqi rəhbəri Teodor Currentzis 2014-cü ildə "Operaların lentə alınması üzrə ECHO mükafatı" laureatıdır. Quruluşçu rəssamlar isə Thanassis və Eva memarlıq, dizayn və səhnə quruculuğunun kreativ məkanı olan "Flux Ofis" şirkətinin memar və yaradıcıları - Tanassis Demiris və Eva Manikadakidir. Onların memarlıq, teatr, opera, rəqs və kino sahəsindəki işləri Venesiya Memarlıq Biennalesi (2014), Venesiya Film Festivalı (Miss Violence, 2013) və digər beynəlxalq səviyyəli tədbirlərdə nümayiş etdirilib, mükafatlar qazanıb.

* * *

Rəqqasələrin paltarlarının ətəkləri 16 min kvadratmetr parçadan tikilib. Bu, 13 Olimpiya üzgüçülük hovuzu böyüklükdə parça deməkdir. 

* * *

Dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin əsərlərindən ibarət canlı kitabı xatırladan karusel "Baku-2015"in nou-hausu idi.

* * *

 

Avropa qitəsinin xəritəsinin hazırlanması üçün 16 lazerdən istifadə olunub. İlk dəfə idi ki, bir səhnədə irimiqyaslı animasiya yaratmaq üçün bu qədər lazerdən istifadə edilirdi.



MƏSLƏHƏT GÖR:

650